285
məskunlaşmışdı. Kaspilər haqqında həm qədim Şərq mənbələri, həm də antik müəlliflər
danışırlar. Kaspi dənizinin adının onların adından alınması şübhəsizdir. Mənbələr
əsasında məlum olur ki, kaspilər əkinçiliyi, maldarlığı, balıqçılığı, sənətkarlığı, ticarəti,
görünür, habelə gəmiçiliyi və dənizçiliyi yaxşı bilmiş xalq idi.
Arami sənədlərindən bizə məlumdur ki, Misirdə hərbi kolonistlərin, o cümlədən
kaspilərin də kifayət dərəcədə böyük məskənləri vardı. Burada kaspilər gəmilərin
hazırlanması sahəsində çalışırdılar.
Qədim erməni mənbələrinə görə, kaspilər, güman ki, hələ son antik və erkən orta
əsrlər zamanında Paytakaran (sonralar: Beyləqan) zonasında yaşamışlar.
Savdeylər (Sodeylər) alban tayfalarından biri idi. Onları görünür, Plininin
xatırlatdığı sodilərlə eyniləşdirmək lazımdır.
Alban tayfaları sırasında qardmanlıları və herləri də xatırlatmaq lazımdır. Güman
etmək olar ki, alban tayfalarının etnogenezində kellər, leqlər, didurlar (didoylar), çilblər
(silvlər), lpinlər (lupenlər) və başqa tayfalar müəyyən rol oynamışlar. Ola bilər ki, onların
bir qismini alban etnik elementlərinin özünə aid etmək lazımdır.
Bizim alban tayfaları haqqındakı bilgilərimizin hamısı onları müəyyənliklə Cənubi
Qafqazın cənub-şərq hissəsinin köklü əhalisi hesab etməyə imkan verir.
Heç şübhəsizdir ki, özündə 20-dən artıq tayfanı ehtiva etmiş alban (alban-uti)
aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur.
Ola bilsin ki, albanlar bu massivdə daha iri tayfa idi. Bəlkə buna görə bütün ölkə
Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü
adını ölkənin adından almışdır. "Albaniya" adının yozulması sahəsindəki bir çox cəhdlərə
baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır.
Qafqaz Albaniyası tayfalarının dilləri, yuxarıda dediyimiz kimi şübhəsiz, Şimal-
şərq Qafqaz dilləri ailəsinə aiddir.
Lakin qeyd etməmək olmaz ki, qədim Albaniya etnik tərkibinə görə kifayət
dərəcədə rəngarəng ölkə idi. Burada e.ə. son əsrlərdə - eramızın ilk yüzilliklərində bir
neçə müxtəlif dəfn adətləri mövcud olmuşdur. Məsələn, torpaq, quyu, çiy kərpic, küp,
təknə, katakomba qəbirləri aşkara çıxarılmışdır. Bu hal ölkə əhalisini çoxtayfalı və etnik
cəhətdən rəngarəng hesab etməyə imkan verir. Lakin görünür, bu mənzərəni bizi
maraqlandıran ərazidə 20-dən artıq alban tayfasının mövcudluğu faktı ilə tutuşdurmaq
lazım deyildir. Alban tayfaları arasındakı fərqlər haqqında biz yalnız müxtəlif
fərziyyələr, mülahizələr irəli sürə bilərik. Görünür, bu fərqlər dağlı Qafqaz etnodil
ümumiliyi çərçivəsinə, sığışdırıla bilər. Arxeoloji materiallar da bunu təsdiqləyir.
İçərisində sıx bükülü skeletlər olan torpaq qəbirlər - geniş yayılmış Yaloylutəpə
mədəniyyəti, bir qədər sonralar isə onunla birgə mövcud olmuş və ondan sonra bir neçə
əsr ərzində yaşamış, Albaniya ilə qonşu olan vilayətlərdə də məlum olan küp qəbirlər
mədəniyyəti alban tayfalarının vəhdətinin arxeoloji inikasıdır. Yaloylutəpə
mədəniyyətinin materialları nəinki bizi maraqlandıran vilayətin Ön Asiya və Şərqi Aralıq
286
dənizi sakinləri ilə əlaqələri haqqında danışmağa, habelə güman etməyə imkan verir ki,
bu mədəniyyətin aparıcı tipləri ola bilsin, genetik baxımdan, geniş Ön Asiya kökləri ilə
bağlıdır. Burada yada salmaq lazımdır ki, alban dili Şimali Qafqazdan başlamış Aralıq
dənizindəki adalaradək olan vilayətlərin sakinlərinin danışdıqları dillər ailəsinə aiddir.
Əlbəttə, bununla biz maddi mədəniyyətlə dil arasında bərabərlik işarəsi qoymuruq.
Lakin göstərilən maraqlı faktı qeyd etməyə bilməzdik.
Küp qəbirlərin Gürcüstanda, Ermənistanda, Cənubi Azərbaycanda və başqa
vilayətlərdə geniş yayılması faktı adları çəkilən ərazilərin əhalisinin albanlarla əlaqələri
olduğunu parlaq surətdə təsdiq edir. Kiçik Asiya, Suriya, Misir və Egey aləmi ilə
əlaqələr haqqında da danışmaq üçün çoxlu əsaslar vardır. Bir çox faktlar eramızdan
əvvəlki son əsrlərdə və eramızın ilk yüzilliklərində Albaniyanın Şimali Qafqazla,
Qafqazın önündəki ərazi ilə, Qara dənizsahili vilayətlərlə geniş əlaqələri olduğunu
təsdiqləyir. Albanlar arasındakı fərqləri ayırmaq heç cür mümkün olmasa da, Albaniya
ərazisində mövcud olmuş, adları çəkilmiş hər iki mədəniyyətin alban tayfalarına
mənsubluğu şübhə doğurmur.
Yaloylutəpə mədəniyyəti ilə küp qəbirlər mədəniyyəti arasındakı iki, bir-birinə
yaxın olan tayfa qruplarının arasında mövcud olmuş bəzi etnik fərqlərin nəticəsi kimi
aşkara çıxmış fərqlər zaman keçdikcə aradan qalxırdı. Təxminən eramızın başlanğıcında
Yaloylutəpə sakinləri assimilyasiyaya uğradılar, öz etno-mədəni simalarını itirdilər. Küp
qəbirlər mədəniyyəti alban tayfalarının hakim mədəniyyətinə çevrildi.
Bütün dəlillərdən aydın olur ki, alban tayfa ittifaqı artıq e.ə. I minilliyin II
yarısının başlanğıcında mövcud idi. Bütün dəlillərdən başqa bunu o da təsdiq edir ki,
Arrianda Atropatın müttəfiqləri sırasında kadusilərlə və sakesinlərlə yanaşı Albaniya
ərazisində yaşamış hər hansı tayfa qruplarının deyil, məhz albanların adı çəkilir.
Albaniyada alban tayfalarının istifadə etdikləri iki başlıca dəfn adətindən başqa bir
neçə digər mərasimlərin də mövcud olması bu diyarda müxtəlif vaxtlarda bura gəlmiş
başqa, qeyri-alban mənşəli əhali qruplarının olduğunu da təsdiqləməlidir. Deyilənləri hər
halda içərisində uzadılmış skeletlər (görünür, bəzi hallarda zəif bükülü) olan quyu
qəbirlərini, çiy kərpicdən hazırlanmış, təknə, taxta qutu və katakomba qəbirləri qoyub
getmiş tayfalar barədə də iddia etmək olar.
Müxtəlif zamanlarda Albaniyaya daxil olmuş bu dəfn adətlərinin daşıyıcıları
əsasən irandilli tayfalar idilər. Bunlar skiflər, saklar (ortokoribantlar, sakesinlər), sarmat-
massaket-alan dairəsinin tayfaları (yuxarı aorslar, alanlar, massaketlər), parfiyalıların
hansısa qrupları və başqaları idilər.
Təəssüf ki, biz yerli alban tayfalarının irandilli gəlmələrlə qarşılıqlı münasibətləri
haqqında məlumatlara malik deyilik. Lakin qeyd etməliyik ki, mövcud olan materiallara
əsasən İran elementi, şübhəsiz, Albaniyanın etnik, mədəni və siyasi tarixində az rol
oynamamışdır.