305
Sikkələrin hamısı dəyirmi olub bir üzləri çökək, digər üzləri qabarıqdır. Bu da
hellinizm dövrünün bütün sikkələrinin səciyyəvi xüsusiyyətidir.
Qəbələ dəfinəsinin tədqiqi müəyyən etməyə imkan verir ki, Albaniyanın sikkə
ustaları əvvəllər gətirilmə orijinalların dəqiq surətini çıxartmağa çalışırlar. Sonralar
sikkə tipləri tədricən pisləşirdi. Sikkənin ümumi tipinə yeni ünsürlər artırırdılar;
məsələn, sikkənin qabaq üzündə başa dəbilqə qoyur, arxa üzündə isə sxematik təsvir
olunan taxta əyləşmiş Zevs əlində bəzən qartal əvəzinə naməlum quş və ya hətta keçi
tutmuşdur. Xeyli korlanmış olan ən axırıncı sikkələr e.ə. I əsrin 2-ci rübünə aid edilən
Xınıslı dəfinəsinin tərkibində tapılmışdır. Bu sikkələrin tipləri çox sxematik, relyefi
yüksək olmadığından təsvirlər çətinliklə seçilir. Xınıslı, Qəbələ, Nüydü dəfinələri
sübut edir ki, e.ə. I əsrin ortalarına yaxın yerli sikkələr xeyli korlanmış və təsvirlər
təhrif edilib tanınmaz şəklə salınmışdı. Lakin bütün bunlara baxmayaraq, sikkələrin
tipləri Makedoniyalı Aleksandrın sikkələrinin tipləri ilə öz genetik əlaqəsini
saxlamışdır.
Bu sikkələrin yalnız Azərbaycanda aşkar edilməsi (tarixi Albaniya ərazisinin
hüdudlarından kənarda hələlik ancaq Artaşatda bircə ədəd belə sikkə tapılmışdır),
onların üslubi xüsusiyyətləri, tiplərin bəzi əlamətləri, habelə ümumi möhürlərlə zərb
edilmiş çoxlu sikkələr bunların Albaniyanın yerli məhsulları olmasına şübhə yeri
qoymur.
İndiyədək bu sikkələr hellinizm dövrü dəfinələrində və arxeoloji qazıntılar
zamanı e.ə. I əsrin ortalarından əvvələ aid yaşayış yerlərinin təbəqələrində və qəbir
abidələrində tapılmışdır. Bu sikkələrin tiplərinin üslubi təhlili, qazıntıların
stratiqrafiyası, habelə bəzi başqa məlumatlar əsasında onların zərb edilməsinə nə
vaxtdan başlandığını müəyyənləşdirmək mümkündür. Ehtimal ki, Albaniyada bu
sikkələrin zərb edilməsinə Makedoniyalı Aleksandrın sikkələri bir çox ölkələrdə geniş
yayıldığı dövrdə başlanılmışdı.
Makedoniyalı Aleksandrın Şərq yürüşündən sonra beynəlxalq ticarət üçün
əlverişli şərait yaranmışdı; yeni-yeni ölkələr, o cümlədən Albaniya beynəlxalq ticarətə
qoşulurdu. Ticarətin və pul tədavülünün intensiv inkişafı üçün çoxlu sikkə tələb
olunurdu. Gətirilmə sikkələr daxili bazarın getdikcə artan ehtiyacını daha ödəyə
bilmirdi və Albaniya dövləti gətirilmə nümunələr əsasında öz sikkələrini kəsməyə
başladı. Makedoniyalı Aleksandrın sikkələrinin kəsilməsi onun ölümündən sonra da
bir müddət davam etmişdir. Lakin artıq e.ə. III əsrin 80-ci illərindən hellinist
dövlətlərin hökmdarları sikkələrini öz adlarından, seçdikləri tiplərlə zərb etdirmişlər.
Bu vaxtdan da Albaniyaya xaricdən Makedoniyalı Aleksandrın sikkələrinin axını
dayandı. Yerli bazar isə bu pula öyrəşmişdi. Bazarın vərdiş etdiyi bu pula ehtiyacını
ödəmək üçün Albaniyada həmin sikkələrə bənzər sikkələr zərb etməyə başladılar.
Beləliklə, şübhə etmədən demək olar ki, Albaniyada həmin bənzətmə sikkələrin
kəsilməsinə hələ e.ə. III əsrin birinci yarısında başlanılmışdı, çünki sonralar
306
başlansaydı, Aleksandrın sikkələrinə deyil, başqa sikkələrə, məsələn, o zaman
Albaniyaya geniş bir axınla gələn Selevki sikkələrinə bənzətmələr daha təbii olardı.
Albaniyanın bu ilk sikkələri üzərində aparılan müşahidələr belə düşünməyə
əsas verir ki, hamısı bir zərbxanada kəsilmişdir. Güman edilir ki, bu zərbxana antik
dövrdə Albaniyanın baş şəhəri sayılan Qəbələdə olmuşdur.
Tarixi Albaniyanın ərazisində bu sikkələrin çox miqdarda iri dəfinələr şəklində
aşkar edilməsi və onun hüdudlarından kənarda belə dəfinələrin olmaması güman
etməyə əsas verir ki, sikkələr daxili bazar üçün nəzərdə tutulmuşdu. Onların
kəsilməsinə nə vaxtdan xitam verilməsi dəqiq müəyyənləşdirilməmişdir. Ola bilsin ki,
bu sikkələrin buraxılışı e.ə. I əsrin ortalarında dayandırılmışdır. Hər halda sonralara
aid edilən təbəqələrdə və komplekslərdə bu cür sikkələr tapılmamışdır. Güman etmək
olar ki, bu tip sikkə buraxılışının dayandırılması Pompeyin Zaqafqaziyaya yürüşü
nəticəsində Zaqafqaziyanın Roma dövlətinin nüfuz dairəsinə daxil olduqdan sonra
yaranmış siyasi vəziyyətlə bağlıdır.
E.ə. I əsrin ortalarından etibarən Albaniya bazarlarında gətirilmə sikkələrə
Roma sikkələri də qoşulmuşdu. Roma sikkələri xüsusən Mingəçevirdə, Bərdədə,
Beyləqan rayonundakı Təzəkənd xarabalığında, Gəncə şəhərinin, Şamaxının
yaxınlığında və Qəbələdə tapılmışdır. Bunlar Mingəçevirdə, e.ə. I - eramızın III əsrinə
aid qəbirlərdə xüsusilə çox aşkar edilmişdir. Eramızdan əvvəl I əsrin sonunda -
eramızın I əsrinin başlanğıcında Avqust denariləri Zaqafqaziyada geniş yayılmışdı.
Albaniya ərazisində sayca da bu sikkələr digər Roma sikkələrindən çoxdur. Avqust
denarisinin tək-tək nümunələrinə Albaniyanın hər yerində rast gəlinir. Təzəkənd
xarabalığında 12 ədəd Avqust denarisindən ibarət kiçik dəfinə tapılmışdır. Eramızın I
əsrinin birinci yarısında Avqust sikkələri Qərbdə İspaniyadan Şərqdə Hindistana qədər
çox böyük bir ərazidə geniş yayılmışdı. Avqust sikkələri çox uzun bir müddət ərzində
pul tədavülündə qüvvədə qalmışdı; qonşu Gürcüstanda hətta eramızın II-III əsrlərində
də həmin sikkələrin aşkar edilməsi buna sübutdur. Reversində (arxa üzündə) Qay və
Lusinin təsviri verilmiş Avqust denarilərinin geniş yayılması bir çox ölkələrdə bunlara
bənzədilən sikkələr kəsilməsinə səbəb olurdu. Zaqafqaziya dəfinələrinin öyrənilməsi
güman etməyə imkan verir ki, bu sikkələrə bənzədilən sikkələr İberiyada da kəsilirmiş.
Avqustdan sonra hökmranlıq etmiş imperatorların kəsdirdiyi Roma sikkələrindən
Albaniya ərazisində tək-tək nümunələr tapılmışdır. Lakin Roma sikkələri bütün tarixi
Albaniya ərazisində yayılsalar da, Azərbaycan Respublikasının az qala bütün rayonlarında
antik dövrə aid abidələrin arxeoloji qazıntıları zamanı rast gəlinsələr də, Albaniya
bazarlarında işlənən gətirilmə pullar arasında say üstünlüyünə malik olmamışlar.
Eramızdan əvvəl I əsrdə və eramızın ilk əsrlərində Albaniyanın pul tədavülündə
üstün rolu Parfiya sikkələri oynayırdı. Arxeoloji qazıntılar zamanı Parfiya sikkələrinə
qədim Albaniya ərazisinin hər yerində rast gəlinir. Bunların arasında Parfiyanın demək olar ki,
bütün çarlarının sikkələri vardır. Qotars (eramızın 41-52-ci illəri) sikkələri daha tez-tez