299
yayılmışdı. Dəyirmi oturacaqlı və ya yapma naxışlarla bəzədilmiş vazaşəkilli və
kolbaşəkilli qablara, ətir şüşələrinə və digər şüşə əşyalara öz formaları, ölçüləri və
başqa xüsusiyyətləri ilə bənzəyən qablar və əşyalar Şərq, xüsusən Suriya şüşə istehsalı
mərkəzlərinin məhsulları arasında da vardır. Tipoloji təhlil şüşə səhəngləri Suriya
mənşəli məmulat sırasına, vazaşəkilli qabları isə şüşə məmulatın Şərqi Aralıq dənizi
tipoloji qrupuna aid etməyə imkan verir. Kolbaşəkilli balzam qabları antik dünyanın
bütün ərazisində yayılmışdı. Bunlar Misirdə, Kiprdə, Dura-Yevroposda, Qarnilə və başqa
yerlərdə aşkar edilmişdir. Bu qabların yayılması onların Yaxın Şərq mənşəyini aydın
göstərir. Suriyada istehsal edilən şüşə məmulatı Atropatenaya, oradan da Qafqaz
Albaniyasına gətirilirdi. Aşkar edilən şüşə məmulatı ticarət mübadiləsinə maddi sübutdur
və Ön Şərq ilə antik Albaniya arasında ticarət əlaqələrinin olduğunu aydın göstərir.
Ticarət və mübadilədə olan əşyalar arasında əksəriyyəti Mingəçevirdə,
Xınıslıda, Torpaqqalada, Gəncədə və Azərbaycanın digər yerlərində arxeoloji qazıntılar
nəticəsində aşkar edilmiş qliptika məmulatı da vardır. Bunlar qədim zamanlarda geniş
ərazidə yayılmış gemma-intaliyadır. Azərbaycanın antik intaliyaları oval şəklindədir,
çoxunun diametri 1 santimetrə yaxındır (yəni bunlar bir qəpiklik sikkədən iri
deyildir), qiymətli daşlardan, başlıca olaraq müxtəlif rəngli və çalarlı xalsedondan
hazırlanmışdır; tünd və açıq-qəhvəyi rəng üstünlük təşkil edir, tünd-qırmızı, sarımtıl-
qırmızı, qırmızı və digər rənglərə də təsadüf edilir. Tünd-göy, sarı, sarı-qızılı və tünd-
qəhvəyi rəngli şüşə litiklərə də rast gəlinir. Tapılmış intaliyaların böyük bir hissəsi ilkin
xüsusiyyətlərini və cazibədarlığını saxlamışdır. Xalsedon intaliyalarda və şüşə
litiklərdə adətən antik panteonun allahları və ya ilahələri (Mars, Helios, Afrodita,
Erot), münbitlik rəmzləri (yetişmiş xaşxaşın çiçəyi və sünbül), dəbilqəli, nizəli-qalxanlı
döyüşçü, habelə üzbəüz dayanıb əllərini göyə qaldırmış qəhrəmanlar təsvir edilmişdir.
İntaliyalarda heyvan rəsmləri də vardır. Açıq qəhvəyi rəngli gemmaların birində
qurbangahın və alov dillərinin bir qədər sxematik, lakin aydın təsviri verilmiş, çiy
kərpic qəbirdən tapılan litikdə isə həmrəylik rəmzi sayılan əlsıxma məqamı təsvir
olunmuşdur.
Üzərində insan, quş, heyvan təsvirləri, nəbati naxışlar oyulmuş gemmalar, habelə
qaytan keçirmək üçün deşiyi olan çoxüzlü möhürlər, bullalar diqqəti cəlb edir. Məmulatın
əksəriyyəti qəbirlərdən tapılmışdır ki, bu da onların tarixinin müəyyən edilməsini
asanlaşdırır. Qədim Albaniyada antik intaliyaların meydana gəlməsini haqlı olaraq
romalıların Qafqaza yürüşləri ilə əlaqələndirirlər: eramızdan əvvəl I əsrdə antik dünyanın
məmulatı buraya sel kimi axıb gəlmişdi.
Eramızdan əvvəl III-I əsrlərə aid tapıntılar arasında qazıntılar zamanı aşkar edilən,
bullalar düzəltmək üçün hazırlanan, bərkimiş gil parçaları, habelə bullalar diqqəti cəlb
edir. Bullalarla lülələnmiş vacib kağızları və yük taylarını möhürləyirdilər. Belə quru gil
parçalarında yayvarı xətlər də nəzərə çarpır. Maraqlıdır ki, bullaların xeyli hissəsi
300
gətirilmə üzük-möhürlərlə möhürlənmişdir. Bullalar sübut edir ki, antik Albaniyada
intaliyalar yalnız bəzək və həmail deyil, həm də möhür, yəni mülkiyyət nişanı idi.
Gemmaların əksəriyyəti Yunanıstan-Roma ellərindən gətirilirdi. Lakin
gemmaların bir qismi Yunanıstan-Roma mədəniyyətinin təsiri altında olan yerli oymaçı
ustaların əlinin məhsuludur. Qafqaz Albaniyasına Roma intaliyalarının gəlib çıxması ilk
növbədə ticarət münasibətlərinin inkişafı ilə izah olunur. Tacirlər əmtəə dövriyyəsinin
geniş miqyas almasına kömək edirdilər, bunun nəticəsində digər zərgərlik məhsulları
kimi, Roma gemmaları da eramızdan əvvəl bütün I əsr ərzində ölkədə yayılmağa
başlamışdı.
Zərgərlik məhsullarının əksəriyyəti qədim Qafqaz Albaniyasında istehsal
olunurdu. Lakin gətirilmə məmulata da təsadüf edilir. Məsələn, Yaloylutəpə tipli torpaq
qəbirlərdən və Mingəçevirin katakomba qəbirlərindən saf qızıldan hazırlanmış
ayparaşəkilli sırğalar tapılmışdır. halqanın mərkəzində piramida şəklində düzülən buğda
dənəsi boyda dörd kürəcik lehimlənmişdir. Msxetilə, Qarnilə və Dura-Yevroposda antik
dövr üçün səciyyəvi olan gümüş sırğalar tapılmışdır. Bu cür sırğalar Qafqaz Albaniyasının
ərazisinə Roma ilə ticarət nəticəsində gəlib çıxmışdır.
Arxeoloji qazıntılar zamanı eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə
aid olan, yerli məhsul olmayan gümüş, tunc və dəmir toqqalar tapılmışdır. Bu toqqalar
qismən Qalliya-Roma mənşəli gətirilmə toqqalardır. Toqqalar Albaniyaya Qara dənizin
şimal sahillərində yerləşən şəhərlərdən gəlib çıxmışdı. Çoxlu gətirilmə muncuq aşkar
edilmişdir. Məsələn, Yaloylutəpə tipli torpaq qəbirdən formaca liranı xatırladan sədəf
muncuqlar tapılmışdır. Çəkilmiş şaquli cızıq muncuqların səthini 2 hissəyə ayırır:
muncuğun hər iki hissəsində kiçik oyuqlar olan dairəciklər yerləşdirilmişdir. Bu
muncuqlar qədim dövrdə Aralıq dənizi ölkələri üçün səciyyəvi olmuşdur. Mingəçevir
küp qəbirlərindən xeyli hissəsi idxal edilən ən böyük miqdarda muncuqlar tapılmışdır.
Maraqlıdır ki, Kür çayından şimalda torpaq qəbirlərdən çıxan muncuqların əsas
tiplərinə sağ sahildə olan küp qəbirlərdə də rast gəlinir. Lakin Mingəçevirin e.ə. II-I
əsrlərə aid küp qəbirlərində aşkar edilən muncuqların əsas tiplərinə torpaq qəbirlərdə
təsadüf olunmur. Əcnəbi muncuqlar Mingəçevirə Qara dəniz sahillərindən,
Yaloylutəpəyə isə Suriyadan gəlib çıxmışdır. Mingəçevirə və Xınıslıya Misir
həmailləri: girdə muncuqlar, amforaşəkilli asma bəzəklər, açılmış əl şəklində bəzək
şeyləri, balasını bağrına basan ilahə heykəlciyi gəlirdi. Suriyadan ala-bəzək muncuqlar
və başqa bəzəklər gətirirdilər. Müxtəlif formalı şüşə muncuqlar, pastadan və qiymətli
daşlardan düzəldilən muncuqlar Finikiyanın Tir və Sidon şəhərlərindən gətirilirdi.
Misirdən cürbəcür bəzək şeyləri, o cümlədən skarabeylər daxil olurdu. Skarabeylərin
vətəni Misirdir. Skarabeylər Misir ayinləri ilə birlikdə yalnız Romada deyil,
imperiyanın hüdudlarından kənarda da Yaxın Şərq ölkələrinə, o cümlədən qədim
Qafqaza qədər yayılırdı. Bunlar digər mədəniyyət əşyaları ilə yanaşı, qədim Qafqaz
Albaniyasına da gəlib çatırdı.