330
yol açılması demək deyildir.
Hansısa
bir məqaləyə görə, onun müəllifini və ya naşirini anafemaya vermək
cəhdi də məqbul sayılmamalıdır. Cinayət tərkibi olan işə görə mühakiməni yalnız
məhkəmə apara bilər, məhkəmə hökmü yoxdursa, heç kəsi cinayətkar elan etmək
olmaz, bu təqsirsizlik prezumpsiyası deyilən hüquqi prinsipidir. Digər tərəfdən,
kütlənin tələbi ilə adamların cəzalandırılması, ölümə məhkum edilməsi tarixə
məlumdur və bu təcrübə olduqca ağır nəticələrə gətirib çıxarmışdır. Orta əsrlər
Avropasını bürüyən «ifritə ovu» tədbirlərini yada salmaq kifayətdir. Yaxud katolik
kilsəsi küfrə qarşı mübarizə bayrağı altında çox sayda günahsız insanların, böyük
zəka sahiblərinin qətlinə fərman verirdi. XV əsrin sonunda İspaniyanın baş
inkvizitoru Torkvemada qısa müddət ərzində adamları kafirlikdə ittiham etmək
yolu ilə on min nəfər insanın həyatına son qoymuşdu. Bu ondan əvvəlki əsrdə
taunun- «qara ölümün» iri bir Avropa şəhərinə vurduğu ziyana bərabərdir. SSRİ-
dəki 1930-cu illərdə baş alıb gedən məlum repressiya daşqınında siyasi səbəblər
əsas götürülməklə həbs edilənlərin böyük əksəriyyətinə mitinqlərdə, zəhmətkeş
yığıncaqlarında ölüm hökmü tələbi irəli sürülürdü, məhkəmə təhqiqatı olmadan
onlara «xalq düşməni» damğası vurulurdu. Milyonlarla insanın boynu bu yolla
vurulurdu. Bunu yalnız meşədə kütləvi ağac qırılması ilə müqayisə etmək olar.
Çox yaxşı haldır ki, bizdə hisslərin coşması dalğası nadir hallarda baş verir
və lokal xarakter daşıyır, onun qızışdırılmasına yol verilmədiyindən tez yatır. Belə
olmasaydı, onda ölkədə «kafir ovuna» da yaxınlaşmaq olardı. Heç şübhəsiz, həm
xaricdə, həm də ölkənin daxilində hadisələrin bu məhvərə düşməsinə, belə
xoşagəlməz yolla inkişafına can atan qüvvələr vardır və onlar dindar insanların
səmimi hisslərini istismar etmək və bundan bolluca faydalanmaq fürsətini əldən
verməzdilər.
Söz azadlığı demokratiyanın fundamental prinsiplərindən biridir və bu
dayaqların qorunmasına beynəlxalq təşkilatlar böyük qayğı göstərirlər. Söz
azadlığı adlanan əsəb uclarının qıcıqlanması demokratiyanın sağlamlığının
qaydasında olmadığının göstəricisidir. Sözü mühakimə etmək isə olduqca
arzuolunmaz, həm də bir qədər müşkül məsələdir. Çünki ədəbi söz, yazı müəyyən
fikir
ifadə etsə də, başqa mənaya da yozula bilir, bütöv kontekstlərdən çıxarıldıqda,
onu tam fərqli səmtə də yönəltmək mümkün olur. Ona görə də bu məsələdə qərar
vermək, vahid, həm də düzgün nəticəyə gəlmək olduqca çətindir. Bu səbəbdən
hakimlər həmin qəbildən olan işlərə baxanda ekspertlər dəvət edir, ancaq onların
özləri də ümumi mövqeyə gələ bilmir, həmrəylik nümayiş etdirməkdən uzaq
olurlar. Cinayət yalnız əməldə özünü büruzə verir, sözdə, ideyada, əgər bu
insanlığa qarşı çağırış deyilsə, birbaşa cinayət elementi olmur. Bircə onu yada
salmaq lazımdır ki, tarix boyu milyonlarla insanın başı kəsilsə də, həyatına xitam
verilsə də, heç bir ideyanın boynunu vurmaq mümkün olmamışdır. Bu olduqca
yaxşı haldır, lakin zərərli xərclərdən də xali deyildir. Çünki hətta ən mənfur
ideyalar belə birdəfəlik olaraq tarixin arxivinə verilmir, asanlıqla unudulmur,
müəyyən vaxt keçirdikdən sonra münbit şərait yaranan tək alaq otu kimi
cücərməyə, adamların şüuruna nüfuz etməyə başlayır.
Jurnalistin əqli əməyinin məhsulu yalnız sözdür, məqalədir, yazıdır. Söz
331
onun həm hücum silahı, həm də yeri gəldikdə rəğbət bəslədiyi mövqeyi müdafiə
etmək üçün yeganə vasitəsidir. Bəziləri hücuma atıldıqda, sonradan müdafiə
olunmaq ehtimalını bütünlüklə unudur, sonra isə öz ağılsız dəlisovluğuna görə
cavab verməli olur. Qələm sahibi öz sərəncamında olan vasitədən xeyir, insanlıq,
düzgünlük naminə, şərə, cəmiyyətə sirayət edən bəlalara qarşı məharətlə və
səmərəli qaydada istifadə etməyi bacarmalıdır. Həqiqətə sitayiş və xidmət etmək
əvəzinə jurnalist bu silahdan sui-istifadəyə yol verdikdə, gec-tez bumeranq kimi bu
zərbə qayıdıb onun özünə dəyəcəkdir. Lakin bu tələb heç də qələm sahibini dar bir
çərçivəyə, qəfəsə salmaq niyyətinə, onun üçün mövzu gettosu yaratmaq məqsədinə
çevrilməməlidir. İnsan üçün təbiətin bəxş etdiyi ən böyük nemət və mükafat olan
sözdən, özü də kütləvi, açıq bəyan edilən sözdən xırda hisslər naminə, məkrli
niyyətlər üçün və qisas silahı kimi istifadə edilməməlidir. İnsanlara nifrət təlqin
etmək, irqi, milli ədavəti qızışdırmaq qanunlar tərəfindən qadağan edilmişdir. Ona
görə də heç bir qələm sahibi bu ixtiyar həddini keçməyə həvəs göstərmir, çünki bu
sərhəd pozulduqda, artıq qanun qarşısında cavab vermək lazım gəlir.
Elə dəyərlər, elə simvollar vardır ki, onlar kiminsə iradəsindən asılı
olmayaraq az qala müqəddəslik toxunulmazlığına yiyələnmişlər. Onlara qarşı
sözdə, yazıda azacıq hörmətsizlik, sayğısızlıq halı bu müqəddəsliyə sitayiş edənlər
tərəfindən təhqir kimi qarşılanır və onların qəzəbini hansısa frazeoloji təhlil yolu
ilə izahla soyutmaq mümkün olmur, yatırtmaq isə olduqca çətinləşir. Təəssüf ki,
cəhalət, xurafat keşikçiləri də öz təmbəkilərini uydurduqları ehkamlar folqasına
büküb, onun tüstüsü ilə beyinləri dumanlandırmağa cəhd göstərirlər. Ona görə də
cəhalət əlamətləri qamçılananda, onlar dinə aid olan məsələlərdən bütünlüklə
təcrid edilməli, bu yolla dinə yad olan ünsürləri, onun sitayiş və ibadət
toxunulmazlığından özlərinə müdafiə vasitəsi kimi istifadə etmələrinin qarşısı
qabaqcadan alınmalıdır. Yaxşı məlumdur ki, cəhalət fədailəri dini bayraq altına
sığındıqda bu, ciddi fəsadlar əmələ gətirir.
İslam dini az sayda olan mühüm dünyəvi dinlərdən biridir, onun ehkamları
əsrlərin sınağından çıxmış, insanları qardaşlığa səsləmiş, qəlbə və şüura
təsir etmək
sahəsindəki nadir gücünə görə dünya əhalisinin hər altıncısının inancına, imanına
çevrilmiş, bütün qitələrə yayılmışdır. İslam həm də möhtəşəm bir mədəniyyətdir.
Bu böyük abidəni inkar etmək, şübhə altına almaq ağılsızlıqdır. İslam dininə qarşı
hücumlar əks nəticə ilə üzləşməli, onun dayaqlarının daha da möhkəmlənməsinə
səbəb olmuşdur. Din, ona ruhən sığınan hər bir adamın könlünün olduqca zərif
simidir, ən intim duyğudur, bu hisslə olduqca ehtiyatla davranmaq tələb olunur.
Cəhalətə, mövhumata atılan güllələrin, qəlpələrin islam dini adlanan nəhəng
dağa hansısa ziyan vuracağını güman etməyin özü sadəlövhlükdür. Əslində
xurafata qarşı mübarizə dinin yüksəkliyi və təmizliyi uğrunda aparılan hərəkatın
tərkib hissəsidir. İslamla xurafatı birləşdirmək, onların bir- birinə nüfuz etməsini,
birinin digərini qidalandırmasını güman etmək isə bu dini hörmətdən salmaq
istəyindən başqa bir şey deyildir. Ona görə də cəhalətin ifşasına həsr edilən
yazılarda onunla din arasında hansısa təmənnalı məqsədlər naminə qurulan
körpülər yandırılmalı, geriliyin, avamlığın, yaramaz qaydaların rudimentləri dini
ibadətlərdən bütünlüklə təcrid edilməlidr.