110
müddət dözmüşdü. Lakin əlverişli vaxt yetişən kimi onu seppuku etməyə məcbur
etdi. Yabu ölümündən əvvəl kağız, mürəkkəb və fırça istədi ki, öz
iradəsi və ölümü
barədə şeir yazsın. Onu öz doğma qardaşı oğlu Omi də Toranaqaya satmışdı.
Şeirdə bu sözlər var idi:
«Nədir buludlar?
Göyə haqq qazandırmaq üçünmü?
Nədir həyat?
Yalnız ölümdən qaçmaq üçünmü?»
Toranaqa özünü təhlil etməyi də bacarırdı. Düşünürdü ki, onun doğulduğu
həyat nadir nümunədir, səhrada qəflətən qarşıya çıxan çiçəyə bənzəyir, bunun
karmadan başqa bir səbəbi yoxdur, bu çiçək tez açılır, tez də yoxa çıxır. İndicə
ovucundan uçurduğun şahin ov üçün uçur və şikarı ilə geri qayıdacaqdır. Bir ya iki
mövsümdən sonra həmişəlik yoxa çıxmaq üçün o da özünü hava axınına atacaqdır.
Özünü aldatmağa dəyməz, bu məhvedicidir.
Toranaqa ingilisin Marikonun yaxşı və faciəli vaxtlarda, hətta həyatının
qışında da sevdiyini bilirdi. O qadın daim onun arzularının sərhədində idi. Və
qadına haqq qazandırmaq üçün Toranaqa ürəyində deyirdi ki, Mariko – san şərəflə
ölmək və əbədi yaşamaq sənin karman idi. Bu fikirlərinin sapını çözərkən ingilisə
müraciət edirmiş kimi dedi: «Ancin – san sən mənim dostumsan, karmana görə sən
heç vaxt bu torpağı tərk etməyəcəksən. Mən isə Şoqun olmalıyam».
Toranaqanın öz məqsədinə çatması naminə çoxları həyatdan məhrum oldu.
Nəhayət, o, İşido üzərində də qələbə çaldı. Həmin ilin onuncu ayının bir
sübh çağı Şimal yolunun kənarındakı dağlarda hava dumanlı idi. Toranaqa
günortadan sonra döyüşdə qalib gəldi və qətl tufanı başlandı. Qırx min baş yerə
sərildi. İşidonun özü əsir götürüldü və camaata göstərilmək üçün öz şəhəri
Osakaya zəncirlənmiş şəkildə gətirildi. Vaxtilə bu şəhərdə o, Toranaqanı öldürmək
istəmişdi, lakin ingilis özünü dəliliyə vurmaqla axırıncını xilas edə bilmişdi. İşido
boğazına qədər torpağa basdırıldı və yoldan keçənlər onun boynunu bambuk
çubuğunun iti ucu ilə mişarlayırdılar. Üç gün sonra İşido öldü. Toranaqanın
Şoqunluğa yolu açılmışdı və az
vaxtdan sonra o, arzusuna çata bildi.
Kitab orta əsr Yaponiyası barədə geniş məlumat mənbəyi olmaqla yanaşı,
böyük maraqla oxunur. XVIII əsrin sonu, XIX əsrin birinci yarısında yaşayıb
yaratmış böyük yapon rəssamı Hokusay Katsşikonun «Fuci dağına yüz baxış»
tablolarına baxdıqca stixiyanın möcüzəli qüdrətinə heyran olduğun kimi, romanda
təsvir olunan insan təbiətinin gizli cəhətlərinə, ehtirasların hədd tanımamasına
laqeyd qala bilmirsən. Yapon etikasının yad görünən cəhətləri belə, bu xalqın
tarixinə olan marağı heç də azaltmır, əksinə bu insanların müəmmalı görünən
həyatına və davranış tərzinə daha yaxından nüfuz etmək istəyi yaradır.
Ceyms Klavellin əsəri tarixi faktlara əsaslanır. Baş qəhrəman Con Bləksorn
obrazında 1600-cü ildə ilk dəfə Yaponiyaya gələn britaniyalı dəniz səyyahı,
şturman və tacir Uilyam Adams təsvir olunmuşdur. O, Toranaqa obrazında
verilmiş şoqun Tokuqava İeyasunun müşaviri olmuş və ona qərb gəmisi modelində
ilk gəmini düzəltdirmişdi. Şoqun İeyasu Yaponiyda mərkəzi dövlət yaratmış və
Tokuqava şoqunları sülaləsinin əsasını qoymuşdu. Kitabda cərəyan edən
111
hadisələrdən üç il sonra – 1603-cü ildə o, imperatoru məcbur etdi ki, ona şoqun
titulunu versin və bu vaxtdan Edo dövrü kimi tanınan Tokuqava şoqunatının 250
illik idarəçilik dövrü başlandı. İki il sonra o, hakimiyyəti oğluna versə də, faktiki
olaraq ölkənin idarə edilməsini davam etdirdi. Ancin-sama adı altında tanınan
Uilyam Adams isə böyük nüfuz sahibinə çevrildi və bir daha vətəninə qayıtmadı,
1620-ci ildə 55 yaşında vəfat etdi. Axı İeyasu qərara almışdı ki, şkiper Uilyam
Adams ölmüşdür və samuray Ancin Miura doğulmuşdur.
Lakin romanı heç də etnoqrafik məlumatlar məcmuəsi hesab etmək düzgün
deyildir. Əsərdəki qəhrəmanlar müxtəlif əqidəli, mənəviyyatlı insanlardır, bu fərqli
həyat tərzləri və talelər tam təsadüfi olaraq bir-birinə birləşmiş, qovuşmuşdur.
Rəngarəng saplar hörülüb naxışlı xalça əmələ gətirdiyi kimi, romanda da
düşüncələri və hərəkət prinsipləri bir-birinə bənzəməyən adamların dünyasından
böyük bir həyat kəsiminin maraqlı mənzərəsi yaranmışdır.
Qədim tarixə və sivilizasiyaya malik olan bu xalqın özünəməxsus həyat
fəlsəfəsi qəribəlikləri ilə yanaşı ibrətamizdir. Təbiətin xeyli xəsislik göstərdiyi,
ancaq sakinlərinin nəsillər boyu iradəsi və zəhməti ilə gözəlləşən və zənginləşən bu
ölkəyə heyran olmamaq mümkün deyildir. Sadəcə olaraq bu ölkəyə açıq ürəklə
yanaşmalısan, əvvəlcədən gəldiyin düzgün olmayan rəyi kənara atmalısan. Onu
ağılla dərk etmək mümkün deyilsə, ürəklə anlamaq lazımdır. Ernest Heminqueyin
bir gözəl şəhər haqqında dediyi sözləri bu ölkəyə şamil edib, demək istəmirəm ki,
oxucu, Yaponiya həmişə sənin üçün bayram olacaqdır. Ancaq bu ölkəni dərk etmə
adama yalnız sevinc gətirəcəkdir. Təbiətə pərəstiş edən bir xalq, əgər bunu dini
ehkama çevirmişdirsə, ən azı hələ min il əvvəl gözəlliyin dünyanı xilas edəcəyi
mülahizəsinə gəlməyi bacarmışdı. Bu xalq insanın öz həyatının, öz xoşbəxtliyinin
yaradıcısı olması barədə qədim yunan fəlsəfəsinin irəli sürdüyü ideyanı
gerçəkləşdirə bilmişdir. Lakin yaponlar heç də sadə bir şəkildə olan, nəfsini
saxlayan həyat tərzini, xarici aləmin həyəcanlarından uzaqlaşmaq, könül
sakitliyinə qovuşmaq prinsipini qəbul etmirlər. Onlar əylənməyi, şadlanmağı da
bacarırlar. Onların saldığı şəhərlərə, tikdirdikləri körpülərə, estakadlara baxanda
elə təsəvvür yaranır ki, hər bir nəsil elə bil ki, əbədi yaşamağı düşünür, şənlik
etmələrinə, əylənmələrinə, yeyib-içməklərinə, sakuranın cəmi bir
həftə davam edən
çiçəklənməsinə qibtə olunan bir heyranlıqla tamaşa etmələrinə baxdıqda isə, adama
elə gəlir ki, onlar ömürlərindəki axırıncı fürsəti də əldən vermək istəmirlər.
Yaponiya təbiəti insana qarşı heç vaxt əliaçıqlıq göstərməmişdir, ona həyat
nemətlərini asanlıqla verməmişdir. Belə şərait adamları zəhmətə alışdırırdı, zəruri
yaşayış şərti kimi əməksevərliyə sövq edirdi. Təbiətdən heç nəyi hazır şəkildə ala
bilməyən yapon daha çox öz qüvvəsinə, səyinə bel bağlamışdı, lap qədim
dövrlərdən bu qaydada formalaşmışdı. Axı insan cəmiyyətinin uşaqlığı da öz
xüsusiyyətlərinə malikdir. Tərbiyəsiz uşaq da, yaşlı adamlar kimi ağıllı hərəkət
edən uşaqlar da olur. Qədim yaponları yəqin ki, normal uşaqlar saymaq olardı,
çünki onlar öz gələcək inkişafları üçün belə möhkəm bünövrə yaratmışdılar. Bu
gün də bu xalq müasir sivilizasiyanın inkişafına nəhəng töhfələr verir. Yaponların
öz vətənlərini insanın firəvan yaşaması üçün lazım gələn hər şeylə təmin edən bir
diyara, az qala yerüstü cənnətə çevirmək sahəsindəki fərasətinin birinci əlaməti və