58
ruhlanar. Həmin şəhər millətin yeni qürur rəmzinə çevrilməlidir. Belə baxış isə
şəhərin planlaşmasına və inşasına daha yüksək tələblər qoyulmasını şərtləndirir.
Yeni şəhər həm gözəlliyi, həm də öz təyinatına uyğun gəlməsi ilə seçilməlidir.
Onun geniş küçələrini, Parisdəkinə bənzər bulvarlarını yaraşıqlı ictimai binalar,
ticarət
mərkəzləri,
əyləncə yerləri bəzəməlidir. Şəhərsalmanın ümumi
qanunauyğunluqlarından qaçmaq mümkün olmadığı kimi, XXI əsrin şəhərinə
primitiv düşüncə tərzindən yanaşmaq da ağılsızlıq olardı. Şəhərin layihəsini
işləyənlər güman ki, həm təbii şəraiti, şəhərin funksional fəaliyyətini, həm də
gələcəkdə müəyyən çərçivədə böyümə perspektivini nəzərə alacaqlar. Axı burada
yaradılacaq və qurulub saxlanacaq sosial və iqtisadi mühitdə şəhərin gözə çarpan
forması əks olunacaqdır. Layihənin prinsipial məqsədi isə insanın yaşadığı və
işlədiyi məkan keyfiyyətini yaxşılaşdırmaqdan ibarət olmalıdır. Bunun reallaşması
ilə həm də insan həyatının keyfiyyəti yaxşılaşır. Bu cəhəti də nəzərə almaq
lazımdır ki, sosial həyat mühiti onların bünövrəsində olan problemlərin təsirinə
məruz qalır və qarşılıqlı olaraq onlara da öz təsirini göstərir.
Yeni şəhərin layihəsi daha ambisiyalı olmaqla, həm də daha uğurlu
görünməlidir. Bəlkə də “təbiətə qayıdış” barədəki köhnə ideya ilə bağlı olan
ekoloji tarazlıq mövzusuna yenidən müraciət etmək faydasız olmazdı. Şəhər
sakinlərinin sağlamlığı tələblərinə riayət edilməsi məcburi amillər kimi nəzərdə
tutulmalıdır. Doğma şəhərimizin acı təcrübəsindən bizə məlum olduğu kimi
torpağın, havanın güclü çirklənməsi uzun müddətli nəticələr verən ən ağır
problemlərdir. Onların qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirilmirsə və
ya bu tədbirlər üçün şərait yoxdursa, vəziyyət daha da ağırlaşır. Şəhər mühiti
psixiki sağlamlığa da mənfi təsir göstərən xüsusiyyətlərə malikdir. Ona görə də
arzuolunan mikroiqlim, səs-küy səviyyəsi, mühitin daşıdığı digər əlamətlər,
sakinlərin təchizatı və ictimai küçələrdə yaşayış məkanı və hərəkətin təşkili
məsələləri kompleks şəkildə həll olunmalıdır.
Şəhərdə yəqin ki, həm kommersiya mərkəzləri, mərkəzi dairələr, həm də iri
xəstəxanalar olacaqdır. Universitet şəhərciyi şəhərin cəlbedici hissəsinə
çevrilməlidir. Meksika paytaxtının kənarındakı Mexiko Muxtar Universitetinin iri,
geniş, tələbələrin təhsili və məişət qayğıları üçün hər cür şərait bəxş edən şəhərciyi
yaxşı nümunə rolunu oynaya bilər. Yaxud, Budapeştdə Sorosun tikdirdiyi və
maliyyələşdirdiyi Mərkəzi Avropa Universitetinin binası da gözəl tədris şəraitinə
malik olmaqla yanaşı, tələbələrin çoxsaylı tələbatlarının hərtərəfli ödənilməsinə
imkan yaratması ilə belə şəhərciyi xatırladır.
Yeni şəhərdə tikilən binalar həm də təbiətə inteqrasiya modellərinə
uyğunluğu ilə seçilməlidir, ərazinin relyefi arxitektura seçimində nəzərə
alınmalıdır, Bakıdakı uğursuz qarışıqlıq burada təkrar olunmamalıdır. Bu gün
xalqımız bu tipli zövqsüzlükdən xəbər verən göydələnlərə heç də arzuolunan ideal
kimi baxmır, onları şəhərin gözəyatımlı panoramasını pozmaq vasitəsi hesab edir.
Yeni şəhər yüksək zövqü nümayiş etdirən arxitektura nümunələrinin zənginliyi ilə
seçilməlidir. Əgər məsələ real olaraq gündəliyə çıxsa, layihəyə yalnız beynəlxalq
tender elan etməklə razılıq vermək olar. Bu sahədə indi Qaudi, Korbyuze və
Nimeyer kimi memarlar olmasa da, istedadda və yenilik hissində onların
59
ardıcıllarının bu şəhərin baş planının hazırlanmasında və tikilməsində iştirak
etmələri gözəl səmərə verərdi. Bu heç də o demək deyildir ki, Bakı ümdə
qayğılardan kənarda qalmalıdır. Bu şəhər xalqımızın tarixinə pozulmaz səhifələrlə
nəqş olunmuşdur. Onun taleyinə biganəlik, laqeydlik göstərilməməlidir. Bu gün
onu sıxan ekoloji və texniki problemlər zamanın törəməsi olmaqla yanaşı, elə
həddə çatmışdır ki, oradan arzuolunmayan hadisələrin, kataklizmlərin üfüqləri göz
önündə canlanır. Paytaxt funksiyası onun üzərindən götürülsə, ən azı problemlərin
dərinləşməsinin qarşısı alınardı. Doğma şəhəri qoruyub saxlamaq bu gün hamını
düşündürməlidir.
Biz faciələrlə üzləşmiş çox şəhərlərin acı talelərinə bələdik. Homerin dühası
hesabına Troyanın, Polibinin, Tit Livinin əsərləri vasitəsilə Romanın dünya
dövlətinə çevrilməsi iddiasının nəticəsi kimi Karfagenin, fransız tədqiqatçılarının
zəhməti hesabına qonşuların, sonra isə təbiətin vurduğu zərbənin bəhrəsi kimi
Anqkorun fəlakətli sonluqları barədə çox eşitmişik. Kiçik Asiyada varlı ticarət
şəhər-dövləti olan Troya yunanların qısqanclığını alovlandırmaya bilməzdi. Aralıq
dənizi ticarətində az qala hakim mövqeyə yiyələnmiş gözəl Karfagen şəhəri
Romanın rəqibi kimi məhv olmasa, axırıncı öz uzağa gedən planlarını həyata
keçirə bilməzdi. Kxmerlərin paytaxtı olan Anqkor gözəl məbədləri ilə elə bil ki,
qonşularını ona yiyələnməyə həvəsləndirdi. Şəhər yadelli taylar tərəfindən tutuldu,
viran qoyuldu, sonra isə cəngəlliklər lotos qönçəsini andıran qüllələri olan bu
məbədlər şəhərini öz əsarəti altına aldı. İnsan zəkasının və əməlinin gözəl abidəsi
sayılan bu şəhərlər tarixdən silindi, yalnız xatirələrdə və müdhiş xarabalıqlarında
yaşamağa başladı. İtaliyadakı Pompeyi və Herkulanum Vezuvi vulkanının ən
dağıdıcı püskürməsinin qurbanları oldu. Konkistadorlar Peruda qızıl və gümüşə
bəzədilmiş sarayları olan Kuskonu viran qoydular, XX əsrdə isə faşistlər
Gernikanı, Koventrini, Oraduru xarabalıqlara çevirdilər. Erməni qəsbkarları həmin
əsrin sonunda çox sayda şəhərlərimizi və digər yaşayış məntəqələrimizi ağlasığmaz
vandalizmə məruz qoydular.
Xoşbəxtlikdən paytaxtımızın üzərinə düşmən qüvvələri və ya təbiət yerimir.
Lakin özünə təskinlik verməyə də elə bir əsas yoxdur. Çünki Anqkordan fərqli
olaraq Bakıya şəhərin “nəcib” sakinlərinin yaratdıqları “cəngəlliklər” hücum
çəkmişdir. Bu qüvvələr qocaman, həm də gənc şəhər olan Bakının təkcə
“baharına” zərbə vurmaqla kifayətlənməyib, onun solğun “payızına” da təcavüz
etməkdən əl çəkmirlər. Onlar ram edilməsə, onların dağıdıcı “quruculuğuna” son
qoyulmasa daha ağır haqq ödəmək lazım gələcəkdir.
Tarixin ibrətamiz dərsləri bizə çox şeyi öyrədir. Hər bir xalq malik olduğu
sərvətlərin qədrini bilməlidir, onu qorumağı, pisləşməyə, dağılmağa qoymamağı
bacarmalıdır. Bu ümumi prinsip məqbul sayılırsa, Bakı orta əsr rıtsarlarının zirehli
geyimi kimi, onun hərəkətini çətinləşdirən paytaxt libasından azad olunmalıdır.
Bunun ikinci tərəfi yeni baş şəhərin əsasının qoyulması, yeni paytaxtın
yaranmasıdır. Münasibətlərin diametral fərqliliyindən asılı olmayaraq, ideya öz
mahiyyətini və aktuallığını itirmir. Vaxt keçdikcə məsələ öz vacibliyini daha
kəskinliklə xatırladacaqdır. Məgər həyəcan zənginin daha gur səslənməsini
gözləməkmi lazımdır? Burada cavab sualın özündən doğur.
Dostları ilə paylaş: |