30
№ 4 (20) Qış- 2016
ən yaxşı təsəllini ağıllı adam yox,
dəli adam verə bilər
deyər ki ağlın
olsun yaşama,
özünü as,
köynəyinin yaxasını açar
boynu kəsik-kəsik
deyər ki intihar edirdim,
yaxınlarım qıymadı bir kəndiri mənə
tanrıya dua edər ki,
tanrı nə yaxşı məni dəli yaratdın
ağıllı yaradıb,dəli eləmədin
şükür sənə,tanrı bu gündən
bəlkə məni it eləyəsən
it günündə yaşamaq istiyirəm,bezdim
adam günündən
***
sən də çıxıb gedənnən
buralarda hüzündü.
yarıdan çox ağrımaq;
sən bildiyin üzüntü...
hər şey qoyduğun kimi.
hər şey yeri-yerində.
dəyişən
heç nə yoxdu
ayrılıq şəhərində...
bizdə bütün il boyu
qaranlıqdı pəncərə
gündə yüz yol ölürəm
darıxıram min cürə...
necə ki səhər olur
günəş çıxır işartı
məni rahat buraxmır
zəhrimar bu diş ağrı...
gör nə qədər vaxt keçib
bildiyin nə çox,nə az
sənə daha demirəm
vaxtın olsa mesaj yaz...
unudulmuş qadından sonrakı
gün...
hara qaçırsan qaç
adam sonda gəlib özünə çıxır,
özündə darıxır..
niyyəti pozulmuş adamlar öz fikirlərini
də zorlayırlar.
sevismək üçün kişiyə qadın bədəni yox,
qadın qoxusu lazımdı.
həm
də
qadın, sevməkdən çox
darıxmaqdan ötəridi.
bütün insanlar istənilməyən şeyi istəyir,
darıxmaq istəmədiyi adam üçün darıxır
məsələn mən on bir ay darıxıram,son bir
ay üçün...
sevmək də nisbidi,ayrılmaq da.
ayrılmaq həmişəlik sevməkdi..
bütün ilahi sevgilər tükənə bilir,
zaman hər şeyi unutdurur
gec-tez yada sala-sala..
sol tərəfimin ağrısına sağ tərəfim
şərikdi.
özgə ağrılar sənin qədər qəddardı,
and
ola bir ovuc əllərinə
üzümdəki kədər cizgiləri böyüdükcə
məsum uşaq baxışlarım da ahıllaşır.
yenidən ömrü başlamaq olsaydı,
hamının yerinə uşaqlaşardım,
bir də heç vaxt böyüməmək şərtiylə..
səni unutduğuma əmin olma
mən adamı pis vaxta sevirəm
istiyirsənsə gəl,
əgər bədənində sevməyə yerin qalıbsa
heç də bildiyin kimi deyil,
inanmırsansa gəl özün gör
gələrkən əllərini də gətir,tutunum həyata
bir qucaq ümid
gətir noolar,
bir nəfəs qoxu..
Üç aylıq ədəbiyyat dərgisi
31
sənin azadlığın
uzaqdan baxmaq idi mənimki
sənə yaxınlaşmaq deyil.
uzaqdan sevmək idi mənimki
yaxindan vurulmaq istəmirdim əsla.
taniş idin gözlərimə,yəni hami kimi idin.
indi biz fərqliyik ayrılmış insanlarıq...
illər sonra getmişləri xatırlatdın
gələrkən də ayrılıq gətirdin
qaranquş yaz gətirər kimi...
bir şey də buraxmadın arxanca
baxıb darıxmağa,
hüzünlənməyə ..
alaçıqdı ürəyimin
hər yeri
günəş üfqləri isitmir bu köhnə xarabanı.
bircə tək getmə məndən
izn ver səni ötürüm
ki, nigaran qalmasin gözlərim
ən axrıncı nöqtədə sarılarsan mənə
hələ oracan sevək bir-birimizi...
XEYRULLA
XƏYAL
İNƏYİN SATMAĞA
APARILMAĞI
(Ərəbqardaşbəyli, 1963, payız)
Azad QARADƏRƏLİYƏ
“Sən burdan itələ, sən də çək ordan!”
Lələm qışqırırdı köməkçilərə.
İnəksə suvatın lap qırağında,
Durub dirəmişdi özünü yerə.
Gündə su içdiyi həminki Kürdü,
İndi salırdılar özünü suya.
Alma gözlərindən yaş tökülürdü,
Elə bil gedirdi başı baltaya.
Kolazda oturan çəkir ciyəni,
Daldan itələyən ağac döşəyir.
Üzülür ayağı birdən inəyin.
Büdrəyib özünü toxuyur Kürə.
Kolazı çəpləyir lələm oturub,
Mal, ciyəsi əldə üzür yanaşı.
Mən də oturmuşam sarımı udub,
Çaşdırıb halımı malın təlaşı…
Lap iti vaxtıdır Kürdə axarın,
Lələm təngnəfəs, lələm qəzəbli.
İnəyin gözündən yenə yaş axır –
Canavar ağzında üzür elə bil.
Çatırıq o taya. Özü dırmanır,
İnək, büdrəsə də, suvata burda,
Alma gözlərinin yaşı dayanmır.
Titrəyib suyunu yazıq sıçradır…
Asfalt qırağıyla çıxırıq yola,
Lələm əldə ciyə düşür qabağa
Arxadan qovuram mən də çubuqla, —
Salyana gedirik malı satmağa.
İndi də gözümün qabağındadır,
O yol ki, uzandı günbatanacan.
Lələm acıqlıdır, qaşqabaqlıdır,
Titrəyir, nədənsə qurumur heyvan…
Sabir dayımgildə gecəni qaldıq,
Səhər malı satdı bazarda lələm.
Gəzişib ayından-oyundan aldı,
Vurdu saqqalını surralı Qələm…
İndi də lələmin həmin yaşında,
Ölkədən ölkəyə adlamışam mən.
Həm ömür uzandı, həm də yol, indi,
Canavar ağzında özüməm üzən…
30.09.16
Samara
32
№ 4 (20) Qış- 2016
ZAUR SAHİL
QALDI
Yağış girdi gözlərimə,
Qəlbimdə dağ gülü qaldı.
Qar od saldı saçlarıma,
Başımda ağ külü qaldı.
Halal yedim çörəyimi,
Külək döydü ürəyimi,
Anam dedi örpəyimi,
At üstünə, ölü qaldı.
***
Vətən bir güzgüdür.
Ancaq qürbətə çəkilib,
Özünü vətəndə
görə bilərsən.
***
Anamın göz yaşını
görməyim deyə.
Yağışlı havada
öləcəyəm mən.
Qoşulub yağışa
güləcəyəm mən.
Məzarım uşaqkən
qazıldığı üçün,
Öləndə uşağa
dönəcəyəm mən.
QÜRBƏTDƏN MƏKTUB
Qürbətin yolları nə uzun imiş,
Çatmır vətənə ki, gedəm evimə.
Atam kəndimizdən,
Anam məzardan,
Sevgilim şəhərdən gələ, sevinə.
NƏSR - HEKAYƏ
RÖVŞƏN YERFİ
ZAVALLI ƏFİQƏ
uzun hekayə
(jurnal variantı)
“Kişi “kişi” olarsa nə qadını,
nə qızı, nə də ölkəsinin qadınları
yolunu azmazlar!”
Şeyx Şamil
Sərin payız gecəsi idi. Hüdudsuz
səmanın ənginliklərində ulduzlar bərq
vururdu. Cırcıramanın həzin səsi
gecənin sakitliyinə hakim kəsilmişdi.
Yaxınlıqdakı otların arasından gələn
xışıltı, xoş təmasdan sonra otların
üzərində uzanıb həzz dünyasından
ayrılmaq istəməyən Əfiqəni diksindirdi.
Gözlərini açıb ətrafa göz gəzdirdi. Ani
ağlına gələn fikirdən qorxub yanaşı
uzandığı Cahidi qucaqladı:
- Xışıltını eşitdin? Olmaya bizi
kimsə güdür?
- Qorxma! - Cahid arxayınlıqla
onu özünə sıxdı. - Gecənin bu aləmi
camaat yeddinci yuxunu görür. Kimə
lazımdır şirin yuxusundan keçib bizi
güdsün...
- Bəs hardan gəldi o səs?
- Yəqin qurbağa-filandı, arxın
ətrafında gəzişirlər.