Biz uşaqların təqdim etdikləri həll yollarına baxır və onların öz fikirlərini izah etməsinə
şərait yaradırıq. Heç şübhəsiz, bu yerdə bəzi suallar meydana çıxacaq! Müəllim bilmək istəyir:
Xoşniyyətli və ya bədniyyətli sehrbazın hansısa əməlini və ya planını görə bilərsinizmi?
Sonuncu dəfə nə vaxt sehrbaz olmağı arzulamısınız və həmin vaxt nə etmək, nəyi
dəyişmək ürəyinizdən keçib?
Bu an sizin ən böyük arzunuz nədir?
Müəllim şagirdləri öz fikirlərini söyləməyə həvəsləndirir və onların hamısına pozitiv
dəstək verir. O, növbəti bir neçə dərsdə də sehrbazlar haqqında danışacaqlarını bildirir və
şagirdlərə tapşırır ki, jurnallarda, yaxud kitablarda sehrbaz şəkilləri axtarsınlar və mümkün olan
halda həmin şəkilləri dərsə gətirsinlər. Şəkillər və kitablar gərək kiçik bir sərgidə nümayiş
olunsun.
Dərsin qalan hissəsi ərzində uşaqlar sehrbazın və adi adamın rəsmini çəkib qurtarmalı və
onları rəngləməlidirlər.
Dərs 2
Həftə ərzində müəllim dönə-dönə şagirdləri sehrbaz şəkilləri və sehrbazlar haqda
kitabları tapıb gətirməyə, çəkdikləri rəsmlər üzərində işi tam yekunlaşdırmağa ruhlandırır.
İkinci dərsin başlanğıcında müəllim əvvəlki dərsin məzmununu xatırladır, sonra isə cari
dərsin prosedurunu izah edir: indi biz sizin gətirdiyiniz şəkillərə və kitablara, eləcə də
hazırladığınız fiqurlara baxacağıq. Siz bunlar arasında bir-birinin eyni olan, yaxud bir-birindən
fərqlənən şeyləri müəyyən edə bilərsiniz?
Uşaqlar dairəvi əyləşirlər. Müəllim onlara söyləyir ki, bir neçə illər bundan öncə
uşaqların həyat və şəraitləri ilə bağlı olan xüsusi hüquqlar tərtib olunub. Bu yerdə biz Uşaq
Hüquqları Bəyannaməsini (1959) oxumağı tövsiyə edirik. Bəyannaməni oxuyarkən müəllim onu
lazım bildiyi şəkildə sadələşdirə və müəyyən yerlərini ixtisar edə bilər. İxtisara xüsusi diqqət
yetirilməlidir. Sənədin ixtisar edilmiş versiyası aşağıdakı kimi təqdim oluna bilər:
Uşaqlara sağlam şəkildə və normal şəraitdə böyümək imkanı yaradılmalıdır. Bura
onların:
fiziki
mənəvi
psixoloji
əqli və
sosial inkişafı daxildir.
Uşaqlar azad olmalı, onların şəxsi ləyaqət hisslərinə hörmət olunmalıdır.
Uşaqlar gərək ilk mərhələdəcə bu prinsipi başa düşsünlər. Müəllim uşaqların fikir və
rəylərini ümumiləşdirərək, yuxarıdakı anlayışları və onların bir-biri ilə necə əlaqəli olduğunu
izah edir.
Bunun üçün o, özünün, yaxud şagirdlərin əvvəlcədən kağızdan hazırlamış olduğu
təqribən 40 oğlan və qız fiqurunu döşəməyə düzür. Onları dörd qrupa bölür.
I qrup fiziki cəhətdən sağlam böyüyüb.
II qrup mənəvi cəhətdən sağlam böyüyüb.
III qrup əqli cəhətdən sağlam böyüyüb.
IV qrup sosial cəhətdən sağlam mühitdə böyüyüb.
Sonra müəllim uşaqlardan soruşur ki, hər hansı bir uşağın nəyi olmaya, çatışmaya bilər.
O, şagirdlərin nümunələr gətirməsini xahiş edir və lazım gəldikdə, özü də bir-iki nümunə
söyləyir.
Fiziki cəhətdən sağlam böyümə
isti paltarı yoxdur
Mənəvi cəhətdən sağlam böyümə
pis dostları var
Əqli cəhətdən sağlam böyümə
yaxşı kitabları yoxdur
Sosial cəhətdən sağlam mühitdə böyümə
heç
bir dostu yoxdur
O, bu çatışmazlıqları kağızdan düzəldilmiş müvafiq uşaq fiqurlarının üzərinə yazıb, yenə
hərəsini öz yerinə qoyur. Sonra isə uşaqlardan öz nümunələrini söyləməyi xahiş edir. Ola bilsin,
uşaqlar dörd kateqoriyanın dördü üçündə nümunələr gətirə bilməsinlər; bu halda müəllim onlara
kömək etməli, ancaq onların əvəzinə nümunə gətirməməlidir.
Uşaqların ehtiyacları müəyyən edilib kağız fiqurların üzərinə yazıldıqdan sonra
sehrbazların işi başlayır. Uşaqlar üç qrupa bölünür və hər qrupa qrupun bütün üzvlərinə çatacaq
sayda kağız fiqurlar verilir.
Onların vəzifəsi aşağıdakılardan ibarətdir:
Hər uşağın vəziyyətinə diqqət edin və onu nələrin sevindirdiyini, nələrin isə
kədərləndirdiyini tapmağa çalışın.
Sehrbaz necə kömək edə bilər?
Uşağın sabah da, birisi gün də, ondan sonrakı gün də özünü yaxşı hiss edəcəyinə əmin
olmaq üçün sehrbaz nə edə bilər?
Oğlanın və ya qızın özünün nə isə edə bilməsi üçün sehrbaz ona necə kömək edə bilər?
Adi adam sehrbazı necə əvəz edə bilər?
Şagirdlər yenidən bir araya gəlib dairəvi əyləşir və müxtəlif problemlərin həlli üçün
özlərinin fikirləşdikləri sehrli həll yollarını bir-birləri ilə bölüşürlər.
Dərs 3
İndi isə gəlin real həyatdakı konkret vəziyyətləri nəzərdən keçirək. Müəllim bir daha uşaq
hüquqlarının 10 prinsipini xatırladır və şagirdləri gündəlik həyata xas olan situasiyalar
fikirləşməyə təşviq edir; elə situasiyalar ki, orada sinif yoldaşları, dostları, aşağı və ya yuxarı
sinif şagirdləri, yaxud da elə özləri heç də yaxşı durumda qalmırlar. Şagirdlərin xatırladıqları
situasiyalar və yerlər aşağıdakılar ola bilər:
Yerlər:
sinif otağı
məktəbin həyəti
məktəbə gedən yol
Situasiyalar:
mübahisə və dava baş verir
günorta yeməyə heç nə olmur
ev tapşırığını etmək yaddan çıxır