Peşmançılıq
Ən dərin dəryada üzdürüb salı
kamı vədəsində alaydım keşkə.
Başına dolanıb Məkkə misalı
nahaq can gəzirəm soyumuş daşda.
Yalandı deyirlər, ayrılıq qalır –
Gün toza çevrilir, ay qırıqlanır...
Vüsal heç,
itirib ayrılıqları
minnət götürürəm qəmdən bu yaşda.
Baxmıram can evi çökür...
gedirəm,
olmayan bəxtimlə bikir gedirəm,
ayağım ha yana çəkir, gedirəm,
sinədə ürək yox,
ağıl yox başda.
Şam yanır, qısalır səməndər vaxtı,
Analı xoşbəxtdim yaşın tər vaxtı!
Getdi gedənlərim...
bu da şər vaxtı –
qapı varmı döyüm qohum-qardaşda?
Başıma gələnlər güldüklərimdi,
ya bəlkə dirilib – öldüklərimdi?
Bəs kimə öyrədim bildiklərimi
Bəs kimi çağırım bu çətin məşqə?
Vaqif də məəttəl qalarmış düzü –
dəyməz bir ahıma aşiqin yüzü!
Kim yolar saçını,
kim cırar üzü,
kim ağlar mənim tək
qəhr olan eşqə?
2012
Qollarımız
Ay ömrüm, ay görüm səni min yaşa,
Xoşbəxtlik oxunsun əlindən sənin.
Yadına gəlirmi,
gedirdik qoşa,
Mən də yapışırdım qolundan sənin.
Ah-ufu çəkincə düyünə qədər...
Bu xoş xatirəyə güləydin bəlkə?
Qolumuz gödəlib çiyinə qədər,
Dilimiz uzanıb gileydən bəlkə,
Bir bax,
yolumuza boran tökülür,
neyləyim,
sızlayan yarandan tutum?
Oranı tuturam, buran tökülür,
vallah, heç bilmirəm harandan tutum...
2014
Dəvət
Yaz gəlsən, ələnsə yağışlar qəfil –
Şaman tək qam tutub,
vuraram dəfi,
Açaram üstünə canımı çətir,
haləsi göy boyda tül asdıraram.
Bağım su istəyib yananda səssiz,
Günün istisində donanda sənsiz,
Əgər yayda gəlsən, ağlaram şəksiz
Sənə göz yaşımdan gilas dərərəm.
Demə payız hara,
demə bağ hara –
saralmış həsrəti, gəl, yara-yara.
İki qara gözü çəkərəm dara,
şəninə cüt qara qul asdıraram.
Qoca həsrətimi ağsaqqal bilsən,
salıb qabağına başda gətirsən,
sən mənim bağıma qar-qışda
gəlsən
Quru budaqlara gül açdıraram.
İstəsən ayımdan-ilimdən kəsib
sənə yaradaram beşinci fəsil.
Fərqi yox, səmtini deməsən, desən
təki gəl, dörd yandan
yol açdıraram.
2014
Köhnə qafiyəli təzə zarafat
Soyuq su əndərdin isti aşıma –
canımı demişdim gülümə qurban...
Niyə kurort fikrin saldın başıma,
dedin, get, sağ qayıt, yoluna qurban!
Ay doğma yurdumun ana maralı,
yolum yumrulaydı...
düşdüm aralı.
Bilmirəm adım nə,
özüm haralı? –
sənin bəlli-bütün elinə qurban!
Qərib can qığılcım almadan yanar,
Xalı tək süzülər, ilmədən yanar...
Ölsəm öləcəyəm dolmadan yana –
Qazanlar qaynadan əlinə qurban!
Burda hardan tapım Qaradağ daşı,
endirim təpəmə, qurtarsın işim...
Dibdən kəsiləsi keçəl, boş başım
olsun ucu qırxıq telinə qurban!
Səsim yetsin deyin dərhal yanına
basıram düymənin birdən onunu...
Nokia markalı telefonuna,
“alo”, “alo” deyən dilinə qurban!
2012
Barışıq aşı
Çalışdım qəlbinə toxunmasın qəm –
yumru ürəyində bir tikiş yoxdu...
çünki
mən hamıdan yaxşı bilirəm
könül sındırmaqdan axmaq iş yoxdu...
Ömrə dad verirsə mehribançılıq
nədən
aşımıza su qatmalıyıq.
Ömrün uzununu o verir; xaliq –
biz xoşbəxt anları uzatmalıyıq.
Gərək can saxlayaq candan sonraya –
Unut incikliyi,
bəri ver əli,
Ya sən qalacaqsan məndən sonraya,
ya mən öləcəyəm səndən irəli...
2012
Sevginin səbəbi
Qadınları sevirəm –
qaranlıqlar kimi yatar,
sabahlar kimi
oyanar qadınlar.
Söyüdləri sevirəm –
bir çeşmə qırağında
yüz yol durub marağında...
görmüşəm;
uzun-uzun saçlarını
ehmal-ehmal toxundurub
duru, sirli sulara
qadınlar sayağı yuyunur onlar.
Yamaclar yaxasınca
bitiş-bitiş, tutaş-tutaş tökülüşən
lalələri sevirəm –
o lalələri ki, qara-qırmızıdı qanı...
qadınlar onlardan betər bağrıyanıq!
Nənələri, nalələri, nanələri sevirəm –
bəstə boylu,
qadın soyludu hər üçü,
hər üçünün
zümrüd göz yaşıyla doludur canı.
Çörəyi sevirəm –
çünki çörək kişini
qadın kimi doydurur.
Ürəyi sevirəm –
qadın kimi ürək də adamı
namusuyla üzbəsurət qoydurur!
Buludları sevirəm –
min cür azar-bezardan,
dözülməz ahu-zardan
yananda torpağın ciyəri,
bir az toxtasın deyə tifil
südlə dolur buludlar,
qadın məməsi kimi
şişir onlar.
Yarpaqları sevirəm –
çünki yaş budağın qoynundan
qadın bətnindən
düşürmüş kimi düşür onlar!..
Və bir də günahı sevirəm –
qadın kimi onun da
əvəzi yoxdu
gecə-gündüz insanı sinsidib boğmaqda.
Heç şübhəsiz
Allahı da sevirəm –
özü olmaya-olmaya
qadınla bəhsə girib
törəməkdə, doğmaqda...
Anamı,
bacımı,
qızımı,
arvadımı sevirəm,
nəhayət!
Bu işdə də incə bir mətləb var;
çünki
bir az mənə, bir az da
qadına bənzəyir onlar!
2013
Qadın səsi
Üzeyir bəy,
Bethoven,
Bax,
Şubert,
Sostakoviç,
Qarayev Qara!
İstəyirsiniz
məni
dirəyin divara,
yığışsın bağırtıma
ərəb, əcəm...
Yenə də
kainatda
ən zəngin musiqi
qadın səsidi, deyəcəyəm!
2011
Qəribə adam
Rəhiləyə
Qəribə adamdı, qardaş, bu adam,
ona bax, heç şeyə gülüb sevinir.
Canını ilan tək sarsa da qada
gözünün yaşını silib sevinir.
O güldü,
gülməsə açıla bilmir,
balıqdı,
dəryasız keçinə bilmir,
çağadı qundaqda,
ya heç nə bilmir,
ya da ki, hər şeyi bilib sevinir.
Dörd yanı mələklə, pəriylə dolu
Özü də pəridi,
sirrinən dolu,
İtirir açarı,
çantanı, pulu,
boşqabı əlindən salıb sevinir.
Hər an müzəffərdi, hər zaman qalib,
Qızıl kərpic kəsir, sağ canı qəlib...
Bilir ki, təhnədə son kündə qalıb
onu yolötənlə bölüb sevinir.
Cinsi nə?
Allah da bilmir düzünü –
Çevir qız üzünə, oğlan üzünə...
Qiyama qalxanda hər yan üzünə
gedib namazını qılıb sevinir.
Çoxu qorxusundan sıxılır axşam,
Amma o güləndə yox olur axşam.
Səhər günəş kimi doğulur...
axşam
girib yatağına, ölüb sevinir.
2012
Adsız
Bəni-adəm bilmir səndə nə dad var –
Baxıram,
çörəksiz, ətsiz doyuram.
Korlanıb dünyada nə qədər ad var –
mən sənin adını “Adsız” qoyuram.
Qoca tənhalıqdan içim ürkünür –
Cəhənnəm görməyib belə bürkünü...
Çəkirəm üstümə həsrət kürkünü
kasıb mənzilimi odsuz qoyuram.
Düşüb qədəminə qara qul kimi,
Sürünnəm bir gedər-gəlməz yol kimi...
Büküb qamətimi əyri nal kimi,
çapağan könlümü atsız qoyuram.
Sadiqlər dilinin əzbəri gözəl,
Qul necə desin ki, gəl bəri, gözəl?
Qəmin bolluğundan gəbərib, gözəl,
bağışla, məhləni itsiz qoyuram.
2011
Gecikmiş görüş
Yar görüşə çağırıbdı –
necə gedim, nə vaxt gedim?
Qızıl, gümüş, ləl ağırdı
içində gül - tabaq gedim...
Dünya nədi? –
ölüm-itim,
qismətimə şükür dedim...
Bəlkə durub indi gedim,
ya gözləyib sabah gedim?
Duraq gedək, sonu görək,
könül alıb, könül verək...
Nar sevən əl, təşnə ürək,
şəhdi-şəkər dodaq gedim.
Olan sirrimi gizləyim –
quyularda əzizləyim...
Durub bir ömür gözləyim
ora yardan qabaq gedim.
Qaranlıqdı korun baxtı,
Mənzil yaxın, yol uzaqdı...
Paltar geyib gecə vaxtı,
əldə tutub çıraq gedim.
Mənzilim həsrət köşkündə,
Ayrılıqlardı püşkündə...
Qəmin çuxası üstündən
taxım sarı qurşaq, getdim...
Bu vədə eşq eldən ayıb,
Qoca bəndə çuval tayı...
Başımda tük də qalmayıb
teli saçaq-saçaq gedim.
Dünya görmüş ahıl kimi,
röya kimi, yuxu kimi,
ya beyni qan cahıl kimi
ya ağzı süd uşaq gedim?
Nə təhərsə yol eləyib,
yükümü yüngül eləyib,
Allaha təvəkkül eləyib
açıb geniş qucaq, gedim!
2014
Bizim dünənki halımız
(Qəribə əhvalat)
Əcəlin təri bitdi
gicgahında, qaşında,
Arvadım əldən getdi
dünən,
şər qarışanda...
Qapandı dili, ağzı,
fikri, sözü dirəndi.
Heç nəyə döndü yazıq,
qəfil gözü dirəndi.
Əlimi alnına yox,
elə bil qara basdım.
fərli gündə idik çox –
məni də...
qara basdı!
Düşəndə belə dara
de, kim olaydım gərək?
Şeiri qalsın andıra,
həkim olaydım gərək!
Ölümü dadmayıb kim? –
ölüm əsas yuvadı.
Kim kimi yubadıb ki,
mən də onu yubadım?!
Mən də laldım, o da lal,
yalvarışlar diriydi.
Onun gözündə sual
mənimkindən iriydi.
Bərk yaradıb yaradan,
düz sözdü –
qadın kəldi...
bir az keçmiş aradan
kəlim özünə gəldi.
Qorxdum ki, dönər geri,
iraq olsun, həmən hal
nə qədər ki, diridi
verdim ona bir sual:
Dedim:
“- Döndün kələfə,
başın əhlətə dəydi,
ölməyin bir tərəfə,
gözündə sual nəydi?”
Sonra susub kiridim,
dindi, dirilən xala
dedi:
“- Cavab verirdim,
soruşduğun suala.”
“- Düşdüyümüz bu hal nə? –
halıma tapmıram ad.
Mən soruşan sual nə,
bəs cavab nədi, arvad?”
Dedi:
“Gördüm, düzü, mən –
gücün çatmır heç nəyə,
yalvarırdın gözünlə
günahımdan keç deyə.
Adam az, günah çoxdu,
canlı yox suçu boyda,
Sənin günahın yoxdu
iynənin ucu boyda.
A kişi, murada çat,
Tərlan ol, quşun olsun.
Məndən sonrakı həyat
lap halal xoşun olsun.
Yaşa, yarat, şirin yat –
başında huşun olsun!”
... Vallah, bu dünya sirdi
nə əvvəli, nə ardı,
mən ölüb yerə girdim,
arvadım üzün cırdı...
2012
Yoxdu
Yarım həsrət yaylığıdı,
Mismarlıqda işi yoxdu.
Güllü yaylaq oylağıdı –
Qumsallıqda işi yoxdu.
Yarım ovçün qandan keçir,
Baxma biraz gendən keçir,
Atdığı ox candan keçir –
Simsarlıqla işi yoxdu.
Yarım bilməz talaq, kəbin,
Tutub gedər sözün çəpin...
Qəmi xaral-xaral səpir,
Tum salmaqla işi yoxdu.
Yar yarımmı, ya qatilim?
Dondum, bükün-palaz, kilim!
Zökəm sinədi sevgilim
Yumşalmaqla işi yoxdu.
2012
Multfilm
\felyeton\
-
Proloq
Nələr görməyib canım? –
bəllidi adım, sanım...
qoca qurdam, dünyanın
hər işinə bələdəm.
Su işinə bələdəm,
yel işinə bələdəm,
göy işinə bələdəm,
yer işinə bələdəm,
fil nədi qarışqanın
yerişinə bələdəm,
yel nədi, lap şeytanın
çıxışına bələdəm
girişinə bələdəm...
-
Mutfilmin çəkilmə səbəbi barədə
Məlumatım min adda
misal çəkərəm hətta;
Timsalını özün seç,
uzağa getmirəm heç –
ötən yayı “Karpat”da
mənlə üzbəüz qatda
qəribə bir olayı
müşahidə elədim...
Öldüm xəcalətimdən
ismətimə bürünüb,
abrıma bələndim.
... Qarşıma topa-topa
vərəqləri qalayıb
indi həmən olayı
yazıram ki, dəftərə
bu işi bilsin hərə.
Yalnız inək, buğa yox,
bilsin ayı, canavar
bilsin ördək, qaz, fərə
bilsin balta, samovar
daraq, dəhrə, kirkirə...
-
İnəklə buğanın eyvan əhvalatı
Bəli, “Truskoves”də,
ötən yayda “Karpat”da
mənlə üzbəüz qatda
bir də gördüm, ay qağa,
eyvana çıxdı buğa
həmən o bığlı buğa
bordağa bağlı buğa
pərləri buğlu buğa
homzandı sola, sağa,
getdi dala, qabağa...
İş dəyişdi bir anda
ət buğa, cəmdək buğa,
eyvanda təmtək buğa,
nömrədə təmtək buğa
gördü qonşu eyvanda
durmuş sağlam bir inək;
dodağı qaymaq inək,
hər gün sağılan inək
həm tək, həm də kök inək!
-
Mehri-məhəbbət
Gəldi həvəsə buğa,
Güc verdi köksə buğa –
Nəfəs ha... nəfəs buğa...
Bizim bu nakəs buğa
siqar qoydu damağa ...
Sonuna bax, ay qağa,
bax, ibrət al, heyrət et;
qadasını aldığım
inək də bir siqaret
küplədi dodağına,
İnək necə çıxsın bəs
buğanın qabağına?!
-
Restoran
Dayandılar üzbəüz
dayandılar közbəköz.
Fısqırtdılar fıshafıs
sonra da ki, həmən söz –
restorana getdilər
inəklə buğa qoşa,
Doyunca rəqs etdilər
badə çəkdilər başa
vaxt yetincə şabaşa!
-
Epiloq
Bu şanlı toy, bu düyün,
əhvalat bu, ay qağa,
Allah haqqı, doqquz gün
bizim qüdrətli buğa
inəyin nömrəsindən
çıxmadı heç qırağa...
son
05.01.13
Kişi
Dərdimiz nə idi olsaydı, qardaş,
aşağı, yuxarı və hər yan kişi.
Lənkəran, Balakən, Kürdəmir, Ağdaş,
Füzuli, Gədəbəy, Naftalan... kişi.
Ağzının dovşanı çullu sayılır
ceyranı gözündən oxlayan kişi.
Dövlətli, sərvətli, pullu sayılır –
yaxşı ki, sayılmır hər kalan, kişi!
Hiyləsi başında, çirki döşündə
gəda tanıyıram: adı Xankişi.
Mənə göstər görüm, bərkə düşəndə
haqqın küməsini yıxmayan kişi.
Yalandı cin kişi, xoxan kişi var
Allaha baxginən, qorx, dayan, kişi!
Dünyada arvaddan qorxan kişi var,
bir də var arvaddan qorxmayan kişi!
2012
Ciyərim
Səni əlim bilirdim –
əllərim əsdi, əsdi.
Yumşaq dilim bilirdim,
onu da dövran kəsdi...
amma, yaşadım!
Yolu uzun bilirdim –
yol gözümə dirəndi.
Səni gözüm bilirdim,
gözümə pərdə endi –
amma, yaşadım!
Ürək qədər gərəyim
dedim bəyazlığına,
düçar oldu ürəyim
sonda qan azlığına
amma yaşadım.
İndi nəyimsən mənim? –
ağ ciyərim, ağ duyğum,
havamsan udum-udum
yarım, adına uyğun
ən dəqiq tərif budu...
2012
Qəm bostanı
Saldın bu qalmaqalı
sən gözünəm əslində.
Halına ağlamalı
mən özüməm əslində.
Oldum Ay kimi aydın;
sevdim, gördüm can nədi.
Vüsalın olmasaydı
bilməzdim hicran nədi...
Sənsən, mənəm dirlikdə–
bitməz eşqin dastanı.
Gəl, ağlayaq birlikdə
sulansın qəm bostanı...
2014
Bu da belə bir yük
Xatırla Qıratı...
köhnə dastanı –
tövlənin böyrünü yırtıb aparaq...
Şərikli əkmişik qəm bostanını,
yığaq yemişini...
dartıb aparaq.
Qoşa girmədikmi biz yasaq yerə?
Yolumuz dirəndi nə sarsaq yerə?
Bu yüklə yoxuşda diz basaq yerə,
bu yükü enişdə
yortub aparaq.
Öləkmi Fatmaya, Əhmədə görə? –
Tanrıdı haqq verən zəhmətə görə!
Üzə kəfən tutaq töhmətə görə,
İsməti pul kimi pörtüb aparaq.
Qoy yükün sahibi yol versin bizə
sərəncam çıxarsın;
köhnə, ya təzə!
Kor kotan cəfadı iki öküzə
bəlkə biz bu yükü artıb aparaq?
2012
Üç
Olubmu mən sayaq beş, ya üç nəfər
canını işlədən hər zaman nəfə;
iştahla üyüdən gündə üç dəfə,
iştahası küsən ildə bir dəfə?
Birtəhər can dartır nə qədər əfəl...
olubmu mənim tək sevimli kafər –
yatağa tullansın gündə üç dəfə,
beli dincə qoysun ildə bir dəfə?
Hər gecə üç dəfə yuxudan durub
ağaca su verən... doyana kimi,
üç-üç öpən gülü –
güllər yorulub
başını yastığa qoyana kimi?
Üç vaxtı qovuşan üç qat kələfə
bir eşqə üç odda qalanan varmı?
Bakının başına gündə üç dəfə,
geyinib, mənim tək dolanan varmı?
Geri üç dan yeri, ön də üç qürub
Nə dan, nə qürubdan qorxan oğulam.
Gündə üç yol güzgü önündə durub
üç dəfə üzünü qırxan oğulam.
... İndi qocalmışam...
üç-üç görürəm;
elə qaraltı da sayılır nəfə.
Gündə üç yüz dəfə köks ötürürəm,
nəfəsim açılır ildə bir dəfə.
Şərab üç-üç tökür cağ dişlərimi
“üçulduz” tükənir,
“rakı”qurtarır.
Daha üç öpmürəm, üç dişləmirəm
“üç addım atıram, Bakı qurtarır...”
Gözümdən üçəlli qovuram çəni,
qonur bəbəyimi hicran ağladır.
Hər gecə üç dəfə cin boğur məni,
hələ üç dəfə də şeytan aldadır.
Fələklər alsa da üçqat hədəfə
natəmiz ölməkdən qorxuram hər gün.
Yatağa girsəm də ayda bir dəfə
üzümü üç dəfə qırxıram hər gün.
2013
Mərdəkan
Qızlara dair
Nədənsə
ucuzlaşır get-gedə
dövlətimiz, varımız,
öləziyir bazarımız...
Məsələn, bir vaxt
ən ucqar obada
ən uzaq kənddə,
bal pətəyinə
bənzəyirdi qızlarımız.
Adlı-adlı arılar,
odlu-odlu arılar,
piyada, atlı arılar
doğmalı, yadlı arılar
çopur elçi daşını
Məkkə daşı kimi yalayırdılar
bir gözəl nigara görə.
Bir qız anası qarşısında
yüz Qaraca Çoban
diz çökür,
bir o qədər də Xan Eyvaz
quyruq bulayırdı,
Keçəl Həmzə heç,
Keçəl Həmzə
çaqqal kimi ulayırdı...
İndi
qara geyib bazarımız,
Alma yanaq,
püstə dodaq
zeytun gözlü qızların
nədən bağlanıb baxtı?
Bu yandan da
torba-torba,
kisə-kisə daşıyırlar bananı,
kivini, ananası
vay onların anasını!!!
Digəl, bizim
Qızıləhmədin
yanağına baxan yoxdu...
2011
Birgəlik
Rəhilə,
sənə
axır sözüm
budur –
Sən olmasan
ailəm yox ey...
aləm dağılar,
ona görə də
bərk dur!
2011
Cibgir
Avtobus... gedir –
fıshafıs...
Birdən
zəlzələ qopur, ya nədi,
təhlükə var dalanda?
qəbirdən dar dalanda
büdrəyir kəhər kimi.
Oturanlar oturub
kürsülər yəhər kimi...
Gözündə təlaş, qorxu –
ayaq üstdədi çoxu...
Titrəyir vaqon – qutu;
bacıların şüvəni,
qardaşların tabutu...
Sürücünün
sürəti ilan başı kimi əzən ayağı
əyləcdə
qurumuş matı-qutu...
Çaşdırmışam:
cavanmıyam,
unutmuşam:
ahılmıyam,
əl atıb
dəstəkdən tutmuşam,
beqəfil yıxılmayam...
Ürəyim səksəkədə –
gah o əlim dəstəkdə,
gah bu əlim dəstəkdə...
Əlimdən bir,
ya iki əl aşağıda
başqa bir əl;
zərif,
qırışsız,
süd üzü kimi hamar;
incə bir məxluqun əli...
Yıxılmasın deyə o da
yapışıb dəstəkdən,
Andıra qalmış avtobus
elə bil silkələnir
bilə-bilə, qəsdən!
Min fikir tərpənir
qafamda qəfil,
Ey dili-qafil,
ey dili-qafil!
O zərif,
qırışsız,
süd üzü kimi hamar əl
qopsa dəstəkdən,
yıxılsa
o incə məxluq
bütün dünya yıxılacaq,
küllü aləm yox olacaq!
...Yuxarıda;
qırış-qırış,
qoca bir əl –
mənim əlim
aşağıda;
süd üzü kimi hamar
mələk əli.
Avtobus –
şeytanlı,
cinli,
cibgirli,
məleykəli...
Ey dili-qafil,
ey dili qafil...
Budur, bax,
qoca əl
gənc əldən utanıb,
unudub beqəfil
yıxılmaq qorxusunu
dəstəkdən qopur,
oğrun-oğrun
çəkilir cibinə...
Hökmü var hər bir anın,
hökmü var dəqiqənin
işə bax,
bomboşdu cibim,
ömrüm əlimə dəymir!...
Bayaqkı basabasda
cibgirlər çalıb yəqin!
2014
Mərdəkan
Göyərçinlər
Bu yayın iyun ayında
dincəlməyə gedən oldum,
mən can,
onlar dən hayında –
göyərçinlər oldu,
mən oldum...
Nömrəmi təyin etdilər,
Dərdimi müəyyən etdilər,
Sonra çəkilib getdilər...
göyərçinlər qaldı,
mən qaldım.
Cin tək şüşədən uçdular,
sımsıx meşədən uçdular
eyvanıma doluşdular –
göyərçinlər oldu,
mən oldum.
Səpdim çörəkdən, düyüdən;
dəndən doyarmı üyüdən?
dən-dən mətləbi böyüdən
göyərçinlər oldu,
mən oldum.
Kişlədim,
acıq etdilər!
Uçub çiynimdə bitdilər,
ha yana getdim,
getdilər –
göyərçinlər oldu,
mən oldum.
Gerçəkmidi, ya yuxudu –
böldük pivəni, noxudu,
birlikdə qəzet oxuduq –
göyərçinlər oldu,
mən oldum.
Qanad-qanada əyləşdik,
əhd ilə peyman bağlaşdıq,
eyvanda durub ağlaşdıq –
göyərçinlər oldu,
mən oldum.
Qədrimizi bil, dedilər,
yalvardılar;
qal, dedilər,
getsən, bir də gəl, dedilər...
göyərçinlər oldu,
mən oldum.
Quşlar qanad əyincə bir,
qanadlandım yeyincə bir...
uçduq Bakı deyincə bir
göyərçinlər oldu,
mən oldum...
yolpulum özümə qaldı!
2013
Mənə gəl
Xəlvəti ev kimiyəm
yır-yığış et, köç, mənə gəl,
Tanrıdı, bir də mənən,
sən də ki, ol üç, mənə gəl.
Gözümün qanlı yaşı
qırmızı buğda dənidi,
O dənin xatirinə
pərvaz elə, uç, mənə gəl.
Min ilin ovçuları
pusqu qurub hər dərədə,
Tarım oxlar qanadar
gen sinəni, qaç, mənə gəl.
Ruhumu göy qədər aç,
varlığımı nura bələ,
Ay kimi halə salıb
Gün işığı saç, mənə gəl.
Düşmə əldən-ələ, yar,
məmləkəti qan aparar,
Şahlara layiq olan
hökmü-rəvan tac, mənə gəl!
Tanrı yazmış yazını,
Vaqif olar qul yazıya,
Sənə möhtacdı cahan,
mən sənə möhtac; mənə gəl!
2011
Kişinin nağılı
Kəsdim mişar-mişar Güzdək dağını,
Ev tikdim,
eyvanı Günəşə baxır.
Tərimlə yoğurdum üz suvağını –
dedim,
deməsinlər evsizdi fağır.
Hər şeydən yuxarı tutdum öyüdü,
anaya qul oldum,
ta ki, doğuldum.
Dedim,
halal olsun doğanın südü,
dedim, deməsinlər
nankor oğuldu.
Dedim,
deməsinlər möhtacdı yada,
yada yalmananlar lakeydi, dedim.
Dost tutdum,
dostsuzlar madar dünyada
elə sonsuz kimi bir şeydi, dedim...
Bekar saxlamadım arvadı bir yol –
yataq aç, yataq yığ... vacib işidi.
Onun da haqqını ödədim bol-bol,
dedim, deməsinlər zəif kişidi.
Cəddimin zənciri düşdü ağlıma –
dedim, yaşayıblar yaşatmaq üçün.
Gözümün nurunu verdim oğluma
özümü babama oxşatmaq üçün.
Çalışdım anlayım həyat sözünü,
Fikir tonqalının içinə girdim.
Çəkdim gecə-gündüz sözün nazını –
dedim ki, desinlər babat şairdi.
Gəzdim kurortları ömrün payızı,
İfallı canıma baxdım il boyu.
Dedim, deməsinlər bu nadan qazı
gül kimi canını nə günə qoyub...
Səd heyf, kimin ki, çırağı yanmır –
Çatmışam arxayın yaşıma indi.
Dedim, deməsinlər ocağı yanmır,
odun toplayıram qışıma indi!
2012
Nəvə günü
Hər bazar nəvələr səpilir bağa;
Sanki uşaq deyil, dəndi, düyüdü.
Bərəkət qəlbimi döndərir dağa –
Hər bazar babanın nəvə günüdü.
Verməz bildiyini dədəsinə də
Hanı vecə alan sözü, öyüdü.
Qoz qoymaz babanın hədəsinə də;
Hər bazar babanın nəvə günüdü.
Hürərlər, çaparlar, duz yükləyərlər –
bəlkə it, bəlkə at, dəvə günüdü?
Qaralan qanıma yerikləyərlər;
Hər bazar babanın nəvə günüdü...
Duzu doldurarlar salmaçayıma,
bir qurtum içərəm, qarışar ödüm.
“Kola” əndərərlər dolma payıma –
Hər bazar babanın nəvə günüdü.
Ciyərim genələr göy üzü kimi,
Nəfəsim açılar – hava günüdü.
Zülməti sanaram gündüzüm kimi –
Hər bazar babanın nəvə günüdü.
Qalxar aralıqdan ehtiram, hörmət
Neytron erası, nüvə günüdü...
Cibimdə pul qalmaz, dizimdə taqət –
Hər bazar babanın nəvə günüdü.
Kəkliyi azıbdı, toxdan da toxdu,
Dənliyi alışır, bəlkə gün udub?
Bu günün ayrı bir yozması yoxdu –
Nənə-siftə xanım, nəvə-günüdü.
Bilinməz suç kimdə, kimdədi günah
Küsüşmə, barışma, dava günüdü –
Bu günün işinə qarışmaz Allah,
Hər bazar babanın nəvə günüdü.
Nəvələr qapıdan qopub gedincə
Açar qırışımı ayrı bir ütü;
Danlayar üzümü bəsdi deyincə
hər bazar babanın nənə günüdü,
hər bazar nənənin baba günüdü...
2014
Biləcəri
Hamıdan yaxın
Yaxşı ki, misram var
qılınc tək sivri,
zərif beytlərim aşiq tək qoşa.
Şükür, qafiyələr bulmuşam diri,
dörd yerə bölünər vuranda daşa.
Üçlük düzəltmişəm sözdən yaxşı ki,
duyğuya,
ağıla,
dizə dayaqdı.
Dediyim bayatı şəkildi, şəkil,
balaca canıyla yüzə dayaqdı.
Şükür, qoşmalarım
babam tək qoca,
yaşmaqlı rübaim
nənəm yaşdadı.
hecalı şeirim dağlardan uca –
bir üzü qardadı,
biri yaşılda.
Şeirimin qəzəbli sərbəsti olub –
namərdin körpüsü laxlayır hələ...
Anamın cığası qırx ildi solub
təcnisim cığanı saxlayır hələ.
Qeyrət də,
namus da,
sabah da sözdə
nə qardaş, nə bacı,
nə qız, nə oğul?..
Ətrafım zəhr olur yağ içib gözdən,
di gəl rədiflərim noğuldu, noğul.
Nağılım,
dastanım,
eh nələr, nələr...
Qocanı gənc edən alma ki, bitmir.
Qızıla əvəzdi qızıl kəlmələr
əldən ələ keçir,
amma ki, itmir.
Dostlar un tək axır...
kəpək cəm olur.
Sözdən ayrı heç nə ələkdən çıxmır.
Nəvəm ərə gedir, nəticəm olur,
yazdığım laylalar bələkdən çıxmır.
Varıma mənimdi deməmişəm ki,
Kəsib boğazımdan sözə vermişəm.
Sözü neyləmişəm? –
yeməmişəm ki,
Onu da götürüb sizə vermişəm.
2013
Dostları ilə paylaş: |