23
M.tuberculosis və M.bovisdən və şərti-patogen mikobakteriyalarından fərqli olaraq nikotin
turşusu (niasin) əmələ gətirir. İzoniazidə davamlı ştammlar niasin sintez etmirlər. M.tuberculosis
M.bovis-dən fərqli olaraq nitratları nitritlərə reduksiya edir.
Mikobakteriyaların tərkibinə lipidlər, proteinlər və karbohidratlar daxildir. Lipidlərin
tərkibi mikol turşularından (uzun zəncirli - C78-C90 yağ turşularından), mumlardan və
fosfatidlərdən ibarətdir. Virulentli mikobakteriyalarda lipidlərin miqdarı daha çoxdur. Lipidlər
mikobakteriyalara turşuyadavamlılıq xüsusiyyəti verir.
Peptidoqlikanın tərkibindəki muramil dipeptidlə kompleksdə olan mikol turşuları
toxumalarda vərəm spesifik iltihabının-qranulomanın formalaşmasında iştirak edir, fosfolipidlər
isə kazeoz nekroz törədir.
Virulentli mikobakteriyalarda mikol turşusunun karbohidratlarla xüsusi birləşməsinin
(trehaloza-6,6-dimikolat) - "kord" faktorun olması nəticəsində mikro-kulturada vərəm
törədiciləri biri-birilə yapışaraq kəndir, yaxud hörük şəklində yerləşir. "Kord" faktor
mikobakteriyaların virulentlik amillərindən olaraq leykositlərin miqrasiyasını zəiflədir, xroniki
qranuloma törədir və immunoloji adyuvant rolunu oynayır.
Proteinlər yüksək toksikliyə malikdir, mikobakteriyalara antigenlik xassəsi verir, ləng tipli
yüksək həssaslıq reaksiyasının inkişafına və anticisimlərin produksiyasına səbəb olur.
Polisaxaridlər xəstəliyin patogenezində əhəmiyyətli rola malik olmasalar da, orqanizmdə
ləng tipli yüksək həssaslıq reaksiyasına və anticisimlərin produksiyasına səbəb olur.
Vərəmin törədicilərindən başqa atipik mikobakteriyalar adlandırılan bakteriyalar da vardır.
İnsanlarda mikobakteriozlar adlandırılan xəstəliklər törədirlər. Atipik mikobakteriyalar öz
xüsusiyyətlərinə görə vərəmin törədicilərinə oxşardırlar, lakin vərəm əleyhinə dərmanların
əksəriyyətinə davamlıdırlar. Atipik mikobakteriyaları Ranon təsnifatı daha çox istifadə edilir.
Burada mikobakteriyalar əsasən piqment əmələ gətirməsinə və inkişaf sürətinə görə təsnif edilir.
Bu təsnifata əsasən atipik mikobakteriyalar 4 qrupa ayrılır:
1. Fotoxromogen mikobakteriyalar (M.kansasii, M.marinum, M.simiae və s.) - işıqda
piqment əmələ gətirir, qaranlıqda isə əmələ gətirmir.
2. Skotoxromogen mikobakteriyalar (M.scorfulaceum, M.szungai, M.flavescens,
M.gordonae və s.) - qaranlıqda piqment əmələ gətirir, işıqda isə əmələ gətirmir.
3. Qeyri-xromogen mikobakteriyalar (M.avium complex, M.xenopi, M.ulserans, M.gastri,
M.celatum və s.) - piqment əmələ gətirmir.
4. Tez inkişaf edən mikobakteriyalar (M.chelonei qrupu, M.fortuitum qrupu,
M.smeqmatus, M.phlei və s.) - bərk qidalı mühitdə 7 gündən az müddət ərzində adi gözlə
görünən kaloniyalar əmələ gətirməklə inkişaf edirlər.
Hal-hazırda vərəmin laborator diaqnostikası aşağıdakı istiqamətlərdə inkişaf etdirilir:
1. Molekulyar epidemioloji istiqamətində. Bunu MİRU-VNTR-DNT-də təkrarlanan
fraqmentlərə əsasən törədicinin genomunun tipləşdirilməsinə əsaslanır. Belə müayinələr hələlik
Kanada və Amerika Birləşmiş Ştatlarında aparılır. Bundan başqa rifampisinə və izoniazidə
davamlılığa əsasən yaranmış müxtəlif mutasiyalara əsasən genlərin tipləşməsi-bunu hazırda
demək olar ki, çox ölkələrdə aparır. Bu işi BST dəstəkləyir.
2. Atipik mikobakteriyaların öyrənilməsi - bu istiqamətdə ən çox inkişaf etmiş ölkələr
məşğul olur.
3. Ölmuş üsulların daha da təkmilləşdirilməsi və onların inkişafda olan ölkələrdə tətbiqi.
4. Vərəmin diaqnostikasında immunoloji metodların tətbiqi- QuantiFeron-TB Gold, İn-
Tube, T-Spot-İGRAs induksiyası, sitokinlərin təyini.
24
5. Kalorimetrik üsul, Bakteriofaqın istifadəsi (Amerika), Vərəm biomarkerinin
aşkarlanması.
6. Vərəm əleyhinə dərmanların farmakokinetikası-dərmanların dozalaşdırılması.
7. Laborator müayinələrin keyfiyyəti. Müxtəlif üsulların eyni vaxtda tətbiq etməklə eyni
nəticələrin alması.
8. Laborator müayinələrin proqramlaşdırılması –Hər ölkə üçün tək bir DATA BAZA-nın
olması.
9. Milli vərəm proqramlarının yerinə yetirilməsinin epidemioloji təhlili və
qiymətləndirilməsi.
Bəlğəm yaxmasının mikroskopiyası
Bəlğəm yaxmalarının mikroskopiyası sadə və bahalı olmayan metoddur və ağciyər
vərəminin əksər hallarının aşkar edilməsi üçün səmərəlidir. Universal tətbiqi üçün, bəlğəm
yaxmalarının mikroskopiyası diaqnostik metodun ən yaxşı seçimidir. Lakin, turşuya davamlı
boyanma ilə birbaşa yaxma mikroskopiyası kultura üsulu ilə müqayisə edildikdə nisbətən qeyri-
həssas metoddur (25-80%). Birbaşa mikroskopiyanın müsbət olması üçün 1 ml bəlğəm üçün
5000-10000 çöp tələb edilir. Digər tərəfdən, turşuya davamlı mikobaktiriyanın mikroskopiyası
M. tuberculosisi qeyri-vərəm mikobakteriyasından (NTM), canlını qeyri-canlı orqanizmlərdən və
ya dərmana həssas mikobakteriyanı dərmana davamlıdan fərqləndirə bilməz. Buna görə,
dərmana davamlı vərəmin idarə edilməsi üçün mikroskopiyanın əsas istifadəsi xəstələrin ilkin
infeksiyalılığının qiymətləndirilməsi, nümunələrin müxtəlif diaqnostik alqoritmlərə çeşidlənməsi
və qidalı mühitdə yetişən orqanizmlərin kontaminant deyil, mikobakteriya olmasının təsdiqi ilə
məhduddur.
Bəlğəm nümunələrinin birbaşa Sil-Nelson (SN) mikroskopiyası əsas ambulator poliklinika
müəssisələrində yerləşən laboratoriyalar və ya rayon xəstəxanaları üçün münasibdir. Turşuya-
davamlılıq xüsusiyyəti mikobakteriyanın hüceyrə divarında mikol turşusunun varlığına
əsaslanıb. İlk boya (fuksin) hüceyrə divarının mikol turşusuna birləşir. İntensiv rəngsizləşdirmə
(güclü turşu və ya turşu/alkohol) hüceyrə divarından ilk boyanı çıxara bilmir və mikobakteriya
fuksinin qırmızı rəngini saxlayır - beləliklə o turşuya davamlıdır. Kontrast-boyama (metilen
göyü ilə) kontrast fonu təmin edir.
Mikobakteriya TDM olduğu halda, digər bakteriyaların cüzi bir qismi turşuya-davamlılıq
xüsusiyyətinə malikdir və hətta o da zəifdir (məs. Nocardia). Vərəm göstəricisi yüksək olan
ölkələrdən olan xəstələrin respirator nümunələrində tapılan TDM həmişə vərəm basilidir. Qeyri-
vərəm mikobakteriyaları, daha çox, vərəm göstəricisi aşağı olan ölkələrdə tapılır. Yüksək
göstəricili ölkələrdə ÇDD-vərəm olduğu güman edilən xəstələrin bəzisində xəstəlik, həqiqətən,
qeyri-vərəm mikobakteriyaları tərəfindən törədilə bilər. Ekstrapulmonar nümunələrdə, xüsusilə
mədə yuyuntusunda, nəcis və ya sidikdə, aşkar olunmuş TDM heç bir zaman avtomatik olaraq
vərəm basili kimi qiymətləndirilməməlidir.
Rənglənmiş yaxmada 300 mikroskopik görmə sahəsi tədqiq edilir. Aşkarlama 100 g.
sahəsində 1-9 TDM, 100 g.sahəsində 10-99 TDM (+) Hər g.sahəsində 1-10 TDM -ən az 50
sahə sayılır ( ++), Hər g.sahəsində 10-dan çox TDM -ən az 20 sahə sayılı ( +++) Ən az 300
görmə sahəsində heç TDM tapılmadı neqativ qeyd olunur.
Flüoresent boyama
Dostları ilə paylaş: |