114
Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə edilib (1956, 12-26 aprel),
xalq düşməni kimi ölüm cəzasına - güllələnməyə məhkum olundu. Məhkəmədə
M.C.Bağırov ittihamnamənin qərəzli olduğunu bildirsə də, öz günahlarını etiraf
edərək demişdi: "Mənim əsas səhvim odur ki, Sumbatov, Borşov, Qriqoryan,
Markaryan və başqalarına göz yummuşam, onların iç üzünü tanımamışam. Mən
onlara inanaraq XDİN orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqım qarşısında
günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq azdır, məni
şaqqalamaq, parça-parça etmək lazımdır".
35
1954-cü il fevralın 14-16-da Azərbaycan KP-nin XX qurultayı keçirildi və
akademik İ.D.Mustafayev MK-nın birinci katibi seçildi. İmam Daşdəmir oğlu
Mustafayev (25.02.1910-10.03.1997) Zaqatala qəzasının Qax kəndində anadan
olub. Görkəmli bioloq-alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki
(1950), 1934-1940-cı illərdə AKTİ-də işləmiş, 1940-cı ildən Sov.İKP üzvü idi.
1940-1954-cü illərdə Azərbaycan SSR Dövlət nəzarəti komissarının birinci
müavini, xalq torpaq komissarının birinci müavini, Azərbaycan SSR kənd
təsərrüfatı naziri, AKP Gəncə Vilayət Komitəsinin birinci katibi və AKP-nin
birinci katibi (1954-1959-cu illərdə) işləmişdi. Sadıx Rəhimov Azərbaycan SSR
Nazirlər Sovetinin sədri, yazıçı Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin
sədri təyin olundular.
İ.D.Mustafayev, M.İbrahimov, S.Rəhimov və həmkarları yeni şəraitdə
respublikanın, xalqın vəziyyətini yaxşılaşdırmağa, milli, mənəvi dəyərlərin,
mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının tərəqqisinə
nail olmağa cəhdlər göstərdilər. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin
açılması, kəndli gənclərin Bakıya axını nəticəsində paytaxtın iqtisadi-ictimai
həyatında azərbaycanlı kadrların rolu artdı, sosial-siyasi sahədə vəziyyət yeniliyə
doğru dəyişməyə başladı. Beynəlmiləl şəhər kimi məşhurlaşmış Bakı
azərbaycanlılaşmağa doğru tərəqqi yoluna düşdü. Respublikada kənd təsərrüfatına
göstərilən diqqət nəticəsində ərzaq məhsulları istehsalı artmağa başladı.
Azərbaycan rəhbərliyi Mərkəzi hökumət qarşısında respublikada istehsal
olunan pambığın emalı üçün yerlərdə müvafiq zavodlar və fabriklərin tikilməsi
məsələsini qaldırdı. İ.D.Mustafayev xatirələrində yazır: "Məsələ onda idi ki, biz
respublikada istehsal olunan pambığın və eləcə də neftin bir tonuna büdcədən əlavə
10 rubl pul alırdıq və həmin məhsulların 9-10 faizi Azərbaycana qalırdı. Mən
məsələnin həlli üçün o zaman N.Xruşşova müraciət etdim və o mənim təklifimi
rədd edərək: "Nədir, yoldaş Mustafayev, Rusiya kəndlisi ac-yoxsul vəziyyətdə
yaşadığı halda, siz istəyirsiniz Azərbaycanda yağ-bal içində üzsünlər? - "deyə
cavab vermişdi".
36
İctimai-siyasi ab-havanın mülayimləşməsi şəraitində respublikada
Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasına təşəbbüs edildi.
115
Bu məsələnin mətbuatda açıq müzakirəsi keçirildi. 1956-cı ildə Azərbaycan SSR
Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin
Azərbaycan dili olması barədə maddə əlavə etdi.
37
Rəsmi sənədlərin, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün
konkret tədbirlər görüldü. Elmi işçilərin, aspirantların sayı xeyli çoxaldı. 1957-
1959-cu illərdə "İncəsənət" almanaxı, 1958-ci ildən Azərbaycan və rus dillərində
"Bakı" axşam qəzeti, uşaqlar üçün "Göyərçin" jurnalı çap olunmağa başlandı.
1956-cı ildə Bakı telestudiyası işə düşdü.
Azərbaycan xalqının milli şüurunun, özünü dərindən dərketmə ruhunun
oyanması, ədəbiyyatda da, incəsənət aləmində də yaradıcılıq, əsl insan azadlığı
iqliminin təşəkkülü görünürdü. İctimai hadisələri tənqidi təhlilə çağıran cəsarətli
mövzular meydana çıxırdı. Bəxtiyar Vahabzadənin "Gülüstan", Rəsul Rzanın
"Qızılgül olmayaydı" poemaları bu illərin məhsulu idi.
Stalinin şəxsiyyətinə pərəstişin aradan götürülməsi ilə həqiqətən sovet
ölkəsinin ictimai-siyasi həyatında mülayimləşmə başlanmışdı. Ölkədə yeni kütləvi
tədbirlər, islahatlar, partiya və cəmiyyətdə nüfuz qazanmaq məqsədi daşıyan
dəyişikliklər başladı. Partokratik inzibati-amirlik üsuli-idarəsinin ictimai tərəqqiyə
əngəl olan, köhnə siyasi bürokratiya sisteminin ifrat cəhətlərini, partiya-təsərrüfat
fəallarına qarşı repressiyanı, cəmiyyətdəki vahiməni aradan qaldırmağa cəhdlər
göstərilməli idi. Mövcud siyasi sistemin qüsurları, əsasən Stalinin şəxsiyyətinə
pərəstişin nəticəsi partiya həyatında "Lenin prinsipləri"nin pozulması kimi qələmə
verildi. Sov.İKP XX qurultayında (1956, fevral) sosialist demokratiyasını
dərinləşdirməklə sistemi, kollektiv rəhbərliyi, partiyadaxili demokratiyanı, xalqla
əlaqəni genişləndirmək tədbirləri müəyyən olundu. Partiyanın Mərkəzi Komitəsi
"Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq haqqında" (1956, 30
iyun) qərar qəbul etdi. Stalinizm, şəxsiyyətə pərəstiş tənqid olundu, onun
təzahürləri göstərildi, lakin bu hadisəni törədən səbəblər, mövcud rejim üçün
əlverişli olmadığından, tam açıqlanmadı. Faktiki cəhətdən partiya nəzarətindən
çıxmış və siyasi sistemə həddindən çox təzyiq gücünə malik olan Daxili İşlər
Nazirliyi, Dövlət Təhlükəsizlik və başqa güc orqanları nəzarət altına alındı. Bu
orqanlar, habelə partiya aparatı 1953-cü ilin iyun ayında hakimiyyət uğrunda daha
çevik hərəkət edən Xruşşovun səyi ilə vəzifəpərəstlikdə, millətçilikdə, xarici
kəşfiyyatla əlaqədə təqsirləndirilib həbs edilmiş L.P.Beriyanın əlaltılarından
təmizləndi. Azərbaycanda güc orqanlarına rəhbərlik etmiş Y.D.Sumbatov-
Topuridze, X.Qriqoryan, T.Borşov, S.Yemelyanov, A.Atakişiyev, K.Markaryan da
öz qanlı əməllərinə görə 1956-cı ilin aprelində güllələnməyə məhkum olundular.
Repressiya illərində cəzaya məruz qalanların işlərinə yenidən baxılması
üçün komissiyalar təşkil olundu. Bəraətvermə prosesi başlandı. Bu proses
repressiyalarda ən ümdə, stalinizmi təqsirləndirmək, hakim partiyanı, sovet siyasi