fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin, digər nazirliklərin, baş idarələrin,
komitələrin normativ aktları da xüsusi yer tuturlar.
Əmək münasibətlərinin nizama salınmasında lokal normativ aktların - kollektiv
müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm əhəmiyyəti vardır. Hal-
hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin təsərrüfat müstəqilliyinin genişlənməsi,
iqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik metodlarından imtina olunması ilə əlaqədar olaraq
lokal normativ aktların rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır.
2. Kollektiv müqavilə və saziş
Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin müqavilə
üsullarının əsas hüquqi formaları kimi çıxış edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək kollektivi və
ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər
münasibətləri tənzimləyən müqavilədir.
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə
müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən
edən hüquqi akt kimi çıxış edir.
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ başlıca yer tutur.
Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar
tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan
tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar
ittifaqları təşkilatı yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya
yaradır.
Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və ya onlarda
dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər müvafiq
səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın
tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.
Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə
edilməsində sərbəstdirlər.
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları
beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı tərəflər razılığa gelə bilmədikdə, fikir
ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında
tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.
Kollektiv müqavilənin tərəfləri - işəgötürən və həmkarlar ittifaqları təşkilatıdır. Həmkarlar
təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir.
Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olan müvafiq
komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək
kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin
50 %-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə
edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır.
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər.
Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı
öhdəlikləri daxil edilir:
- əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin
və digər ödəmələrin müəyyən edilməsi;
- məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
- qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı miqdarının
tənzimlənmə mexanizmi;
- iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
- işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və
güzəştlərin müəyyən edilməsi;
- qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
- əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
- əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
- işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
- kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.
Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, daha güzəştli
əmək və sosial-iqtisadi şərtlər də nəzərdə tutula bilər. Məsələn, əlavə məzuniyyətlər, pensiyalara
əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər.
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə imzalandığı və
ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir.
Həmkarlar ittifaqları təşkilatı kollektiv müqaviləni pozmağa görə maddi məsuliyyət daşımır.
Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin) vəzifəli şəxsləri intizam məsuliyyətinə
cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli vəzifəli şəxslər inzibati qaydada cərimə
oluna bilər, müvafiq hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan normativ aktlar
sistemində yerinə, əmək münasibətlərinin nizamlama əhəmiyyətinə görə müəssisələrdə bağlanan
kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə
işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks
etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər
bağlanıla bilər.
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş - respublikada sosial-iqtisadi
siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti
və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır.
Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə (tarif) kollektiv
sazişi - müvafiq sahənin sosial - iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün
əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, əsasən müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının nazirlikləri, dövlət
komitələri, dövlət konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə
birlikləri arasında bağlanılır.
Üçüncü növ saziş - xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu saziş isə ərazi
xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Ərazi
kollektiv sazişi, əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən yerli
icra hakimiyyəti orqanları ilə həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır.
Baş, sahə və ərazi kollektiv sazişləri üçtərəfli - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar
ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.
Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O bir ildən üç ilədək müddətə
bağlanılır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir.
3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata
keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq
haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |