5
Giriş
mövcud məlumatın dəyişdirilməsi (UPDATE) və ya silinməsini (DELETE)
əhatə edir.
Normal halda əlaqəli verilənlər bazası birbaşa SQL DDL sintaksisi ilə
təyin olunmur. Ola bilər ki, kiçik şirkət və ya təşkilatlar üçün verilənlər
bazasını dərhal SQL DDL dili ilə təsvir edib, təyin etmək mümkün olsun.
Amma bu da tövsiyə olunmur. Ümumiyyətlə, dünya bunun əleyhinədir.
Verilənlər bazasının yaradılması prosesi müzakirələrdən başlayır. Bu
prosesdə bazanın modeli dəfələrlə dəyişikliyə məruz qalır. Verilənlər
bazasının modeli ER (entity relationships) diaqramlarla qurulur. Daha
sonra şirkət və ya təşkilatın cavabdeh nümayəndəsi tərəfindən təsdiq
edilmiş ER diaqramlar SQL DDL sintaksisi ilə təyin olunur. ER diaqramlar
bir növ verilənlər bazasının xəritəsi rolunu oynayır. Bu diaqram şirkət
və təşkilatların İT strukturu üçün mühüm sənədlərdən biridir. Verilənlər
bazası üzrə işə yeni qəbul olan əməkdaşın adaptasiyası, hesabatların
hazırlanması, İT sistemlərin inteqrasiyası, bazanının gələcək inkişafı və
s. üçün ER diaqram əvəzedilməz xəritədir. Kitabda verilənlər bazasının
analizi və ER diaqramların qurulmasına aid maraqlı məsələlər verilmişdir.
KES
KES (Knowledge Exchange Service) 2013-cü ildən fəaliyyət göstərən İT
layihədir. Azərbaycanda ilk dəfə KES proqramlaşdırma mühəndisliyini
əlaqəli sahələrin vəhdəti halında təşkil olunmuş paket şəklində tədris
edir. Təlimlərə qəbul imtahan və müsahibə ilə həyata keçirilir. Layihənin
mahiyyəti məhz məqsədli insanları aşkarlamaq, onlara təhsil və
karyeralarında maksimum dəstək olmaq, yeni-yeni innovativ proyektləri
gənc komanda ilə icra etmək, ölkəmizdə İKT sahəsinin inkişafında yeni bir
dəsti-xətt yaratmaqdır. KES-də təhsilin mübadiləsi gedir. KES nə kursdur,
nə liseydir, nə texnikumdur. KES qeyri-formal universitetdir. KES-də mühit
və münasibətlər yeni müstəvidə qurulmuşdur. Bu müstəvidə olan hər bir
gənc əldə etdiyi bilik, təcrübə və potensialına görə gələcək karyerasını
müəyyənləşdirə bilir.
KES Nəşrləri məhz KES İT təlimlərinin həyata keçirilməsi zamanı təlim
iştirakçılarının Azərbaycan dilində peşəkar İT ədəbiyyatlara tələbatından
irəli gələrək yaradılmışdır.
6
Giriş
Minnətdarlıq
Kitabın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə minnətdaram. Məni
dünyaya gətirən valideynlərimə, əlimdən tutub əlifbanın hərflərini və
daha sonra yazıb-oxumağı öyrədən ibtidai sinif müəllimimə, İnformatika
sahəsinə gəlməyimdə dərin əməyi olan fizika və kimya müəllimim
qardaşım Müşfiq XAN-a, xarici dil biliklərinə yiyələnməyimdə böyük
zəhmət çəkmiş dəyərli Seyran müəllim və Məryəm xanıma, İT sahəsində
əldə etdiyim biliklərə görə Vyana Texniki Universitetində mənə dərs
deyən bütün peşəkar müəllimlərimə, ilk təcrübəm olmadan işə qəbul
olunmağımda müsbət rəy bildirən çox hörmətli Ramiz Sadıxova, kitabı
Azərbaycan dilinin norma və üslublarına uyğun diqqətlə yoxlayıb
redaktə edən həyat yoldaşım Nisə Fərziyevaya, məsələləri peşəkarcasına
yoxlayıb kitabın keyfiyyətini daha da artırdığına görə dostum Oktay
Əlizadəyə, kitabı səbrlə, hövsələ ilə dizayn edib milli metrləri belə
gözdən qaçırmayan peşəkar dizayner qardaşım Teymur Fərziyevə, Oracle
Book Manager proqramını yekun test edərək dəyərli təklif və düzəlişləri
qeyd edən keçmiş tələbəm Samir Əliyevə, mənəvi dəstək və stimulunu
əsirgəməyən dostlarıma və nəhayət, kitabı yazdığım müddətdə məni
yorulmağa qoymayan, sualları ilə işimə daha da zövq qatan, kitabın CD
disklərini səliqə ilə şkafda saxlayan həyatımın ən dəyərli varlığı dörd yaşlı
Nigarıma təşəkkür edirəm!
Kitab Kimlər Üçündür?!
Kitab verilənlər bazasının arxitektorları, dizaynerləri, proqramçıları
və həmçinin bu sahədə tədrislə məşğul olan müəllimlər, imtahana
hazırlaşanlar, maliyyə, biznes və digər fəaliyyətlər haqqında hesabat
hazırlayanlar üçün əhəmiyyətli praktik materialdır.
Ön Biliklər
Adından da məlum olduğu kimi bu kitab praktik məsələlər və onların həllini
əhatə edir. Məsələlər əlaqəli verilənlər bazasının iki əsas sahəsini özündə
birləşdirir. Onlardan biri əlaqəli verilənlər bazasının modelləşdirilməsi,
digəri isə Oracle verilənlər bazası üçün SQL dilidir. Məsələləri sərbəst
işləmək üçün məqsədinizdən asılı olaraq bu sahələrdən biri və ya hər ikisi
üzrə nəzəri biliklərə sahib olmanız gərəkdir.
7
Giriş
Kitabın Quruluşu
Kitabda 10 şirkət və təşkilatın əlaqəli verilənlər bazasına aid məsələlər,
onların alternativlə həlləri verilmişdir. Hər bir nümunə baza 3 hissədən
ibarətdir: verilənlər bazasının təsviri, məsələlər və onların həlli. Kitabda
məsələlər 3 növə ayrılır: verilənlər bazasının modelləşdirilməsi, verilənlər
bazasının yaradılması və SQL sorğular. Kitabda əlavə olaraq "Təlim
Mərkəzi" adlı kiçik bir nümunə ilə məsələlərin həll edilmə ardıcıllığı
təqdim edilmişdir (səhifə 13).
Konvensiya
Kitabın tərtibatında müəyyən qaydalara əməl edilmişdir. Belə ki, fəsil və
bölmə adları tünd şriftlə verilmişdir. Kitabın daxili yazılarında 2 müxtəlif
şriftdən istifadə olunmuşdur. Proqram kodları, SQL sorğular, skriptlər,
proqram fraqmentləri, fayl adları və fayl ünvanları Courier New şrifti ilə,
kitabın texniki olmayan digər mətnləri isə Calibri şrifti ilə yazılmışdır. ER
diaqramların təsvirində düzbucaqlı içərisində olan verilənlər bazasının
subyektləri (entity) ilk hərfi böyük olmaqla sonrakı hərfləri kiçik, ellips
daxilində yerləşən subyektlərin sahələri (fields) tam böyük hərflə və
subyektlər arasında mövcud olan əlaqələr tam kiçik hərflə təsvir edilmişdir.
SQL DDL skriptlərində SQL açar sözləri böyük hərflərlə, cədvəl adlarının
ilk hərfi böyük olmaqla sonrakı hərfləri kiçik, sütun adları isə tam kiçik
hərflərlə verilmişdir. SQL sorğuların həllində SQL açar sözləri tam böyük
hərflərlə, cədvəl və sütun adları tam kiçik hərflərlə qeyd edilmişdir. Mətn
daxilində müəyyən məqamlarda fikri önə çəkmək və diqqəti cəlb etmək
üçün tünd və kursiv yazılardan istifadə olunmuşdur. Kitabda bəzi hallarda
mötərizə daxilində İT terminlərin ingilis dilində qarşılığı verilmişdir.
Düzəlişlər
Kitab və onun tərkib hissələri (OBM proqramı, CD həllər) maksimum
diqqətlə işlənib hazırlanmışdır. Buna baxmayaraq, ola bilər ki, məsələləri
işlədiyiniz vaxt kitabda, OMB proqramında və ya diskdə hər hansı bir
sintaktik, semantik və ya yazı səhvinə rast gələsiniz. Dəyərli oxuculardan
bu kimi halları kitaba aid forumda qeyd etməkləri və ya books@kes.az
emailinə yazmaqla məlumat bildirməkləri xahiş olunur. Təsdiqlənmiş
hallar növbəti nəşrlərdə düzəliş edilərək mütləq nəzərə alınacaq. Kitabın
inkişafı üçün köməyinizi əsirgəmədiyiniz üçün öncədən təşəkkür edirik.
Dostları ilə paylaş: |