81
Hazırda Göygöl ətrafında ikimərtəbəli meşəliyin əmələ gəlməsi prosesi davam edir. Dağın 1800-1900 metr
yüksəkliyində bu proses daha şiddətli gedir, bunu şam meşələrini əhatəyə alan fıstıq meşələri bir qədər də
sürətləndirir. Bu yüksəklikdən yuxarı isə Kəpəzin daş qalıqları subalp çəməndəri ilə həmsərhəd olur. Belə
şəraitdə meşənin sıxlaşması zəif gedir və şam meşələri daha uzun dövr hökm sürə bilir.
İkimərtəbəli şam-fıstıq meşələri altında torpağın çimləşməsi və güclü kölgəlik şəraitində cavan şam
ağacları yaxşı inkişaf edə bilmir. Əgər tək-tək cavan şam pöhrələri müşahidə olunursa da belə şəraitdə normal
böyüyə bilmir, nazik, əyri, kövrək gövdə əmələ gətirir, ancaq on yaşa kimi ömür sürə bilir və quruyaraq məhv
olur. Odur ki, enliyarpaq ağac cinslərinin çətri altında əmələ gələn, olduqca işıqsevər şam yeniyetmələri
böyüyüb cavan ağaclıq həddinə belə çata bilmir. Digər tərəfdən birinci mərtəbəni tutan irigövdəli şam ağacları
qocalaraq tədricən sıradan çıxır, onu əvəz edə biləcək cavan şam ağacı nəsli kəsildiyindən öz yerini fıstıq və
vələsə təhvil verməyə məcbur olur. Hazırda Göygöl ətrafında fıstıq meşələri içərisində tək-tək qalmış 200-300
yaşlı, boyu 30-36 metrə, diametri 100-110 santimetrə çatan qocaman «mayak» şam ağacları bunun canlı
şahidləridir. Bu qoca ağaclar da vaxt keçdikcə aradan çıxır və təmiz fıstıq meşəliyi yaranır.
Şübhəsiz, zəlzələ baş verməmişdən əvvəl Kəpəzin hər yerində fıstıq meşələri yayılıbmış, buna dağın
zəlzələdən uçmayan hissəsindəki fıstıq meşələri şahiddir. Zəlzələ zamanı əmələ gəlmiş dağ uçqunları üzərində
münbit torpaq şəraitində alışan fıstıq ağacı inkişaf etməyə qadir olmadığından orada şam «pioner» ağac cinsi
kimi inkişaf etməyə başlamışdır.
Qruplaşmanın buna oxşar dəyişilməsi buzlaq çöküntülərində də olduqca yuxa, kasıb biogenli torpaq
şəklində gedir. Burada fitosenozun formalaşması mamır və cillərdən başlayır; onlardan sonra qruplaşmaya
sürünən və kol şəklində söyüd qarışır. Daha sonra (20-30 ildən sonra) qızılağaclıq yaranır, onun ardınca
küknar peyda olur və o, başa çatmış qruplaşmanın əsasını təşkil edir, bu proses təxminən 100 il davam edir.
Hidrik suksessiyalar xırda göllərin açıq sularında üst bataqlıqlarda başlayır. Açıq su hövzəsinin
kənarlarını su bitkiləri basaraq tədricən ortaya doğru irəliləyir. Bu su hövzəsinin dibində detritin toplanmasına,
torf qatının əmələ gəlməsinə və nəhayət su hövzəsinin dayazlaşmasına səbəb olur. Bəzi su hövzələrinin
sahillərində üzən sfaqnum mamırı və borulu bataqlıq bitkiləri inkişaf edir. Bitki kütləsinin toplanması torpağın
əmələ gəlməsinə səbəb olur.
Suyun dayazlaşması üzən bitki örtüyü qatının qalınlaşması ilə birgə su hövzəsini bataqlığa çevirir. Sonralar
bataqlıqda kol və ağac bitkiləri peyda olur, bataqlığın quruması prosesi gedir və meşə örtüyü inkişaf edir.
Qruplaşmada bitki örtüyünün dəyişməsi faunanın da dəyişməsində özünü göstərir: su hövzəsi məskunları
tədricən sukənarı, sonra isə bataqlıq və meşə heyvanları ilə əvəz olunur.
İkinci (törəmə) suksessiyalar əvvəlcədən canlı orqanizmlər kompleksinin fəaliyyəti ilə dəyişilmiş
substratda inkişaf edir. Belə suksessiyalar çox vaxt bərpaolunma (demutasiya) xarakteri daşıyır.
İkinci (törəmə) suksessiyalara yanğın yerində və başdan-başa meşə-qırıntı sahəsində küknar meşəsinin
klimaks vəziyyətə qədər bərpa olunması misal ola bilər. Avropanın tayqa zonasında yanğın və başdan-başa
qırıntı sahəsində (küknar) işıqlanma şəraiti, temperatur, rütubətlik və digər faktorlar kökündən dəyişir. Belə
sahələri ilk dəfə işıqsevər otlar (yağıotu, yumşaq süpürgə) tutur. Sonra sahədə işıqsevər ağac cinslərinin
(titrək qovaq, tozağac, söyüd və b.) cücərtiləri (yeniyetmələri) və kollar peyda olur. Çəmən-kol bitkilərinin
formalaşması ilə yanaşı, kompleks heyvanat aləmi də (həşəratlar və digər onurğasızlar, gəmiricilər) formalaşır.
Giləmeyvəli kollar özünə çoxlu quş cəlb edir. Bu stadiya 2-3 il çəkir. Sonra işıqsevər xırda yarpaq ağac
cinslərinin (tozağac, titrək qovaq) intensiv inkişafı başlayır. Formalaşmış sıx çətirli cavanyaşlı meşəlik işıqsevər
ot bitkilərini və kolları sıradan çıxarır. Bu isə heyvanat aləmini də dəyişdirir. Ağac çətiri altında kölgəlik və
yüksək nəmlik şəraitində küknar cücərtiləri intensiv inkişaf etməyə başlayır. İkinci yarusda yerləşən cavan
iynəyarpaq meşəlik (küknarlıq) çəmən ot bitkisini tamamilə sıxışdırıb sıradan çıxarır, onları mamır örtüyü və
meşə otları əvəz edir. Küknar üçün şəraitin yaxşılaşması tozağac və qovağın bərpasına maneçilik göstərir.
Küknar ağacları birinci yarusa çıxdıqda çox yaşlı tozağac və qovaq ağaclarını çətirləri altında sıxışdırıb tədricən
məhv edir. Son nəticədə yarpaqlı ağac cinslərinin yerində ilkin küknar meşəliyi formalaşır. Qırıntıdan
(yanğından) sonra sabit tayqa biosenozunun (küknarlığın) formalaşması prosesi 100-150 il davam edir.
Buna oxşar proses fıstıq meşəsində də müşahidə olunur. Hamamçayın sol sahilində (Kürmükçayın qolu,
Qax rayonu) dəniz səthindən 1760 m yüksəklikdə («Yezdidağ»da) sırf tozağac meşəsini tədqiq etdik, 35-40
yaşlı bu ağaclığın orta hündürlüyü 15 m, orta diametri 12 sm (maks. 20 sm) təşkil edir. Doluluğu 06 olub
yüksək bonitetə (II bonitet) malikdir. Göründüyü kimi subalp zonasından fərqli olaraq burada Rusiyanın
tozağac meşəliyini xatırladan meşəlik formalaşmışdır. Qeyd edək ki, təsvir etdiyimiz tozağaclıq fıstıq meşəsi
yox edilən sahədə əmələ gəlmişdir. Hazırda ikinci yarusda rast gəlinən fıstıq və vələs ağacları, fıstığın
yeniyetmələri və canlı örtükdə fıstıq meşəsinin indikatorları (çətiryarpaq, ayıdöşəyi) bunu bir daha təsdiq edir.
Dostları ilə paylaş: |