38
əsasən, valideynlərə ünvanlanmışdır. Bu məqalə X.Məmmədov və A.Həsənovun tərtib etdikləri
“Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı”na da daxil edilmişdir [1, 390-404].
S.M.Qənizadənin yuxarıda adını çəkdiyimiz uşaq əsərlərindən “Tülkü və Çaq-çaq bəy”
mənzum nağılı, “Allah xofu” və “Nabəkar qonşu” hekayələri onun 1965-ci ildə A.Zamanov
tərəfindən tərtib və nəşr edilmiş “Seçilmiş əsər”lərinə, sonuncu iki hekayə isə X.Məmmədov
tərəfindən tərtib olunan və 1986-cı ildə işıq üzü görən “Gəlinlər həmayili” kitablarına da daxil
edilmişdir. Dini mövzulu “Qurban bayramı” hekayəsi sovet dövründə hakim rejimin dinə mənfi
münasibəti və qadağaları ucbatından hər iki nəşrə salınmamışdı. Hekayə yalnız Azərbaycanın
müstəqilliyi dövründə yenidən çap üzü görmüşdür [1, 427-444].
Təəssüf ki, S.M.Qənizadənin yaradıcılığı kifayət qədər, hərtərəfli öyrənilməmiş, onun uşaq
əsərləri barədə az danışılmışdır. X.Məmmədov yazıçının həyat və yaradıcılığına həsr olunmuş
monoqrafiyasında onun uşaq əsərlərini də təhlilə cəlb etmişdir. T.Cavadovun və Y.Babayevin uşaq
ədəbiyyatına aid dissertasiyalarında, habelə M.Məmmədov, Y.Babayev və T.Cavadovun birgə
yazdıqları “Pedaqoji mühit və uşaq ədəbiyyatı” adlı dərs vəsaitində (1992) də S.M.Qənizadənin
uşaq əsərlərindən müəyyən qədər söhbət açılmışdır .
Sultan Məcidin uşaq ədəbiyyatı barədə faydalı nəzəri fikirləri də mövcuddur. Həmin fikirlər
daha çox onun məktublarında öz əksini tapır. Məktublardan bəzi nümunələr müəllifin 1965-ci ildə
çap edilən “Seçilmiş əsərlər”inə də daxil edilmişdir.
Azərbaycanda satira ədədbiyyatını zirvəyə qaldıran M.Ə.Sabir uşaq poeziyamıza da gözəl
töhfələr vermişdir. Onun uşaq şeirlərinin sayı 20-dən çoxdur. Bu poeziya nümunələrinin əksəriyyəti
müəllifin sağlığında müxtəlif mənbələrdə dərc olunmuşdur. Ancaq mənbələr müxtəlif və
rəngarəngdir. Daha doğrusu, şairin uşaq əsərləri müxtəlif jurnalların, məcmuələrin, qəzetlərin və
dərsliklərin səhifələrinə səpələnmiş şəkildədir. Belə ki, həmin poetik nümunələrə biz o zaman nəşr
olunan “Dəbistan” (1906, №17) və “Yeni füyuzat” (1910, №6) jurnallarının, “Milli nəğmələr
məcmuəsi”nin (1907), “Tazə həyat” (1907, 31 avqust), “Səda” (1910, 14, 25 fevral), “Həqiqət”
(1910, 18, 21, 23 iyun), “Günəş” (1910, 23 noyabr, 20, 21, 26 dekabr; 1911, 2, 10 yanvar), “Yeni
həqiqət” (1911, 3, 11 fevral) qəzetlərinin, “Birinci il” (1907, M.Mahmudbəyov), “İkinci il” (1908-
M.Mahmudbəyov və b.), “Yeni məktəb” (1909, M.Mahmudbəyov, A.Səhhət) dərsliklərinin
səhifələrində rast gəlirik. Şeirlərin çap olunduğu ilkin mənbələr barədə M.Ə.Sabirin əsərlərinin
akademik nəşrlərinə yazılan şərh və qeydlərdə kifayət qədər məlumat olduğundan biz həmin
məlumatları bir daha təkrar etmək istəmirik.
Şairin ilk şeirlər kitabı 1912-ci ildə, ikinci kitabı isə 1914-cü ildə Bakıda işıq üzü görmüşdür.
Hər iki nəşrin tərtibçisi sənətkarın həm şəxsi, həm də məslək dostu A.Səhhətdir. 1912-ci il nəşri
həcmcə yığcam olub, Sabir irsinin ancaq bir qismini əhatə etdiyindən onun uşaq şeirləri buraya
salınmamışdır. 1914-cü il nəşrində isə sənətkarın 13 uşaq şeiri yer almışdır.
Daha sonra şairin əsərləri 1922-ci ildə ayrıca kitab halında nəşr edilmiş, nəşrə Əliskəndər
Cəfərzadə ön söz yazmışdır. Bu nəşrə şairin 20-yə qədər uşaq şeiri daxil edilmişdir. 1927-ci ildə
Azərnəşr tərəfindən çap edilib oxuculara təqdim edilən “Sabir müntəxabatı”nda, həmçinin 1929-cu
ildə işıq üzü görən “Şeirlər məcmuəsi”ndə M.Ə.Sabirin kiçiklər üçün qələmə aldığı poetik
nümunələrin sayı 14-dür.
1939-cu ildə şairin kiçik və orta yaşlı uşaqlardan ötrü “Məktəb uşaqlarına töhfə”, 1948 və
1959-cu illərdə “Məktəblilərə töhfə” adlı kitabları nəşr edilir. Hər üç nəşrə sənətkarın həm əldə olan
bütün uşaq şeirləri, həm də satiralarından, habelə müxtəlif məzmunlu poeziya örnəklərindən seçmə
nümunələr daxil edilmişdir.
Müxtəlif illərdə Sabirin kiçik yaşlı uşaqlar üçün də seriya kitabçaları çap olunmuşdur.
Bunlardan “Yaz günləri” (1945, 1957, 1975), “Qarğa və tülkü” (1945), “Uşaq və buz” (1953, 1972,
1977, 1987), “Təmsillər” (1961, 1971), “Məktəb şərqisi” (1962) və s. kitabçaları göstərə bilərik.
Kiçikhəcmli bu kitabçalar bir qayda olaraq mövzuya uyğun rəngli şəkillər və illüstrasiyalarla
bəzədilirdi. Bunda məqsəd kiçikyaşlı oxucuların zövq və maraqlarını oxşamaq idi.
XX əsrin əvvəllərində yaranan Azərbaycan uşaq ədəbiyyatının tədqiqi və nəşrinə dair
(F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət)
39
M.Ə.Sabirin “Hophopnamə”sinin son nəşri hələ ki 2012-ci ilə aiddir. 1912-ci ildən başlayaraq
100 il ərzində sənətkarın əsərləri dəfələrlə nəşr edilmişdir. Bunlardan yuxarıda nəzərə çatdırdığımız
nəşrlərdən əlavə, 1948, 1954, 1960, 1980, 1992-ci illər və s. nəşrləri göstərə bilərik. 1962-1965-ci
illərdə Azərbaycan SSR EA-sı şairin əsərlərini 3 cilddə nəşr edir. 2004-cü ildə onun əsərləri “Şərq-
Qərb” nəşriyyatı tərəfindən iki cilddə işıq üzü görür. Bu nəşrlərdə bir qayda olaraq şairin
balalarımız üçün qələmə aldığı poeziya örnəklərinə də ayrıca yer verilir. Sənətkarın bu tipli
şeirlərinə uşaqlardan ötrü tərtib edilmiş antologiyalarda, müntəxabat və məcmuələrdə də rast
gəlirik. Orta məktəb dərsliklərində də uzun illərdir ki, Sabirin bir sıra şeirləri tədris edilir.
Fikrimizcə, hamıya məlum olan bu məsələyə geniş şəkildə toxunmağa ehtiyac yoxdur.
Ədəbiyyatşünaslığımızda Sabirin uşaq əsərlərinin araşdırılması sahəsində də faydalı
təşəbbüslər edilmişdir. C.Xəndan sənətkarın həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyasında
(1940) ötəri şəkildə bu məsələyə də toxunmuşdur. Ə.Mirəhmədov da “Sabir” adlı irihəcmli
monoqrafiyasında az da olsa, deyilən problemə yer ayırmışdır. Şairin yaradıcılıq irsinin tədqiqi və
nəşri istiqamətində diqqətəlayiq işlər görən filoloq alim M.Məmmədov “Sabir və Azərbaycan
demokratik mətbuatı” adlı monoqrafiyasında diqqəti daha çox sənətkarın mətbuatda dərc olunan
uşaq şeirlərinə yönəltmişdir. Sabirşünas alim “Sabir və məktəb” adlı kitabında mövzu obyekti ilə
əlaqədar deyilən məsələyə daha geniş diqqət yetirə bilmişdir. C.Əhmədov M.Ə.Sabirin uşaq
şeirlərinin sənətkarlığı haqqında ayrıca məqalə yazmışdır [4, 22-37]. Y.Yusifovun da “Uşaqların
sevimli şairi” adlı mətbu məqaləsi haqqında danışdığımız mövzuya həsr olunmuşdur [15]. Uşaq
ədəbiyyatımızın tədqiqatçılarından Əbdül Əzizov “Uşaqların sevimliləri” kitabına (1978)
M.Ə.Sabirin uşaq poeziyasının tədqiqi və təhlili ilə əlaqəli ayrıca oçerk daxil etmişdir.
Azərbaycanda ali məktəblərdə eyniadlı fənnin tədrisi üçün yazılmış “Uşaq ədəbiyyatı”
dərsliklərində də Sabirə ayrıca oçerklər həsr olunduğunu görürük. Həmin kitablardan
Q.Namazovun, Z.Xəlil və F.Əsgərlinin, B.Həsənlinin, R.Yusifoğlunun dərsliklərini, həmçinin
X.Mustafayevanın dərs vəsaitlərini göstərə bilərik.
XX əsr uşaq ədəbiyyatımızın tanınmış təmsilçilərindən olan A.Səhhətin kiçik oxucular üçün
qələmə aldığı əsərlərin ilkin nəşr taleyi də dostu Sabirin əsərləri kimi, əsasən, uşaq mətbuatı və
məktəb dərslikləri ilə bağlı olmuşdur. Səhhətin balacalar üçün yaratdığı bədii sərvət 30-a qədər
poeziya nümunəsindən və “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” adlı pyesdən ibarətdir.
Həmin şeirlərdən 3-ü “Dəbistan”da (1907, №2 iki şeir; №7), 7-si “Məktəb” jurnalında (1912, №9,
11, 13, 14, 21; 1913, №7, 9), 5-i M.Mahmudbəyovun “Birinci il və yaxud müsəvvər türk əlifbası”
(1907), 4-ü M.Mahmudbəyov və həmkarlarının müəllifi olduğu “İkinci il” (1908), 10-u isə
M.Mahmudbəyov və A.Səhhətin özünün müəllifi olduğu “Yeni məktəb” (1909) dərsliyinin
səhifələrində ilk dəfə yer almışdır. Sənətkarın “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi”
adlı pyesi də ilk dəfə 1912-ci ildə “Məktəb” jurnalında (№13-15) işıq üzü görmüş, 1914-cü ildə isə
ayrıca kitab halında nəşr edilmişdir.
Sovet dönəmində A.Səhhətin əsərləri ayrıca kitab halında ilk dəfə 1928-ci ildə “Müntəxabat”
adı ilə nəşr edilmişdir. Nəşrə müəllifin uşaq şeirləri və adını çəkdiyimiz pyesi də daxil edilmişdir.
“Müntəxabat” natamam şəkildə 1945-ci ildə də çap edilmişdir. A.Səhhətin bir neçə şeirini A.Şaiq
1912-ci ildə çap edilmiş “Gülzar” dərsliyinə də daxil etmişdi. Bu şeirlərin əksəriyyəti əvvəl adını
çəkdiyimiz dərsliklərdə işıq üzü görmüşdür.
1935-ci ildə A.Səhhətin əldə olan əsərləri Ə.Müznibin tərtibatı ilə Azərnəşr tərəfindən işığa
çıxarılmışdır. Təbii ki, müəllifin məlum yaradıcılıq irsini əhatə edən bu kitaba onun uşaq əsərləri də
salınmışdır. “Seçilmiş şeirlər” (1938) kitabına isə şairin şeirlərindən seçmə nümunələr daxil
edilmişdir. 1950-ci ildə meydana çıxmış “Əsərləri”ndə isə sənətkarın mənzum məktubları, uşaq
şeirləri, tərcümələri, hekayələri, pyesləri və məqalələri də yer alır. Onun yaradıcılıq irsinin iki
cildlik nəşrində də (I c.1975; II c.1976) həmin əsərlərinin təkrar nəşrini görürük. A.Səhhətin 2005-
ci ildə “Lider” nəşriyyatında latın qrafikalı Azərbaycan əlifbası ilə çap edilən “Seçilmiş əsərləri”ndə
də onun uşaq əsərlərinin əksəriyyəti ehtiva olunmuşdur.
Rəsulova S.H.