42
UOT 908
NAXÇIVANIN AZƏRBAYCANDA DÖVLƏTYARANMA PROSESİNDƏKİ
ROLUNA DAİR (e.ə. III minillik–e.ə. II minilliyin sonları)
HACIYEV İSMAYIL MUXTAR oğlu
AMEA Naxçıvan Bölməsi
E-mail:
ismayil_haciyev@yahoo.com
Açar sözlər: qəbilə, tayfa birlikləri, şəhər-dövlətlər, Etiuni, Puluadi, Manna, Oğlanqala, Skif şahlığı
Məqalə Azərbaycanda dövlətin yaranmasına dair yeni müddəalar – tayfaların siyasi birlikləri
və şəhər-dövlətin başlanğıcı, Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki rolunun
tədqiqinə həsr edilmişdir. Əldə olunan nəticə ondan ibarətdir ki, dövlətin meydana gəlməsi qəbilə
və tayfa birliklərinin yaranması, yaxud şəhər-dövlətlərin əmələ gəlməsi ilə başlanır. Naxçıvanın
Azərbaycanda dövlətyaranma prosesində oynadığı rolu və tutduğu yeri araşdırılmış və müəyyən
edilmişdir ki, e.ə. III minillik – e.ə. II minilliyin sonlarında qəbilə və tayfa birliklərinin yaranması
dövlətin də formalaşmasına kömək etmişdir. Tayfa birlikləri əsasında formalaşmış dövlət qurumları
süqut etmiş, II minilliyin sonları – I minilliyin əvvəllərində onların yerində şəhər-dövlətlər
yaranmışdır. Naxçıvan ərazisində II Kültəpə, Şahtaxtı, Nuhdaban və Naxçıvan şəhərləri xüsusi
olaraq qeyd edilir. Dövlətin meydana gəlməsinə dair nəzəri və təcrübi baxışlardan aydın oldu ki, bu
məsələdə qəbilə və tayfa birliklərinin yaranması və şəhər-dövlət modeli əsas kimi götürülür.
Azərbaycan tarixində birinci modelə üstünlük verilmişdir. Şəhər-dövlətlər haqqında bəhs edilsə də,
dövlətyaranma prosesində onların rolu kifayət qədər aydınaşdırılmamışdır [7, 44-49].
Azərbaycanda dövlətyaranma prosesinin tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki, burada
qeyd edilən hər hansı başlanğıcdan birinin yeganə yol kimi verilməsi doğru görünmür. Əslində,
Azərbaycan ərazisində dövlətyaranma prosesinin hər iki yolu özünəməxsus şəkildə mövcud
olmuşdur. Əsas mərhələdə isə vahid dövlətin meydana gəlməsi şəhər-dövlətlər zəminində baş
vermişdir.
Azərbaycan tarixşünaslığında qəbul edilmiş müddəaya görə, ilk dövlət birlikləri e.ə. III
minillikdə Azərbaycanın cənubunda – Urmiya gölü ətrafında təşəkkül tapmışdır. Aratta, lullubi və
kuti tayfa birlikləri əsasında müvafiq dövlət qurumlarının yarandığı və fəaliyyət göstərdiyi irəli
sürülmüşdür. Çox maraqlıdır ki, e.ə. III minillikdən etibarən Urmiyaətrafının tarixi, həm də mixi
yazılı qaynaqlarda əks olunmağa başlamışdır. Bu, o deməkdir ki, dünya tarixi ənənəsinə uyğun
olaraq, Azərbaycan tarixəqədərki dövrü başa vurmuş yeni dövlətçilik dövrünə keçmişdir. E.ə. III
minilliyin sonlarında aratta, lullubi və kuti tayfa birlikləri əsasında formalaşmış dövlət qurumları
süqut etmiş, II minilliyin sonları – I minilliyin əvvəllərində onların yerində şəhər-dövlətlər
yaranmışdır. Azərbaycan ərazisində ilk vahid və mərkəzləşdirilmiş dövlət – Manna (e.ə.IX- e.ə. VII
əsrin sonu–VI əsrin başlanğıcı) onların əsasında formalaşmışdır. Naxçıvanın bu həlledici prosesdə
rolu müəyyən spesifıkası ilə fərqlənir.
Arxeoloji tədqiqatlar sübut edir ki, Naxçıvan ərazisində ilkin şəhər mədəniyyəti e.ə. III
minillikdə meydana gəlməyə başlamışdır. Urmiyaətrafı bölgələrdə tayfa ittifaqları əsasında siyasi
birliklər yaranan zaman ona paralel olaraq Naxçıvan ərazisində kifayət qədər iri şəhərlər meydana
gəlmişdi. Bu şəhərlər eyni zamanda siyasi mərkəz funksiyasına da malik olmuş, yəni şəhər-dövlət
xarakteri daşımışdır. Bunların içərisində II Kültəpə, Şahtaxtı, Nuhdaban və Naxçıvan şəhər yerləri
xüsusi olaraq ayrılır. Dövrün tədqiqatçılarından olan S.Qaşqayın yazdığı kimi, “E.ə. II minilliyin
sonu – I minilliyin əvvəllərinə aid abidələr məskən xarabalıqları və nekropollar əhalinin oturaq
həyat sürməsindən, eyni zamanda maldarlıqla məşğul olmasından, tikinti və sənətkarlıq sahəsində
yüksək mərhələyə çatmasından xəbər verir. Aşkar edilmiş materialların tədqiqi göstərir ki,
Naxçıvan zonası Urmiya hövzəsinə yaxın ərazilərdə yayılmış özünəməxsus mədəniyyət
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017
43
mərkəzlərindən biri olmuşdur” [4, 55]. Görünür, e.ə. III–II minilliyin sonları – I minilliyin
əvvəllərində Urmiyaətrafı siyasi birliklər xarici siyasətin mühüm faktoru kimi çıxış etdiyindən
(kutilərin Mesopotamiyada təqribən bir əsr davam edən ağalığı) və ya əsas xarici təsirlər bu siyasi
birliklərə yönəldiyindən Naxçıvan şəhər-dövlətlərinin vahid dövlətdə birləşməsi üçün xüsusi zərurət
olmamış, qeyd edilən kimi, vahid dövlət yaranması prosesi Manna ətrafında baş vermişdir.
Manna dövləti qüdrətli vaxtlarında geniş ərazilərə malik olmuşdur. “Asılı vilayətlər də daxil
olmaqla Manna dövləti Urmiyadan cənubda və şimalda yerləşən əraziləri, Qızılüzən çayı hövzəsinin
xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi” [3, 166]. Mannanı irsi hakimiyyətə
malik olan çar idarə edirdi. Dövlət inzibati cəhətdən çarın təyin etdiyi canişinlər tərəfindən idarə
olunan əyalətlərə bölünürdü. Çarın sərəncamında ordu var idi. Manna dövləti yüksək inkişaf
mərhələsinə e.ə. VIII əsrin sonlarında nail olmuşdur. Bütün bunları nəzərə alan S.Qaşqay haqlı
olaraq göstərir ki, Manna e.ə. I minilliyin birinci yarısında Ön Asiyanın qabaqcıl dövlətləri ilə eyni
səviyyədə dururdu [7, 113].
Naxçıvanın bu dövr siyasi tarixi tarixşünaslıqda kifayət qədər aydın şəkildə əks olunmuşdur.
Dövrün tədqiqatçılarından olan R.Məlikov yazır ki, “E.ə. IX-VIII əsrlərdə Cənubi Qafqazda
məskunlaşmış müxtəlif siyasi və etnik birliklər Etiuni (Etiuhi) adlı dövlət qurumunun tərkibində
birləşmişdir. Bəzi tədqiqatçıların fikrincə, Etiuni Cənubi Qafqazın böyük hissəsini əhatə edən iri bir
qurum olmuşdur. Bu alimlər etiunilərin adını bu ərazilərə cənubdan köçən kutilərlə bağlayır və
etiuniləri sonrakı utilərin əcdadları hesab edirlər” [5, 55]. Müəllifə görə, Naxçıvan bu dövrdə
Etiuninin tərkibində olmuşdur. Sonrakı abzasda urartuluların hücumundan bəhs olunaraq qeyd edilir
ki, “Urartu çarı I Argişti (e.ə.786-764) də Etiuni ölkəsinə yürüşlər etmişdir. Çar II Sarduri
(e.ə.764-735) isə Puluadi ölkəsində 21 qalanı, 45 şəhəri və “çar şəhəri olan Libliuni”ni ələ
keçirmişdir. S.Qaşqay Urartu mənbələrinə əsaslanaraq Puluadi ölkəsinin bir hissəsini Naxçıvan
ərazisində lokalizə edir” [7, 113]. Burada vacıb bir məqam diqqəti cəlb edir: I Argişti, yuxarıda
müəllifın qeyd etdiyi kimi, tərkibində Naxçıvanın olduğu Etiuniyə, onu hakimiyyətdə əvəz edən II
Sarduri isə Puluadi ölkəsinin bir hissəsini əhatə edən Naxçıvan ərazisinə hücum edir.
S.Qaşqay isə qismən fərqli fıkir irəli sürür. Problemin mühüm əhəmiyyətini nəzərə alaraq,
onun fıkirlərini olduğu kimi təqdim etmək lazım gəlir. S.Qaşqay yazır ki, “Urartulular Cənubi
Qafqaz vilayətlərinə, eləcə də Naxçıvan ərazisinə və Urmiya gölünün şimal ərazilərinə mütəmadi
yürüşlər edirdi. Urartu çarları İşpuini və onun oğlu Menuanın (e.ə.820-810-cu illər) birgə
hakimiyyətləri dövründə urartulular şimaldan basqın etmiş, Uiteruni, Luşa, Katarza və Etiuhi(ni)
ölkəsinin çoxsaylı hökmdarları onlara kömək göstərən ölkələrə qarşı mübarizə aparmışdır. Etiuhi
adı altında Cənubi Qafqazda Göycə gölü ətrafında yaşayan müxtəlif siyasi və etnik birliklər çıxış
edirdilər. İşpuini və Menuanın rəhbərliyi altında Urartu ordusunun şimal-şərq istiqamətində yürüş
etdiyini Culfa rayonunun İlandağ qayalarında aşkar edilmiş mixi yazı da təsdiq edir: “İlahi Haldinin
əzəməti ilə İşpuini Sardurinin oğlu (və) Menua İşpuinin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər,
İş [... şəhərinin] ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayaniani şəhərinin ölkəsini zəbt etdilər,
dağıtdılar. Puluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar (və) əmr verdilər: Puluadi
ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin” [3, 56-57]. Mixi
mətndə adı çəkilən Arsini Culfa rayonunun Ərəzin kəndi ilə lokalizə edilir. Naxçıvanın ərazisinin
isə Puluadi vilayətinə daxil olduğu bildirilir: “Urartu mənbələrinə görə, Naxçıvan ərazisini qədimdə
(kursiv mənimdir.-İ.H.) Araz çayının cənub qolu Əhər çayına qədər çatan Puluadi vilayətinə daxil
etmək olar. Puluadi ölkəsinin adı, tədqiqatçıların fikrinə görə, Yaxın Şərqdə yayılmış dillərin demək
olar ki, hamısında “polad” sözü kimi qalmışdır” [4, 57]. Buradan aydın olur ki, Naxçıvan qədim
zamanlardan urartuluların hücum istiqamətlərində mühüm yer tutan Puluadi ölkəsinə daxil
olmuşdur. Müqayisələr nəticəsində belə bir fikrə gəlmək olar ki, Naxçıvan həmin dövrdə daha geniş
əraziyə malik olmuş, onun şimal hissəsi Etiuni, cənub hissəsi isə Puluadi ölkəsinə daxil olmuşdur.
Ən vacib suallardan biri qeyd edilən dövrdə Naxçıvanın statusu məsələsi ilə bağlıdır. Bu
suala həmin dövrə dair Naxçıvanda aşkar edilmiş arxeoloji abidələr cavab verir. Bu dövrün ən
mühüm arxeoloji abidələrindən biri Oğlanqaladır. Oğlanqalanın müdafiə istehkamı, şəhər-dövlət və
paytaxt olması haqqında mülahizələr vardır [8]. Hər bir halda siyasi nöqteyi-nəzərdən Naxçıvanın
dövlətçilik baxımından mühüm statusa malik olması aydın olur.
Hacıyev İ.M.