48
müəlliflər ciddi səhvlərə yol vermişdilər. Belə ki, “Təbriz” sözü farsmənşəli sözdür və bu ad şəhərə
K. Ptolemeydən xeyli sonra, yəni h.165 (m.782-783)-ci ildə verilmişdir. Onu da bildirmək lazımdır
ki, «Terva» və «Qabris» xüsusi isimləri ilə “Təbriz” adı arasında istər fonetik, istərsə də leksik
baxımdan fərqliliklər mövcuddur. Təbriz şəhərinin adını bır çox müəlliflər «Akmeta», yaxud da
«Amata» kimi göstərmişlər. Bu barədə yazan müəlliflərin hamısı K. Ptolemey və K. Ptolemeyin
əsərinin tərcüməçisi kimi bu şəhərin Aşşurda (Assuriya -A.B.), Kalkundilin isə mərkəzi Persepolis
olan əyalətdə olduğunu bildirirlər. Jan Şarden sözü gedən məsələ barədə öncə mövcud olan
mübahisəli fikirləri şərh etmiş, ardından K. Ptolemeyin əsərinin Təbriz şəhəri haqqında vermiş
olduğu fikirlərlə Avropa tədqiqatçılarının ziddiyyətli fikirlərini təhlil etmiş, daha sonra isə K.
Ptolemeyin “Coğrafiya” əsərinin tərcüməçisi olan Molenin fikirlərini əsas tutaraq belə nəticəyə
gəlmişdir ki, Təbriz şəhəri müqəddəs Tövratda adı çəkilən Ekbatan şəhəridir [7, 412,413]. Jan
Şarden də Midiya dövlətinin qədim paytaxtı olan Ekbatan (indiki Həmədan) şəhəri ilə Təbrizin eyni
şəhər olması fikrini Molenin fikirlərinə aldanaraq təsdiqləmiş və ciddi yanlışlıqlara yol vermişdir.
Jan Şarden özünün səyahət gündəliyində Təbriz şəhərinin adının etimologiyası və şəhər
ərazisində ilkin yaşayış məskənləri haqqında Şərq tədqiqatçılarının əsərlərinə də istinad etmişdir. O,
yerli qaynaqlara əsasən məlumat verir ki, Təbriz şəhərinin təməli yuxarıda qeyd olunduğu kimi,
h.165 (m. 782-783)-ci ildə qoyulmuşdur. J. Şarden şəhərin təməlinin qoyulması ilə bağlı belə bir
rəvayəti öz səyahətnaməsinə daxil etmişdir. Rəvayətə görə, mərkəzi Bağdad olan Ərəb xəlifəsi
Harun ər-Rəşidin (786-809) zövcəsi Zübeydə Xatun ağır xəstəliyə tutulmuşdu. Xəlifənin zövcəsini
madalı (azərbaycanlı – A.B.) həkim müalicə etmiş və həmin həkimin xahişi ilə Zübeydə Xatun
tərəfindən onun ölkəsində sonradan Təbriz adlandırılacaq iri bir şəhərin inşa olunması haqqında
buyruq verilmişdir. Müəllif onu da bildirməkdədir ki, bu söz farscada «təb» qızdırma, «riz» (axan)
«rixtən» (axmaq, tökülmək) sözlərinin birləşməsindən meydana çıxmışdır və “tökülmək”,
“yayılmaq” mənasını verir [7, 414]. Jan Şarden Şərq tarixçilərinin fikirlərinə əsaslanaraq Təbriz
şəhərinin adının mənşəyi və inşa olunma tarixi ilə bağlı ikinci fərziyyəsində böyük yanlışlığa yol
vermiş və Elxanilər sülaləsinin əsasını qoymuş Hülakü xanı (1258-1265) Harun ər-Rəşıdin
sərkərdəsi adlandırmışdır. O, öz səyahətnaməsində yazırdı: «Hülakü xan iki il idi ki, qızdırma
xəstəliyinə mübtəla olmuşdu və sağalacağına ümid yox idi. Bu vaxt hazırda Təbriz adlanan yerdə
bir bitki tapıldı ki, onun ecazkar qüvvəsi ilə xəstələr şəfa tapırdı. O, bu bitki ilə müalicə olunduqdan
sonra burada «Təbrəft» adlı şəhərin inşa olunması haqqında buyruq verdi. Sonralar «Təbrəft» sözü
dəyişmiş və Təbriz adlanmışdır” [7, 414, 415]. Jan Şarden Səfəvi dövlətində yüksək məqamlı
vəzifələrdən birində yer almış Mirzə Tahir adlı məmurun söylədiyi rəvayəti də səyahətnaməsinə
daxil etmişdi. O yazırdı ki, quru, sağlam iqlimə malik bir yerdə inşa olunan Təbriz şəhərində
qızdırma xəstəliyinin baş verməsi mümkün deyildi. Elə buna görə də şəhərə Təbriz, hərfi mənada
«isitmə aparan» yer adı verilmişdir [7, 415].
Azərbaycanda olmuş Osmanlı səyyahı Övliya Çələbi də şəhərin adının mənşəyi haqqında
məlumat verir. O yazır ki, moğolcada Təbrizə “Tivris”, dəri dilində “Tivriz”, dehqan dilində
“Tabriz”, əsl fars dilində Təbriz deyilir ki, bu da isitmə tökücü deməkdir. Övliya Çələbi Jan
Şardenın səyahətnaməsində vermiş olduğu rəvayətin eynisini öz səyahətnaməsinə daxil etmişdir. O
bildirir ki, Təbrizin əsası Ərəb xəlifəsi Harun ər-Rəşidin zövcəsi Zübeydə Xatunun buyruğu
əsasında qoyulmuşdur. Abbasilərin farsdilli üləması isə bu şəhəri «Təbriz» adlandırmışdır [3, 246].
Görkəmli Azərbaycan alimi S.Onullahinin məlumatına görə, Assuriya qaynaqlarında “Tarui”
və ya “Tarmakis” (ikiqat qala) adı ilə məlum olan Təbriz şəhəri e.ə. VIII əsrdən mövcud olmuşdur.
Alim onu da vurğulayır ki, Təbriz şəhərinin tarixini e.ə. II əsrə aid etmək olar. Təbriz adı Surxab
dağının əski adı olan Tarui və ya Tori, Tovri ilə əlaqədar olmuş və sonralar qaynaqlarda «Tavrej»,
«Davrej», «Toriz», «Təbriz» şəkillərinə düşmüşdür [8; 40,41].
Venesiyalı anonim tacir XVI-XVII əsrlərdə həm Azərbaycanın, həm də bütün Yaxın və Orta
Şərq ölkələrinin elm və mədəniyyət mərkəzi olmuş Təbriz şəhəri haqqında məlumat verir ki, bu
böyük şəhərin çevrəsi 24 milə yaxındır [5, 381]. XVI əsrin 70-ci illərində Azərbaycanda olmuş
Təbriz şəhəri Avropa müəlliflərinin əsərlərində (XVI – XVII əsrlər)
49
Venesiyalı elçi Vinçenso Alessandro Təbriz şəhərinin ərazisi haqqında məlumat verərək yazır:
«...şəhərin çevrəsi 15 mil, bəlkə də bir az çoxdur... Təbrizdə 45 küçə vardır ki, onların hamısında
cərgə ilə ağaclar əkilmişdir və sanki hər küçə bir bağdır» [5, 446].
XVI əsrin 30-50-ci illərində şəhərin sosial-iqtisadi durumuna və onun mədəni həyatına bir sıra
neqativ təsirlər olmuşdu. Bunlar Sultan I Süleymanın Səfəvi dövləti üzərinə ardıcıl hücumları,
1555-ci ildə dövlətin mərkəzinin Təbrizdən Qəzvinə köçürülməsi, 1585-1603-cü illərdə Osmanlı
ağalığı və s. ibarət idi. Lakin bu təsirlər şəhərin nüfuzunu azaltmamışdır. Vinçenso Alessandronun
verdiyi məlumatlara əsasən demək olar ki, Təbrizdə şəhərsalma işinin müəyyən qədər ləngiməsinə
baxmayaraq, şəhər yenə də öz əvvəlki əhəmiyyətini qoruyub saxlayırdı. Görkəmli səfəvişünas alim
O.Ə.Əfəndiyev ilkin qaynaq materiallarına əsasən məlumat verir ki, paytaxt Qəzvinə
köçürüldükdən sonra da Təbriz şəhəri öz əvvəlki əhəmiyyətini saxlamaqda davam edirdi.
Məlumatlardan aydın olur ki, XVII əsrin ortalarında da Təbriz şəhərində müxtəlif səpkili tikinti
işləri aparılır, şəhərin böyüməsi və mədəni həyatının canlanması müşahidə edilirdi. Bu prosesləri
Osmanlı səyyahı Övliya Çələbinin şəhər topoqrafiyası haqqında verdiyi məlumatlar əsasında
izləmək mümkündür. O, Təbriz barədə yazırdı: «Tikintisi keçmişdə olduğu kimi, indiyədək bütöv
qalmış Təbriz şəhərinin divarının çevrəsi 6000 min addım idi. Şəhərin qala divarlarının 300 bürcü,
300 (bürclərarası) kontrforsu, 6 darvazası, 1060 məhəlləsi vardır» [3, 21, 24]. Övliya Çələbinin bu
qeydləri ilə bərabər 1693-1694-cü illərdə Səfəvi dövlətində olmuş olmuş venesiyalı Cemelli
Karerinin Təbrizin ətrafının 30 mildən [9, 21]. çox olması haqqındakı məlumatı XVI əsrlə
müqayisədə XVII əsrin sonlarında Təbrizdə şəhərsalma işlərinin daha da genişlənməsi, onun
böyüməsi və tərəqqisindən xəbər verir.
Təbriz şəhərinin əhalisinin sayı haqqında dövrün səyyah gündəliklərində müxtəlif məzmunlu
məlumatlara rast gəlinir. Təbriz şəhəri 1585-ci ildə Osmanlılar tərəfindən tutuldu və Cəfər paşa
buraya vali təyin edildi. Valinin rəhbərliyi ilə əhalinin siyahıya alınması keçirildi və həmin
məlumatlara əsasən şəhər əhalisinin sayının 300 min nəfər olduğunu söyləmək mümkündür [3, 21].
O.Əfəndiyevin araşdırmalarına görə, XVI əsrin əvvəllərində şəhər əhalisinin sayı 300 min, 1585-ci
ildə isə 360 min nəfərə çatmışdı [4, 206]. Jan Şarden Təbriz əhalisinin sayı haqqında öz
gündəliyində məlumat verir: “Mən Təbriz şəhərində yaşayan əhalinin sayını daha dəqiq öyrənmək
üçün xeyli çalışdım, lakin bunu tam dəqiqləşdirə bilmədim. Ancaq qətiyyətlə demək olar ki, şəhər
əhalisinin sayı 550 min nəfərə yaxındır. O cümlədən Təbrizin bir çox öndəgedən adamlarının
dediklərinə görə, burada əhalinin sayı bir milyon yüz min nəfərdən çoxdur” [7, 409].
Lakin tədqiqatçılar Süleyman Məmmədov və Elman Mirzəyev 2016-cı ildə ali məktəb
tələbələri üçün nəşr etdirdikləri “Azərbaycan Səfəvi dövləti (XVI-XVII)” adlı dərslikdə XVII
yüzilliyin 60-70-ci illərində Təbriz şəhərinin zənginliyinə, ticarətinə və əhalisinin sayına görə ikinci
şəhər olduğunu və əhalisin sayının 550 minə çatdığını bildirirlər [10; 170].
Beynəlxalq karvan yolları üzərində yerləşən, inzibati siyasi mərkəzlər olan şəhərlərdə ticarət
və sənətkarlığın təkamülü nəticəsində onlar daha yüksək səviyyədə inkişaf edərək ölkə miqyasında
xüsusi əhəmiyyət kəsb edirlər. Artıq natural təsərrüfat pozulur, əmtəə istehsalı genişlənir və,
nəticədə, şəhərlər getdikcə iqtisadi mərkəzlərə çevrilirlər. Şəhərlərin inzibati və iqtisadi mərkəzlər
kimi böyüyüb inkişaf etməsində onların coğrafi mövqeyinin, eləcə də xarici əlaqələrinin, tranzit
ticarətin də rolu az olmamışdır. Beynəlxalq karvan yolu üzərində yerləşən Təbriz şəhəri 1501-ci
ildən 1555-ci ilə qədər Səfəvi dövlətinin inzibati siyasi mərkəzi olmaqla, ölkənin iqtisadi həyatında
əhəmiyyətli rol oynamışdır. Beləliklə, qaynaqların məlumatı onu deməyə əsas verir ki, XVI - XVII
əsrlərdə Təbriz şəhəri iqtisadi və mədəni mərkəz kimi həlledici rolunu qoruyub saxlamış və
Azərbaycan şəhərləri arasında inkişaf baxımından önəmli yer tutmuşdur.
Baxşəliyev A.B.