46
UOT 929
TƏBRİZ ŞƏHƏRİ AVROPA MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİNDƏ
(XVI – XVII əsrlər)
BAXŞƏLİYEV ADİL BAXŞALI oğlı
Sumqayıt Dövlət Universiteti, professor
e-mail: cebiyeva90@mail.ru
Açar sözlər: Təbriz, Avropa səyyahları, XVI-XVII əsrlər, Jan Şarden
Zəngin mədəniyyəti və əsrlər boyu strateji əhəmiyyətli mövqeyi ilə seçilən Təbriz şəhəri daim
yerli və xarici tədqiqatçıların nəzər nöqtəsində olmuş və bu şəhərə çoxlu sayda araşdırmalar həsr
olunmuşdur. Təbriz şəhərinin tarixi Azərbaycan tarixçilərinin də tədqiqat obyekti olmuşdur ki, bu
əsərlərdən ən dəyərlisi Seyidağa Onullahinin “XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi” adlı
monoqrafiyasıdır. Tədqiqat əsəri ilkin qaynaqlar və dövrün tarixşünaslığının müqayisəli təhlili
əsasında ərsəyə gəlmişdir. XVI əsrin əvvəllərində mərkəzi Təbriz şəhəri olan Azərbaycan Səfəvi
dövlətinin yaranması və möhkəmlənməsi, Azərbaycan torpaqlarının vahid mərkəzdən idarə
olunması və bu mərkəzin Təbriz şəhərində yerləşməsi bu şəhərin eyni zamanda iqtisadi mərkəzə
çevrilərək əhalinin çoxalmasına imkan yaratmışdı.
XVI-XVII yüzilliklərdə Təbriz Azərbaycan mədəniyyətinin mərkəzi olub, ölkənin digər
sahələrində də mədəni tərəqqiyə müəyyən təsirlər göstərə bilmişdir. Bu dövrün elm adamlarının
şəhərlərdə məskunlaşması şəhərlərin ölkənin mədəniyyət mərkəzinə çevrilməsinə və bu sahədə
onların əhəmiyyətlərinin artmasına müsbət təsir göstərmişdir [1, 21].
XVI–XVII yüzilliklərdə Azərbaycanın cənubunda yerləşən bir sıra şəhərlər Səfəvi dövlətinin
xarici iqtisadi-ticarət əlaqələrində əhəmiyyətli rol oynaması ilə seçilirdi ki, bu şəhərlərdən birincisi
Təbriz şəhəri idi. Qədim dövrlərdə olduğu kimi, bu əsrlərdə də Təbriz şəhəri Azərbaycanın sosial-
iqtisadi, siyasi, xüsusilə, beynəlxalq iqtisadi əlaqələrində də önəmli mövqedə dayanmaqda davam
edirdi. Yaxın və Uzaq Şərq ölkələri ilə Qərbi Avropa ölkələrini birləşdirən ticarət-karvan yolları
üzərində yerləşən Təbriz şəhəri, eyni zamanda Azərbaycan Səfəvi dövlətinin Rusiya və Qərbi
Avropa arasında mövcud olan ticarət əlaqələrini tənzimləyən iqtisadi mərkəzlərdən biri idi. Təbriz
tacirləri tərəfindən Hindistan, Çin, İran malları, xüsusilə, ədviyyat, xam ipək, ipək parçalar
Trabzon-Kəffa və Tokat-Bursa-İstanbul karvan yolu ilə Avropa ölkələrinə ixrac edilirdi.
Araşdırılmaqda olan mövzu ilə bağlı istər elmi əsərlərdə, istərsə də dövrün Avropa
ədəbiyyatında yer almış bir sıra əhəmiyyətli məlumatlar elmi dövriyyəyə yetərincə cəlb
edilməmişdir. Halbuki Təbriz şəhərinin həm təbii-coğrafi mövqeyi, eyni zamanda adının mənşəyi,
həm də ki şəhərin yaranma tarixi və iqtisadi həyatı haqqında dövrün Avropa səyyahlarının
gündəliklərində öz əhəmiyyəti ilə seçilən çoxlu sayda məlumatlara rast gəlmək mümkündür. XVI
əsrin əvvəlində Səfəvi dövlətinə gəlmiş və anonim ad ilə tanınan venesiyalı tacir bildirmişdir ki, on
mildən çox uzanan dağ silsiləsinin ətəyində geniş bir düzənlikdə yerləşmiş Təbriz şəhərinin
ortasından iki çay keçir. Şəhərin qərb tərəfindəki düzənlik şəhər kənarından üç mil (coğrafi mil
7420 metr; dəniz mili 1852 metr -A.B.) məsafəyə qədər uzanır və şəhərin eyni tərəfində ondan bir
mil aralı suyu şor olan, üzərində daş körpü salınmış başqa bir çay axır. Tacir başqa bir məlumatında
yazır ki, Təbriz şəhərinin bütün məhəllələrində mənbəyi kəhrizlər olan bulaqlar vardır [5, 381, 382,
384]. Venesiya Respublikası tərəfindən 1571-ci ildə Şah I Təhmasibin sarayına göndərilmiş elçi
Vinçenso Alessandro Təbriz şəhərinin coğrafi mövqeyi haqqında məlumat verərək bildirir ki,
Təbriz şəhəri bir neçə iri təpənin əhatəsində və geniş bir düzənlikdə yerləşirdi [5, 446]. Çox güman
ki, elçi təpə dedikdə şəhər ətrafındakı dağları nəzərdə tuturdu. 1631-1668-ci illər ərzində altı dəfə
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017
47
Şərq ölkələrinə səyahət etmiş və öz səyahətlərini “Yol gündəliyi” şəklində müxtəlif dillərdə çap
etdirmiş fransız taciri Jan Batist Tavernye İran və Azərbaycanda da olmuş və öz gündəliyində bir
çox Azərbaycan şəhərləri ilə birlikdə Təbriz şəhərinin təbii-coğrafi mövqeyi haqqında da maraqlı
məlumatlar vermişdir. Jan Batist Tavernye öz gündəliyində yazır: “Təbriz heç bir ağacın
görünmədiyi bir düzənlikdə yerləşir. Qərb tərəfi istisna olmaqla digər üç tərəfdən dağlarla əhatə
olunmuşdur. Ən uzaq dağ şəhərdən bir liv aralı idi. Təbrizin şimal tərəfində yerləşən dağ şəhərə
bitişik formadadır və onların arasından bir çay keçməkdədir. Şəhərin ortasından kifayət qədər yaxşı
suyu olan, lakin bəzən tüğyan edərək daşıb şəhərin bir hissəsini dağıdaraq ona ziyan vuran kiçik bir
çay axır ki, onu arx və ya qobu da adlandırmaq olar” [6, 66].
Jan Batist Tavernyenin Təbriz şəhəri haqqında fikirləri ilə fransız səyyah Jan Şardenin
fikirləri arasında bir sıra fərqliliklər mövcuddur. J. B. Tavernyedən fərqli olaraq, 1664-1670-ci
illərdə şərq ölkələrinə səyahət etmiş Jan Şarden 1673-cü ildə Azərbaycan ərazisini səyahət edərkən
yazır ki, bağlı-bağçalı, barlı-bərəkətli bir düzü qət etdikdən sonra Təbrizə daxil oldum. Şəhər hər iki
tərəfdən əkin tarlaları, məhsuldar və abad torpaqlarla əhatə olunmuşdu. Səyyah həmçinin
bildirmişdir ki, Təbriz şəhəri əhalisinin sayına, iqtisadi qüdrətinə, böyüklüyü və əzəmətinə görə
Səfəvilər dövlətində İsfahan şəhərindən sonra ikinci yerdə dayanır. Jan Şarden bu şəhərin geniş bir
düzənliyin sonunda, dağ ətəyində yerləşdiyi haqqında da məlumat verir. Müasir tədqiqatçılar bu
dağın Oronte (Surxab – A.B.), yaxud Baronte (Səhənd – A.B.) adlandırıldığı haqqında məlumat
verməkdədirlər.
Jan Şardenin digər bir məlumatında bildirilir ki, şəhərin ortasında çox vaxt daşaraq ətrafındakı
binaları dağıdıb şəhərə ziyan vuran Spintcha (Mehranrud - A.B.) adlı kiçik bir çay keçir. Şəhərin
şimal tərəfindən sululuq həcminə görə yaz və payız aylarında Parisdəki Sena çayından heç də geri
qalmayan başqa bir çay da axır ki, bu çayın suyu şor və duzlu olduğuna görə ona Agie də (Acı)
deyirlər [7, 402-403].
Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edən səyyah gündəlikləri Təbriz şəhərinin adının
mənşəyi və əsasının qoyulması tarixi elmi cəhətdən əhəmiyyətli və bir o qədər də maraqlı
məlumatlar vermişdir. Buna baxmayaraq, təhriflərin də mövcud olduğu bu tip qaynaqlarda bir sıra
ziddiyyətlərə rast gəlinir. Holşteyn-Qottorp hersoqu III Fridrix tərəfindən Səfəvi dövlətinə elçi kimi
göndərilən Adam Oleari ilkin antik qaynaqlara əsasən yazır ki, yunan coğrafiyaşünası K. Ptolemey
tərəfindən “Tavris” adlandırılan bu şəhəri avropalılar “Təbriz” (“Tauris”) adlandırırlar ki, indi də
Persiyada (o, antik mənbələrin təsiri ilə Persiya dedikdə Səfəvi dövlətini nəzərdə tuturdu – A.B.)
şəhər belə adlanır. A.Oleari səyahətnaməsinin digər yerində “nə vaxtsa o şöhrətli Ekbatan şəhəri
idi» deməklə ciddi səhvə yol vermişdir [2,176]. Bilindiyi kimi, Ekbatan şəhəri qədim zamanlarda
Midiya dövlətinin paytaxtı olmuş və indiki İran İslam Respublikası ərazisində yerləşən Həmədan
şəhərinin qədim adı idi.
İlkin qaynaqlar içərisində öz kamilliyi ilə seçilən Jan Şardenin “Səfərnamə”sində məlumat
verilir: «Mən dünyada elə bir şəhər tanımıram ki, Təbriz qədər ilkin məskunlaşma tarixi və adının
mənşəyi haqqında müasir müəlliflər arasında bu qədər mübahisə olmasın. Biz onların arasındakı ən
mötəbər fikirləri şərh edəcəyik. Lakin, onu da vurğulamaq lazımdır ki, Persiya əhalisi
(azərbaycanlılar – A.B.) bu şəhəri Təbriz adlandırırlar. Biz avropalılar bu şəhəri Tuaris
adlandırırıq... R. Tiksera, A. Oleari və digər müəlliflərin bildirdikləri fikirə görə, bu şəhər K.
Ptolemeyin öz əsərində Asiyanın beşinci cədvəlində verdiyi və Qabris adlandırdığı şəhərdir. Onların
fikirlərinə görə, yunan dilində «q» hərfi mövcud olmuş və asanlıqla «t» hərfinə çevrilmişdir”
[7, 412, 413]. K. Ptolemeyin Təbriz şəhərin adının mənşəyi haqqında qeydlərini Terva şəkilində
oxuyan və bir sıra tədqiqatçıların bu barədə yanlış fikirlərini təkzib edən J. Şarden bildirir ki, Terva
şəhəri Armeniya (Ərməniyyə - coğrafi ad kimi işlədilir və indiki mövcud dövlətlə heç bir əlaqəsi
yoxdur – A.B.), Təbriz şəhəri isə Mad (Azərbaycan – A.B.) ərazisində yerləşirdi. O, ardınca
vurğulayır ki, hər iki şəhəri vahid əraziyə aid etmək mümkün deyil [7, 412]. J. Şarden söyləmiş
olduğu iddiaları doğrultmaq üçün bildirir ki, göstərilən hər iki adın bənzərliyi səbəbindən bəzi
Baxşəliyev A.B.