Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə36/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   148

________________Milli Kitabxana________________

Qəbuluna nail olmaq mümkün olsa, idrakın,

Qarşısında bərabərdir, yəqin ki, küfrü iman.

Sənin eşqin, məhəbbətin, cövrü cəfan ucundan,

Sədaqətli aşiqlərin yaxa yırtır anbaan.

İstəyirsən fitnə, fəsad törənməsin dünyada,

Qaşqabaqlı oturma, gəl, etmə zülfü pərişan.

Sənin eşqin küçəsində dolaşarkən Xaqani,

Elə bir şey axtarır ki, nə vəsldir, nə hicran.

O, əzəmət Kəbəsinin düşdü uzun yoluna,

Ancaq onu incitməmiş nə dəvə, nə biyaban.

Öz əsrinin ruhu, sədri olan Müvəffəqəddin,

Əbdülqəffar - fazillərin sonuncusu o insan.

Onun yüksək məqsədinin sayəsində fəxr ilə,

Bir an sakit durmayaraq dövr eyləyir asiman.

O elə bir sədrdir ki, varlığıyla, gücüylə,

Afərinə layiq olmuş bu yaşayış, bu cahan.

Onun cavan taleyini gətirərəm yadıma,

Neçə illik qırmızı mey nuş edərsəm nə zaman.

Gül indi ki, yaxasını açıb, gülür fərəhlə,

Ətəyini əllərimdən çəkə bilməz gülüstan.

Görürəm ki, hər tərəfə külək ətir saçandır,

Qızıl səpən peymanədən ayrılmaram mən, inan.

Bülbüllərdən yüz Barbəd əyləşib hər tərəfdə*,

Bahardakı gözəlliyə qoşurlar min dastan.

Ağacların çiçəkləri töküldükcə budaqdan,

Ulduzları sanki səpir sinəsindən asiman.



________________Milli Kitabxana________________

Lalədəki qara xalı görüncə, zənn edirsən,

Müştərinin sinəsində qərar tutmuşdur Keyvan.

Bağda bitən nərgizlərə əgər nəzər yetirsən,

Görərsən ki, gözdür onlar, çatmayır təkcə müjgan.

Gülün indi geyindiyi atlas dona fikir ver,

Ətəyinə haşiyələr vurulmuşdur qızıldan.

Göyərtiyə, bənövşəyə, bir də gülə nəzər sal,

Onlar da göy qurşağı tək boyanmışdır al-əlvan.

İndi şadlıq zamanıdır, indi fərəh vaxtıdır,

Bahar fəsli, gül fəslidir, xoş zamandır bu zaman.

Bundan belə ətəyimi dolduraraq dürr ilə,

Cananımın qapısından ayrılmaram bircə an.

O şöhrətli sərkərdənin mədh, tərif bağında,

Mən nəğmələr oxuyuram qumru kimi durmadan.

Xoş iqbalın ünvanıdır bu gün Müvəffəqəddin,

Əbdülqəffar, - odur neçə dövlətlərə hökmran.

Kamalının, tədbirinin sayəsində cahanda,

Ortalıqdan qalxdı bütün yaramazlıq və nöqsan.

Cəlalının nərdi üstə doqquz qatlı fələyə,

Qabaqca o altı oyun bağışlayır hər zaman*.

Onun böyük kəraməti sayəsində, istərəm,

Zəmanənin hər müşkülü mənə olaydı asan.

Mənim Yəqubsifət könlüm qəm munisi olalı,

Yusif kimi yerim olub tənha, qaranlıq zindan.

Atdılarsa qardaşları onu su quyusuna,

Məni da od quyusuna saldı dostlar nagəhan.



________________Milli Kitabxana________________

"Əlif" ilə "sıfır" kimi yalqız və boş qalmışam*,

Qələm kimi, ox kimiyəm, cismim cılız və üryan.

Yüz bağlama fəzilətim olduğu bir zamanda,

Bir müştəri üzü görmür mən açdığım bu dükan.

Dayanmadan sel axıdır gözlərimə ürəyim,

Bəli, kiçik bir təndirdən yaranmışdır o tufan!*

Gözlərimdən axan yaşdan almışdır qan rəngini,

O nəqqaş ki, əllərilə yaranmış bu göy eyvan.

Arranlı bir namussuzun axmaqlığı üzundən,

Bax, ey Allah, gör ki, neçə qəlb evi oldu viran*.

Əfsanəçi bir şirvanlı o qədər ki, şər atdı,

Mənim qəmim, doğrudan da, dönüb oldu bir ümman...

Birincisi - ilan kimi zəhərlidir, zəhərli,

İkincisi - kəsib tökən iti dişli bir siçan.

Mən pusuram birisini bağban kimi xəlvəti,

İkincini pişik kimi izləyirəm durmadan.

Bu xoşdur ki, düşüncədə onlar mənə oxşamaz,

Mən onlara oxşamadım, oxşamaram heç zaman.

Məhşər günü çatanadək, qopanadək qiyamət,

Onlar heyvan sifətində qalacaqdır, mən insan.

Siz, ey gecə duaları, qalmısınız hayanda?

Sizdən başqa heç bir şeyə nə çarə var, nə güman.

Ey Xaqani, sən dünyanı yaradan bir Allahın,

Kərəmindən ümidini kəsmə, ona arxalan!

Bu amansız ruzigarın işıqsız gözlərindən,

Qaçmaq üçün öz sədrinin kölgəsində daldalan.



________________Milli Kitabxana________________

Bir allahın nəzərində olan Əbdülqəffarın,

Sayəsində ağ divlərdən yetməz sənə bir ziyan.

Dünyadakı cənnətlərin yalnız odur Rizvanı,

Güclü qələm sahibidir, vardır onda xoş lisan.

Odur mühit dənizləri, Ümman, Ceyhun,

Nil çayı, Dağlardansa Cudi, Həri, ya da ki, Qafü Səhlan*,

Onda olan səxavətin, təvazönün yanında,

O səkkizin hər birisi çox kiçikdir darıdan

İltifatı kimə düşsə, olar cəlal sahibi,

Qəhri kimə olsa, onu qəhr eyləyər Yaradan.

Zəmanənin qulağında var hökmünün halqası,

Geyinmişdir fərmanını əba kimi bu dövran.

Günəş tək saf ürəklisən, Müştəri tək təqvalı,

Xasiyyətdə Məhəmmədsən, ehsanda şahi-Mərdan*.

Tərif etmək xəyalıyla səndə olan komalı,

Bəndəniz bir Ütariddir, ya da söz bilən Həssan*

Hüzuruna qəddi bükük, qəlbi sınıq gələrək,

Sənə xidmət etmək üçün eylədi əhdü peyman.

Məhəmmədəl-Mustafanın qapısında, bəllidir,

Sədaqətlə xidmət etmiş qulu Ənəslə Səlman*.

Gecikdirmiş olsam əgər mədhini, gəl, incimə,

Dikbaşlıqdan deyil, başqa bir səbəbi var, inan!

Möcüzənlə vəhyin sənin olmasa da, xislətin,

Məhəmmədin xislətidir, görür bunu göz qoyan.

Ənbiyanın sonuncusu olsa belə Məhəmməd,

Nəbilərin əfzəlidir, odur sahibi - "Quran".



________________Milli Kitabxana________________

Yaratmaqla heyvanatı, cəmadı, nəbatatı,

Təbiətin son istəyi insan idi, tək insan.

Üç pillədən sonra insan yarandığı kimi də,

Üç kitabdan sonra nazil oldu dünyaya "Quran".

Əvvəlində hərtərəfli fikirləşən adamlar.

Müşkül olan hər bir işi başa vurar çox asan.

Bu qaydadır, öncə yaşıl otlar olar aşikar,

Sonra bitər bağçada gül, fərqli olar tağlardan.

Bax, bu xurdad ayı içrə çiçək açan ağacın.

Meyvəsini aban ayı yığışdırar bağiban*.

Ərsin salıb qazançaya, öncə qarışdırarlar,

Sonra gələr süfrə üstə şirin halva qazandan.

Ey qüdrətli qələminin gücü ilə şahların.

Xəncərini, qılıncını yerə salan qəhrəman!

Sənin şahlıq pələnginin bağırtısı, nərəsi,

Şir hünərli igidlərin ürəyini edir qan.

O adam ki, qulluğunda boyun büküb, baş əyməz,

Demək sənə, dövlətinə etmiş olar o üsyan.

O üsyankar cəza alar qərbin şahından yəqin,

Bir cəza ki, Neman onu gördü Nuşirəvandan*.

Qubad oğlu Nuşirəvan çəkdi onu meydana,

Nəhəng filə tapdalatdı, yerlə eylədi yeksan.

Sən işində Cəbrayılsan, bilir bunu çoxları,

Pisliyini danışanla şərikdir yəqin şeytan.

Sənin halal çörəyini yeyən o bədxahların,

Yaxşılığı unudaraq, nankor olublar çoxdan



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə