Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə37/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   148

________________Milli Kitabxana________________

Bundan sonra öz süfrənə yaxın qoysan onları,

Məhşər günü cəza verər sənə böyük yaradan.

Yaz yağışı damlasıdır sənin halal çörəyin,

Susuz sədəf misalıdır azad fikirli insan.

Yaz yağışı qətrələri yetişərsə sədəfə,

Dönüb inci olacaqdır dənizdə o, biguman.

Həmin qətrə düşsə əgər bir ilanın ağzına,

Canlıları həlak edən zəhər olar o haman.

İmansızlıq mərəziylə yanır qəlbi nankorun,

Çoxdan onun bəlasıdır sərsərilik və nisyan.

Sən onun boş sözlərini dinləməsən, yaxşıdır.

Çünki xəstə çox danışar, gəlsə qızdırma, böhran.

Səndən alır işığını ağlın açıq gözləri,

Sənin cahü cəlalına qalıb fikir də heyran.

Sənin kimi əliaçıq əgər kömək etməsə,

Mənim kimi acizlərin olmaz işində səhman.

Olmasaydı Allah əmri, Musa yədi-beyzası,

Əsa dönüb olmaz idi möcüzündən bir ilan.

Sənə xidmət etmək üçün yüz yol seçdim ürəklə,

Yüz ordunu bir qələmlə sən edəndə pərişan.

Sözündəki mənalardan mən incəlik duyurkən,

Sən onlarla böyük işlər həll edirsən çox asan.

Ricam budur, atma məni unutqanlıq bəhrinə,

Qoyma məni tapdaq edib, həlak eyləyə düşman.

Bircə kəlmə sözünlə sən elə et ki, dövranın,

Mərhəmətsiz çəngəlindən azad olum bircə an.



________________Milli Kitabxana________________

Sən Günəşsən, mən işıqdan məhrumam bu əsrdə,

Tez saraldıb soldurmuşdur məni şaxta, qar, boran.

Günəş hətta xərabəyə güzər edib, saçar nur,

Sən də mənə nəzər salıb, eylə dərdimə dərman.

Tutalım ki, ehtiyacın yoxdur əsla şairə,

Fəzillərin tərifinə, deyək, yoxdur təqazan.

Amma, qulluq etmək üçün sənin şanlı qapında,

Əlbəttə ki, bir nəfər qul gərəkdir, ey hökmran.

Şairlikdən söz düşəndə, mənə düşmən olanla,

Müqayisə etmə məni, o deyildir müsəlman.

Yedirtsən də çoxlu şirin, şəkər illər uzunu,

Hər halda o, şəkər deyil, zəhər tökür ağzından.

Elə yönsüz təsnif qoşub cahillikdən o mənə,

O təsnifdən çox yaxşıdır yüz iftira, yüz böhtan.

Demişdir ki, eşqbazlıq etdiyindən filankəs,

Saqqalını kəsdirmişəm... saymış çox filan, behman..

Lakin, yeri gələndə o, uydurduğu bu sözdən,

Xəcil olub, lənətlərə məruz qalar hər zaman.

Mən o sözün cavabını verdim yerli-yerində,

Əvəzində eyb axtardı sözlərimdə o nadan.

Maraqlıdır ki, bir-iki keşişlə tutub ülfət,

Möbid olub, şəriəti danmaq istər büman.

Əmmaməsi, saqqalı var, amma, yoxdur məzmunu,

Hikmətindən xəbərsizdir, dəm vursa da Yunandan.

Görməmişdir məktəb üzü, savaddan da kasıbdır,

Yer üzündə axmaqlıqla qazanmışdır ad və san.



________________Milli Kitabxana________________

Allah onun vücudunu yaratmışdır lənətdən,

Dünya onu böyütsə də, sonra olub peşiman.

Təlxəkliyi tərk edərək unutmuşsa, indi də,

Məkr, hiylə peyğəmbəri olmaq üçün atır can.

Lənət olsun o nadürüst yaramaza yüz kərə,

Müridinə min kərə çox lənət olsun hər zaman.

Məəttələm mən buna ki, indiyəcən o itə,

Nece olmuş, qəzəbini göstərməmiş yaradan!

Yalnız sənin bayrağının kölgəsində dövranın,

Əzabından, sitəmindən asudədir hər insan.

Kim ki, sənə xidmət üçun qulluğuna verilsə,

Nə qorxusu, ona qarşı düşmən çıxarsa sultan.

Eşitdikcə mən yazdığım qəsidəni qananlar,

Oxuyunca bu sözləri bütün İran, Xorasan,

Bilərlər ki, var nə qədər mərdlik sifəti səndə,

Xaqaniyə hörmət etmiş sənin sayəndə xaqan.

Calalını bundan artıq tərif edə bilərəm,

O da cörək ucundan yox, qazanmaqçün şərəf, şan.

Bayram oldu, mənsə dönüb bu bayramda qul oldum,

Dedim: qoy bu olsun mənim əhvalıma bir mizan.

Göyərçintək körpəcə bir ürəyim var mənim də,

Bu bayramda olsun o da sənin yolunda qurban.

Görüm, səni şad olasan ilin hər mövsümündə,

Səadətə yetişəsən min bayramdan, bahardan.

Yeddi göydən yüksək olsun, möhkəm olsun iradən,

Yerə batsın o kəslər ki, çəkirlər ayağından.



________________Milli Kitabxana________________

7.QİYASƏDDİN MƏHƏMMƏD

İBN MƏLİKŞAHIN TƏRİFİ

Biz vurğunuq sənə, sənə də dilbər ayinə,

Seyr eylərik səni, səni seyr eylər ayinə.

Ayinə gördü surətini, sən öz hüsnünü,

Səndən bətər vuruldu sənə yeksər ayinə.

Ayinədə camalın edər canları xəyal,

Yersiz deyil ki, aləmə naz eylər ayinə.

Nurlu üzün, şirin dodağın etmiş aşikar

Bir nöqtə içrə atəş ilə kövsər, ayinə.

Ayinəyə vurulma sən, ey ayinəpərəst,

Qəlbim sınar, sənə ola aşiq gər ayinə.

Hər yerdə var dəmir, əridər ahımın odu,

Seyqəl vurub düzəltməsin ahəngər ayinə.

Ayinəyə pərəstiş edib, qiblə söyləmə,

Əks eyleyər camalını, baxsan, hər ayinə.

Min surəti özündə qılan əks bir camal,

Yersiz olar deyə: məni sən göstər, ayinə!

Xaqaninin üzündəki göz yaşlarında, gəl,

Seyr et camalını, sənəma, gör tər ayinə!

Şahın iradəsindən alarsa Günəş ziya,

Baxsan, o Ay üzündən alar, bil, fər ayinə.

Xaqan qeybdən bizə vermiş elə xəbər,

Ki, əks edər özündə necə peykər ayinə...

Şahın ədalətilə rəvadır ki, tərləyə,

Pasdan təmizlənə, öyünə dilbər ayinə.



________________Milli Kitabxana________________

Ey şah, xatirin necə, gör, nura qərq olub,

Hər ölkədə bilir onu dövlətlər, ayinə.

Əzminlə bir silah özünə sazlamış fələk,

Dəva günü əlində tutar mərdlər ayinə.

Ayinəyə cəmalın edə əks-nur əgər,

Nur ilə Cəbrailə verər şahpər ayinə.

Mehrin, məhəbbətin mənə ilham bağışlayar,

Adət budur, Günəşdə vurar pər-pər ayinə.

Düşmən diyarına qəzəbin düşsə toz qədər,

Zülmət çökər o yerdə, qopar məhşər, ayinə!

Mən qəlbə güzgüyəm, sən iradənlə müştəri,

Hümmət camalına qul olub, işlər ayinə.

İslanmışı hüzuruna qoyma, bu rəsmdir:

Çirkinləşər camal, olarsa tər ayinə.

Düşmən vücudu tək əgər ayinə pas tuta,

Fərman yazan qələm ucuna bənzər ayinə.

Qəlbində mehrdən mənə gər olsa bir əsər,

Təbim cila alar, necə ki, cövhər, ayinə.

Əksin görüncə tuti, edər vird hər sözü,

Hər kəlməni ona dedirər əzbər ayinə.

Lütfün məni alıbsa, qəribə görünməsin,

Simü zəri verib, alar aqillər ayinə.

Kor düşmənim satarsa məni, düşmə heyrətə,

Bilməz cahanda qədrini hər mehtər, ayinə

Bir başqa şəxsi mədh eləsəm, əfv qıl məni,

Ayinə olmasa, sayılar xəncər ayinə.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə