«XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ» «Azərbaycan gəncləri»



Yüklə 37,27 Kb.

tarix14.01.2018
ölçüsü37,27 Kb.


«XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ»  

«Azərbaycan gəncləri» qəzeti, 11 iyun 1950-ci il. 

BOY ÇİÇƏYİ  «Azərbaycan gəncləri» qəzeti, 25 dekabr 1964-cü il. 

 

 



 


SƏNƏTKAR VƏ ZAMAN 

Nazilə  ƏSƏDLI.  İlyas  müəllim,  Siz  təbiətən  nikbin  adamsınız.  Ancaq  80  illik  yubileyinizdə  - 

Opera  və  Balet  teatrında  tanınmış  aktyor  Mikayıl  Mirzənin  ifasında  «Apardı  sellər  Saranı» 

hekayəniz bizi çox kövrəltdi. O səhnəni unuda bilmirəm.  Sözsüz ki, bu rəvayəti qələmə alanda 

bugünkü faciələrimizdən çox-çox uzaq idiniz. İndi düşmən atlı olub, biz piyada. Artıq neçə ildir 

ki,  Oğuz  elləri  namərd  əlində  dustaqdır.  Qaçqınlıq,  köçkünlük,  didərginlik  yazılıb  taleyimizə. 

Qənirsiz  Azərbaycan  gözəli  düşmən  əlinə  keçməmək  üçün  Arazın  sularına  atdı  özünü.  Araz 

kükrədi, coşdu... Sellər apardı Saraları... Araz  isə, günahları azmış kimi  bir günah da qazandı. 

Adı qaldı qan Araz... 

İlyas ƏFƏNDİYEV. Biz yaşlı nəsil müharibənin hər üzünü görmüşük. Aclığını da, soyuğunu da, 

ölüm-itimini də. Ancaq xəyanətdən başqa. Biz bir qarış torpaq üçün vuruşmuşuq, tırtıllar altında 

əzilmişik, ancaq məğlub olmamışıq. Vətən, torpaq müqəddəsdir. Özü də minillik tarixə, qədim 

mədəniyyətə  malik  Azərbaycan  kimi  bir  ölkə.  Bu  torpağın  hər  qarışı  qızıldır.  Və  hər  qarış 

üstündə  əsrlər  boyu  cəngavərlər  qan  töküblər.  Torpaq  bizlərə  əmanətdir.  Onu  gözümüz  kimi 

qorumalıyıq. Bu müharibədə də xəyanətlər olmasaydı, biz bir ovuc erməni cəlladları qarşısında 

sınmazdıq.  Əslində  bu,  sovet  imperiyasından  doğan  şovinist  siyasətin  faciəsidir...  Mən 

Qarabağın Füzuli şəhərində anadan olmuşam. Mənim də ana vətənim bu gün düşmən əlindədir. 

Lakin  mənim  Azərbaycanın  gələcəyinə  ümidlərim  böyükdür.  Çünki  Azərbaycan  xalqının 

vətəninə, torpağına  bağlılığı, sevgisi əbədidir. Bu gün  millətin vətənpərvərlik duyğusunun  yeni 

təlatümünün coşub-kükrəyən dövrüdür. 

Prezidentimizin dərin, çevik, həssas fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının 

aydın  xarici  siyasəti  bu  gün  dünya  arenasında  görkəmli  yer  tutmaqdadır.  Vaxtilə  dünya 

diplomatiyasının  mənzərəsini  seyr  edərkən,  rəhmətlik  şairimiz  Məhəmməd  Hadi  ürək  ağrısı  ilə 

yazırdı: «Yox millətimin xətti bu imzalar içində». İndi iftixarla, qürurla deyirik: «Var millətimin 

xətti  bu  imzalar  içində».  Azərbaycanın  minillik  tarixə  malik  mədəniyyəti,  incəsənəti  var. 

Azərbaycanın  milli  dramaturgiyası,  incəsənəti  var.  Azərbaycanın  milli  dramaturgiyası  Şərq 

aləminin  aynasıdır.  Yəni,  dünyanı  heyran  edəcək  bir  xəzinəmiz  var.  Bu,  böyük  səadətdir. 

Muğamlarımız  var  ki,  özünəməxsusluğu  ilə  dinləyiciləri  məftun  edir.  Və  nəhayət,  bu  gün 

Azərbaycanı  dünya  səviyyəsinə  çıxaran  yeraltı  və  yerüstü  xəzinələrimiz,  sərvətlərimiz  var. 

Dünya, azərbaycanlıları sülhsevər bir xalq kimi tanıyır. 

Nazilə  ƏSƏDLİ.  İlyas  müəllim,  söz  ki,  mədəniyyətdən  düşdü,  mədəniyyətin  bir  qolu  da 

ədəbiyyatdı  -  mənəvi  qaynaqlardır,  yaradıcılıqdır.  Uzun  illər  yaradıcılığa,  kitab  nəşrinə,  belə 

demək  mümkündürsə,  hər  cür  imkan,  şərait  vardı.  Bir  məhdudiyyətdən  savayı,  ürəyimizin 

dərinliyindəki  həqiqətləri  deməkdə,  yazmaqda  sərbəst  deyildik.  Bu  gün  isə,  fikir,  söz  azadlığı, 

mövzu,  düşüncə  sərbəstliyimiz  var.  Lakin  bazar  iqtisadiyyatının  tərəzisi  tənzimləyir  elə 

ədəbiyyatı da, yazıçılığı da, yaradıcılığı da. 

İlyas  ƏFƏNDİYEV.  Elədir.  Tarix  boyu  hər  bir  inqilab  zamanı  mədəniyyətdə,  incəsənətdə 

müəyyən  müddət  sarsıntı,  dəyişiklik  olur.  Azərbaycanda  yeni  Müsavat  hökuməti  qurulanda  nə 

qədər  yeni  nəşrlər,  ədiblər  meydana  çıxdı.  Əhməd  Cavad,  Hüseyn  Cavid  poeziyası  yeni 

yüksəkliyə qalxdı. İşıqlı ziyalılarımız Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və onun nəşr 

etdiyi  «Molla  Nəsrəddin»  ətrafına  toplaşan  ziyalılar  sonralar  70  ilin  repressiyası  dövründə 

totalitar  quruluşun  məngənəsində  boğuldular.  Lakin  öz  sözlərini  dedilər.  Kommunist  rejiminin, 

kommunizm demoqogiyasının hay-küyünə uymadılar. 

Ötən  il  mən  Bəxtiyar  Vahabzadənin  «sandıq  şeirləri»ni  dinləyəndə,  düşündüm  ki,  elə  həmin 

repressiya  illərində  də,  Azərbaycanın  əsl  həyati  şeirləri  yaranırmış.  Və  nə  yaxşı  ki,  yaranırmış. 

Doğrudur,  şablon  -  yəni,  dövrün  ab-havası  ilə  səsləşən  ədəbiyyat,  vulqar  ədəbiyyat  daha  çox 

meydana çıxırdı. Əsrin əvvəllərində erməni zülmünə qarşı vuruşan laçınlı qəhrəman Soltan bəy 

cəllad Andronikin qoşununa dağ çəkib, qüvvələrini pərən-pərən salıb. Uzun illər onun haqqında, 

nəinki  bir  qəhrəmanlıq  əsəri  yazılıb,  hətta  o,  pislənib,  lənətlənib.  Qeyd  edim  ki,  bu  70  ilin 

ədəbiyyata  müsbət  təsiri  də  olub.  Dilimiz,  mədəniyyətimiz  inkişaf  edib.  İnsanlar  mədəniyyətə 

yaxınlıq vərdişi qazanıblar. Musiqidə, rəssamlıqda, kino yaradıcılığında müvəffəqiyyətlərimiz az 

olmayıb.  Ümumiyyətlə,  bu  70  illik  sovet  rejiminin  amansızlığına  baxmayaraq,  Azərbaycan 




mədəniyyəti yaşayıb, tərəqqi tapıb. Bu dövrün üstündən asanlıqla xətt çəkmək düz olmaz. Yəni, 

taleyimizin üstündən xətt çəkə bilmərik. Sevindirici haldır ki, yeni nəsil bütün bunlardan uzaqdır. 

Və  əsl  həqiqəti  dərk  eləyir.  Artıq  10-20  il  bundan  əvvəl  bu  günümüzlə  səsləşən  əsərlər 

yaranırdı... 

Nazilə ƏSƏDLİ. Bəs, bu günün ədəbiyyatı hansı təməllər üzərində qurulmalıdır? 

İlyas  ƏFƏNDİYEV.  Qəhrəmanlıq,  vətənpərvərlik,  şücaət  üzərində.  Sovet  rejimində 

vətənpərvərlik, torpaq, yurd sevgisi gənclərimizə təlqin olunmayıb. Bəlkə də elə onun nəticəsidir 

ki,  fərarilik,  alçaqcasına  torpaq  alqı-satqısı,  xəyanət  nəticəsində  torpaqlarımıza  düşmən 

yiyələnib. Zaman ötəcək, ürəklərdə, beyinlərdə çözələnən, saralmış əsgər məktublarında yaşayan 

müharibə illərinin ağrılarından bəhs edən sanballı əsərlər yaranacaq. Tolstoyun məşhur «Hərb və 

sülh» əsəri Napoleonun hücumundan neçə illər sonra yarandı. 

Onu  deyim  ki,  Azərbaycan  istedadlar  beşiyidir.  Azərbaycan  ədəbiyyatı  -  tarixi,  kökü  olan  bir 

ədəbiyyatdır.  Bayağı  ədəbiyyat  isə,  zamanın  hökmü  ilə  ölümə  məhkum  olur,  yəni,  o  ötəridir, 

əbədi deyil. 

Nazilə ƏSƏDLİ. Bəs, İran və Azərbaycan ədəbiyyatında eynilik, oxşarlıq, tarixi əlaqə barədə nə 

deyə bilərsiniz? 

İlyas  ƏFƏNDİYEV.  Qeyd  etdiyim  kimi,  mən  Arazqırağı  Qarabağdanam.  O  zona  İranla 

həmsərhəddir.  İranla  bizim,  yəni,  yerli  camaatın  əlaqəsi  tarixən  sıx  olub.  Hər  iki  tərəfdən 

qohumluq da olub. Bizim ellərdə Qaçaq Süleyman adlı məşhur bir igid vardı. Onun arvadı iranlı 

qızı olub. Oğlunun adı da Tehran idi. İndi mən bu qəhrəman haqqında ssenari yazmışam. Onun 

əsasında televiziya filmi çəkilib. 

Ziyalılarımız  klassik  İran  ədəbiyyatına  xüsusi  maraq  göstəriblər.  Mənim  atam  və  anam  da 

savadlı olublar. Anam hələ mən uşaq ikən Şərq ədəbiyyatından, Firdovsidən, Ömər Xəyyamdan, 

Sədidən, Hafizdən, «Şahnamə» qəhrəmanlarından maraqla danışardı. 

Şərqin  böyük  klassiklərinin  əsərlərindəki  nəsihətamiz  fəlsəfi  fikirlər  əsrlər  boyu  yaradıcı 

ziyalılarımıza mənəvi qida verib. Azərbaycanın və İranın böyük şairi Şəhriyar hər iki dildə - ana 

dili Azərbaycan dilində və fars dilində gözəl sənət nümunələri yaratmışdır. Onun ən gözəl cəhəti 

bundan  ibarətdir  ki,  ulu,  qədim  xalqının  ruhunu,  mənəvi  aləmini,  arzularını,  istəklərini,  həyat 

tərzini  duyaraq,  boyük  səmimiyyətlə  yaradıcılığına  gətirmiş  və  poeziyasında  yaşatmışdır. 

Şəhriyar,  xüsusilə  də,  «Heydərbabaya  salam»  poeması  ilə  ürəklərə,  qəlblərə  əbədi  yol  tapıb. 

Gözəl səsli müğənnimiz Rübabə Muradovanın ifasında səslənən «Heydərbabaya salam» mahnısı 

onu Azərbaycanda daha çox sevdirdi. 

Nazilə ƏSƏDLİ. İlyas  müəllim,  siz 20-dən artıq  dram əsərinin,  neçə-neçə romanın,  hekayənin 

müəllifisiniz. Əsərlərinizdə Cənubi Azərbaycan mövzusuna da çox toxunursunuz...  

İlyas  ƏFƏNDİYEV.  Mənim  yaradıcılığımdan  Cənubi  Azərbaycan  mövzusu  qırmızı  bir  xətlə 

keçir.  İstər  «Unuda  bilmirəm»,  «Məhv  olmuş  gündəliklər»,  «Qəribə  oğlan»,  «Bizim  qəribə 

taleyimiz»,  «Sevgililərin  cəhənnəmdə  vüsalı»,  «Tənha  iydə  ağacı»  və  digər  pyeslərdə  İran 

həyatından götürülmüş müəyyən obrazlar, hadisələr öz əksini tapıb. 



Haşiyə.  Yazıçı-dramaturq  İlyas  Əfəndiyevin  yaradıcılığı  onu  sevən  milyonlarla  oxucu  və 

tamaşaçı üçün qiymətlidir. Teatr canlı həyat deməkdir. İlyas Əfəndiyevin yaratdığı dram əsərləri 

səhnəyə  bir  canlanma,  həyat  eşqi  gətirdi.  Teatra  tamaşaçı  axını,  meyl,  maraq  artdıqca,  yeni 

aktyor  nəsli  yetişdi.  Bu  gün  isə,  iqtisadi  çətinliklər  üzündən  təmir  işləri  başa  çatmayan  Milli 

Dram  Teatrımız  tamaşaçılarından  bir  az  uzaq  düşüb.  Lakin  bu  müvəqqəti  çətinlikdir.  Əsrləri 

adlayıb  keçən  xalqı,  milləti  əbədi  yaşadan  onun  mədəniyyətidir.  Mədəniyyət  heç  zaman,  heç 

vəchlə  tənəzzülə  uğraya  bilməz.  Yubiley  tədbirləri  zamanı  «11-yas  Əfəndiyev  teatrı»  özünün 

qanuni  statusunu  aldı.  Yəni,  Azərbaycanda  Cavid,  Cabbarlı  teatrından  sonra  «İlyas  Əfəndiyev 

teatrı» yarandı. Mətbutda bu barədə çox yazılıb. Hətta respublika, Rusiya mətbuatında, Türkiyə 

mətbuatında yazıçı canlı klassikdə adlandırılmışdır. Türkiyədə qastrol səfərində olan Milli Dram 

Teatrımızın  aktyorlarının  ifasında  dramaturqun  iki  əsəri  böyük  müvəffəqiyyətlə  oynanıldı. 

«Sevgililərin  cəhənnəmdə  vüsalı»,  «Bizim  qəribə  taleyimiz»  haqqında  30-dan  çox  qəzet  xoş 

sözlər yazdı. Ədibin uzun illər  zəhməti bahasına  yazılmış bir sıra romanları, hekayələri  xarici 

dillərə tərcümə olunub. Görkəmli alimlər tərəfindən İlyas Əfəndiyev yaradıcılığı barədə 6 kitab 


yazılıb.  Müəllifləri  professor  Yəhya  Seyidov,  professor  Yaşar  Qarayev,  professor  Y.Ismayılov, 

dosent Aida Salayeva, Emin Əfəndiyevdir. 

Nazilə  ƏSƏDLİ.  Söhbətimizi  ömrünüzün  böyük  bir  hissəsini  həsr  etdiyiniz  dramaturgiyaya, 

teatra, səhnəyə yönəltmək istərdim. 

İlyas  ƏFƏNDİYEV.  Azərbaycan  Milli  Teatrı  mədəniyyətimizin  bir  qolu  kimi  bütün  Şərq 

aləmində  ən  güclü  teatrdır.  Hələ  inqilabdan  əvvəl  Azərbaycan  teatrında  «Ölülər»,  «Müsibəti 

Fəxrəddin» kimi məşhur əsərlər səhnəyə qoyulub. Yəni, səhnəmiz şərəfli bir həyat yolu keçib. 

Nazilə ƏSƏDLİ. Mənim fıkrimcə, səhnədə oynanılan klassik ruhlu, bəzən də müasir dövrün əksi 

olan  tamaşalar  tamaşaçı  nəzərindən  heç  vaxt  kənarda  qalmayacaq.  Buna  sübut  sizin 

əsərlərinizdir. İlyas müəllim, bir mövzuya da toxunaq. Bir yazıçı kimi sizin bəşəriyyəti saflığa, 

paklığa,  ədalətə  səsləyən  islam  dini  -  yəni  əxlaq,  təfəkkür,  fəlsəfə  mənbəyi  barədə 

düşüncələrinizi eşitmək maraqlı olardı. Bu gün bir-biri ilə düşmənçilik edən bəşər övladlarını bir 

ilahi səs, bir ilahi kəlmə birləşdirərək möcüzələr yaratmırmı? 

İlyas ƏFƏNDİYEV. Mən hələ uşaq ikən Allaha inanmışam, Tanrıya itaət eləmişəm. Atam-anam 

da  inanan  olublar.  Atam  rus  dilində  təhsil  almasına  baxmayaraq,  Quranı  gözəl  oxuyurdu. 

Rəhmətlik anam da müqəddəs dinimizə etiqad edirdi. Mən bu fikirdəyəm ki, İslam dini çox işıqlı 

mahiyyətə malik, proqressiv bir dindir. Əslində İslam böyük bir mənəvi sərvət, elm mənbəyidir. 

Ancaq bu şərtlə ki, o, bisavad, cahil mollaların əlinə düşməyə. İslamda əsl ziyalılığa məxsus bir 

əhvali-ruhiyyə,  daxili  gozəllik  var.  Lakin  bunu  meydana  çıxaranlar  lazımdır.  Böyük  İslam 

dininin  mahiyyətini  başa düşən alimlər bu  işi görə bilərlər. O ki, qaldı  bisavad  mollalara, onlar 

İslamı  cürbəcür  nadanlıq  səviyyəsinə  endirirlər.  Müqəddəs  kitabımızda  -  Məhəmməd  (s) 

Peyğəmbərin nazil etdiyi Qurani-Kərimdə, əslində, misilsiz fəlsəfi fıkirlər var. 

Nazilə ƏSƏDLİ. «Şəhriyar»ın yaradıcılarına arzularınız?.. 

İlyas  ƏFƏNDİYEV.  Arzu  edirəm  ki,  «Şəhriyar»  yaşasın,  daha  zəngin  olsun.  Dünya 

mədəniyyətini işıqlandırsın. Səhifələrində ziyalı sözünə, yazıçı tövsiyələrinə daha çox yer versin. 



Nazilə ƏSƏDLI. Müsahibə üçün çox sağ olun. 

«Şəhriyar» qəzeti, 24 mart 1995-ci il 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə