Xülasə Açar sözlər: Avropa, inteqrasiya, Haqverdiyev cadu, ədəbiyyat, pəri, simvolizm, təmsil, dünya, Qərb, tənqid



Yüklə 46,3 Kb.
tarix31.12.2021
ölçüsü46,3 Kb.
#82503
növüXülasə
HAQVERDİYEV DÜNYA


İman Cəfərov

“Naxçıvan” Universiteti

altay1999@yahoo.com

Ə.Haqverdiyev və dünya ədəbiyyatı

Xülasə

Açar sözlər: Avropa, inteqrasiya, Haqverdiyev cadu, ədəbiyyat, pəri,



simvolizm, təmsil, dünya, Qərb, tənqid.

Ə.Haqverdiyevin dünya ədəbiyyatı ilə bağlılığını təsdiqləyən məqalədə qeyd olunur ki, yazıçı zaman-zaman milli təfəkkürümüzü Avropa ədəbiyyatına dair bilgilərlə zənginləşdirməyi vacib və gərəkli saymışdır. Azərbaycan ədəbiyyatı tarixində bədii və estetik fikir sahibi kimi yer tutan Ə.Haqverdiyev hələ tələbəlik dövrlərindən rus ədəbiyyatından tərcümələr etmişdir. Yazıçı dünya ədəbiyyatının, o cümlədən antik yunan müəlliflərinin sənət təcrübələrini mükəmməl səviyyədə mənimsəmişdir. Avropa ədəbiyyatında baş vermiş mütərəqqi hadisələrə dair biliklərə sahib Ə.Haqverdiyev fransız yazarı Molyerin, ingilis intibah ədəbiyyatı nümayəndəsi Şekspirin, rus ədəbiyyatında yeni üslub müəllifi Qoqolun yaradıcılıq prinsiplərinə dərindən bələd olmuş, bu zəmində söz sənətimiz tarixində ciddi uğurlara imza atmışdır. Ə.Haqverdiyevin əsərlərində Avropa müəlliflərindən bəzən bir cümlə həcmində danışıldığını görürük. Bu yolla da yazıçı milli bədii düşüncəmizin Avropa ədəbiyyatına dair mövzularla zənginləşməsinə çalışmışdır.



Açar sözlər: Avropa, inteqrasiya, Haqverdiyev cadu, ədəbiyyat, pəri, simvolizm, təmsil, dünya, Qərb, tənqid.

XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus məqama sahib, doğma xalqının tərəqqisi naminə aramsız mücadilə aparan qələm sahiblərindən biri qeyd-şərtsiz Əbdürrəhim bəy Haqverdiyevdir. “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda (31 yanvar 2020) bu qüdrətli yazıçının nəinki Azərbaycan, eləcə də dünya mədəniyyəti tarixində yer turması məxsusi vurğulanmışdır. Sərəncamdan oxuyuruq: “Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.” (6)

Təqdirəlayiq haldır ki, hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ictimai-bədii fikrinin Avropaya inteqrasiyasını zəruri və qaçılmaz bilən Ə.Haqverdiyev zaman-zaman milli təfəkkürümüzü Avropa ədəbiyyatına dair bilgilərlə zənginləşdirməyi vacib və gərəkli saymışdır. Görkəmli yazıçı “Tərcümeyi-halım” əsərində ədəbiyyat sahəsində ilk fəaliyyətindən söz açarkən də biz Qərb ədəbiyyatı faktoru ilə qarşılaşırıq. Belə ki, Ə.Haqverdiyev ilk ədəbi təcrübələrini tərcümeyi-hal göstəricisi kimi belə qələmə almışdır: “Mən hərçəndi ədəbiyyat sa­həsində çalışmamı 1892-ci sənədən hesab edirəm, ancaq birinci qələm alıb yaz­ma­ya məşğul оlmağım оndan çоx qabaqdır. Realni məktəbdə ikən, 1887-ci sənədə Krılо­vun təmsillərindən neçəsini şeirlə Azərbaycan dilinə tərcümə etmişəm.” (4, s. 402)

Bəli, Ə.Haqverdiyevin həyat və sənət yoluna əsaslanaraq demək mümkündür ki, Azərbaycan ədəbiyyatının bu görkəmli yazıçısı Avropa yazarlarına məxsus yaradıcılıq təcrübəsinin milli bədii təfəkkürümüzə gətirilməsi işinə xüsusi önəm verən qələm sahiblərindən olmuşdur. İ.Həbibbəylinin “XX əsr Azərbaycan ya­zı­çı­ları” kitabında Ə.Haqverdiyevin tərcümeyi-halına dair belə bir fakt xüsusilə diq­qəti cəlb edir: “1895-ci il – Tiflisdən Bakıya gələrkən qatarda N.Vəzirovla (1854-1926) qarşılaşmış, onun “Çəkmə, çəkə bilməzsən, bərkdi fələyin yayı” adlı faciəsinin əl­yaz­masını oxumuş, əsərin “Müsibəti-Fəxrəddin” adlandırılmasını təklif etmişdir (iyul), Peterburq universitetinin Şərq fakültəsində mühazirələrə qulaq asmışdır.” (5, s. 47)

Düşünürük ki, Azərbaycan ədəbiyyatında faciə janrında yazılmış ilk əsərin “Müsibəti-Fəxrəddin” adlandırılmasını təklif edəndə də Ə.Haqverdiyev antik yunan ədəbiyyatında Esxil, Sofokl, Evripid kimi novator ədiblərin sənət prinsiplərinə əsaslanmışdır. Hər halda adıçəkilən müəlliflərdən heç birinin yaradıcılığında adı cümlə şəklində formalaşdırılan faciəyə rast gəlmirik.

Digər mollanəsrəddinçilər kimi, Ə.Haqverdiyev də hələ gənc yaşlarından dünya ədəbiyyatını mütaliə etmiş, bəzən dünya ədəbiyyatının təsiri ilə əsərlər yazdığını da göstərmişdir. Bu baxımdan yazıçının “Tənqidə tənqid”, “Pəri cadu” haqqında qeydlər”, “Mirzə Fətəlinin faciələri”, “M.F.Axundzadənin həyat və fəaliyyəti”, “Müsəlmanlarda teatr”, “Maksim Qorkinin həyatı və yaradıcılığı” məqalələri ayrıca təhlil olunmalıdır.

Ə.Haqverdiyevin 1907-ci ildə qələmə aldığı və “İrşad” qəzetinin 11 dekabr 1907-ci il tarixli 126-cı sayında çap etdirdiyi “Tənqidə tənqid” məqaləsindən aydın olur ki, Tağıyev teatrında (söhbət 1883-cü ildə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə tikilən və sonralar bir neçə dəfə yenilənən teatr binasından gedir) “Ağa Məhəmməd şah Qacar” faciəsi oynanılmış, bu faciə ilə əlaqədar mətbuatda Ə.Haqverdiyev tənqid olunmuşdur ki, guya o, faciə haqqında məlumatı olmaya-olmaya ucuz şöhrət qazanmaqdan ötrü faciə yazmışdır. Öz cavabında Ə.Haqverdiyev ilk növbədə mətbuatda çıxış edən hər kəsi etik normaları gözləməyə çağırmış, həmçinin də özünün tənqid yox, təhqir olunduğunu nəzər nöqtəsinə çəkmişdir.

Maraqlıdır ki, “Tənqidə tənqid” məqaləsinin az qala hər cümləsi Ə.Haqverdiyevin Avropa estetikasına, dünyagörüşünə və demokratiyasına bələd olduğunu təsdiqləməkdədir. Bəli, Ə.Haqverdiyevin fikrincə, istənilən əsər haqqında istənilən şəxs söz deməkdə, fikir bildirməkdə azaddır. Lakin bu azadlıqda şəxsiyyətin təhqir olunması yolverilməzdir. Və bu məsələlərdən bəhs edərkən böyük dramaturq “Herostrat şöhrəti” ifadəsi işlədərək yazmışdır: “Tənqidin başında Şöhrət ləfzini (”Şəhrət”) yazmaq – mənim şəxsiyyətimə tоxunmaqdır. Bunu yəqin etməkdə mənim həqqim var, çünki keçmişdə də neçə dəfə mənə haman qəzetə idarəsində rubəru deyilibdir ki, guya mən “ucuz şöhrət” dalınca gəzirəm.

Bu idarə özü ucuz şöhrət axtaranları, şöhrət yоlunda dinini, imanını, əqidəsini qara pula satıb axırda Herоstrat şöhrəti qazananları və qurd оlub camaat arasında qоyun cildində gəzənləri çоx yaxşı tanıyır.” ( 4, s. 319)

Etiraf edək ki, XX yüzil Azərbaycan elmi, bədii, publisistik söz sahiblərinin əsərlərində “Herostrat şöhrəti” ifadəsinə təsadüfən rast gəlmək mümkündür. Başqa sözlə, Herostratla tanış olmaqdan ötrü mütləq antik mədəbniyyətlə maraqlanmalı, dünyanın yeddi möcüzəsindən biri sayılan və Efes tanrısı Artemidanın şərəfinə ucaldılan məbədin miladdan öncə 4-cü yüzildə (e.ə. 356-cı il) yandırılmasından xəbər tutmalısan. Yəni dünya mədəniyyəti tarixində “Herostrat şöhrəti” ifadəsi zərərli əmələ görə qazanılmış şöhrət anlamındadır. Ə.Haqverdiyev hətta Herostratın adını çəkməklə ona qarşı qərəzli mövqedə dayanan müasirlərinin məqsədlərini açıqlaya bilmişdir.

“Tənqidə tənqid” məqaləsi Ə.Haqverdiyevin Avropa ədəbiyyatına vaqifliyini təsdiqləməklə bərabər, “Ağa Məhəmməd şah Qacar” faciəsi müəllifinin Sokrat sayağı təvazökarlığından da xəbər verməkdədir. N.Fomiçevin “Həqiqət və xeyirxahlıq naminə” kitabından öyrənirik ki, Sokratın sədaqətli şagirdlərindən Xerefont Delfaya getdikdən sönra öz müəlliminə bildirmişdir ki, “Delfa peyğəmbəri Sokratı dünyada ən müdrik adam adlandlırmışdır!..” Sokrat isə bu xəbəri belə qarşılamışdır: “Həqiqətən, Olimp allahlarının iradəsi təəccübə layiqdir. Əgər mən yalnız onu bi­lirəm ki, heç nə bilmirəm, məndən müdrik çıxarmı?! İltifat edib deyin.” (2, s.141)

Doğrudur, Ə.Haqverdiyev başqalarının uğurlarına yalnız qərəzlə yanaşan müasirlərinin eqosunu nəzərə aldığından “heç nə bilmirəm” mövqeyində dayanmayıb. Bununla belə, qüdrətli dramaturq qəti şəkildə elan edib ki, o, cəmiyyətdə gedən ictimai-ədəbi proseslərdən xəbərsiz deyil, Azərbaycan maarifçilərinin fədakarlığını dəyərləndirməyi bacarır, Şərq və yaxud Qərb ədəbiyyatının hansı istiqamətlər üzrə inkişaf etməsinə vaqifdir, bununla belə, yeni dövr ədəbiyyatımızda faciə yazan müəlliflərin “bəxtsizliyi” ilə də barışmışdır. Beləliklə, “Tənqidə tənqid” məqaləsi bir daha deməyə əsas verir ki, Ə.Haqverdiyev XIX əsrin sonu və XX əsrin əvvələrində Avropa estetikasının mahiyyətinə nüfuz etmiş Azərbaycan ziyalısı olaraq yazıb-yaratmışdır. Budur, böyük yazarın səviyyəli cavabı: “Mənim şöhrətə ehtiyacım yоxdur və nə qədər millətə qələm ilə qulluq etsəm, mərhum Həsənbəy Məlikоvun elədiyi xidmətlərin yüzdən birini edə bilməyəcəyəm; nə qədər Həsənbəy şöhrət qazanmışdı, оnun yüzdən birini də mən qazanaram. Mən bilirəm, qəzetənin idarəsinin gözləri heç kəsin şöhrətini götürmür. Оna görə mən məzkur idarəni xatircəm edirəm ki, mənim şöhrətimdən оna ziyan dəyməz, çünki müsəlman faciənəvisinin şöhrəti ildə bir gündür ki, о da axşam saat dоqquzun yarısından оn ikiyədək. Amma şükür Allaha, bu qəzetə Badikubədən Peterburqacan şöhrət qazanıbdır. Cənab tənqidnəvis şöhrət məsələsindən keçir mənim faciənəvislik bilməyimə. Dоğrudur, mən “Gülsümnamə”, “Tənbihül-qafilin”, “Rüstəmnamə” kitablarından xəbərdar deyiləm, amma Yevrоpa və Rusiyada zahir оlan məşhur teatrо ədiblərinin hamısının əsərlərini оxumuş və başımın tükü sanı təsnifat teatrlarda görmüşəm.” (3, s. 362-363)

Faktlar deməyə əsas verir ki, Ə.Haqverdiyev dünya, o cümlədən Avropa ədəbiyyatına daim maraq göstərmiş, yeri gəldikcə doğma oxucularını Qərb ədəbiyyatı haqqında bilgilənməyə təşviq etmişdir. Bu mənada yazıçının “Həmşəri başburtu” feyletonundakı bir məqam xüsusi dəyərə malikdir. “Molla Nəsrəddin” jurnalının 16 fevral 1917-ci il tarixli 2-ci sayında və 23 fevral 1917-ci il tarixli 3-cü sayında getmiş “Həmşəri başburtu” feyletonunda müəllif ingilis yazarı Şekspirin adını çəkməklə insanı dünya və həyat haqqında yenidən düşünməyə sövq etmişdir: “Məhşur ingilis ədibi və faciənəvisi Vilyam Şekspir özünün komediyalarından birində deyir: “Dünya bir teatrodur, bizim hamımız bu teatrın artistləriyik. Hər birimiz bir rol oynayırıq. Bəzimiz öz rolumuzu gözəl ifa edirik, bəzimiz miyana, bəzimiz xarab və bu teatr səhnəsinə bacarıqsız gəlib ya bacarıqsız gedirik. Heç kəs bizə afərin deyib əl çalmır. Bu Şekspirin sözü.” (8, s. 22 )

Haqqında danışılan felyeton “Molla Nəsrəddin” məcmuəsində “Həkim Nuni-Səğir” imzası ilə getmişdir. Felyetona istinad etsək, Ə.Haqvediyevin nəinki Şekspir əsərlərinin məzmununa, hətta o əsərlərin hansı janrda yazılmasına da bələd olmuşdur. Digər tərəfdən, Şekspirin qələmə aldığı və “dünya bir teatrodur, bizim hamımız bu teatrın artistləriyik” fikrinin irəli sürüldüyü əsər bu gün də Azərbaycan dilinə tərcümə olunmayıb. Bu isə o deməkdir ki, Ə.Haqverdiyev dünya ədəbiyyatının klassik nümunələrini müxtəlif dillərdə oxuyaraq Azərbaycan bədii təfəkkürünü zənginləşdirmişdir.

Ə.Haqverdiyevin Avropa ədəbiyyatına bələdliyini ədibin “Müsəlmanlarda teatro” (1920) məqaləsi bir daha təsdiqləməkdədir. Məqalənin əvvəlində müəllif Şərq ədəbiyyatına vaqifliyini bildirməklə yanaşı, qeyd edir ki, qədim zamanlardan İranda böyük şairlər, filosoflar olduğu halda, həmin şairlərin hər hansı bir dram əsərindən danışmaq mümkün deyil. Nasir-dramaturq hətta islam prinsipləri ilə ucalan ərəb dünyasının yunan ədəbiyyatına deyil, fəlsəfəsinə maraq göstərdiyini bildirərək yazmışdır: “Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqda ancaq Aristоtelin, Əflatun və Sоkratın fəlsəfəsi, Arximed və Pifaqоrun həndəsəsi ilə məşğul оlmuşlar.

Sоfоklun faciələrinə, Aristоfanın kоmediyalarına gəldikdə, ərəblər оnlara heç fikir verməmişlər. Оrta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çоx böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix (tarixçi) Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatrо aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatrо da bоğulmaqda idi.

Buna görə də biz Türkiyədə lazımlı dərəcədə bir teatrо görə bilməyirik. Yüngül fransız məzhəkələri, fars, оperetta – budur türk teatrоlarının Əbdülhəmid sultanlığı zamanında göstərdikləri. Hərçənd türk dilində Şekspir, Şillerin təlifatı, tərcümələri var idi. Amma bunlar teatrоya yaxın buraxılmazdı.” (3, s. 374-375)

Göründüyü kimi, Ə.Haqverdiyev nəinki Avropa ədəbiyyatına bələd olmuş, hətta ədəbin janrlar baxımından Şərq və Qərb ədəbiyyatının mükəmməl və mübahisə doğurmayacaq müqayisəsini aparmışdır. Qüdrətli yazıcı “Müsəlmanlarda teatro” məqaləsində tarixi göz önündə canlandıraraq bu qənaətə gəlmişdir ki, XIX əsrin II yarısına qədər Şərq və türk dünyası nəinki dramaturgiyaya maraq göstərməyib, eləcə də insanların dünyagörüşündə dəyişiklik yaradacaq əsərlərin səhnədə oynanılması müstəbid hökmdarlar tərəfindən qadağan olunub.

Ə.Haqverdiyev estetikasında dünya bədii fikrinin mühüm yer tutmasını təsdiqləyən faktlardan biri də yazıçının “Pəri cadu” haqqında qeydlər” adlı məqaləsidir. 1920-ci illərdə qələmə alındığı güman edilən bu məqalənin əvvəlində Ə.Haqverdiyev XIX əsrin sonu və XX əsrin əvvəllərində Avropa ədəbiyyatında gedən proseslərdən söz açaraq yazmışdır: “Dоx­sa­nıncı illərin оrtasında simvоlizm deyilən bir ədəbiyyat üsulu teatrо səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq оlmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun оlması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvоlik bir əsər teatrоmuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət, 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvоlizmin bizim ruhumuza uyğun оlmasıdır. “Pəri cadu”ya mövhumat adı qоyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli оnun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fоt оlar.” (4, s. 332)

Göründüyü kimi, Ə.Haqverdiyev “Pəri cadu” pyesinin Azərbaycan səhnəsində

müvəffəqiyyət qazanmasının səbəbini simvolizmin Şərq insanının ruhuna yaxınlığı ilə izah etmişdir. Görkəmli dramaturq o dövrdə “Pəri cadu”nu mövhumatı təbliğ edən bir əsər kimi dəyərləndirənlərə qarşı çıxaraq bildirmişdir ki, əslində “Pəri cadu” Tanrı bəndəsini daha düzgün yaşamağa, şər işlərdən əl çəkməyə, insanların xoşbəxtliyi üçün çalışmağa səsləyən bir əsərdir.

Düşünürük ki, Ə.Haqverdiyevin simvolizmlə tanışlıqdan sonra “Pəri cadu”nu yazması tamamilə bağqa bir ədəbi həqiqətdən xəbər verir.

Bəri başdan vurğulayaq ki, bu gün, yəni XXI əsrdə də simvolizm ədəbi cərəyanı haqqında bilgilərimiz yetərincə deyil. Belə bir fikir boşluğunun səbəbi ədəbiyyatımızda simvolizm ədəbi cərəyanı ilə bağlı əsərlərin az öyrənilməsidir. Fikrimizcə, nə zamansa Azərbaycan ədəbiyyatında simvolizm ədəbi cərəyanını öyrənən tədqiqatçılar da meydana çıxacaqlar. Artıq bu istiqamətli səylərlə qarşılaşmaqdayıq. Məsələn, R.Əliyevin “Ədəbiyyat nəzəriyyəsi” kitabındakı aşağıdakı mülahizələr maraq doğurur: “Simvolistlərdə insan obrazları həyat faktından daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında simvolizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsərlərində öz aşkar təsirini qoyub. Məsələn, C.Məmmədquluzadə “Ölülər” pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq formasıdır. Hüseyn Cavidin “İblis” dramı da simvolik təsvir üsulu ilə yaradılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi verilir. Hər iki fakt bizim ədəbiyyata Qərb simvolizminin təsiri kimi qiymətləndirilə bilər.” (1, s. 50)

Bu izahlarda simvolizmlə bağlı müəyyən mülahizələr diqqəti cəlb etsə də, fik­ri­mizcə, ən mübahisəli məqam ədəbiyyatda simvollar, yaxud rəmzlərlə simvolizm ədəbi cə­rə­yanının qarışdırılmasıdır. Yəni əsərdə rast gəlinən simvolik ümumiləşmə, yaxud sim­volik təsvir yazıcının simvolizm ədəbi cərəyanı ilə əlaqəsi demək deyil. O halda biz təmsil janrını birbaşa simvolizm ədəbi cərəyanının forması kimi dəyərləndirməli­, məşhur “Kəlilə və Dimnə” əsərini eyni ədəbi cərəyana aid bədii nümunə kimi təqdim etməliyik. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun “Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət” kitabında simvolizm ədəbi cərəyanının mahiyyəti belə açıqlanmışdır: “Oxucunu dövrün mühüm məsələlərindən uzaqlaşdıran, ifrat fәrdiyyәtçilik vә mistika tәbliği, әdәbiyyatın sosial vәzifəlәrinin inkar edilmәsi, hәyata nifrәt hissinin vә ölümün tәrәnnümü, bәdii formada mәnasız, mәzmunsuz tәmtәraq dalınca qaçmaq cәhdlәri simvolizm üçün sәciyyәvi cәhәtlәrdәndir. Həyatın təsvirində həqiqətin şərti, təhrif olunmuş halda verilməsi də simvolizm üçün səciyyəvi olub, yaradıcılıqda rəmzlər sisteminə yol verilməsindən irəli gəlirdi. Bu rəmzlərə xüsusi mistik məna verilirdi: bununla yazıçılar oxucularını axirət dünyasının mövcud olduğuna, fövqəltəbii qüvvələrin varlığına, həyatı onların idarə etdiyinə və bu kimi xurafata inandırmaq məqsədi güdürdülər.” (7, s. 194)

Şübhəsiz ki, Azərbaycan ədəbiyyatında simvolizm ədəbi cərəyanına münasibət birmənalı olmayıb. Məsələn, “Pəri cadu” haqqında qeydlər” məqaləsində Ə.Haqverdiyev göstərir ki, bu əsər vasitəsilə oxuculara demək istəmişdir ki, insanın taleyi özündən kənarda həll olmur. İnsan öz fəaliyyəti və əməlləri ilə taleyini dəyişmək gücündədir. Müəyyən mənada simvolizmə tənqidi yanaşan “Pəri cadu” müəllifi öz fikirlərini belə ifadə etmişdir: “Ən qədimdən insanlar iki bərəks və əsas qüvvələrin çarpışmasına və mübarizəsinə etiqad bağlamışlar. İnsan, beləliklə, öz təbiətində оlan iki mübariz qüvvəni ki, biri оla nəfs və о birisi əqli-səlim, özündən kənarda bulunan iki qüvvənin təsiri bilərək, bu qüvvələrə cisim geyindirib allahlıq mərtəbəsinədək yüksəltmiş. Xeyir allahı ilə şər allahı həmişə vuruşmada оlublar. İranda Hürmüzd və Əhrimən adında iki allah ki, biri zülmət və biri nur allahıdır, həmişə mübarizədədirlər və əqidələrinə görə də mübarizənin axırında Hürmüzd Əhrimənə qalib gələcək və həmişəlik yer üzündə nuri-səltənət edəcəkdir. Bütpərəstlik aləmində və vəhşi xalqlar arasında da bu iki qüvvəyə etiqad var. Camaatın canına, əmlakına gələcək bir bəlanın rəfi üçün şər allahına qurbanlar kəsib, оnu özlərindən razı edirlər. Bir allaha sitayiş etməyi qəbul etdikdən sоnra yenə bu iki əsas qüvvənin varlığını başlarından çıxara bilmədilər. О di ki, qaranlıq və zülmət əvəzinə allah və şeytan məsələsini оrtalığa atdılar və bu iki qüvvə islam, xaçpərəst, yəhudi camaatları arasında indi də vaqedir.” (4, s. 333)

Qəti şəkildə deyə bilərik ki, “Pəri cadu” haqqında qeydlər” məqaləsinə istinadən Ə.Haqverdiyevdən Azərbaycan estetik düşüncəsində simvolizmin ilk təd­qi­qat­çısı kimi də danışmaq mümkündür. Digər tərəfdən, düşünürük ki, Ə.Haqver­diyev simvolizm ədəbi cərəyanına heç də müsbət yaradıcılıq prosesi kimi yanaşmayıb. Başqa sözlə, “Pəri cadu” əsərini simvolizmə qarşı yazılmış parodiya da adlandırmaq mümkündür. Çünki əsərin oxucusu, yaxud tamaşaçısının artıq mistik güclərin varlığına inanacağını düşünmək doğru olmaz. Əksinə, “Pəri cadu” oxucuda belə bir ideya formalaşdırır ki, öz həyatını mistik güclərlə əlaqələndirmək insanın iradəsizliyinin göstəricisidir.

Ə.Haqverdiyevin dünya ədəbiyyatına vaqifliyindən xəbər verən mənbələrdən biri də böyük ədibin “Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti” məqaləsidir. (1928) Ola bilsin ki, bu məqalədə qarşılaşdığımız faktlarla M.F.Axundzadəyə həsr edilmiş irihəcmli tədqiqat əsərlərində də rast gəlmək mümkün olsun. Bununla belə, Haqverdiyev öz məqaləsində elə faktları nəzər nöqtəsinə çəkmişdir ki, o faktlar ədəbi-elmi ictimaiyyətə daim lazım olsun. Məsələn, çox zaman M.F.Axundzadə tərəfindən Azərbaycan ədəbiyyatında dramaturgiyanın yaradılması səbəbi haqqında düşünmürük. Ə.Haqverdiyev isə haqqında söz açdığımız prosesləri bu şəkildə nəzər nöqtəsinə çəkmişdir: “Mоlla Ələsgər 1834-cü ildə Mirzə Fətəlini Tiflisə gətirib, оnu Şərq dilləri mütərcimliyinə təyin etmək və rus dilini öyrətmək üçün оna rəhbər ayırmaq xahişi ilə о zamankı canişin barоn Rоzenə ərizə verdi. Barоn Rоzen Mоlla Ələsgərin xahişini qəbul etdi. Mirzə Fətəli Qafqaz canişinliyi dəftərxanasında mütərcim təyin edildi və ömrünün axırına kimi bu vəzifədə çalışdı.

Barоn Rоzendən sоnra Qafqaz canişinliyinə Vоrоnsоv təyin оlundu. Öz kоmediyalarının müqəddiməsində Axundоv yazır: “1849-cu ildə canişin knyaz Vоrоnsоvun sərəncamı ilə Tiflisdə teatr adlandırılan bir bina tikildi.”

Yerli dillərdə repertuar tərtib etmək üçün canişin üç kоmisyоn: gürcü, erməni və Azərbaycan kоmisyоnları yaratmağı əmr etdi. Azərbaycan kоmisyоnunun təşkili Mirzə Fətəliyə tapşırıldı.

Axundоv, azərbaycanlıların içərisində başqa adam tapmadığı üçün özü kоmediya yazmağa başladı və bir ilin içərisində üç kоmediya: “Kimyagər”, “Müsyö-Jоrdan” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1267, hicri, 1850/51) əsərlərini, 1851-ci ildə “Hekayəti-xırsquldurbasan”, 1852-ci ildə “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara), 1855-ci ildə “Təbriz vəkilləri” kоmediyalarını yazdı.” (4, s. 338-339)

Ə.Haqverdiyev o vaxta qədər Azərbaycan ədəbiyyatına fars şairlərindən Sədi və Hafiz yaradıcılığının təsir göstərdiyini bildirmiş, qeyd etmişdir ki, eyni təsirin nəticəsində əsasən qəzəllər və mədhiyyələr yazan Azərbaycan şairləri digər poetik formalardan xəbərsiz olmuşlar. Bəli, “Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti” məqaləsində Ə.Haqverdiyev dünya ədəbiyyatından xəbərdar bir ədəbiyyatşünas kimi görünür və daha əhəmiyyətlisi isə yazıçının estetik görüşlərinin bu gün belə qeyd-şərtsiz qəbul edilməsidir. Görkəmli yazıçı Azərbaycan dramaturgiyasının yaradılmasında M.F.Axundzadə istedadını məxsusi dəyərləndirərək məsələyə bütün cəhətlər nəzərə alınmaqla belə aydınlıq gətirmişdir: “Teatr görmədən (о zaman Tiflisdə teatr yоx idi), səhnə ilə qətiyyən tanış оlmadan, Qоqоl və Mоlyerin əsərlərindən başqa heç bir şeylə tanış оlmadan belə nümunəvi kоmediyaları ancaq Mirzə Fətəli Axundоv kimi çоx böyük istedada malik bir adam yaza bilərdi. Mirzə Fətəli Axundоv Avrоpa mədəniyyətinin qızğın tərəfdarı оlduğu üçün, həmişə öz vətəndaşlarını bu mədəniyyətə qоvuşdurmaq arzusu ilə yaşayırdı. О yazmışdır: “Kim mədəniyyətin və sivilizasiyanın tərəfdarıdırsa – mən оnun quluyam; kim mədəniyyətin və sivilizasiyasının əleyhinədirsə – mən оndan uzağam”. ( 4, s. 339)

Əlbəttə, sovetlər dönəmində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndə­lə­ri­nin Avropa və rus ədibləri ilə müqayisə edilməsi halına bol-bol rast gəlinməkdədir. Belə bir cəhəti Ə.Haqverdiyevin “Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti” məqaləsidə də izləyirik. Bu hal, bəlkə də, zamanında gərəkli və lazımlı idi. Lakin o tipli təhlillərdə Azərbaycan yazarları sanki ikinci sırada dayanırdılar. Bununla belə, Azərbaycan yazarlarının dünya şair, nasir və dramaturqları ilə müqayisəsi xüsusi elmi səviyyə və məsuliyyət tələb edirdi. Ə.Haqverdiyev də M.F.Axundzadə yaradıcılığını dünya ədəbiyyatı müstəvisində dəyərləndirmək üsuluna üstünlük vermiş, bu məqamda elmi obyektivliyin maksimum səviyyədə qorunmasına çalışmışdır. Yazıçı bu nəticəyə gəlmişdir ki, Azərbaycan ədəbiyyatında ilk komediyaları yaradan M.F.Axundzafə XIX əsr rus yazıçısı Qoqolun və XVII əsr fransız dramaturqu Molyerin yaradıcılığından təsirlənmişdir: “Axundоvun kоmediyaları Qоqоl və Mоlyerin təsiri altında yazılmışdır. Bəzi mühərrirlər оnu Azərbaycan Mоlyeri adlandırırlar. “Aldanmış kəvakib” hekayəsini rus dilinə tərcümə edən Falev isə оna Azərbaycan Qоqоlu adı vermişdir. Оnların hamısı haqlıdır: “Aldanmış kəvakib” hekayəsində və “Təbriz vəkilləri” kоmediyasında о, Qоqоldur, qalan kоmediyalarında isə Mоlyerdir. Mirzə Fətəli Axundоv birinci zərbəni xalqın cəhalətdə qalmasının başlıca müqəssirləri оlan ruhanilərə endirmişdir. Mоlyerin “Tartüf” əsərinin təsiri altında о, gecə-gündüz dua оxuyaraq din pərdəsi altında gizlənən, həyasızcasına xalqı aldadıb sоyan fırıldaqçı Mоlla İbrahim Xəlil və оnun köməkçisi Mоlla Həmid surətlərini yaratmışdır. Mоlyerin “Xəsis” əsərinin təsiri altında о, “Sərgüzəşti-mərdi-xəsis” pyesində ölməz Hacı Qara surətini yaratmışdır.” (4, s. 343 )

Təqdirəlayiq haldır ki, Ə.Haqverdiyev yalnız ayrı-ayrı əsərləri daxilində dünya ədəbiyyatına dair faktları nəzər-nöqtəsinə çəkməklə kifayətlənməyib. Dünya, o cümlədən rus ədəbiyyatının Azərbaycanda tanıtdırılması işini gərəkli sayan ədib “Maksim Qorkinin həyatı və yaradıcılığı” məqaləsini yazmış, müəyyən mənada ölkəmizdə rus ədəbiyyatına dair nəşr olunacaq dərsliklərdən birinin ilk mükəmmək oçerkini təqdim etmişdir.

Ədəbiyyat



  1. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008

  2. Fomiçev N. Həqiqət və xeyirxahlıq naminə. Bakı: Gənclik, 1989

  3. Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı: Azərnəşr, 1971

  4. Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2 cilddə, II cild, Bakı: Lider nəşriyyat, 2005

  5. Həbibbəyli İ. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı: Nurlan, 2004

  6. https://azertag.az/xeber/1401418

  7. Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Bakı: Ensiklopedik lüğət. “Azərbaycan Ensiklopediyası” NPB. 1998

  8. Molla Nəsrəddin. 8 cilddə, 5-ci cild, Bakı: Çinar-Çap. 2009

Xülasə

İman Cəfərov

Ə.Haqverdiyev və dünya ədəbiyyatı

Ə.Haqverdiyevin dünya ədəbiyyatı ilə bağlılığını təsdiqləyən məqalədə qeyd olunur ki, yazıçı zaman-zaman milli təfəkkürümüzü Avropa ədəbiyyatına dair bilgilərlə zənginləşdirməyi vacib və gərəkli saymışdır. Azərbaycan ədəbiyyatı tarixində bədii və estetik fikir sahibi kimi yer tutan Ə.Haqverdiyev hələ tələbəlik dövrlərindən rus ədəbiyyatından tərcümələr etmişdir. Yazıçı dünya ədəbiyyatının, o cümlədən antik yunan müəlliflərinin sənət təcrübələrini mükəmməl səviyyədə mənimsəmişdir. Avropa ədəbiyyatında baş vermiş mütərəqqi hadisələrə dair biliklərə sahib Ə.Haqverdiyev fransız yazarı Molyerin, ingilis intibah ədəbiyyatı nümayəndəsi Şekspirin, rus ədəbiyyatında yeni üslub müəllifi Qoqolun yaradıcılıq prinsiplərinə dərindən bələd olmuş, bu zəmində söz sənətimiz tarixində ciddi uğurlara imza atmışdır. Ə.Haqverdiyevin əsərlərində Avropa müəlliflərindən bəzən bir cümlə həcmində danışıldığını görürük. Bu yolla da yazıçı milli bədii düşüncəmizin Avropa ədəbiyyatına dair mövzularla zənginləşməsinə çalışmışdır.



Açar sözlər: Avropa, inteqrasiya, Haqverdiyev cadu, ədəbiyyat, pəri, simvolizm, təmsil, dünya, Qərb, tənqid.


Yüklə 46,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə