Yaz havası
Aslanlar kaha yatır,
Sərçə əjdaha yatır,
Bülbüllər yaxa yırtır
Yaz havası üstündə.
Gül qalxıb dağa dəyir,
Qırmızı ağa dəyir.
Yarpaq yarpağa dəyir
Yaz havası üstündə.
Çapanda yolu daşır,
Kəhərin yalı daşır,
Dindirir nalı daşı
Yaz havası üstündə.
Cığır həvəs qaynadır,
Külək nəfəs qaynadır,
Bulaqlar səs qaynadır
Yaz havası üstündə.
Kəlmələr ram olaydı,
Könlüm aram olaydı,
Bircə misram olaydı
Yaz havası üstündə.
Yaz havası : şeir // Azərbaycan xalq bayramı Novruz. – Bakı : Təhsil, 2011. –
S.62.