Yazılı daşın açılmamış sirrləri



Yüklə 0,84 Mb.
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60626
növüYazı

Bəxtiyar Tuncay
Yazılı daşın açılmamış sirrləri
Son dövrlərdə ölkəmizin müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılan dəyərli maddi-mədəniyyət nümunələri haqqında tez-tez sevindirici məlumatlar eşitməkdəyik. Xoş xəbərlərin gəldiyi bölgələr içərisində Cəlilabadın da adını xüsusi çəkmək lazımdır. Bu rayonda təkcə yerin altından deyil, üstündən də maraqlı eksponatlar tapılmaqdadır. Və bu cür abidələrin üzə çıxarılmasında təkcə professional arxeoloqların deyil, həvəskar araşdırmaçıların da əməyi az deyil. Belələrindən biri də Cəlilabadın Şatırlı kənd orta məktəbinin tarix müəllimi Elşad Amanovundur.

Elşad Amanov haqqında bəzi məqalələrimdə ətraflı məlumat vermiş, onun tariximiz qarşısındakı xidmətlərini qeyd etmiş və hazırda Cəlilabad Tarix-Diyaşünaslıq muzeyində nümayiş etdirilən eksponatların önəmli bir hissəsinin məhz bu vətənpərvər insan tərəfindən muzeyə hədiyyə edildiyini vurğulamışam. Odur ki, onun üzərində uzun-uzadı dayanmayacaq, sadəcə bu vətənsevər insanın bu yaxınlarda aşkarlayaraq muzeyə bağışladığı olduqca maraqlı daş abidə haqqında məlumat verməyə çalışacağam. Qəbirüstü abidə olduğu hesab edilən və müsəlman qəbiristanlığından tapılan bu daşın üzərindəki qabartmaların analoquna indiyədək nə İslam dövrü abidələri, nə də İslamdan öncəki abidələrin içərisində rast gəlinməyib. Və bu halda söhbət sadəcə Azərbaycandan deyil, ümumiyyətlə dünyanın müxtəlif ərazilərində aşkarlanmış milyonlarca abidədən gedir. Daşın tapıldığı söylənilən məzarın özü isə araşdırılmadığından onun, həm də daşın hansı dövrə aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Hətta məzar İslam dövrünə aid olmuş olsa belə, daşın da məhz həmin dövrə aid olduğunu tam qətiyyətlə söyləmək mümkün deyil. Çünki o daha qədim dövrə aid bir abidədən də sökülərək sözügedən məzarın üstünə qoyula bilərdi. Bir sözlə, daşın yaşı barədə heç nə məlum deyil.

Daşla və üzərindəki işarələrlə yaxından tanış olmaq üçün Elşad bəyin və digər dostlarımızın dəvəti ilə avqustun 13-də güneyli dostum, tanınmış tədqiqatçı Mənsur Rəhbəri (Yengi Ögə) ilə birlikdə Cəlilabada yola düşdük. Bizi şəhərin girişində qarşılayan və həmin dövrdə rayonda olan tarixçi dostumuz, tanınmış alim, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimlini də alıb muzeyə yollandıq.

Bakıda ikən Masallıda yaşayan başqa bir dostumuza – ixtisasca arxeoloq olsa da, hazırda Tatyan kəndinin orta məktəbində tarixdən dərs deyən və özünün talışlar haqqında maraqlı məqalələri ilə şöhrət tapan Tofiq Əzizovdan da Cəlilabada gəlməsini xahiş etmişdik və o artıq muzeydə idi və bizi gözləyirdi. Orada bizi Tofiq bəydən və Elşad Amanovdan başqa digər dostlarımız – rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Rəşad Salmanov, mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri Elçin Hüseynov və Rəsm Qalereyasının direktoru Elçin Nəzərovv qarşıladılar. Dostlarla salamlaşdıqdan və hal-əhval tutduqdan sonra dərhal marağımıza səbəb olmuş daş abidə ilə yaxından tanışlığa başladıq.




Dilavər Əzimli və Mənsur Rəhbəri (Yengi Ögə) muzeyin eksponatları ilə tanış olur
Sözügedən maddi-mədəniyyət nümunəsinin hər iki tərəfində 21, yəni üst-üstə 42 dama və bu damaların içərisində bəziləri müxtəlif türk soy və böylarının damğaları ilə, bir neçəsi isə Orxon-Yenisey yazılarının işarələri ilə üst-üstə düşən və ya bənzər olan damğalar təsvir edilmişdir. Elə bu da abidənin türklərə aid olduğuna qətiyyən şübhə yeri qoymur. İçi damğalı damalar hər iki tərəfdə, eyni qaydada, üfiqi istiqamətdə hər biri yeddi damadan ibarət olan 3 cərgə və ya şaquli istiqamətdə hər biri 3 damadan ibarət olan 7 sütun şəklindədir.

Dostlarla birlikdə yazılı daşı tədqiq edərkən

Damğaların bir çoxu bir neçə dəfə təkrarlanır. Daşın bir tərəfi çox təxrib olduğundan işarələrin böyük əksəriyyəti pozulub. O biri tərəfi isə nisbətən salamatdır və işarələrin çoxunu ayırd etmək olur.



Yazılı daşın nisbətən salamat qalmış tərəfi

Yazılı daşın nisbətən daha çox zədələnmiş tərəfi

İşarələrə diqqətlə baxdıqdan və daşın hər iki tərəfinin fotosunu çəkdikdən sonra çay süfrəsi arxasında müzakirələrə başladıq. Aşağıdakı məsələlərdə fikrimiz tam üst-üstə düşdü:



  1. Daşın üzərindəki qabartmaların forma və düzülüş baxımında analoqina indiyədək dünyanın heç yerinə rast gəlinməyib.

  2. Abidənin dəqiq yaşı hələ məlum deyil və onu müəyyən etmək üçün xüsusi arxeoloji ekspedisiyanın təşkil edilməsinə və tapıldığı yerin dəqiq elmi tədqiqinə ehtiyac var.

  3. Qabartmaları bəzək elementləri kimi qəbul etmək doğru olmaz, Çünki burada yazını xatırladan sistemlilik var və çox güman ki, söhbət hansısa yazılı informasiyadan gedir.

  4. İşarələrin fonoqrafik (hərfli) və ya heroqlifik (hecayi) yazı olduğunu birmənalı şəkildə söyləmək mümkün deyil. İşarələrin ideoqram, yəni hər biri bir sözü bildirən işarə olma ehtimalı da var.

  5. İşarələrin bir çoxunun türk soy və boylarının damğaları, eləcə də Orxon-Yenisey abidələrinin işarələri ilə üst-üstə düşməsi və ya bənzər olması abidənin qədim türklərə aid olduğunu söyləməyə əsas verir.

Yuxarıda deyilənlər birlikdə gəldiyimiz və üzərində razılaşdığımız qərardır. Mənim şəxsi fikirlərimə gəlincə isə işarələr ideoqram, başqa sözlə, loqoqramdır. Onları bütün qədim yazılarda, o cümlədən Orxon-Yenisey yazılarında olduğu kimi sağdan sola və yuxarıdan aşağıya oxumaq lazımdır. Yazı ön qafiyəli nəzm formasındadır və çox güman ki, ovsundur. Daş isə, ehtimal ki, yağış yağdırmaq üçün istifadə edilmiş magik daşdır. O kənardan gətirilərək hansısa qəbrin üzərinə məzar daşı kimi sonradan qoyulmuşdur.

Dediklərimi hər kəsin anlayacağı şəkildə izah etməyə çalışım.

Əvvəla qeyd etmək lazımdır ki, türk damğalarının ayrı - ayrı fonetik əlifbaların işarələrinə çevrilmədən öncə ideoqram, yəni bütöv sözü ifadə edən işarələr kimi çıxış etdiyi məlumdur. Məsələn, 24 oğuz boyunun damğaları həmin boyların adları ilə yanaşı, onların onqonu kimi çıxış edən quşların adlarını da ifadə edirdi.

Yazı tarixinin bilicisi İohannes Fridrix özünün «Yazının tarixi» adlı kitabında yazır ki, «Dövrümüzədək qorunub saxlanmış ideoqrafik yazının xüsusi növü kimi damğaları göstərmək olar. Onlar köçəri xalqlar arasında geniş yayılmışdır və köçərilər bu və ya digər heyvanların, ev əşyalarının və s. kimə məxsus olduğunu müəyyənləşdirirlər. Onlar heyvanların qulağına kərtmə, dərilərinə damğalama və ya rənglə işarələmə yolu ilə həkk edilir, əşyaların üzərində cızılır və ya çəkilir. Damğalara bütün.... xalqlarda rast gəlinir. Əldə olan məlumatlara görə, onlardan qədim Şərqdə babillilər və hetlər istifadə etmişlər. Onlardan bu gün də Kiçik Asiyada, Almaniyanın şimal və şərq sahillərində istiadə edilir».

Maraqlıdır ki, İ. Fridrix damğaların klassik nümunəsi kimi Anadoludan tapılmış türk damğalarını göstərmişdir.

Türk - run əlifbasının hərflərinin məhz ideoqram (loqoqram) → fonetik işarə istiqamətində təbii təkamül etdiyini və heç də bəzilərinin iddia etdiyi kimi, hansısa başqa bir əlifbadan törəmədiyini sübut edən bir neçə önəmli və təkzibedilməz dəlil vardır:

Orxon - Yenisey abidələrində bəzi işarələrin fonetik işarə kimi çıxış etməklə yanaşı, bəzi hallarda ideoqrafik işarə kimi çıxış etdiyi, yəni bütöv bir sözü ifadə etdiyi müşahidə edilmişdir. Bu barədə türkoloq alim Yadigar Əliyev yazır: «Bəzi qrafemlər isə piktoqrafik yazı növünün işarə - loqoqramlarını xatırladır: ↑ k (ok, ox), "yüz artuk okun urtı" (yüzdən artıq oxla vurdu). Bütöv sözü bildirən b(baş) işarəsi də hər hansı mənanın şərti işarəsini verən loqoqramlarla mahiyyətcə daha yaxındır».

Məlum olduğu kimi, qədim türk dilində mövcud olmuş "bitik" kəlməsi iki mənada - kitab və yazı mənasında işlənmişdir. Yazı mənasında işlədilərkən bu kəlmənin məhz fonetik yazını ifadə etdiyi və bu zaman hansısa təyinə ehtiyac olmadığı məlumdur. Fəqət Bin Ev (Min Budda) məbədindən tapılan, 1912-ci ildə V. Tomsen tərəfindən alman və ingiliscə, daha sonra isə H.N.Orkun tərəfindən türkcə dərc edilən run işarələri ilə yazılmış bir əlyazmada (lll əlyazma) "tanuqluq sab tamğalıq bitik" ifadəsi yer alır. V.Radlov bu ifadəni "möhürlə təsdiq edilmiş söz", Ə. Rəcəbov və Y. Məmmədov isə "şəhadət edilmiş söz möhürlü yazı" kimi tərcümə etmişlər. Şübhəsiz ki, bu tərcümələrin hər ikisi yanlışdır. Əslində isə bu sözbirləşməsi "söz bildirən tamğa ilə, yəni ideoqramlarla yazılaraq təsdiqlənmiş yazı" mənasını verir. Hətta buradakı "tamğa" kəlməsini "möhür" kimi tərcümə etmiş olsaq belə, mahiyyət dəyişmir. Çünki qədim türklərdə möhür rolunu tamğa (loqoqram) oynayırdı. Əgər söhbət möhürlə təsdiqlənmiş yazıdan getsəydi, o zaman "tanuqluq sab tamğalıq bitik" yox, "tanuqluq tamğalıq bitik" yazılardı. Deməli, müəllif "ideoqram" mənasını verən "damğa" sözünü "hərf" və "möhür" mənalarında işlənən omonimlərindən fərqləndirmək üçün "sab (söz) damğa" sözbirləşməsindən istifadə etmişdir və eyni zamanda, təsdiqlənmiş yazının fonetik deyil, ideoqrafik yazı olduğunun altını cızmışdır. Bu isə o deməkdir ki, əski türklərdə bu iki yazı növü uzun müddət paralel işlənmişdir.

Beləliklə, Cəlilabad yazısının işarələri loqoqram və ya başqa sözlə ideoqramdır. Onların hər biri bir sözü ifadə edir.

Mətni sağdan sola və yuxarıdan aşağıya oxuyası olsaq və sütunların hər birini üç ideoqramlı, yəni üç sözdən ibarət misralar kimi qəbul etsək, misraların bir neçəsinin eyni sözlə (ideoqramla) başladığını görərik. Bu hal isə qədim önqafiyəli türk şerləri üçün xarakterikdir. Önqafiyəli şerlərdə misraların sonları deyil, önləri bir-biri ilə uyum saxlayır. Bu hal daha çox buddist məzmunlu türk şerində müşahidə olunur. Bu şerlərdə misra başındakı sözlərin təkrarlanaraq ön qafiyə yaratmasından başqa, misra başındakı sözlərin ilk hərflərinin təkrarlanaraq ön qafiyə yaratması da müşahidə edilir Məsələn, qədim türk-buddist şairi Astanq Kalam Keysinin aşağıdakı şerində misrabaşı sözlərin ilk hərflərinin təkrarlanmasını misal çəkmək olar;
«...Alka üç ödki utmışlarnınq yorığları

Arış, arığ kut kolunçuğ tolun bütkərip

Ayağuluğ Tolpı Tüzün yolı özə

Adruk, uluğ tuyunmakığ tuyunayın.


Sarvaartasıdı tiqin ad önqdünlüq

Səkiz on yaş yaşamışın körkitmiş erür.

Sartavahı yolçu yirçi aşiça yimə

Sanı yüz minq koldınayut yıl, ay yaşayur».


Tərcüməsi:
«Hər üç zaman qaliblərinin hərəkətlərini,

Saf, təmiz niyazı bütünlüklə yerinə yetirib

Hörmətli Tolpı Tüzün yoluyla

Müqəddəs, böyük idrakı dərk edək.


Sarvarthasiddha öncədən şahzadə adı ilə

Səksən yaş yaşayacağını göstərmişdi.

Və ya sartavahı yolçusu, yolçubaşı adı ilə

Yüz min koldnayuta ili, ayı yaşamışdır».


Əlbəttə, ola bilər ki, səhv edirəm və Cəlilabad daşımım üzərindəki yazı fonetik yazıdır və burada da eynən yuxarıdakı şerdə olduğu kimi, təkrarlanaraq ön qafiyə yaradan bir söz yox, bir fonoqramdır. Belə olarsa, o zaman söhbət hər biri üç səsdən (hərfdən) ibarət olan 14 sözlük şer formasından getməli olacaq ki, bu da az inandırıcıdır. İnandırıcı olan daşın üzərindəkinin nəzmlə yazılmış və hər biri 3 sözdən ibarət olan 14 (7+7) misralıq şer parçası (ovsun) olmasıdır.

Əgər hər bir işarənin bir hecanı ifadə etdiyini qəbul etsək, o zaman söhbət hər biri üç hecadan ibarət olan 14 sözdən ibarət olan nəzm formalı ovsundan getməli olacaq və bu versiyanı da gözardı etmək olmaz.

Fikrimcə, yuxarıda söylədiyim kimi, sözügedən yazılı daş, ehtimal ki, yağış yağdırmaq üçün istifadə edilmiş magik daşdır.

Azərbaycan xalqının elə cə də digər türk xalqlarının həyatında ən azı Eneolit dövründən başlayaraq, quraqlıq zamanı yağış “çağırmaq” mərasimi də müəyyən yer tuturdu. Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər” kitabında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlüyünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır: «Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran cadugərlərdən söhbət açılır. Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər. Bənzər rəvayəti Turlu Qriqori də nəql etmişdir. Avarların franklarla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub olmuşdular. Eyni cadu gücü naymanlara da aid edilmişdir. Rəşidəddin yazır ki, Çingiz xana qarşı döyüşən və başında Camuxanın durduğu soy birləşməsinin cadugərləri də tufan yaratmış, fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdı».

Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri, Səəlibi, Balimi, Firdovsi, Mirxond, Sebos və başqalarıının əsərlərində, eləcə də Vll əsrin anonim Suriya və X əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu söyləyən Lev Qumilyov daha sonra yazır ki, yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir. Qədim türklərin bu sənəti “yada”, yəni cadu adlandırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə, ayrı - ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər davam etmişdir.

Dilçi alim Firudun Ağasıoğlu bildirir ki, «Təbərinin yazdığına görə, Həzrət Nuh peyğəmbərin oğlu, türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir».

Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən müəlliflərdən biri də X əsrdə yaşamış məşhur alim İbn Əl-Fəqih Əl-Həmədanidir. O,ərəb dilində qələmə aldığı “Əxbar əl-buldan”, yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının “Türklər, onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“ başlıqlı bölümündə mövzu ilə bağlı maraqlı fikirlər söyləmişdir: «Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış, qar, dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri daşlardır. Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər. Bunu türklərin heç biri inkar etmir, fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox qiymətləndirilir».

Müəllifi məlum olmayan, Xlll əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”, yəni “Dünyanın qəribəlikləri” adlı kitabda da maraqlı bir qeydə rast gəlmək mümkündür: «Deyirlər ki, Ərdəbildə böyük daş var, əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır. Onu yenidən şəhərə qaytaranda yağış kəsir».

Fikrimcə, Cəlilabad daşı da elə haqqında “Əcaib əd-dünya”da haqqında söz açılan Ərdəbil daşının eynisi və ya bənzəridir və üzərində, artıq qeyd etdiyim kimi, ovsun yazılmışdır.

Qeyd etmək lazımdır ki, xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaqlardan götürülmüş daşları ortadan dəlib suya salardılar. Məsələn, Quba – Qonaqkənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar. İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi. Daşlar suya salınarkən xorla oxuyardılar:


Daş başım,

Yaş başım,

Yaş oldu

Üst-başım.


Sonra daşı suya salardılar. Bu vaxt ovsun oxunardı:
Suda daşım,

Baba daşım,

Gələr, getməz

Yağışım.


Suda daşım,

Yaş başım,

Yaş oldu

Üst-başım.


Yuxarıda təqdim edilən ovsun sonqafiyəli olsa da, onda da misraların bəzisində eyni sözün, konkret olaraq «yaş» sözünün təkrarlandığını görməkdəyik.

Məqalənin sonunda bildirməliyəm ki, Cəlilabadda yuxarıda adlarını çəkdiyim şəxslərdən ibarət çox gözəl bir qrup formalaşıb və onlar əl-ələ verərək, tarixi abidələrimizin qorunması, maddi mədəniyyət abidələrinin üzə çıxarılması, kitabxanaların təmiri və onların fondunun artırılması və s. bu kimi çox lazımlı işlər görürlər. Gördükləri işlər arasında rəsm qalereyasının təmiri və bərpasını da xüsusi qeyd etmək lazımdır. Bir sözlə, ölkənin bir çox yerində olduğu kimi, Cəlilabadda da Yeni Maarrifçilik Hərəkatı tam sürətlə davam edir.









Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə