Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin
müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və
vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə olunur . Qabiliyyətlər bilik,
bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədədir, lakin onları eyniləşdirmək olmaz. Əgər
müəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq müəyyən bilik, bacarıq və
vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz
olması haqqında nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən zərərli
addım atır.
Danılmazdır ki, bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri
şərtlərdən biridir. Bilik uşaqların zehni qabiliyyətlərinin, yaradıcı-dialektik
təfəkkürünün, idrak motivlərinin, psixi proseslərinin inkişafına kömək edir .
Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq və
vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməlidir. Biliyin yaradıcı sıciyyə
daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması-özününküləşdirilməsi
lazımdır.Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə
çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur .
Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma
dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan
bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez , dərin, asan və
möhkəm icra olunmasında təzahür edir.
B.M.Teplov qeyd edir ki, qabiliyyət anlayışı həmişə özündə üç əlaməti ehtiva
edir: qabiliyyət dedikdə bir insanı digərindən fərqləndirən fərdi psixoloji
xüsusiyyətlər nəzərdə tutulur; qabiliyyət dedikdə insanın istənilən fərdi xüsusiyyətləri
deyil, yalnız hər hansı bir məsələnin uğurlu həllini şərtləndirən keyfiyyətləri nəzərdə
tutulur; qabiliyyət anlayışı yalnız insanın əldə etmiş olduğu bilik, bacarıq və
vərdişlərlə məhdudlaşmır .
Qabiliyyət və istedad insan fəaliyyətinin özü kimi ictimai-tarixi xarakter
daşıyır.Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret , tarixən inkişaf edən
formalarından təcrid olunmuş şəkildə izah edilə bilməz.Onlar konkret tarixi dövrdə
fəaliyyətin ictimai cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən
və “fəaliyyətin müvəffəqiyyətli icrası” dedikdə hansı meyarın başa düşülməsindən
tamamilə asılıdır.Bu meyardan asılı olaraq hər hansı bir ictimai quruluşda istedadın
bu və ya digər xüsusi növü haqqındakı anlayışın da məzmunu əhəmiyyətli dərəcədə
dəyişilir.Məsələn, “musiqi qabiliyyətləri” və ya “musiqi istedadı” anlayışı bir səsli
mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün
başqa məzmuna malikdir .
C.Gilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu
daha da dəqiqləşdirilmişdir.Müasir təsəvvürlərə görə,istedad anlamını koqnitiv
qabiliyyətlərə aid edirlər, inkişafın bütün digər tərəflərini isə talant termini ilə təhlil
edirlər. Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində
bütün psixi funksiyalar qarşılıqlı əlaqədədir.Klarkın fikrincə, istedadlı adam öz
imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların
inteqrasiyası vasitəsilə reallaşdıra bilər. M.Karne bu fikirləri açıqlayaraq göstərir ki,
Klarkın mövqeyi Yunqun ideyalarına əsaslanır.
İnsanın istedadı onun fəaliyyəti ilə üzə çıxır.Fəaliyyət növləri və onları təmin
edən psixika sahələri kriteriyasına görə, istedadın növlərinin ayırd edilməsi əsas
fəaliyyət sahələri çərçivəsində müvafiq psixi sahələr və psixi səviyyələrin iştirak
dərəcəsi nəzərə alınmaqla aparılır.Sözügedən aspektdən istedadın aşağıdakı növləri
fərqləndirilə bilər: praktik fəaliyyətdə peşələr üzrə, idman sahəsində, təşkilati və s.
fəaliyyətlərdə istedad; idraki fəaliyyətdə məzmundan asılı olaraq müxtəlif növ
intellektual istedad ( dəqiq elmlərdə, təbiət elmlərində, intellektual oyunlarda
və s.); bədii-estetik fəaliyyətdə-xoreoqrafik, səhnə, ədəbi-poetik, musiqi, təsviri və s.
istedad; kommunikativ fəaliyyətdə-liderlik, attrakativ (cəlbedici, diqqətçəkici)
istedad; mənəvi-dəyər yönümlü fəaliyyətdə-yeni mənəvi dəyərlərin yaradılmasında
təzahür edən istedad .
İstedad və zəka arasındakı münasibətdən də bəhs etmək olar. Zəka hiss və
ağılın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstakt
təfəkkür, formal məntiq qaydaları ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm
(fəlsəfi dildə desək”qeyri-şüuri” idrak) də iştirak edir .
M.Qorki S.Sergeyev-Senskiyə yazdığı bir məktubunda belə göstərir: “Mənə elə
gəlir ki, Sizin, L.N.Tolstoy “qəflətən qocalmışdır” fikriniz düz deyil, məncə o,
özünün qüdrətli istedadının müqabilində son dərəcə aciz görünən qoca dərrakəsilə,
bir qədər küt və ağır dərrakəylə doğulub.Tolstoy özünün bu iki keyfiyyəti arasındakı
facianə uyğunsuzluğu hələ lap gəncliyində duymuş, elə buna görə də bütün ömrü
boyu bu dərrakəylə mübarizə aparmışdır”.Fikrimizcə, burada əlavə şərhə ehtiyac
yoxdur.
Elmi mənbələrdə “
aktual istedad” və”
potensial istedad” anlayışları işlədilir.
Aktual istedad istedadlı uşağın müəyyən hadisə, proses sahəsində fəaliyyətin yaş və
sosial normalara nəzərən yüksək icraçılıq səviyyəsini şərtləndirən psixoloji
xarakteristikasıdır. Potensial istedad isə istedadlı uşağın müəyyən hadisə, proses
sahəsində fəaliyyəti yaş və sosial normalara nəzərən yüksək nəticələrin müəyyən
imkanlarını (potensialını) şərtləndirən psixoloji xarakteristikadır.
İstedadı təzahür formasına görə də təsnifatlaşdırmaq olar:gizli istedad və aşkar
istedad. Gizli istedad qeyri-ənənəvi, maskalanmış formada təzahür edir və bir qayda
olaraq , ətrafdakılar tərəfindən qeyri adekvat qarşılanır.Bu zaman istedadlı uşaq
nəzərdən qaçırıla, zəruri kömək və dəstəkdən məhrum ola bilər. Aşkar istedad uşaq
fəaliyyətində, hətta əlverişsiz şəraitdə belə, özünü kifayət qədər parlaq və aydın əks
etdirir. Nailiyyətləri o qədər aşkar olur ki,mütəxəssislərin tərəddüdünə yer qalmır.
Elmi mənbələrdə göstərilir ki, uşaqlarda istedad əlamətləri onların real
fəalyyətlərində və ya onların davranış xüsusiyyətlərinin müşahidəsi zamanı görünə
bilər. İstedadın yəqin əlamətləri fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi ilə
bağlıdır və”istəyirəm” həm də “bacarıram”kateqoriyaları ilə birlikdə nəzərdən
keçirilməlidir. Yəni istedad əlamətləri uşağın davranışının instrumental və motivasiya
aspektlərini əhatə edir. İstedadlıların davranışlarının instrumental aspekti aşağıdakı
əlamətlərilə şərh edilə bilər: fəaliyyətin spesifik strategiyalarının olması;
keyfiyyətcə özünəməxsus məhsuldarlığa səbəb olan fəaliyyət üsullarının olması.
İstedadlı uşağın davranışının motivasiya aspekti aşağıdakı kimi şərh edilə bilər:
predmet gerçəkliyin bəzi sahələrinə( səslərə, rənglərə, işarələrə, canlılara, qurğulara
və s.) və ya öz fəallığının müəyyən formalarına (fiziki,idraki, təsviri, bədii və s.) həzz