13
salmışdı. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı öz dövlət müstəqilliyini
itirdi. Xalqın apardığı qəhrəmanlıq mübarizəsinə baxmayaraq Car-Balakən, İlisu və
Şəki xanlığının ərazisi işğal edildi. Bu isə bölgənin sonrakı siyasi, iqtisadi, etnik və
mədəni inkişafına ağır təsir göstərdi.
XIX yüzilliyin əvvəlində şimal-qərbi Azərbaycanda mövcud olan dövlət
təsisatlarından biri Car-Balakən camaatlığı idi. "Camaat" ərəb sözü olub ayrıca
icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən
Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında
yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən
torpaqlar da dəxil idi. Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən
camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı
birləşdirirdi.
Car-Balakən camaatlarının formalaşması prosesi əsasən XVI əsrdən
başlamışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində şimal-qərbi Azərbaycana
Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car,
Muxax, Tala və Katex kəndlərində məskunlaşırdılar. Dəniz səviyyəsindən 3000
metr yüksəklikdə, qeyri-məhsuldar və yoxsul təbiətə malik olan ərazidə yaşayan
dağlı tayfalarının qış otlaqları əsasən Baş Qafqaz silsiləsinin cənub yamaclarıda
yerləşirdi. Əkinçi-maldar, yarımköçəri həyat sürən dağlı tayfaları öz qoyun
sürülərini müntəzəm olaraq bu əraziyə sürürdülər. Qeyri-məhsuldar şərait,
aztorpaqlılıq getdikcə daha çox dağlı tayfalarının vadilərə enməsinə səbəb olurdu.
Doğrudur, tarixi faktlar dağlıların vadilərə müəyyən bir zamanda və kütləvi şəkildə
enməsi haqqında məlumat vermir. Belə ki, bu proses əsasən XVI əsrdə başlamış və
sonrakı yüzilliklərdə də davam etmişdi. Başqa sözlə desək dağlı tayfalarının
Azərbaycanın düzən ərazilərində məskunlaşması prosesi tədricən getmişdi.
Rus zadəgan tarixşünaslığında dağlı tayfalarının Qafqazın cənub
yamaclarındakı zəngin və münbit ərazilərə axını yalnız birtərəfli, həm də qərəzli
mövqedən təsvir edilir. "Hər il on minlərlə davakar ləzgilər dağlardan Qara və
Xəzər dənizi arasında olan vadilərə enərək talançılıq və quldurluq edir, xərac
toplayır, çoxlu sayda əsir ələ keçirirdilər. Bu yürüşlər zamanı ləzgilərin bir hissəsi
vadilərdə məskunlaşır, digər hissəsi isə cənub əyalətlərinin isti hava şəraitinə
uyğunlaşmadıqları üçün dağlara qayıdır və gələcək qarətlərin başlanmasını
gözləyirdilər. Ləzgi basqınlarının bir müddət ara verməsi Gürcüstan, İran və
Azərbaycan xanlıqlarında yaşayan əhalinin bu davakar xalqın tamamilə əsirinə
çevrilməsi təhlükəsindən xilas edirdi" (118 s. 377.).
Rus zadəgan tarixşünaslığının nümayəndəsi İ. Lineviç yazırdı ki, Car və
Qax ərazilərinin ləzgilər tərəfindən tutulması ləzgi, ingiloy və muğalların
rəvayətləri və bu məsələ ilə maraqlanan adamlar tərəfindən toplanan materiallarla
ziddiyyət təşkil etmir. Belə ki, polkovnik Koseb tərəfindən 1826-cı ildə tərtib
olunmuş statistik məlumatlara görə qarlı dağlar arxasında yaşayan və qluxodar
(açıq sinəli adam) adı ilə tanınan bu adamlar iş üçün Kaxetiyaya gəlirdilər.
14
Gürcülər onlardan ən ağır işlərdə istifadə edirdilər. İş dalınca Kaxetiyaya
gələnlərin sayı ildən-ilə çoxaldığı üçün onların hamısının ehtiyacını ödəmək
mümkün olmurdu. İşsiz və ac qalan qluxodarlar oğurluq və quldurluğa qurşanırdı.
Qluxodarların getdikcə güclənən quldurluğu və talançılığı kaxetiyalıların onların
bu əraziyə keçməsini qadağan etməsinə səbəb oldu. Səfil və ac vəziyyətə düşən
dağlılar Kaxetiyaya böyük silahlı dəstələrlə hücum etməyə başladılar. Dağıstanın
digər qonşu əhalisini çağıran qluxodarlar Kaxetiyada qorxulu dağıntılara başladı.
Kaxetiyalıların qluxodarlar üzərində bir neçə qələbəsi heç bir nəticə vermədi. Ona
görə ki, qluxodarlar uğursuzluğa düçar olan zaman ağlagəlməz çətin keçilən dağ
cığırlarından istifadə edirdilər (123, s. 3, 57, s 485). Bir sıra tarixi mənbələrdə dağlı
tayfaları qluxodar adı ilə qeyd edilir. Petruşevski bu sözün mənasının məlum
olmalığını göstərir, lakin bununla belə sözün türk mənşəli olub "qul" "quldur"
mənaları verdiyini də istisna etmir (128, s. 11).
Göründüyü kimi dağlı tayfalarının vadilərə axını zamanı onlar "quldur",
"oğru" və s. adlarla adlandırılır. Əlbəttə bu birtərəfli və qərəzli mövqe ilk növbədə
Rusiya imperiyasının dövlət maraqlarından irəli gəlirdi. Belə ki, XIX yüzilliyin
əvvəlində şərqi Gürsüstanı işğal etmiş Rusiya öz işğalçılıq siyasətinə haqq
qazandırmaq üçün özünü xristian gürcülərin "vəhşi müsəlmanlar"dan xilaskarı
kimi qələmə verməyə çalışırdı. Bununla da inandırmaq istəyirdi ki, yalnız Car
Rusiyasının qüvvətli əli Gürcüstanı dağlı tayfalarının hücumlarından müdafiə edə
bilər. Petruşevski yazırdı ki, dağıstanlıların Gürcüstan və Azərbaycan əyalətlərinə
yürüşü tarixi faktdır. Lakin onlara qarşı mübarizə aparan rus hökumətini bu ərazidə
yaşayan əhalinin müdafiəsi daha az düşündürürdü. Bu yalnız Dağıstanda rus
ekspansiyası üçün bir bəhanə idi (128, s. 10).
Tarixi faktlardan aydın olur ki, avar və saxurların vadilərdə məskunlaşması
ilk növbədə iqtisadi amillərlə bağlı idi. Vadilərin zəngin otlaqları, əlverişli təbii
şəraiti inkişaf edən maldarlıq təsərrüfatı üçün əsas şərt idi. Digər tərəfdən avar və
saxur icmalarının formalaşması siyasi səbəblərlə bağlı idi. Güclü dövlətlərin
Gürcüstan, Gəncə, Şəki xanlığının əhatəsində yaşayan, İran və Türkiyə arasında
gedən mübarizədə öz mövqeyini qoruyub saxlamağa çalışan dağlı tayfalarının
icmalarda birləşməsi labüd idi. XIX yüzilliyin əvvələrində isə rus istilasına qarşı
dayanmaq üçün icmalar arasındakı ittifaq daha da gücləndi. Nəhayət, vahid din-
islam dini dağlı tayfaları ilə düzən yerlərdə yaşayan əhalini birləşdirən ən mühüm
amil idi. Dini birlik bu xalqları yadelli əsarətinə, müstəmləkə zülmünə qarşı birgə
mübarizəyə səfərbər edirdi.
Mənbələrdə Dağıstan xalqlarının müəyyən etnik qrupuna aid edilən "ləzgi"
etnonimi yalnız bir millətin adı kimi deyil, ümumən dağ xalqlarının təyini kimi
çıxış edir. Bu termin görünür, ilk əvvəl etnik yox, ictimai məna daşımışdır.
Formalaşan azad icmalar getdikcə müstəqilliyə can atır-heç bir təsir altına
düşməmək üçün müntəzəm mübarizə aparırdılar. Azad yaşamaq uğrunda gedən
mübarizədə islam amili mühüm rol oynayırdı. Beynəlxalq karvan və ticarət yolları