ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

___________________Milli Kitabxana__________________
Analar var kirimir,
hələ də ağlar qalıb,
Oğullar var canında
sağalmaz dağlar qalıb.
Bəlkə bu gün dinən saz –
O vaxt susan sazların,
boğulan avazların,
Böyük müharibədə
böyüməyən boyların,
Yasa batan toyların
Heyfini almaq üçün
belə aşıb-daşırdı,
Bu torpaqda can verən
Neçə ölməz igidin
ruhu qucaqlaşırdı?!
O qanlı tarixlərin
Göz yaşı xatırlanır,
yarası bəllənirdi.
Bethoven torpağında
dost sazı dillənirdi.
Havalanıb, dünyanı
saz almışdı başına,
Çatdırmışdı dünyanı
Dədə Qorqud yaşına.
Fikrin köhlən atları
min illəri haqlayır,
Hərə öz keçmişini
kitabtək varaqlayır.
Kim hansı nəsildəndi,
kim hansı soydan gəlib,
Kim hansı bayatıdan,
kim hansı boydan gəlib.
Kim sərkərdə, kim əsgər,
kim ulu xaqan olub,
Kimlər hansı savaşda
ölməz qəhrəman olub.


___________________Milli Kitabxana__________________
Kişilik meydanında
ər oğlu, ər dünyası,
Yunuslar, Mövlanalar,
Xətailər dünyası,
Ustadlar, övliyalar,
ozanlar xatırlanır,
Sazın-sözün tarixi
hardan başlanıb gəlir;
Yazılanlar anılır,
yazanlar xatırlanır.
Budur sazın taleyi:
Harda dinirsə dinsin,
qürbətdə, ya Vətəndə,
Səsə dönür boğazda,
ruha dönür bədəndə.
İsinir, isindirir,
alışır ocaq kimi,
Cücərir, yaşıllaşır,
göyərir torpaq kimi.
Nə deməklə tükənən,
nə saymaqla bitəndi,
Qərib olan kəslərə saz -
Qürbətdə Vətəndi.
Sığallanıb, sevinib,
xallanıb, güllənirdi,
Bethoven torpağında
dost sazı dillənirdi.
Dost sazı dillənirdi!!!
Almaniya, Bilefeld, 6 noyabr 2004


___________________Milli Kitabxana__________________
ATATÜRK KÖŞKÜNDƏ KEÇƏN GÜNLƏRİM
Almaniyaya  müalicəyə gedirdim.  Dostlarımın  arzusunu  nəzərə alar  neçə
günlüyə İstanbulda - Atatürk  köşkündə qalmalı  oldum.  Bu  köşk 1935-ci ildə
Atatürkün  sağlamlığım  qorumaqdan  ötrü  həkimlərin  məsləhəti ilə 48  gün
müddətində tikilib.  Təəssüfki,  Atatürk  burda  iki  il yaşaya  bilib.  Bu  köskün  hər
yerində,    hər  qarışında  ulu  öndərin  xatirəsi  canlanır.      Mən
burda
qəhrəmanlıqlarla  dolu  bir  ömrün  müqəddəs,  unudulmaz  anlarını  xatırladım.  O
xatirələrin havasını  udmaq,  şirinliyini  dadmaq,  səmimi  misraların  dilində
danışdırmaq mənə də qismət oldu.
Məni ovsunladı bir ad, üç heca,
Oldum müsafiri üç gün, üç gecə.
Oğlumdan cavandı, babamdan qoca,
Atatürk köşkündə keçən günlərim.
Tanrı qüdrətiydi, Allahdı, nəydi,
Əyilməz başları önündə oydi.
Əlli il sürdüyüm bir ömrə dəydi
Atatürk köşkündə keçən günlərim.
Döyüşün şiddəti, şəhidin adı,
Yurdun şirinliyi, Vətənin dadı...
Gör mənə neləri xatırlatmadı,
Atatürk köşkündə keçən günlərim.
Türkün tükənməyən eşqinə döndü,
Sevinci selləndi, daşqına döndü.
Ömrümün əbədi koşkünə döndü
Atatürk köşkündə keçən günlərim.
Bozqurda bəslənən qurd sevgisiydi,
Torpaq ağrısıydı, yurd sevgisiydi.
Türkü sevənlərin mərd sevgisiydi,
Atatürk koşkündə keçən günlərim.
Min kitab yazsan da demə bəsidi,
Yaddaşın harayı, ruhun sesidi.


___________________Milli Kitabxana__________________
Allahın şairə hədiyyəsidi
Atatürk köşkündə keçən günlərim.
Çox ömrün payına qar-şaxta düşdü,
Cana nə düşdüsə, sazaqda düşdü.
Ürəyim ağrıyan bir vaxta düşdü,
Atatürk köşkündə keçən günlərim.
Odası çevrildi otağım oldu,
Yatdığı çarpayı yatağım oldu.
Batmaz səsim oldu, sorağım oldu,
Atatürk köşkündə keçən günlərim.
Mustafa Kamalın xəstə günləri....
Eşitdim səsləri, duydum ünləri.
Açdı çox sirləri, çox düyünləri,
Atatürk köşkündə keçən günlərim.
Yerdən də, göydən də həvəs alırdı,
Bir soraq alırdı, bir səs alırdı.
Onun ciyəriylə nəfəs alırdı,
Atatürk köşkündə keçən günlərim.
Ana sevgisiylə açıb qolunu,
Göstərdi tarixdən gələn yolunu.
Mənə tanıtdırdı Anadolunu,
Atatürk köşkündə keçən günlərim.
Qaçmadı ölümdən, qorxmadı yasdan,
Oldu Çanaqqala dillərdə dastan.
Başladı Samsundan, çıxdı Sivasdan,
Atatürk köşkündə keçən günlərim.
Ümiddi, inamdı, qeyrətdi mənə,
Min il tükənməyən sərvətdi mənə.
Həqiqət tarixi öyrətdi mənə,
Atatürk köşkündə keçən günlərim.


___________________Milli Kitabxana__________________
Türk nə, Türkiyə nə, Türküstan nədir,
Cahanda Türk adlı bu cahan nədir?
Dedi, igid kimdi, qəhrəman nədir,
Atatürk köşkündə keçən günlərim.
Gah sevinc yaşandı, gah da qəm oldu,
Gözümdə müqəddəs bir aləm oldu.
Ən şirin, ən dadlı xatirəm oldu,
Atatürk köşkündə keçən günlərim.
İstanbul, Avropa yaxası, Atatürk köşkü,
3 noyabr 2004
GƏLMİŞƏM
Bu dünyada bişmək üçün
dünyaya xamdan gəlmişəm,
Sevgi adlı bir butayam,
eşq adlı camdan gəlmişəm.
Yarım atam, yarım anam
bütövləşib bir can olub,
Mən yarımçıq olmamışam,
bütövdən, tamdan gəlmişəm.
Haqqa doğru gedənlərdi
uzaq yolun yolçuları,
Mövlananın səcdəsinə
Şəms olub Şamdan gəlmişəm.
Məni belə güclü tutan
güvəndiyim "Ənəlhəq"di,
Həqiqətlər vurğunuyam,
haqqa inamdan gəlmişəm.
4 noyabr 2004


___________________Milli Kitabxana__________________
YOL
Danışırsan, yaxşı danış,
dilindəki təhqir nədir?
Hansı yazıq asılacaq,
əlindəki kəndir nədir?
Yenə kimi yandırırsan,
qaladığın təndir nədir?
Tutduğun yol iblis yolu,
şər yolu, şeytan yoludur.
Yandıracaq körpüləri,
söndürəcək ocaqları,
Bayquş səsin, bəd nəfəsin
boş qoyacaq otaqları.
Hansı dağa ayaq bassan,
quruyacaq bulaqları,
Getdiyin yol adamlığın
yer ilə yeksan yoludur.
Dərvişim ol, aşığım ol,
şamanım ol, ozanım ol,
Tarixlərə ayna tutub
yozumları yozanım ol.
Həqiqətdən ilham alıb,
cəsarətdən yazanım ol,
Yaza bilsən hər kişinin
ömrü bir dastan yoludur.
Könlünü al, yadında qal,
dilində bal, sev insanı,
Meylini sal, sazını çal,
seyrinə dal, sev insanı.
Əli halal, dili halal,
nəfsi halal sev insanı,
Bu, sevgidi, insanlığın
insana heyran yoludur.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə