___________________Milli Kitabxana__________________
GƏNC ŞAİRƏ
Girmə bu meydana soyuq ürəklə,
Köhnə dəmir kimi qızırsansa, gəl.
Qarşını kəssə də qayalı dağlar,
Qayadan damlatək sızırsansa, gəl.
Beşik böyüdəcək bələk deyəni,
Fələkdən üstün də fələk deyəni.
Tanrı buyuranı, mələk deyəni,
Peyğəmbər dilində yazırsansa, gəl!
İşıqsız, ilhamsız bir ömür hədər,
Sevgilin düşüncə, sirdaşın kədər.
Son dəfə çəkdiyin nəfəsə qədər,
Fikir əzabına hazırsansa, gəl!
9 iyul 2004
ALLAH VƏ ŞAİR
Səhərə lap az qalıb,
Saat dördə işləyir.
Bir-birinə güc verib,
Dərd ürəyə işləyir,
Ürək dərdə işləyir.
Çəkib aparmaq üçün
Daş yükünü dünyanın,
Allah göydə çalışır,
Şair yerdə işləyir.
28 yanvar 2005
___________________Milli Kitabxana__________________
GÜNAY ZƏLİMXANQIZINA
Göynən gedən buludlar,
Niyə danışmırsınız,
Yerdə çiçəklər, otlar
Niyə danışmırsınız?
Günay Zəlimxanqızı
Çiçəyi dindirsələr,
Çiçək danışar, qızım!
Küləyi dindirsələr,
Külək danışar, qızım!
Daşın da, torpağın da,
Danışmağa dili var.
Hər birinin həsrəti,
Sevinci, nisgili var.
Bürkünün, soyuğun da,
İstinin də dili var.
Odun da, ocağın da,
Tüstünün də dili var.
Nəyi bilmək istəsən,
Bir-bir gətirim yada.
Dilini bilən olsa,
Dilsiz nə var dünyada?
İndidən ki son belə
Daşa, torpağa yarsan –
İnşallah! Gün gələr ki,
Daşı danışdırarsan!
Milli Kitabxana_
Duyğular…
Düşüncələr…
BETHOVEN TORPAĞINDA
DOST SAZI DİLLƏNİRDİ
Payızın son ayının ilk günlərində Almaniyanın Bilefeld şəhərində şair dostum,
Aşıq Ələsgər yaradıcılığının tətqiqatçısı, folklorşünas alim Nizaməddin Onkun
qonağıydım. Nizaməddin bəy mənim şərəfimə könül dostlarını, - ziyalıları, vaxtilə
Azərbaycandan və Türkiyədən getmiş adamları evinə dəvət etmişdi.
Şeirdən, sənətdən, Vətəndən, qürbətdən yüz ilin həsrətliləri kimi şirinli-acılı
söhbətlər edirdik. Məclisin şirin yerində Nizaməddin bəy köynəkdə bir saz gətirdi.
Gözlərimə inanmadım. Almaniya hara, saz hara? Mənim heyrətimi görən şair
dostum: "14 ildir ki, köynəkdəydi, bu illər ərzində onu dilləndirəni gözləyirdim,
bu, sənin qismətindir, buyur, çal!" - dedi. Bu təklifdən qəhqəhə çəkib gülməyə
başladım. Dedim: "Ay rəhmətliyin oğlu, yeddi illik ayrılıqdan sonra Aşıq Qərib
Tiflisə gələndə onun sazında salamat bir tel qalmamışdı. 14 ilə telmi qalar, mən
onu çalam, siz də ləzzət ala, kövrələsiniz?!". Könülsüz-könülsüz sazı köynəyindən
çıxartdım. Nə görsəm yaxşıdır!? Elə bil saz bu gün tellənib, sığallanıb, köklənibdir.
Divarqanlı Abbasın dediyi kimi. "Dinlə Abbasın səsini, tökər könüllər pasını ", -
deyə saz öz-özünə oxumaq istəyirdi. İndi fikir verin: qürbət ola, saz ola, həsrət ola,
üstəlik də, meydanda Zəlimxan ola! Bir Allah bilir ki, burda saz nə tufan elədi. Bu
sazın dil-dil etməsinin sirrini-səbəbini anlamağa çalışdım.
Məlum oldu ki, bu hədiyyəni Aşıq Ələsgərin nəvəsi, hörmətli alimimiz İslam
Ələsgərli bağışlayıb. Demək, bizi həm də Ələsgər ocağının müqəddəs ruhu belə
coşdururmuş.
Sanki bir ceyran gəlib
oylağıma, binəmə,
Həsrətli bir yar kimi
basdım onu sinəmə.
Zilini zil elədim,
bəmini bəm elədim,
___________________Milli Kitabxana__________________
Sazı ağrıya əlac,
dərdə məlhəm elədim.
Ürəyimdə nə varsa,
tellərinə yüklədim,
Odunu alışdırıb,
qorunu körüklədim.
Dillənmək istəyirdi,
yaman darıxırdı saz,
Əllərimi vurantək
özündən çıxırdı saz.
Qalxırdı dalğa-dalğa,
enirdi pərdə-pərdə,
Son qoymaq istəyirdi
qəmə, həsrətə, dərdə.
Aran bilir, dağ bilir,
yayla bilir bu sazı.
Hər kəs öz taleyinə
layla bilir bu sazı.
Hərə öz ömrü kimi,
günü kimi baxırdı,
Qibləsi, səmti kimi,
yönü kimi baxırdı.
Sevinc-kədər qarışıq
duyğular tellənirdi,
Bethoven torpağında
dost sazı dillənirdi.
Hansı ağacdan qopub
öz kökünü anırdı,
Yaralı ceyran kimi
Göyçəyə, Borçalıya,
Təbrizə boylanırdı.
Bəlkə Qarsın, İqdırın
xiffətini çəkirdi,
Bəlkə Azərbaycanın
həsrətini çəkirdi.
Bəlkə Qarabağ idi
onu belə yandıran,
___________________Milli Kitabxana__________________
Havanı sızıldadıb,
səsi dalğalandıran?
Bəlkə Tiflisdə onu
bir Şahsənəm gözləyir,
Ürəyində intizar,
qəlbində qəm gözləyir.
Parçalanmır yer, nədən,
silkələnmir göy nədən?
Bəlkə də, Ələsgərin
Tapdanan məzarıdır
onu belə göynədən.
Bir sazın kürəyinə,
gör, nə qədər yük düşüb,
Bəlkə onun yadına
Bu gün alışıb yanan
yaralı Kərkük düşüb?
Neçə yaylıq islanıb
göz yaşı göllənirdi,
Bethoven torpağında
dost sazı dillənirdi.
Burası Almaniya,
bura alman torpağı,
Körpəlik yaddaşımın
qan udan qan torpağı.
Min-min könül sazını
atəş ilə qırıblar,
Burda mənim xalqımın
qəlbini sındırıblar.
Bu yerdən üstümüzə
qara kağızlar gəlib,
Qayıdıb gələnin də
Gözləri göynərtili,
ürəyi sızlar gəlib.
Əlli ildən çox keçib
o gündən bu zamana,
Gül kimi gəlinlərin
qəddi dönüb kamana.
Dostları ilə paylaş: |