1
ZÜLFİYYƏ İSMAYIL
AMEA Naxçvan Bölməsi
e-mail: ismayilzulfiyye@yahoo.com
TÜRK-İSLAM MƏDƏNİYYƏTİNİN QƏDİM BEŞİYİ QARABAĞLAR: TARİXDƏ VƏ
GÜNÜMÜZDƏ
Naxçıvan Muxtar Respublikasında ...Qarabağlar kəndinin ayrıca böyük tarixi vardır.
Qarabağlar kəndində 800 il bundan öncə yaranmış türbə göstərir ki, bura necə böyük bir
mədəniyyət mərkəzi olubdur. Vaxtilə burada çox istedadlı insanlar yaşayıb, bu kənddən böyük
şəxsiyyətlər, alimlər, böyük müəllimlər çıxıbdır.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
Türk-İslam mədəniyyətinin qədim beşiyi olan Qarabağlar Azərbaycanın və Şərqin ən qədim
sivilizasiya mərkəzlərindən biridir. Kiçik Qafqaz dağ silsiləsinin ətəklərində yerləşən bu məkanın
tarixi barədə müxtəlif fikirlər mövcuddur. Mənbələrdən bəzilərində Qarabağlar şəhərinin
bünövrəsinin Şirvanşah Mənuçöhr tərəfindən qoyulduğu güman edilir. Digər qisim tədqiqatçılar isə
şəhərin təşəkkül tarixini IX əsrə bağlayırlar. “XIII-XIV əsrlərdə Hülakülər dövlətinin əsas
mərkəzlərindən olan Qarabağlar orta əsrlər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən və
mədəniyyət beşiklərindən olub. Bu faktları həmin dövrə məxsus olan mənbələr də təsdiqləyir (7, s.
6).
Qarabağlardan həmişə orta əsrlərin bir çox məşhur səyyah və tədqiqatçıların əsərlərində öz
gözəl iqlimi, əhalisi, tarixi abidələri, memarlıq əsərləri ilə geniş bəhs olunub. Qarabağlar haqqında
məhz həmin səyyah və tarixçilərin bu gün qiymətli mənbə adlandırdığımız kitab-qeydlərində çox
maraqlı və qiymətli məlumatlar vardır. XV əsr salnaməçisi təbrizli Nizaməddin Şami “Zəfərnamə”,
XVII-XVIII əsrlər türk tarixçisi İbrahim Əfəndi “Tarix”, XVII əsr səyyahı Evliya Çələbi “Tarixi
səyyah”, Fəzlullah Rəşidəddin, Xanıkov, Moryer, Tavarnye kimi alimlər və səyyahlar əsərlərində
Qarabağların adına əfsanələr bağlanan təkrarsız memarlıq abidələrindən, karvansara və
məscidlərindən heyranlıqla bəhs etmiş, çox qiymətli məlumatlar vermişlər. XVII əsrin böyük türk
səyyahı və dövlət xadimi Evliya Çələbi “Tarixi səyyah” əsərində bu şəhərin coğrafi, etnoqrafik, dini
və siyasi vəziyyəti haqqında dolğun və ətraflı məlumat vermiş, Qarabağlar kəndinin zəngin və
özünəməxsus tarixi, torpağının bərəkəti, insanlarının zəhmətkeşliyi və mədəni zənginliyi haqqında
da çox bəhs edib. Meyvə bağları təkcə Evliya Çələbini deyil, bu yerlərə gələn hər bir adamı heyran
qoyub.
2
Şərqlə Qərb arasında, günbatanla gündoğanı birləşdirən yolların tam ayrıcında yerləşən
Qarabağlar, demək olar ki, Böyük İpək Yolunun və onun ayrı-ayrı tirələrinin keçdiyi möhtəşəm bir
mərkəz kimi Azərbaycanın orta əsr şəhərləri arasında xüsusi əhəmiyyətli, strateji mövqeyi ilə
məşhur olmuşdur. Türklərin “İbn Bəttutə”si Qarabağları təsvir edərkən bu kəndin qədim tarixə
malik olmasından da çox bəhs edir. Zəngin tarixə malik olan Qarabağlar ərazisində Azərbaycanın
qədim şəhərlərindən biri mövcud olmuş, mühüm karvan yolları ayrıcında yerləşən şəhər xarici
ölkələrlə ticarət əlaqəsi qurmuşdur. Türk səyyahı Evliya Çələbi də XVII əsr “Səyahətnamə”
əsərində Qarabağları böyük bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə, XVII əsrdə
Qarabağlarda təqribən 50 min adam yaşayırdı. 10 min ev, 70 məscid, 40 minarə, karvansara,
hamam, bazar və s. var idi. XVII-XVIII əsrlərdəki müharibələr və daxili çəkişmələr nəticəsində
şəhər tənəzzül etmişdir (12).
Elm adamları həmişə bu kəndin türk-islam tarixində yeri və rolundan maraqlı faktlarla bəhs
ediblər. V.H.Əliyevin, V.B.Baxşəliyevin, M.M.Seyidovun və digərlərinin Damlama, Qalacıq,
Govurqala, Qaravuldaş Zağası, Pullu göl və b. yerlərlə bağlı apardıqları arxeoloji qazıntların
nəticələri Qarabağların Qafqazın ən qədim yaşayış yeri olduğunu təsdiqləmişdir. Əvəzsiz elmi
mahiyyətə malik olan tədqiqatlar Qarabağların dünəni haqda məlumatları tarixin daş yaddaşının
dili ilə gələcək nəsillərə ötürmüşdür. AMEA-nın müxbir üzvü Vəli Əliyev Qarabağlar haqqında
yazmışdır ki, burada mövcud olan möhtəşəm memarlıq abidələri, türbə və minarələr XIII-XIV
əsrlərdə Qarabağlar şəhərinin varlığına dəlalət edir. Yalnız qədim və orta əsr möhtəşəm şəhərlərinə
məxsus bütün əzəmətli xüsusiyyətləri - yeraltı tunellər, təkrarsız memarlıq inciləri; qalalar,
sikloplar, mükəmməl şəhərsalma planı, əlverişli müdafiə xüsusiyyətləri və s. diqqəti cəlb etməklə
böyük elmi maraq doğurur (2, s. 13). AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev isə belə qeyd edir ki,
Orta əsrlərdə ticarət və sənətkarlıq mərkəzinə çevrilən Qarabağlar həmçinin müəyyən vaxtlarda
inzibati mərkəz rolunu oynamışdır. Şəhərin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Onun
inkişaf etmiş dövrü IX-XVII əsrlərə aiddir (1). Bu fikirlə bağlı arxeoloq-alim M.M.Seyidov
Damlamada tədqiqat apardıqdan sonra belə bir nəticəyə gəlmişdir ki, “Qarabağlar qədim yaşayış
məskənlərinin yerində yaranmış, uzun təkamül yolu keçmiş orta əsr möhtəşəm Azərbaycan
şəhəridir” (2, s. 12). Azərbaycanın orta əsr şəhərləri içərisində zəngin mədəniyyəti, ulu tarixi,
qüdrətli memarlıq inciləri, iri ticarəti, qaynar, çoşqun şəhər həyatı ilə fərqlənən Qarabağlar belə bir
yüksəlişə yalnız uzun bir tarixi inkişaf yolu ilə gəlib çata bilərdi.
Bu kənddə Azərbaycan memarlığının görkəmli abidəsi - Qarabağlar türbəsi kimi bütövlükdə
Şərqin, İslam mədəniyyətinin ən gözəl abidələrindən, incilərindən biri ucalır. Burdakı mədəniyyət
izləri kəndin tarixi qədimliyinə şahidlik çəkir. Burada mövcud olan zəngin xalq yaradıcılığı
ənənələri kəndin qədim tarixinə açılan bir qapıdır. Zəngin tarixi və memarlıq abidələri də
Qarabağlar kəndinin uzaq tarixi və mədəni zənginliyindən xəbər verir.
3
Tarixçilərin apardıqları tədqiqatlara görə, Hülakülər zamanında Qarabağlar Azərbaycanın
əsas mədəni-mənəvi, ictimai-siyasi mərkəzlərindən biri olmuşdur. Böyük bir imperiyanın yaradıcısı,
qüdrətli bir dövlətin banisi Elxani hökmdarı Hülakü xanın xanımı, həmin dövlətin idarəçiliyində
fəal rolu olmuş Quti xatunun şərəfinə qoşa minarəli came məscidinin yanında (1332-1337) XIV
əsrdə tikilən məqbərə məhz bu qədim türk-oğuz yurdu Qarabağlardadır. Bu kənd dünya
mədəniyyətinin incilərindən hesab olunan türbə kompleksinə ev sahibliyi etməklə zəngin və qədim
bir mədəniyyətin beşiyi hesab olunur. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini
yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Şərqdə öz memarlıq məktəbi ilə
şöhrətlənən, məşhur Mömünə Xatun türbəsinin memarı Əcəmi Naxçıvani memarlıq məktəbinin
davamçısı memar Əhməd Əyyub oğlu Əli Hafiz Naxçıvani yaradıcılığının nümunəsidir (5; 6).
Tanınmış alim Cəfər Qiyasi Qarabağlar türbəsi haqqında yazır: “Azərbaycan orta əsr xatirə
memarlığının geniş yayılmış tipi qülləvari türbələridir. Belə “qülləvari türbələr” adlandırılan xatirə
tikililəri, əsasən, oğuz türklərinin yaşadığı Anadolu, Azərbaycan və Xorasanda lokallaşıb. Bunun ən
mükəmməl örnəklərindən biri XIV yüzillikdə Qarabağlarda ucaldılıb” (3, s. 30). Alim daha sonra
qeyd edir ki, bu memarlıq kompleksindəki Qoşa minarə XII əsrin sonu XIII əsrin əvvəllərində,
türbə isə XIV əsrdə inşa olunmuşdur. Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya
türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. İndiyə kimi
ən böyük ensiklopediyalardan tutmuş, ən məşhur memarlıq mütəxəssislərinə qədər bu kompleksə
daxil olan Quti xatunun şərəfinə tikilmiş türbə geniş şəkildə araşdırılmışdır. Qoşa minarənin isə
yalnız adı çəkilmiş, bəzi məqamlarda tikinti texnikası və memarlıq üslubu baradə yazılmışdır. Hələ
XVII əsrdə Evliya Çələbi Qarabağlarda 40 minarəli came məscid olduğunu qeyd etmişdir. İndi
yalnız Qoşa minarəsi qalan həmin dini tikili came məscid olmuşdur. Came məscidlər iri yaşayış
məntəqələrində fəaliyyət göstərərək dövlət idarəsi və kütləvi ibadət yeri kimi tanınmışdır. Onlar
cəmiyyətdə ictimai-siyasi, iqtisadi məsələlərin həll olunmasında, mədəni-maarif işinin
aparılmasında dövlətə köməkçi rolunu oynayırdı. Hökmlər, fitvalar və s. sənədlər əhaliyə məhz
came məscidlərin minbərlərindən bildirilirdi. Akademik, görkəmli türkoloq, islamşünas
V.V.Bartold yazır ki, came məscidlər ancaq ibadət yeri olmayıb, eyni zamanda dövlət
yığıncaqlarının və ictimaiyyətin toplanış yeri idi. Orada dövlət xəzinəsi saxlanılır, müəllimlər
mühazirə oxuyur, dərs keçir, məhkəmə qurulur və ictimai işlər aparılırdı (11).
Qarabağların bu möhtəşəm memarlıq abidəsinin üzərindəki Quran ayələri və ya dini
məzmunlu kəlamlar da diqqəti cəlb edir. Bununla bağlı AMEA-nın müxbir üzvü Hacıfəxrəddin
Səfərli yazır: “Kəngərli rayonunun Qarabağlar kəndindəki türbənin üzərində Qurani-Kərimdən bir
neçə ayə (XL-16; LXVII-1-6) yazılmış, türbənin gövdəsində kaşılı kərpiclərin ustalıqla
düzəldilməsi nəticəsində yaradılan romblar içərisində dəfələrlə təkrar olunan islam doktrinası –
“Allahdan başqa Allah yoxdur! Məhəmməd Allahın elçisidir! Allah ona yar olsun!” - sözləri
4
yazılmışdır” (8, s. 12). Qarabağlar türbəsi memarın hüdudsuz fantaziyasının real mücəssəməsidir.
Yeraltı və yerüstü hissələrdən ibarət türbə Naxçıvan memarlıq məktəbinə xas olan monumental
xatirə abidəsidir. “Portalın giriş qapısının fantastik zənginliyi, həndəsi simmetriyaları, qibtə
ediləcək səlisliyi baxanı valeh edir. Kufi xətlə bəzədilmiş türbə başdan-ayağa “Allah-Allah” sözləri
ilə örtülmüşdür. Bu, ustad Əhməd Əyyub oğlunun dahi memar olması ilə yanaşı, onun dövrünün
ictimai-siyasi vəziyyətlərini dəqiq anlaması və şah əsərlərinin gələcəyinin düzgün və zərər
görmədən yaşamasının qeydinə qalan böyük ağıl, fəhm və zəkasından qaynaqlanmışdır. Belə ki,
əsas bəla olan hücum və qarətlər dövrün bir çox əzəmətli tikililərinin və nadir memarlıq incilərinin
varlığına son qoysa da, Qarabağlar türbəsinin üzərində yazılan müqəddəs kəlamlar onun
dağıdılmasının qarşısını almışdır” (9). Qarabağlar türbəsi təkcə öz əzəmətli quruluş və gözəlliyi ilə
deyil, portalın üzərindəki ağ, qara, yaşıl və firuzeyi kaşıların baxanı heyrətə salan ağıl və zəkanın
vəhdətindən irəli gələn daxili imkanların sərhədlərinin göstəricisidir. Lirika, harmoniya, məhəbbət,
nisgil, əzəmət, müqəddəs pıçıltı, bəşəri təravət, ölməzlik, cazibə tamaşaçını heyrəti və bütün
bunların hamısı “Allah-Allah” əzəməti ilə tamamlanır. Bu cür rənglərin və hərflərin böyüklüyü
onun uzaqdan da daha aydın və rahat oxunmasını təmin edir.
Türbə ilə bağlı maraqlı məqamlardan biri də budur ki, “dörd tərəfdən qapıya bənzər forma
(açırım) olmasına baxmayaraq, yalnız şimal tərəfdə giriş qapısı var” (3, s. 67). Bəzi xarici
şərqşünaslar göstərirlər ki, bunlar pəncərə olub, portala bənzər şəkildə bəzədilmişdir. İsa Əzimbəyli
Məddah başqa cür izah edir: “Müsəlmanların əqidəsinə görə insan su, od, torpaq, külək kimi 4
ünsürdən əmələ gəldiyi üçün türbədəki 4 açırım buna işarədir”. O həmçinin bunların 4 ərəb
xilafəsinə - Ömərə, Osmana, Əbübəkirə və Əliyə işarə” olduğunu da qeyd edir. Türbədəki kitabələri
Ə.Ələsgərzadə də oxumuş və bu barədə “Nizami dövrü Azərbaycan abidələri” kitabında məlumat
vermişdir. O qeyd edir ki, əsas yazılar 6, 7, 8, 9, 10-cu silindirdə olmuş, Quranın ayə və
surələrindən ibarətdir. Qalan silindirlərdəki yazılar ovulub tökülmüşdür. Mütəxəssislərin oxuduqları
yazıların Quranın 67-ci surəsinin 1-6-cı ayələrindən götürüldüyünü qeyd edirlər.
Kənd camaatı, ələlxüsus da nisbətən yaşlı əhali bu abidə ilə bağlı maraqlı və əhəmiyyətli
əhvalatlar danışır. Deyilənə görə, abidənin üzərində “Güneyin qüzeyində, qüzeyin güneyində”
yazılıb. Bu isə, abidəni inşa etdirən şəxsin gələcəkdə türbənin təmiri üçün gizlətdiyi maddi vəsaitin
yerini bildirən gizli şifrə rolunu oynayırmış. Kənd ağsaqqallarının anlatdığına görə, Davud adlı
gürcü bir neçə nəfər geoloq ilə kəndə gəlir, əsasən türbənin ətrafında dolaşırmışlar. Onların qəfil
“yoxa çıxdıqları” gecədən sonra sağdakı qoşa minarədə oğurlanmış sandığın yeri hamını heyrətə
gətirir. Alimlərin və yaşlı adamların dediklərinə görə, Qarabağlar türbəsinin sərdabəsində olan
meyidi də 1939-40-cı illərdə gizli şəkildə oğurlayıb Moskvaya aparmışlar və ondan bir daha xəbər
çıxmamışdır.
5
Türk-islam maddi-mənəvi mədəniyyətinin ən gözəl nümunələrindən olan, dünya mədəniyyət
xəzinəsinin nadir incilərindən sayılan Qarabağlar Qoşa minarə və türbə memarlıq kompleksi Sovet
hakimiyyəti dövründə nəzarətdən kənarda qalıb. Bu möhtəşəm abidə Azərbaycan dövlət
müstəqilliyi qazanandan sonra diqqət mərkəzinə gətirilib. Bəhs etdiyimiz bu kompleks 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı seçilən Naxçıvanın memarlıq incilərindən birini təşkil edir.
Abidədə hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə
Kompleksinin bərpası və tədqiq olunması haqqında”kı 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən
dövlət qayğısı ilə təmir-bərpa işləri həyata keçirilir.
Qarabağlar minilliklərin, əsrlərin, qərinələrin möcüzəli sirdaşı, yadigarıdır. Qədim tarixin və
islam mədəniyyətinin əzəmətli ünvanı, müqəddəs beşiyi olan bu kənddə günümüzə qədər gəlib
çatmış, bu gün də kənd camaatı tərəfindən mühafizə olunan inam yerləri də çoxdur. Onlar vaxtilə
cəmiyyətin dini-ideoloji, sosial-siyasi və ziyarətgah mərkəzi rolunu oynamışdırlar. “Bu kənd
(Qarabağlar – Z.İ.) təbiətcə də, memarlıq baxımından da, dini dəyərlər etibarı ilə də çox zəngindir”
(2, s. 10).
AMEA-nın müxbir üzvü M.S.Nemətova respublikamızda olan ziyarətgah-pirləri 4 qrupa
bölür: Şiə imamlarının övladları ilə əlaqədar yaranmış pirlər, qədəmgah kimi yaranan pirlər, şəhid
məzarları ilə əlaqədar yaranmış ziyarətgahlar, dərmanlı bitki növləri, mineral su və s. ilə əlaqədar
yaranmış ziyarətgahlar (10). Bu qəbildən olan yerlərin əksəriyyətinə Qarabağlar kəndində rast
gəlmək mümkündür. Haqqında əfsanələrin dolaşdığı Asnı piri kəndin yuxarı başında, Asnı çayının
sahilində yerləşir. Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı piri
su-çay müqəddəsliyinin ifadəsidir. Kənd camaatının inancına görə, Asnının gözəsində qurban
kəsmək o çayın suyunu bollaşdırır və qurumağa qoymur. Suyun gözəsinə murdar bir şey atmaq
suyu murdarlayır. Çayın qırağında bitən ağaca niyyət edib, hərə bir parça kəsiyi bağlayır. Ələlxüsus
da, övladı olmayan gəlinlər niyyət edər, parça bağlayar, bəzən də beşik asıb yellədər və ürəyində
dua edərlər. Niyyəti qəbul olan insanlar gətirib qurban kəsərlər.
Həqiqətən də, Qarabağlar çoxsaylı tarixi abidələrə sahib olduğu kimi, qoynunda yer alan
Asnı piri ilə də bu tarixə əfsanəvilik gətirir. Asnı nəinki Qarabağların, hətta qonşu kəndlərin də
böyük piri sayılıb. “Qarabağlar kəndinin yaxınlığında yerləşən Asnı ərazisindəki qаyаlаrın
аrаsındаn çıхаn gur bulаq хаlq tərəfindən müqəddəsləşdirilmiş və ziyаrətgаhа çеvrilmişdir. Bulаğın
ətrаfındаkı kol və ağaclar da хаlq tərəfindən müqəddəs hеsаb еdilir. Yaxınlıqdakı Asnı pirində isə
orta əsrlərə aid iki məzar yerləşir. Məzarların üzərindəki sinədaşlarının yazılarının oxunması
nəticəsində epiqraflar bu məzarların XIV əsrə aid olduğu qənaətinə gəlmişlər (4, s. 27). Asnı bol
sulu çay olmaqla yanaşı, bir neçə yüz il bundan əvvəl də əhalinin böyük ehtiramla ziyarət etdiyi
müqəddəs məkan olmuşdur. Deyilənlərə görə, bura böyük bir zaviyə olmuşdur. Burada o dövrün
çox böyük ruhani alimlərindən, şeyxlərindən ikisi dəfn olunmuşdur. Onlardan biri Şeyx Əli İbn
6
Fəttah, digəri isə İmam Cəfər Sadiq Əleyhissəlamın nəslindən olan 7-ci nəvəsi Şeyx Əbu Kəbir İbn
Mühənnah Əl Asınnıdır. Bu şəxsin Hülakü xanın islama yüksək dəyər verməsində böyük rolu olan
imam övladıdır. Yerli əhali bu şəxsiyyətə sağlığında böyük ehtramla yanaşmışlar və vəfatından
sonra isə qəbirləri ziyarətgaha çevrilmişdir. Kəndin ağsaqqallarının dediyinə görə, burada ocaq
evliyaları olub ki, onların da neçə-neçə zaviyələri varmış.
Orta çağda Qarabağlarda mövcud olmuş bir çox məscidlər kompleksindən qalan son məscid
binasını da sovet dönəmində bolşeviklər anbara çevirmişdilər. Bunu da ürək ağrısı ilə deməliyik ki,
kənddə dağıntiya məruz qalan təkcə abidə, məscid və s. deyildi, ziyarətgah sayılan müqəddəs
saydığımız bütün məkanlarımız bu acınacaqlı taleyi yaşamışdılar. İndi respublikamızın hər yerində
olduğu kimi Qarabağlarda da kənd məscidi, Asnı piri yenidən, əsaslı şəkildə bərpa olunaraq xalqın
istifadəsinə verilmişdir.
Tarixən Namaz bulağı da kənd əhalisinin müqəddəs saydıqları məkanlardan biri olub.
Məlumdur ki, mədrəsə olan yerdə dindarlar daha çox olur. Namaz bulağında dəstəmaz alan
dindarlar elə onu ətrafında da namazlarını qılıb, ibadət ediblər.
Qarabağlar camaatının müqəddəs saydıqları məkanlar kənddə çoxluq təşkil edir. Xüsusən,
Tək çalı - bura övladı olmayan qadınların daha çox ziyarət etdikləri yerdir. Məlumdur ki, su və ağac
kultu islamaqədərki inancla, digər müqəddəs məkanlar isə islami dəyərlərlə bağlıdır. Bütün bu
faktlar Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin ən bariz izləridir.
Qarabağlar kəndinin Bəydilli məhəlləsində, Qarabağlar türbəsindən aşağıda Qənimət ocağı
yerləşir. Yaranması X əsrə təsadüf edən bu ocaq ata Ahdi Qarabağiyə xas olub. Kənd əhalisinin
Asnı pirindən sonra daha çox müqəddəs baxdıqları məkan Qənimət ocağıdır.
Kəndin ən müqəddəs yerlərindən biri də İmamzadə adlanır. AMEA-nın müxbir üzvü
Hacıfəxrəddin Səfərli İmamzadələrlə bağlı fikirlərində belə qeyd edir: “Naxçıvan ərazisində və ona
yaxın yerlərdə, vaxtı ilə Azərbaycan torpağında olan digər yaşayış məskənlərindəki bir sıra
ziyarətgahlar da xalq tərəfindən imam Museyi-Kazimin övladları ilə əlaqələndirilir” (8, s. 104).
Məlumdur ki, İmam Museyi-Kazımı zəhərləyib öldürdükdən sonra onun övladları, yaxınları təqib
olunublar. Bu təqiblərdən qaçaraq Azərbaycanın müxtəlif bölgələrinə və Naxçıvana pənah
gətiriblər. Onun qulamları ilə qaçan həddi-buluğa çatmamış xələfləri də Qarabağlarda dəfn
olunmuşdur. Əlbəttə, bu yerli əhalinin nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatan fikirləridir.
İmamın övladları burada dəfn olunduğundan qəbirlər ziyarətgaha çevrilmiş, Səfəvilər zamanında isə
onların məzarları üzərində tikililər inşa edilmişdir. Qarabağlar imamzadəsi indi böyük bir
qəbristanlıqda yerləşir. Kəndin ən qocaman sakinlərinin dediyinə görə, əvvələr burda yalnız üç
qəbir və onların üzərində tikili varmış. Tikililərdən birinin içərisindəki lövhədə məzarın İmam
Museyi-Kazım Əleyhissəlamın 17-ci nəvəsi İmamzadə Hacı Seyid Xeyrullah Ahdi Qarabağiyə aid
olduğu yazılmışdır (XII əsr). Daha sonralar bu imamzadəyə yaxın ərazidə XIX əsrin sonlarında
7
Həcc ziyarətinə gedən Baxşəli kişi və digər iki hacını dəfn ediblər. Ondan sonra Kərbəlayi, Məşədi
və şəcərəyə sahib ağır seyid nəslindən olanlar da həmin imamzadənin ətrafında dəfn olunub. İndi
həmin ərazi geniş kənd qəbristanlığıdır. Hər Novruz bayramının axır çərşənbəsində, demək olar,
bütün kənd bura ziyarətə axışır. İmam Museyi-Kazımın nəslindən olanların qəbirləri ziyarət olunur,
İmamzadənin yaxınlığında dəfn olunan seyid övladlarının, müqəddəsliyinə inandıqları şəxslərin
qəbirləri üstünə gedir və onların bir çoxuna nəzirlər qoyur, şam yandırır, dualar oxuyur, dilək
diləyirlər.
Qarabağlarda müqəddəs məkanların olması bu ulu torpağın Türk-İslam dəyərləri
baxımından nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Bölgələrimizdə çox az yer tapılar
ki, orada kompleks şəkildə müqəddəs məkanlar bir yerə toplansın; Asnı piri, Qənimət ocağı, Namaz
bulağı, İmamzadə, Tək çalı, Yulqunlu və s. olsun və min illərlə xalqın müqəddəs məkanına
çevrilsin.
Qarabağlardakı müqəddəs inam yerlərinin bir qismi insanların qədim inamları, türkçülüklə,
bir qismi isə islami dəyərlərlə bağlıdır. Məsələn, Qarabağlar kəndində Yulqunlu deyilən geniş bir
ərazi var ki, insanlar bura çox qədim zamanlardan sitayiş etmişlər. Ümumtürk kontekstində
baxdıqda Yulqun bütün türklərin müqəddəs baxdığı bitkidir. Bu bitki Qarabağlar kəndinin qərb
tərəfində geniş bir ərazidə bitdiyindən kənd camaatı həmin ərazini Yulqunlu adlandırmış və
əsrlərdir ki, ora yerli əhalinin ziyarətgahı olub. Orada nəzir-niyaz paylamış, niyyət etmiş,
bütövlükdə inam mərkəzi kimi baxmışlar. Sovetlər zamanında bütün qadağalara baxmayaraq,
Məhərrəmlik və ya başqa dini mərasimlər bu ərazidə keçirilmişdir.
Yuxarıda qeyd etdiyimiz müqəddəs məkanlarımız yüz illərdir ki, inanc, ümid, pənah ocağı
kimi tanınır. Bu kənddə çox böyük Evliyaların məzarları var. Belə ki, tarixən Qarabağların dini-
ideoloji, mədəni-siyasi həyatında onların oynadığı müstəsna rolların tədqiqi mühüm əhəmiyyət kəsb
edir. Onlar özlərindən sonra möhtəşəm məktəb qoymuşlar. Təəssüflər olsun ki, sovet ideologiyası
bu mühüm amillərin üzə çıxarılmasına hər cəhətdən mane olmuşdur. Ölkəmizin hər yerində olduğu
kimi, sovet rejiminin ateizm təbliğatı nəticəsində mədəni irsimizin bu sahəsi - ziyarətgahlar, pirlər,
xanəgahlar məhv edildi və ya qadağalar qoyuldu. İslam dini ilə sıx bağlı olan bu abidələrə qayğı
göstərilməmiş, onlar unudulmuş, baxımsız hala düşmüş, uçub dağılmış, bir sıra hallarda qəsdən,
bilərəkdən məhv edilmişdir. Bütün bu məhrumiyyətlərə baxmayaraq, yerli əhali əsrlər boyu ictimai-
siyasi quruluşdan asılı olmayaraq bu abidələri qoruyur. Bunlar bizim ümumxalq sərvətimiz, bütün
müsəlman aləminin qiymətli, dəyərli abidələridir. Müstəqillik illərində mədəniyyət abidələrini,
inanc yerlərimizin yenidən qurulması və əsaslı təmiri üçün respublika rəhbərliyi tərəfindən müvafiq
sərəncamlar imzalanmış, genişmiqyaslı işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Bu,
dövlətimizin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Bu gün muxtar respublikamızın hər
yerində olduğu kimi Qarabağlarda da dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən
8
tikilir. Orta əsrlərə aid bir kitabədə yazıldığı kimi: “Bizim böyüklüyümüzə inanmaq istəmirsənsə,
ucaltdığımız tikililərə bax”(4, s. 8).
Beləliklə, Qarabağlar kəndi malik olduğu bu qədim tarix və zəngin mədəniyyətilə
bəşəriyyətin ilkin yaşayış məskənlərindən, dünyaya yeni intibah bəxş etmiş Türk-İslam
mədəniyyətinin məskəni olan Naxçıvanımızın diqqət çəkən tarix və mədəniyyət ocaqlarından
biridir. Kənd turizminin inkişafı baxımından da bu yurd yerimiz özünəməxsus zəngin və əlverişli
şəraitə malikdir. Tarixin böyük bir şöhrət daşıyan ünvanlarından biri kimi Qarabağlar dünəni və bu
günü ilə qədim və müasir tariximizin ən parlaq səhifəsini yazır.
Bütün bunlar Qarabağların dünənidir. Keçmişdə olduğu kimi bu gün də Qarabağlar şöhrətinə
şöhrət qatır. Qədim kənd tarixiliklə müasirliyin qovuşduğu bir məkana çevrilir. Muxtar
respublikamızda aparılan abadlıq-quruculuq və yeniləşmə işləri qədim yurd yeri olan Qarabağlar
kəndindən də yan keçməmişdir. Kəndlərimizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq tədbirləri
bu kəndə də böyük töhfələr verib. Muxtar respublika rəhbərinin qayğısı, diqqəti və təşəbbüsü ilə
Kəngərli rayonunun ən qədim və iri kəndlərindən olan Qarabağlar kəndi də simasını dəyişmiş,
sözün əsl mənasında, tarixiliklə müasirliyi birləşdirən, Kəngərli rayonuna gözəllik və tarixilik qatan
başdan-başa abad, gülüstan bir yurda çevrilmişdir.
Ta qədimlərdən 14 kəndi birləşdirən bu nahiyə həmçinin gözəllik məkanı, bir gülüstan,
bağlar yeri kimi tanınmışdır. Qarabağlar kəndinin çox da məşhur, özünəməxsus gözəlliyi olub.
Qarabağların məşhur bağları, mədəniyyət abidələri, qədim tarixə malik olan yurd yerləri əsərlərdə,
mənbələrdə heyrətlə xatırlanır. Qarabağlar kəndinin Kiçik Qafqazın Dərələyəz dağ silsiləsinin ulu
Araza, cənuba doğru üz tutub getdiyi çox mənzərəli, şəfalı bir ərazidə bərqərar olması, füsünkar
təbiəti, uca, göz oxşayan dağları, yamyaşıl dərələri, yovşan, kəklikotu qoxan təpələri, uzun-uzadı
yamacları, təmiz havası, saf, dumduru suları, buz bulaqları, həmçinin yaşam tərzi, adət-ənənəsi,
etnoqrafiyası, mədəniyyəti və nəhayət, qədim tarixi özündə yaşadan abidələri həmin kəndin incə
ruhlu şairlərinin qələminə mövzu olub və bədii şəkildə vəsf edilib. Bu müqəddəs torpağın
yetirmələri olan onlarla qələm sahibi - Firudin Şimşək, Əkbər Əkbərov, Cabbar Bəydilli, Asəf
Rzayev, Həcər Mirhəsənqızı, Səlim Əlioğlu, Kamil Nağıyev, Rasim Rza, Zülfiyyə İsmayıl və
digərləri kəndi özlərinin nəsr və nəzm nümunələrində şöhrətləndirib, haqqında maraq dolusu
təəssürat yaradıblar.
Qarabağların dünəni haqqında bir çox alimlər dəyərli və elmi faktlar versələr də, düşünürük
ki, hələ də elmi ictimayyəti lərzəyə gətirəcək faktlar üzə çıxarmaq mümkündür. Həqiqətən də,
qədim mədəniyyətin və sivilizasiyanın beşiyi olan, türk-oğuz yurdu Qarabağlar o qədər zəngin
mədəniyyətə və tarixə malikdir ki, bu kəndin monoqrafik tədqiqi naxçıvanşünaslığa, bütövlükdə
tarix elmimizə böyük fayda verə bilər.
9
ƏDƏBİYYAT
1.
Baxşəliyev V.B.
Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 304 s.
2.
Eminov A. Unudulmaz alim, müdrik insan. Bakı: Çaşıoğlu, 2009, 152 s.
3.
Qiyasi C.Ə. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991, 49 s.
4.
Nağıyev K. Qəmli illər kitabı. Bakı: Şirvannəşr, 2006, 120 s.
5.
Naxçıvan abidələri ensiklopediyası.İstanbul:Bakanlar Medya, 2008, 519 s.
6.
Naxçıvan tarixi. Üç cilddə, I c., Naxçıvan: Əcəmi, 2013, 452 s.
7.
Tavernier J.B. Tavenier Seyahatnamesi (Editör: Stefanos Yerasimos, Çeviren: Teoman
Tunçdogan). İstanbul: Yayınevi, 2006, 343 s.
8.
Səfərli H.Y. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi NPB, 2017,
216 s.
9.
Zaman Ş. Qarabağları tərənnüm edirəm (Şeirlər, poemalar və hekayələr). Bakı: Nurlan,
2007, 184 s.
10.
https://az.wikipedia.org/wiki/Məşədixanım_Nemətova
11.
www.runivers.ru. Электронная библиотека Руниверс › Авторы Бартольд,_ Василий_
Владимирович
12.
www.academia.edu/.../Evliya_Çelebi_Seyahatnamesinde_Az...
Dostları ilə paylaş: |