“AMEA.Elmi əsərlər. Fəlsəfə, sosialogiya və hüquq institutu”.-2013.-№ 11.-S.21-27.
AZƏRBAYCANDA İCTİMAİ VƏ FƏLSƏFİ FİKRİN İNKİŞAFI TARİXİNDƏ
HEYDƏR HÜSEYNOVUN ROLU
1
Əliyar Orucov
Fəlsəfə ü.f.d., baş leytenant,
FHN Akademiyası, kurs rəhbəri
Akademik Heydər Hüseynov-XX əsr Azərbaycan xalqının yetirdiyi böyük simalardan biri, istedadlı filosof, publisist
və ictimai xadimdir. Bu dövrdə Azərbaycan ziyalılarının ən qabaqcıl nümayəndələrindən biri olan Heydər Hüseynovun həyat
yolu və elmi fəlsəfı fəaliyyəti daim xalq ilə bağlı olmuşdur.
Heydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprel ayının 3-də İrəvanın Tələbaşı məhəlləsində anadan olmuş və
1918-ci ilə qədər ailəsi ilə birlikdə Irəvan şəhərində yaşamışdır.
Sonralar Bakıya köçən H. Hüseynov ali məktəbi və aspiranturanı bitirdikdən sonra Sənaye və Ticarət İnstitutunda
fəlsəfə fənnindən dərs demişdir. Onun pedaqoji fəaliyyəti elmi-tədqiqat işi ilə six əlaqədar idi. Müxtəlif sahələrdə və vəzifələrdə
çalışan alim 1938-ci ildə Ensiklopediya və lüğətlər İnstitutunun direktoru təyin olunmuş, 1939-1940-cı illərdə onun rəhbərliyi
altında bir neçə lüğət (“Rusca-azərbaycanca məktəb lüğəti”, “Azərbaycanca - rusca izahlı lüğət)” hazırlanmışdır. 1939-cu ildə
Heydər Hüseynov namizədlik dissertasiyası kimi yazdığı “M.F. Axundovun fəlsəfı görüşləri” adlı əsərini Tbilisi Universitetinin
elmi Şurasında müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır (1, s.6).
Onun Azərbaycanda fəlsəfə elminin inkişafı sahəsində çox mühüm xidməti olmuşdur. O, respublikanın ali
məktəblərində fəlsəfənin tədrisinə, fəlsəfə sahəsində elmi tədqiqatların genişlənməsinə, Azərbaycanda fəlsəfi və ictimai fikir
tarixinin öyrənilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Hüseynov Azərbaycanda fəlsəfi və ictimai fikir tarixinin
mühüm məsələlərini işlədiyinə görə ona 1944-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Görkəmli alim keçmiş
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında, 1945-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyasında rəhbər
vəzifələrdə çalışmışdır. Onun bu dövrdə “Dialektik materializm”, “Dialektika və metafizika”, “Rusca-azərbaycanca lüğət” adlı
kitabları nəşr olunmuşdur. Heydər Hüseynovun bu illərdə “M.F. Axundovun fəlsəfi baxışları” (1942), “Vətənpərvər şair Səməd
Vurğun” (1944), “Ədəbi qeydlər” (1945) və digər kitabları nəşr edilmişdir. Eyni zamanda o, “Müxtəsər Azərbaycan ədəbiyyatı”
tarixinin (I-II cild, 1943- 1944) redaktorlarından biri idi. Bu dövrdə Heydər Hüseynovun M. Mirbabayev və Ə.O. Orucovla
birlikdə tərtib etdiyi 4 cildlik “Rusca-azərbaycanca tam lüğət” (1940-1946) kitabını onun elmi yaradıcılığının zirvəsi hesab
etmək olar. 1948-ci ildə “Rusca-azərbaycanca lüğət”in müəllifləri akademik Heydər Hüseynov, Akademiyanın Dil institutunun
direktoru M. Mirbabayev, həmin institutun lüğət və terminologiya şöbəsinin müdiri Ə. Orucov Stalin mükafatına layiq
görülürlər. 1946-cı ildə görkəmli filosofun “Nizaminin. ictimai görüşləri”, 1950-ci ildə “Görkəmli Azərbaycan alimi A.
Bakıxanov” və nəhayət həmin ildə Stalin mükafatına layiq görülən başı bəlalı “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir
tarixindən” adlı kitabları nəşr olunur. Ancaq çox çəkmir ki, Respublika KP MK-nın birinci katibi M.C. Bağırovun “qəzəbi”
nəticəsində mükafat geri alınır. Totalıtar rejim xalqımızın yüzlərlə görkəmli ziyalısını məhv etdiyi kimi, görkəmli filosofu da
elmi-fəlsəfi yaradıcılığının çiçəkləndiyi bir vaxtında faciəlı şəkildə məhv etmişdir.
Heydər Hüseynov Şərq fəlsəfəsinin, о cümlədən onun bir hissəsi olan Azərbaycan fəlsəfəsinin tədqiq edilməmiş
xəzinəsini araşdırmışdır. Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixinə həsr etdıyi əsərlərində Heydər Hüseynov bu və ya
başqa mütəfəkkirlərin dünyagörüşündəki səciyyəvi cəhətləri açmağa, onların Azərbaycan xalqının mədəni həyatında oynadığı
rolu göstərməyə çalışmışdır. Beləliklə, Mirzə Fətəli Axundovdan sonra о öz tədqiqatlarını Azərbaycanın görkəmli maarifpərvər
demokratı Həsən bəy Zərdabiyə, alim və tarixçi Abbasqulu Ağa Bakıxanova, XI əsrin məşhur fılosofu Bəhmənyara, Azərbaycan
xalqının böyük mütəfəkkir şairi Nizami Gəncəvinin fəlsəfi və ictimai fıkirlərinin öyrənilməsinə və Azərbaycan mədəniyyətinin
başqa nümayəndələrinə həsr etmişdir. Heydər Hüseynova görə Nizami Gəncəvinin əsərləri yalnız poeziya incisi deyil, habelə
fəlsəfi fıkirlər xəzinəsidir. Bu əsərlərdə fəlsəfə, etika, estetika və pedaqoji məsələlər mütəfəkkir şairimiz tərəfindən irəli sürülür.
Məhz buna görə də akademik Heydər Hüseynovun Nizami haqqındakı ilk tədqiqatları: “Nizaminin ictimai görüşləri” və
“Nizaminin sufizmə münasibəti” adlı əsərlərindən ibarət olmuşdur. Eyni zamanda Heydər Hüseynov Nizami Gəncəvinin elm və
incəsənət haqqında fikirlərini də tədqiq etmişdir. Demək olar ki, XX əsrin 30-40-cı illərində sırf fəlsəfi məzmunu ilə seçilən
orijinal əsərlərimiz yox idi. Çünki həmin dövrdə əsasən Azərbaycanın bir çox görkəmli simaları kommunist rejiminin diktəsi
altında marksist-leninçi fəlsəfəsinin təhlili və təbliği ilə məşğul olmuşlar. Bu yolda ilk sanballı əsərlər yaradan da məhz Heydər
Hüseynov olmuşdur. Görkəmli filosof öz elmi tədqiqatlarında Azərbaycan xalqının ictimai fikir tarixini böyük klassiklərimizin
1
Məqalə fəlsəfə ü. e. d., prof. Sakit Hüseynov tərəfindən çapa məsləhət görülüb
əsərləri ilə üzvü vəhdətdə araşdırırdı. Məhz bu da ... Onun elmi fəaliyyətini ümumbəşər fəlsəfə xəzinəsini öyrənib tədqiq etmək
kimi geniş yola gətirib çıxartmışdır (2). Heydər Hüseynov bədii ədəbiyyata xüsusi məhəbbət bəsləyirdi. O, eyni zamanda
Yazıçılar İttifaqının üzvü idi. Onun ədəbiyyata və mədəniyyətə aid məqalələri müntəzəm olaraq dövri mətbuatda nəşr olunurdu.
Akademik Heydər Hüseynov 1943-cü ildə nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixi”-nin müqəddiməsində Azərbaycan
ədəbiyyatının ən gözəl xüsusiyyətlərini saymaqla, özünün də bu ədəbiyyata məftun olması səbəblərini göstərmişdir. 0, bu barədə
yazırdı: “Ədəbiyyat öz səhifələrində xalqımızın bütün tarixi boyu yaratdığı yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri, elmi
prinsipləri hifz etmiş, qərinələrdən-qərinələrə, nəsillərdən-nəsillərə ən böyük bır hədiyyə olaraq təqdim etmişdir. Buna görə də
ədəbiyyatımız xalqımızın fəxridir” (1, s.8).
Azərbaycan ədəbiyyatı sahəsində olan nailiyyətlər Heydər Hüseynovu daha çox sevindirirdi. Buna misal onun Cəfər
Cabbarlının, Səməd Vurğunun və başqa yazıçıların yaradıcılığı haqqında yazdığı məqalələri idi. Belə ki, Səməd Vurğunun
yaradıcılığı ilə maraqlanan akademik Heydər Hüseynov onun dram əsərini yüksək qiymətləndirmiş, şair haqqında 1942-ci ildə
“Vətənpərvər şair Səməd Vurğun” adlı bir kitab çap etdirmişdir. Eyni zamanda 1940- 1946-cı illərdə onun çap etdirdiyi ədəbi -
tənqidi məqalələri içərisində “Ədəbiyyatımız xalqımızın fəxridir”, “Antifaşist şair”, “Xanlar haqqında” və s. məqalələri vardır.
Heydər Hüseynov ədəbiyyatşünas alim kimi nəzəriyyəni təcrübədən ayırmır, əksin ədəbiyyatın nəzəri məsələlərini
işıqlandırmağa çalışırdı. O, bədii əsərin dəyərini onun xalq xalqın mənlik şüuruna və özünüdərkinə olan xidməti ilə ölçürdü.
Onun maraq dairəsi çox geni idi. Eyni zamanda о, Azərbaycan ədəbiyyatı və mədəniyyətini ta qədimlərdən müasiri oldu“
zamana qədər öyrənir, araşdırır və bu barədə ümumən elmi, ədəbi fikrimizə istiqamət verə mülahizələr söyləyir, məqalələr çap
etdirirdi. Akademik Heydər Hüseynovun həmin axtarışlar, araşdırmalar yolunda gəldiyi nəticələr bu gün də səciyyəvi, aktual və
maraqlıdır. Mütəfəkkir filosofun Azərbaycan xalqının fəlsəfı və ictimai fıkir tarixi üzərində uzun müddət gərgin əməyinin
məhsulu kimi yazdığı “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərini göstərə bilərik. Heydər Hüseynovun
bu əsəri nəinki Azərbaycanda hətta keçmiş SSRİ-nin bütün yerlərində müsbət qarşılanmışdır. Keçmiş SSRİ-nin müttəfıq
respublikalarından görkəmli alimin ünvanına bu əsərə görə məktublar və təbriklər gəlirdi. F. e. d., professor Şükufə Mirzəyeva
bu barədə yazırdı: “Belə bir əsərin meydana çıxması bütün sovet ictimaiyyətinin nəzər-diqqətini özünə cəlb etdi. Əsərin
müəllifinə göndərilən çoxlu təbrik məktub və teleqramlar oxucuların Azərbaycan xalqının mədəni irsinə qızğın maraq
göstərdiklərinə və bu əsərə yüksək qiymət vermələrinə şahiddir” (3, s.16). Xalqımızın XIX əsr mədəniyyət, ictimai və fəlsəfi
fikir tarixini qədim və orta əsr mədəni, ictimai və fəlsəfi fikir tarixi ilə əlaqələndirmək məqsədilə akademik Heydər Hüseynov bu
kitabın müqəddiməsində yazır: “Müəllifin bu halda məqsədi, təfsilata varmadan, oxucuları Azərbaycan mədəniyyətinin qədim və
orta əsr tarixinə aid olan əsas cəhətlərlə ümumi şəkildə tanış etməkdən ibarətdir, zıra bunsuz XIX əsr mədəniyyəti xalqımızın
keçmişi ilə əlaqəsiz olardı, həm də XIX əsrin Azərbaycan xalqının mənəvi həyatının inkişafında yeni bir mərhələ təşkil etdiyini
başa düşmək mümkün olmazdı” (4,s.8).
Mütəfəkkir kitabında Azərbaycan xalqının qədim dövrünü araşdırmış və xalqımızın antik maddi və mənəvi
mədəniyyətə malik olduğunu göstərmişdir. Eyni zamanda müəllif kitabında VII-IX əsrlərdə orta əsr mədəniyyətinin inkişafında
Azərbaycan xalqının xüsusi rol oynadığını qeyd etmişdir. Heydər Hüseynov öz tədqiqatında XII əsrə xüsusi önəm və diqqət
yetirmişdir. Çünki həmin dövrdə Azərbaycan xalqının ədəbiyyat, elm və incəsənəti yüksək tərəqqiyə malik olmuşdur. Həmin
dövrün ictimai-siyasi, dini-fəlsəfı cərəyanlarına toxunan Heydər Hüseynov bu barədə yazırdı: “Nizaminin yaşayıb və yaratdığı
XII əsrdə Azərbaycanda sufizm adlanan dini-fəlsəfi cərəyan geniş yayılmışdır” (4, s.21). Heydər Hüseynov burada sufi
cərəyanını təhlil etməklə bərabər Mahmud Şəbüstərinin, İmaməddin Nəsiminin, Mahmud Əbubəkroğlunun və başqalarının, о
cümlədən digər Şərq mütəfəkkirlərinin fəlsəfi fikirlərini şərh etmiş, kitabları haqqında məlumat vermişdir. Şah İsmayıl Xətainin
Azərbaycan mədəniyyətinin inkişafında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən mütəfəkkir bu barədə yazırdı: “Xətai öz
dövlətinin paytaxtı Təbrizdə qiymətli əlyazmalardan ibarət zəngin kitabxana yaratmışdır. Onun hamiliyi altında məşhur Təbriz
miniatür məktəbinin banisi rəssam Bəhzad, Azərbaycan dilinə tərcümə olunmuş “Kəlilə və Dimnə” kitabına nümayişlər çəkmiş
Əvəz Əli və digər alimlər, rəssamlar, şairlər olmuşlar” (4, s.24). Heydər Hüseynov kitabında Məhəmməd Füzulinin
yaradıcılığına toxunmuş, onun etika, estetika və ictimai görüşlərini tədqiq etmişdir. Mütəfəkkir XIX əsr Azərbaycan ictimai və
fəlsəfi fikir tarixinin izahını, Azərbaycanın məşhur maarifçisi və alimi olan Abbasqulu Ağa Bakıxanovun dünyagörüşünü təhlil
etməklə başlayır. Onun fikrincə A.A. Bakıxanov yalnız görkəmli tarixçi deyil, həm də fəlsəfə, coğrafiya, astronomiya,
arxeologiya və pedaqoji sahələrlə də məşğul olan hərtərəfli bir alimdir. Ona görə A.A. Bakıxanov məşhur alim olmaqla bərabər,
eyni zamanda “Qüdsi” təxəllüslü istedadlı bir şair kimi də tanınır.
A.A. Bakıxanovun “Gülüstani-İrəm” adlı əsərini yüksək qiymətləndirən mütəfəkkirə görə onun bu əsərində ictimai
məsələlərin izahı idealist baxışdan izah edilmişdir. Eyni zamanda mütəfəkkir A.A. Bakıxanovun əxlaq nəzəriyyəsini təhlil etmək
məqsədi ilə onun “Təhzübül Əxlaq” (Əxlaqın saflaşdırılması) adlı əsərini də tədqiq etmişdir. Heydər Hüseynov kitabında Mirzə
Şəfı Vazehi xalqın maariflənməsi uğrunda mübarizə edən azad fikirli bir şəxsiyyət kimi göstərmişdir. Mütəfəkkir şairin
ictimai-siyasi baxışları üzərində dayanır və qeyd edir ki, Mirzə Şəfi Vazeh öz şerlərində xalqın milli özünüdərkini və
özünüdərkdən gələn azadlığnı tərənnüm edir. O, öz kitabında bu barədə yazır: “Mirzə Şəfi Vazehin poeziyası xalqla six bağlıdır.
Onun əzablarının, istəklərini və arzulanı əks etdirir”(5, s.181).
Heydər Hüseynov kitabında geniş yer verdiyi Azərbaycan mütəfəkkirlərindən biri də Mirzə Kazımbəydir. Onun
fikrincə, Mirzə Kazımbəy alim və mütəfəkkir kimi istər qərb, istərsə də şərq ədəbi qaynaqlarından istifadə edərək, XIX əsr
ictimai-siyasi və fəlsəfi fikir tarixinin inkişafında özünəməxsus yer tutur. O, yazırdı: “Mirzə Kazımbəyin elmi fəaliyyətində
Şamilin başçılığı altında dağlıların xalq azadlıq hərəkatına həsr etmiş olduğu tədqiqatları az yer tutmur” (5,s.230). Məhz Heydər
Hüseynovun öz kitabında Mirzə Kazımbəyin “Şamil və müridizm” adlı əsərinin admı çəkməsi onun Mircəfər Bağırovun
qəzəbinə düçar olması səbəblərindən biri idi. Akademik Heydər Hüseynovun bu kitabına müsbət rəy vermiş Mirzə İbrahimov,
M.A. Dadaşzadə, Mehdi Hüseyn də Mircəfər Bağırovun məruzəsində diqqətdən yayınmadılar. Halbuki Heydər Hüseynov
kitabında Şeyx Şamilə, müridizmə cəmi iki səhifə yarım yer vermişdir, digər tərəfdən də mütəfəkkir filosof... Şeyx Şamil və
müridizm haqqında Sovet tarixi ədəbiyyatında deyilənlərdən kənara çıxmamışdır (6). Əlbəttə, bu gözlənilməz və dəhşət doğuran
hadisə Heydər Hüseynovu sarsıtmaya bilməzdi. Onun həyatının ən ağır dövrü başlamışdır. Bu dövr təkcə akademik Heydər
Hüseynov üçün deyil, eyni zamanda hamı üçün ağır və gözlənilməz faciələr dövrü idi. Çünki bu dövrdə şəxsiyyətə pərəstişin
amansız dalğaları gah yatır, gah da tüğyan edirdi. Bütün bunlara baxmayaraq Heydər Hüseynov Mirzə Kazımbəyi ilk dəfə olaraq
böyük bir alim, mütəfəkkir və vətənpərvər ziyalı kimi öz əsərində tərənnüm edirdi. ...Heydər Hüseynovun əsərində ilk dəfə
olaraq Azərbaycanın XIX əsr ictimai-siyasi və fəlsəfi fikrin görkəmli nümayəndəsi, rus şərqşünaslığının banisi Mirzə
Kazımbəyin tədqiqatları təhlil olunub (7).
Heydər Hüseynov kitabında Azərbaycan xalqının filosofu və maarifçisi M.F. Axundovun da fəlsəfi və ictimai görüşləri
haqqında məlumat vermişdir. Akademikə görə bütün Şərqdə dramaturgiyanın banisi hesab edilən M.F. Axundovun bilik dairəsi
çox geniş olmuşdur. M.F. Axundov yazdığı bir sıra komediya, hekayə və şeirlərindən başqa, eyni zamanda fəlsəfə, əxlaq,
siyasət, estetika, pedaqoji və ədəbi tənqid məsələlərinə dair xüsusi əsər və məqalələrin də müəllifidir. H. Hüseynovun fikrincə,
“Mirzə Fətəli Axundov Azərbaycan ictimai və fəlsəfi fikrinin inkişafı tarixində parlaq bir səhifə açmışdır”(5, s.268).
Azərbaycanda fəlsəfi və ictimai- siyasi fikrin inkişafı tarixində M.F. Axundovun rolundan bəhs edən H. Hüseynov yazırdı:
“Mirzə Fətəli Axundov Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixində müəyyən mənada bir dönüş əmələ
gətirmişdir, onun fəlsəfı əsərləri Azərbaycanın qabaqcıl adamlarının fıkir və arzularını məşğul edən bütün əsas məsələləri
özündə əks etdirmişdir”(3, s.24). Heydər Hüseynova görə M.F. Axundovun dünyagörüşünün formalaşmasında Azərbaycanın
mütəfəkkir şairi Mirzə Şəfi Vazehin fəlsəfi fikirləri böyük təsiredici rol oynamışdır. M.F. Axundovun ictimai görüşlərini Heydər
Hüseynov ədib və filosofun yaşadığı dövrünün ictimai, iqtisadi və siyasi şəraiti ilə əlaqədar şəkildə tədqiq etmişdir. Akademikə
görə, insanın hüquq bərabərliyi məsələsində Mirzə Fətəli Axundov qadınların hüquq bərabərliyi məsələsinə daha çox diqqət
yetirmişdir. H. Hüseynova görə Mirzə Fətəli Axundov Azərbaycan xalqının maariflənməsini ən vacib məsələ hesab etmişdir.
M.F. Axundovun Həsən bəy Zərdabiyə yazdığı məktub da buna əyani sübutdur. Heydər Hüseynov kitabında Mirzə Fətəli
Axundova həsr etdiyi fəsli bu sözlərlə bitirir: “Mirzə Fətəli Axundov xalqı bütün ürəyi ilə sevirdi, o, həm də qızğın bir
vətənpərvər idi. Azərbaycan xalqının bu görkəmli oğlu öz zəmanəsinin mütərəqqi ideyalarmı öz əsərlərində təcəssüm etdirərək,
həmin əsərlərlə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixində tam bir dövr açmışdır”(5, s.392).
Heydər Hüseynov “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabında Azərbaycanda ictimai və
fəlsəfi fikir tarixində görkəmli simalardan olan, maarifpərvər - demokrat, təbiətşünas alim, “Əkinçi” adlı ilk Azərbaycan
qəzetinin banisi və redaktoru, Azərbaycan teatrının əsasını qoyan, görkəmli ictimai xadim Həsən bəy Məlikov-Zərdabiyə də
geniş yer vermişdir, Heydər Hüseynov kitabında yazırdı: “Zərdabi Azərbaycan teatrının yaradılması haqqında çox fikirləşdi. O,
tez-tez deyirdi: “Teatr xalqın inkişafı üçün güclü təkandır”(5, s.404). H.B. Zərdabiyə görə hər bir xalq üçün, onun inkişafı və
maariflənməsi üçün qəzet zəruridir, elə bir qəzet ki, hətta kəndli də onu oxuya bilsin. Qəzet güzgüdür, burada xalq onun
ətrafında və onunla nə baş verdiyi dəqiq görsün. Qeyd edək ki, Zərdabi Azərbaycan dilində qəzetin nəşr edilməsi üçün uzun illər
sərf etmiş və bütün çətinliklərə baxmayaraq 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin birinci saymı çapdan çıxartmışdır.
Heydər Hüseynov kitabında bu barədə yazırdı: “Əkinçi” qəzetinin nəşr edilməsinin bütün müsəlman Şərqi üçün böyük
əhəmiyyəti olmuşdur, qəzet Rusiyada yaşayan bütün müsəlmanları hərəkətə gətirdi. O, sanki elektrik cərəyanı kimi bütün
müsəlman aləmindən keçdi”(5, s.412).
Heydər Hüseynov kitabında Həsən bəy Zərdabinin pedaqoji və ədəbi görüşləri üzərində xüsusi olaraq dayanmışdır.
Azərbaycanda ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin roluna xüsusi qiymət verən Heydər Hüseynov kitabında yazırdı:
“O, birinci Azərbaycan qəzetinin yaradıcısı, Azərbaycan teatrının banisi, maarifpərvər-demokrat alim və görkəmli ictimai xadim
olduğundan Azərbaycanda ictimai fikrin inkişafına çox böyük təsir göstərmişdir”(5, s.377). Qeyd edək ki, Həsən bəyi əhatə edən
ziyalılar içərisində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri yetişmişdir. Onların əsərləri Azərbaycan
dramaturgiyası, teatr və musiqi tarixində parlaq bir səhifə açmışdır. Akademik Heydər Hüseynov Azərbaycanın qabaqcıl
ziyalıları, maarifpərvər demokratları və ictimai xadimləri içərisində “Molla Nəsrəddin” jurnalının yaradıcısı və redaktoru olan
Cəlil Məmmədquluzadənin də Azərbaycanda ictimai fikrin inkişafında böyük rolu olduğunu qeyd edir.
Beləliklə, Heydər Hüseynovun bu əsəri təkcə XIX əsri deyil, xalqımızın ən qədim tarixindən başlamış XIX əsrin
axırınadək olan böyük bir dövrü əhatə etmişdir. Heydər Hüseynovun tələbələrindən olan f. ü. f. d. Sabir Əsədov bu kitab
haqqında yazırdı: “Bu fəsilləri diqqətlə oxuduqdan sonra belə qənaətə gəldim ki, bu kitab təkcə Azərbaycanın fəlsəfi və ictimai
fikir tarixindən deyil, ümumiyyətlə, xalqın tarixindən, onun mədəniyyətindən bəhs edən sanballı bir əsərdir. Bunu mən beş
doktorluq dissertasiyasına bərabər sayıram”(8,s.26).
1950-ci ilin 22 mart tarixli “Literaturnaya qazeta” qəzetində dərc olunmuş “Azərbaycanın görkəmli mütəfəkkirləri”
adlı məqaləsində tanınmış rus alimi L. Klimoviç Heydər Hüseynovun kitabı haqqında yazırdı: “Heydər Hüseynovun əsərində
Azərbaycan xalqının mədəniyyət abidələrini yaratdığını, ictimai və fəlsəfi fikir tarixinə görkəmli nümayəndələr bəxş etdiyi
haqqında qiymətli məlumatlar öz əksini tapmışdır”(7).
Göründüyü kimi, akademik Heydər Hüseynov Azərbaycan fəlsəfi fikrinin inkişafında mühüm rol oynamış və o,
Azərbaycan fəlsəfəsi tarixinin təbliğində geniş səy göstərmişdir. Xalqın özünüdərk ideyalarından bəhrələnən Heydər Hüseynov
geniş elmi-fəlsəfi yaradıcılığı ılə 1944-cü ildə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında fəlsəfə bölməsinin
yaradılmasında və 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasında Fəlsəfə İnstitutunun açılmasında mühüm rol oynamışdır.
Bütün bunlar Azərbaycanda fəlsəfi fikrin sonrakı inkışafına təkan verən əsas amillər idi.
Beləliklə, Heydər Hüseynovun milli özünüdərk ideyalarından qidalanan və Azərbaycan xalqının fəlsəfi fıkir tarixinə,
dil və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə aid qiymətli əsərləri Azərbaycan elm xəzinəsinə həmişə mühüm əhəmiyyət kəsb
edən və aktual olan dəyərli bir hədiyyə kimi daxil olmuşdur.
Açar sözlər: ictimai fikir, milli özünüdərk, milli mədəniyyət, milli ədəbiyyat, dövri mətbuat, milli şüur.
İstifadə olunmuş ədəbiyyat
1.
Mahmudov H.Z. Heydər Hüseynov 1908-1950. Biblioqrafiya. Bakı: Az. SSR EA, 1965,46 s.
2.
İbrahimov M. Xalqdan qidalanan fəlsəfi təfəkkür. Kommunist qəzeti, 12 avqust 1989cu il.
3.
Mirzəyeva Ş. Heydər Hüseynov. Bakı: Qızıl Şərq, 1957, 38 s.
4.
Hüseynov H. XIX əsr Azərbaycan ictimai və fəlsəfı fıkir tarixindən. Bakı: Zəkioğlu, 2006, 544 s.
5.
Гусейнов Г. Из истории общественной и философской мысли в Азербайджане XIX века. Баку: Азернешр, 1958,
430 с.
6.
Mirhadıyev М. Alimin şöhrəti və faciəsi. Kommunist qəzeti, 22 sentyabr 1988-ci il.
7.
Климович JI. Замечательные мыслители Азербайджана. Литературная газета, 22 марта 1950 г.
8.
Əsədov S. Heydər Hüseynov. Bakı: Azərnəşr, 1998,96 s.
Алияр Оруджов
РОЛЬ ГЕЙДАРА ГУСЕЙНОВА В ИСТОРИИ РАЗВИТИЯ ОБЩЕСТВЕННОЙ И ФИЛОСОФСКОЙ
МЫСЛИ АЗЕРБАЙДЖАНА
Резюме
В статье исследовано наследие ученого, философа, публициста, общественного деятеля и выдающейся
личности азербайджанской культуры XX века академика Гейдара Гусейнова. Он является основателем истории
философии и общественной мысли Азербайджана. В научно-философских трудах Гейдара Гусейнова, пронизанных
идеями национального самосознания, философской мысли азербайджанского народа, дается высокая оценка его
(народа) языка, культуры, литературы и искусства.
Ключевые слова: общественная мысль, национальное самопознание, национальная культура, национальная
литература, периодическая печать, национальное сознание.
Aliyar Orujov
THE ROLE OF HEYDAR HUSEYNOV IN THE HISTORICAL DEVELOPMENT OF THE SOCIAL AND
PHILOSOPHICAL IDEAS IN AZERBAIJAN
Summary
In the article there was investigated and analysed the role of the great scientist, philosopher, public figure and
personality of the Azerbaijan culture in the XX th century academician Heydar Huseynov in the historical development of the
social and philosophical thought. The scientist is the founder of philosophy history of Azerbaijan. In the scientific-philosophical
works of Heydar Huseynov permeated with the ideas of national self-consciousness, philosophical thought of the Azerbaijani
people, there is given a high appraisal of their (people) language, culture, literature and art.
Keywords: public thought, national self-cognition, national culture, national literature, periodical press, national
consciousness.
Dostları ilə paylaş: |