Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək
Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və
texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin
genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi
üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan
sonra – “YT Park”) yaradılsın.
2. Müəyyən edilsin ki, “YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-
konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə
tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və
idarəetmə qurumları olan ərazidir.
3. “YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər
Akademiyası həyata keçirir.
4. Azərbaycan Milli Elmlər Akademiyası “YT Park”ın ərazisində xarici və daxili
infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün
digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün.
5. “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər
Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılsın.
6. “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra
– Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət
təşkilatına və orqanına həvalə edilsin:
6.1. Azərbaycan Milli Elmlər Akademiyasına:
6.1.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
6.1.2. Cəmiyyətin Müşahidə Şurasının seçilməsi;
6.1.3. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən
olunması və xərclər smetasının təsdiq edilməsi;
6.1.4. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların
səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
6.1.5. Cəmiyyətin icra orqanının
rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və
filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad
edilməsi;
6.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının
təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
6.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri
Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması
haqqında qərar qəbul edilməsi;
6.2. Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Azərbaycan Respublikasının
Ə
mlak Məsələləri Dövlət Komitəsinə:
6.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının
miqdarının müəyyən edilməsi;
6.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə
cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
6.2.3. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
7. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən
həyata keçirilir.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə
bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
8.4. “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə
yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq
sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay
müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
8.5. bu Sərəncamın 4-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri
maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma
xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini
təmin etsin;
8.6. “YT Park”ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata
keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki
və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
8.7. “YT Park”ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və
prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq
ə
məkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb
edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
8.8. “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə
dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
8.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2016-cı il.