“Dövlət və Din”.-2010.-№4.-S.44-50.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ,
ONLARIN MAHİYYƏT VƏ TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
ANAR TURAN,
AMEA-nın A .A Bakıxanov adına Tarix İnstitutunun dissertantı
Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən
özünəməxsusluğu əks etdirir. Dövlət yaradan xalq ilk növbədə onun atribut-larını təsis edir ki, fərqli, həm də xüsusi
siması olsun.
Milli rəmzlər elə aktual mövzudur ki, hətta dövlət yaratmamış, lakin buna can atan xalqların, mübarizəni sivil
yolla, yaxud separatçı üsullarla aparan qruplaşmanın belə öz atributları mövcuddur. Çünki atribut istər xalqın,
istərsə də təsis edilən hər hansısa qurumun mübarizə simvoludur.
Azərbaycan Respublikasının bayraq, gerb və himndən ibarət dövlət rəmzləri mövcuddur. Konstitusiyamızda
bu barədə deyilir: "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir".
Azərbaycan Respublikasının dövlətçilik rəmzlərinin birincisi Dövlət bayrağıdır. Milli bayraq - siyasi-ideoloji,
mənəvi baxımdan bir millətin və onu təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. "Bayraq" sözü
ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Böyük türk dilçisi, dahi filoloq alim Mahmud Kaşğarlının "Divanü
lüğətit-türk" əsərində "bayrak-batrak" kəlmələrinə yer verilmişdir.
"Bayraq" sözü müstəqillik işarəsidir. Müasir anlamda bayraq, dövlətimizin, millətimizin müstəqillik,
suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq
müqəddəs anlam daşıyır. Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunmuşdur. Bayraq, eyni
zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və
rolunun təcəssümüdür.
Konstitusiyamızın 23-cü maddəsində deyilir: "Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli, üç
üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir."
Dövlətimizin əsas qanununa uyğun şəkildə hazırlanan bayrağımız üçrəngli, ay-ulduzlu hissələrdən ibarətdir.
Hər simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Qeyd etmək
lazımdır ki, bayraq, onun mənşəyi, tarixi, müasir vəziyyəti, əks olunan rəmzlərin məna və istifadə təyinatları,
bayrağın qaldırılma və endirilmə mexanizmi və s. barədə veksilologiya elmi məşğul olur. Müasir veksilologiya
elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisində qırmızı rəngli bayraqlar
birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə iki hissəsini təşkil edir. Onun ardınca ağ, mavi, qara və yaşıl
rəngli bayraqlar gəlir. Bayraqlar rənglərin sayına görə də müxtəlif növlərə ayrılır ki, onlar içərisində üçrəngli
bayraqlar üstünlük təşkil edir. Bu cür bayraqlara trikolor ("üçrəngli" bayraq) deyilir.
1918-ci ildə görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin rəhbərliyilə Şərqdə ilk demokratik respublika olan
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Təbii ki, bu zaman milli atributların təsis edilməsi məsələsi ortaya çıxdı.
Əli bəy Hüseynzadənin irəli sürdüyü ölkənin baş ideologiyası olan "Türkçülük, Müasirlik, İslamçılıq" siyasi xəttinə
uyğun bir bayraq hazırlandı və həmin bayraq bu gün də Azərbaycanın müstəqilliyini özündə əks etdirir. O zaman
cəhalət içində boğulmaq üzrə olan xalqımızın təəssübkeş ziyalıları, mənəvi, milli və müasir dəyərləri özündə ehtiva
etdirən bir mübarizə xətti götürdülər ki, bu da sonunda ölkənin müstəqil dövlət olaraq elan edilməsinə gətirib
çıxardı. Böyük maarifçi-ideoloqumuz Əli bəy Hüseynzadənin yaratdığı "türkləşmək, islamlaşmaq, müasirləşmək"
düsturu ziyalılarımız tərəfindən dəstəkləndi və sonralar Türkiyənin böyük dühası Ziya Göyalp bunu daha da inkişaf
etdirib konsepsiya halına saldı. AXC yaranandan sonra da bu ideyalara sadiq qalaraq öz milli atributlarını bu
düsturun üzərində qurdu. Hələ AXC-nin ilk parlamentinin açılışını edən Azərbaycan Milli Şurasının sədri M.Ə.
Rəsulzadə üçrəngli milli bayrağımızı göstərərək, onun əbədiyyətinə sonsuz inamını belə ifadə etmişdi: "Müstəqil
Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir
Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir
dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir..." (3).
Beləliklə, bayrağımızın mavi rəngini mənalandıran "türkçülük" milli kimliyimizi dərk etmək, ənənələri
dirçəltmək, soykökünə bağlılıq, dilimizin, tariximizin qorunması, milli inkişaf, milli istiqlal, milli mücadilə
deməkdir. Bayrağımızın mavi rəngi Azərbaycan xalqını türkçülük ətrafında birləşdirir və bizi bir xalq olaraq
özümüzü dərindən dərk etmək üçün istiqamətləndirir. Müasirləşmək dedikdə isə xalqımızın bundan sonra keçəcəyi
inkişaf, tərəqqi yolu nəzərdə tutulur. Həmin dövrdə Avropa dünyanın elmi-texniki nailiyyətlər baxımından son
modern qütbü sayıldığından, milli düşüncəli uzaqgörən ziyalılarımız mənəviyyatca avropasayağı yox, elmi inkişaf,
qabaqcıl düşüncə baxımından avropasayağı olmağı tövsiyə edir və bu prinsipi müasirlik kimi qiymətləndirirdilər.
Nəticə etibarilə bayrağımızda qırmızı rəng müasirliyi özündə əks etdirir və bu ölkəmizin gələcək inkişaf yolunu
göstərməkdədir.
İslamlaş maq deyəndə isə ilk növ-bədə xalqımızın uzun əsrlərdir ki, mənəvi aləmini zənginləşdirən, əxlaq
dəyərlərini, mərdliyi, cəsarəti və Uca Ya-radana olan sonsuz inamını təcəssüm etdirən məfhumdan söhbət gedir ki,
bu da öz növbəsində milli bayrağımız-da yaşıl rənglə ifadə olunur. Çünki yaşıl, həqiqətən, İslamın rəmzidir. İslamın
qədimdən bütün bayraqları yaşıl rəngli olmuşdur. İslamçılıq ideyaları azərbaycanlıların milli mənlik şüurunun, milli
istiqlal uğrunda mübarizəsinin, İslam dünyası ilə sıx əlaqələrin yaranmasına və möhkəmləndirilməsinə xidmət edir.
Dahi filosof Cəmaləddin Əfqaninin "Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" adlı əsərində
islamçılıq ideyalarının milli ideyalarla dərindən bağlılığını və milli inkişafa hər zaman təkan verən qüvvə olduğunu
qeyd etmişdir. Filosof konkret olaraq türk, fars, ərəb və başqa milli kimliklərdən danışmır. O, bütün İslam
ümmətindən bəhs edir və bu ümməti birliyə çağırır. Millətlərin məhv olmaması və tərəqqisi üçün dil faktorunun
vacibliyini vurğulayır. Dil birliyini yaradıcı amil hesab edən Əfqani qeyd edir ki, ictimai qüsurları birgə dəf etmək,
milli çətinlikləri birgə aradan qaldırmaq, müsibət və bədbəxtliklərdən nicat yollarını arayıb tapmaq və yekdil
həmrəylik hissi yaratmaq üçün dilin mükəmməl öyrənilməsi, qorunması vacibdir (4).
Onu da qeyd edək ki, C. Əfqaninin bu əsəri İslam xalqlarının, xüsusilə türklərin milli oyanışında mühüm rol
oynamışdır. M.Ə. Rəsulzadə bu əsəri Azərbaycan türkcəsinə tərcümə etmişdir.
Azərbaycan Respublikasının milli bayrağındakı böyük məna daşıyan nişanlardan biri də qırmızı zolağın hər
iki üzündə təsvir olunan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur.
Milli bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur.
Bəziləri səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını ifadə etdiyini bildirirlər. Bu tamamilə məntiqsiz
birfikirdir. Çünki Azərbaycandakı etnosların sayı səkkizdən daha çoxdur. Bu simvolun Osmanlı imperiyasının
bayrağından götürüldüyünü deyənlər də var. Tarixi baxımdan isə üç min ildən çoxdur ki, bu rəmz qədim türk-şərq
xalqlarının dövlətçilik atributlarında yer almışdır. Bəzi Qərb tədqiqatçıları ayparanı İslamın simvolu kimi qələmə
verirlər və belə hesab edirlər ki, aypara orta əsrlərdə Qərbin Şərqə Səlib yürüşləri zamanı İslam birliyinin
təcəssümü olmuşdur. Türkiyəli tarixçi Fevzi Kurtoğlu qeyd edir ki, hilal (aypara) 5000 il bundan əvvəl Orta
Asiyadan Ön Asiyaya köç etmiş şumerlilər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk
heraldikasında istifadə olunması nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmet Fatehin
İstanbulu fəthindən başlamışdır. Bunun köklərini uzaq keçmişdə axtarmaq lazımdır. Hilal türk millətinin tarixi
qədər qədimdir.
Səkkizguşəli ulduzun mənası əslində günəş kimi yozulmalıdır. Çünki əski türklərdə günəş səkkizguşə
şəklində təsvir olunur və ona ehtiram göstərilirdi. Maniçilik dinini qəbul etdikdən sonra Ay kultuna da üstünlük
verən türklər aya ilahi qüvvə kimi müraciət edirdilər. Bir sözlə bayrağımızdakı aypara və səkkizguşəli ulduzun
məna etibarilə qədim türk-şərq xalqlarının inanc sistemi ilə bağlılığı vardır.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ
Azərbaycan Respublikasının Dövlət gerbi müstəqilliyimizin, istiqlalımızın əsas simaları və rəmzlərindəndir.
Avropa mənşəli "gerb" sözü "vərəsəlik" mənasına gəlməklə istənilən dövlətin, şəhərin, qohumluq birliyi və ya
nəslin fərqləndirici nişanı olub, əksər hallarda bayraqda, möhürdə, pul vahidlərində, istiqraz vərəqələrində və s. öz
əksini tapır. Gerbin mənşəyi, ondakı simvolların məna və funksiyası, xüsusiyyətləri, quruluşu və s. məsələlərlə
heraldika sənəti məşğul olur.
Milli gerb hər xalqın, dövlətin, şəhərin milli və dini, mifik görüşlərini, eyni zamanda tarixi siyasi-ideoloji və
mədəni baxışlarını əks etdirir. Bu baxımdan dövlət gerbimiz həm simvolların zəngin ahəngdarlığına, həm də
dövlətçiliyimizin, xalqımızın tarixi və mədəniyyətini hərtərəfli əks etdirməsilə digər ölkələrin gerblərindən
fərqlənir.
Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan
Xalq Cümhuriyyətinin dövründə hazırlanmışdır. "Azərbaycan" qəzetinin 1919-cu ilin martın 23-dəki sayında AXC
Nazirlər Şurasının Dövlət gerbinin təsvirinin hazırlanması barədə qərarı dərc olunmuşdur. Lakin müsabiqə uğurla
nəticələnmədiyindən Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün,
milli himnin və hərbi ordenlərin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi və bu işi Xalq
Maarifi nazirliyinə tapşırdı. Nazirlik 1920-ci ilin fevralın 19-da "Azərbaycan" qəzetində gerb və himnin
hazırlanması barədə müsabiqə elan etdi. Milli istiqlalın ikinci ildönümünə qədər bu müsabiqədə qalib elan olunmalı
idi. Təəssüf ki, mənfur sovet işğalı bu taleyüklü məsələləri sonadək həll etməyə imkan vermədi.
Dövlət gerbindəki qalxan azərbaycanlıların şərq xalqlarından, eyni zamanda Şərq dövləti olması ilə yanaşı,
hər cür təcavüzə mətinliklə sinə gərən, əzəmətli, dözümlü mənalarını verir. Qalxanın üzərindəki üç rəng milli
ideoloji düsturumuz olan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Səkkizguşəli ulduz əbədiyyət rəmzi olan
Günəşi, alov - Odlar yurdunu, palıd budaqları - milli hərbi dəyanətimizi və qüdrətimizi, sünbül - Vətənimizin
bolluğunu, bərəkətliliyini, çörəyə olan doğma münasibətini, günəşin ağ rəngdə olması isə xalqımızın və
dövlətimizin sülhsevərliyini, sabitliyin tərəfdarı olduğunu göstərir.
Bir sözlə milli gerbimizdə əks olunan işarə və ifadələr Azərbaycan dövlətçiliyilə yanaşı, ümumbəşəri
dəyərlərə xidmət edir və dünya heraldika qanunauyğunluqlarına cavab verir.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ
Azərbaycan xalqının mənəvi sərvətlərindən biri də onun Dövlət Himnidir. Milli himn əsas dövlətçilik
atributlarımızdan olmaqla yanaşı, milli birliyimizin sözlə və musiqilə ifadə olunan müqəddəs şah əsərimizdir.
Himnimiz, milli dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, yerli və beynəlxalq tədbirlərdə, təhsil
müəssisələrində mövcud qanunvericilikdə göstərilən şəkildə hər zaman ayaq üstə, böyük coşqu və ehtiramla
oxunur. Bu da milli himnə olan sevgi və sayqımızı, vətənimizə son dərəcə bağlı olduğumuzu nümayiş etdirir. Artıq
Azərbaycan türkcəsində də qərar tutmuş "himn" sözü qədim yunan (humnos) mənşəlidir. Qədim Yunanıstanda
himndən yunan allahlarının və qəhrəmanlarının şərəfinə istifadə edilirdi. Çağdaş dövrümüzdə isə himn dövlətin və
xalqın milli müstəqilliyinə həsr edilən şanlı musiqi kimi qiymətləndirilir.
Musiqisini dahi bəstəkarımız Ü. Hacıbəylinin bəstələdiyi, sözlərini isə böyük şairimiz Əhməd Cavadın
yazdığı milli himnimiz bu gün də AXC-nin varisi olan müstəqil respublikamızın Dövlət Himni kimi böyük coşqu ilə
oxunur. Amma tarixdə Üzeyir bəyin böyük dahiliklə yaratdığı bu əsərin adını çəkmək 70-il yasaq olundu. 1989-cu
ilin 14 iyul tarixində "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunmuş "Üzeyir Hacıbəyovun iki marşı" adlı yazı
dərc edildi. Aydın oldu ki, Üzeyir bəyin iki marşı "Azərbaycan milli marşı" və "Azərbaycan marşı" adı altında ilk
dəfə görkəmli türk musiqişünası Etem Üngör tərəfindən özünün "Türk marşları" kitabında (Ankara, 1966) çap
olunmuşdur. Etem Ungörün "Türk marşları" əsərində verdiyi məlumata görə, hər iki musiqi Cümhuriyyət dövründə
hərbi məktəblərdə əsgər marşı kimi öyrədilirmiş.
Azərbaycan Respublikasının Al Soveti "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 27.05.1992-ci
il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Ü. Hacıbəyovun, mətni Əhməd Cavadın olan
"Azərbaycan marşı"nı təsdiq etdi.
Hazırda böyük coşqu ilə rəsmi və ya qeyri-rəsmi tədbirlərdə oxunan himnimiz qəhrəmanlığa, rəşadətə,
mübarizəyə səsləyən musiqilə bəslənmişdir.
Azərbaycanın dünya şöhrətli siyasətçisi Ümummilli Lider H. Əliyevin dövlət rəmzləri, xüsusilə himnimiz
barədə fikirləri olduqca maraqlıdır: "Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda
hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri
Azərbaycanın bu gün qəbul etdiyi qanunla istifadə etdiyimiz Dövlət Himnidir və bir də Azərbaycanın dövlət
bayrağıdır..."
ƏDƏBİYYAT
1 Azərbaycan Respublikasının Konstitusiyası.
2 Mərdanov M., Quliyev Ə. Azərbaycan Dövlət Rəmzləri. Bax, "Çaşıoğlu" 2001, s. 38.
3. AXC (1918-1920) Parlament (Stenoqrafik hesabatlar). Bakı, "Azərbaycan" nəşriyyatı, 1998,1 cild, s.34.
4. Qurbanov Ş. Cəmaləddin Əfqani və Türk dünyası. Bakı, 1998.
5. Kurtoğlu Fevzi. Türk bayrağı və ya ay-ulduz. Ankara, 1992.
6. "Ədəbiyyat və İncəsənət" qəzeti, 14 iyul,1989.
7. Etem Ungor. Turk marşları. Ankara, 1999.
8. Yaqublu N. Rəsulzadə M.Ə. Bakı, 1991, s. 140.
9. "Azərbaycan məktəbi"jurnalı, 1999, N-5, s. 5, 6.
Государственная атрибутика Азербайджанской Республики,
ее сущность и воспитательное значение
РЕЗЮМЕ
Статья посвящена государственной атрибутике Азербайджанской Республики - национальному флагу,
гербу и гимну страны.
В ней рассказывается об истории создания, содержании и основных качествах, смысле и функциях
государственных символик.
Тема освящается с исторических, политико-идеологических и со циологических аспектов.
Dostları ilə paylaş: |