“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını,
dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş
hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın həyata keçirilməsi
üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın icrasının gedişi
barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il
№ 273
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 14 fevral tarixli 273 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası
1. Məzmun
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət
siyasətinin tərkib hissəsidir. Dövlət quruculuğu, iqtisadiyyat və sosial sahələrdə həyata
keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə
təsir göstərmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxsaylı daxili və xarici
problemlərlə üzləşmiş, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Məhz
belə şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin rəhbərliyi ilə ölkədə daxili siyasi sabitlik bərpa edilmiş, ölkənin gələcək
inkişafının strategiyası və əsas istiqamətləri müəyyənləşdirilmişdir. Həmin vaxtdan
etibarən bütün fəaliyyət sahələrində, o cümlədən mədəniyyət sahəsində köklü islahatlar
aparılmış və yüksək nailiyyətlər əldə edilmişdir.
Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan
nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.
Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları,
beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin
qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin
rəhbər tutduğu prinsiplərlə səciyyələnir.
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli
506-IVQ nömrəli Qanununa görə mədəniyyət sahəsində dövlət siyasəti:
bərabərlik - hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının
bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;
demokratiklik - əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət
sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların
genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət
təşkilatlarının yaradılmasının stimullaşdırılması;
humanistlik - dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və
azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin
prioritet kimi qəbul olunması;
inteqrasiya - dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin
universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması,
zənginləşdirilməsi və inkişafının təmin edilməsi;
tarazlılıq - mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin
bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin
inkişafının təmin edilməsi;
keyfiyyətlilik - mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl
standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin
maraqlarına uyğunluğunun təmin olunması;
dünyəvilik - dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin
olunması;
səmərəlilik - mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son
nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;
varislik - mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə
ötürülməsi;
istedad amili - fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına
xüsusi qayğının göstərilməsi kimi prinsiplərə əsaslanır.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq insan
qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, işğal edilmiş ərazilərdə yerləşən yaşayış
evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət
müəssisəsi, o cümlədən 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi,
85 musiqi və rəssamlıq məktəbi, 22 muzey və muzey filialları, 4 rəsm qalereyası, dünya
əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242, yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsi, o
cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər),
Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın
Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim
sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, ümumdünya əhəmiyyətli 6
memarlıq və 7 arxeoloji abidə, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin
qurbanına çevrilmişdir.
Beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının da qoşulduğu "Silahlı
münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il 14 may tarixli
Konvensiyanın müddəalarına zidd olaraq həmin abidələrin əksəriyyəti talan edilmiş,
dağıdılmış, yerlə yeksan edilmişdir. Cavabdehin beynəlxalq hüquq normaları çərçivəsində
cəzalandırılması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.
“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra
-Konsepsiya) Azərbaycan mədəniyyətinin inkişafının, daxili və xarici təhdidlərdən
(saxtakarlıq, mənimsəmə, təhriflər, tarix və mədəniyyət abidələrinin məqsədli şəkildə
məhvi və s.) qorunmasının və dünya mədəniyyətinə uğurlu inteqrasiyasının əsas
istiqamətlərini, mədəniyyət hüquqlarının təminatı formalarını müəyyən edir.
Konsepsiya mədəni sərvətlərin, o cümlədən maddi və qeyri-maddi mədəni irs
nümunələrinin, Azərbaycanın xarici dövlətlərdə milli mədəni irsinin, beynəlxalq hüquq
normalarına əsaslanaraq qorunması, bərpası, təbliği və təşviqi istiqamətində
genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
2. Konsepsiyanın əsas məqsəd və vəzifələri
Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə,
mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə
uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının
təmin olunmasından ibarətdir.
Konsepsiyanın əsas vəzifələri mədəniyyətin bütün sahələrinin, o cümlədən
mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-
texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını,
mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin
təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir.
2.1. Hüquqi təminatın inkişaf etdirilməsi
Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan və vətəndaş hüquqları və
azadlıqları kimi fundamental əsaslarının təmin olunması milli maraqların həyata
keçirilməsinə əhəmiyyətli dəstəkdir. Bu səbəbdən mədəniyyət siyasətinin həyata
keçirilməsinin əsas vasitələrindən olan mədəni həyat və onun hər bir mərhələsinin -
mədəni sərvətlərin yaradılması, qorunması, təşviqi və mənimsənilməsi proseslərinin
hüquqi tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan işlərin davam
etdirilməsinin zəruriliyi nəzərə alınaraq, aşağıdakı vəzifələr müəyyən edilir:
- mədəniyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən
mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətləri tənzimləyən hüquqi
aktların təkmilləşdirilməsi;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində
mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması;
- mədəniyyət sahəsində peşəkarlıq səviyyəsinin artırılması.
2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi
Mütərəqqi beynəlxalq təcrübəyə əsasən, mədəniyyətin idarə olunmasında ən
müvəffəqiyyətli üsullar bu işə dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və
özəl sektorun cəlb olunması, dövlət orqanlarının və bələdiyyələrin qarşılıqlı əməkdaşlığı,
mədəniyyət təsisatlarından səmərəli istifadənin təşkili, mədəniyyət sahəsində dövlət
siyasəti prinsiplərinin rəhbər tutulması, müasir innovativ idarəçilik metodlarının tətbiqi və
inhisarçılığın qarşısının alınması yolu ilə təmin edilir.
Mədəniyyətin idarə olunması sahəsində aparılacaq islahatlar çərçivəsində aşağıdakı
əsas vəzifələr müəyyən edilir:
- dövlət mədəniyyət sisteminin təkmilləşdirilməsi, mədəniyyət, o cümlədən
incəsənət sahələrinin idarə olunmasında yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın
inkişaf etdirilməsi;
- mədəniyyət, o cümlədən incəsənət sahələrində art-menecment və prodüserlik
sistemlərinin formalaşdırılması və müasir inzibatçılığın təşviqi;
- qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, milli
mədəni özünəməxsusluğun və çoxşaxəliliyin, multikulturalizmin qorunub saxlanılması,
fərdi təşəbbüslərin təşviq edilməsi və layihələrin həyata keçirilməsi məqsədi ilə
mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması.
2.3. Maliyyə mənbələrinin diversifikasiyası
Azərbaycan Respublikasında mədəniyyət sahəsinin maliyyə mənbələrinin
diversifikasiyası üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitin inventarlaşdırılması,
təhlili, qiymətləndirilməsi və səmərəliliyinin artırılması nəticəsində optimal maliyyələşmə
həddinin müəyyənləşdirilməsi, habelə xərclərin ünvanlı istifadə edilməsi məqsədi ilə
dövlət sifarişlərinin daha geniş tətbiq olunması və ayrılan dövlət vəsaitlərinə nəzarətin
gücləndirilməsi;
- mədəniyyətin maliyyə imkanlarının genişləndirilməsi üçün alternativ maliyyə
mənbələrinin (büdcədənkənar vəsaitlər, qrantlar, ianələr və digər qanuni maliyyə
mənbələri) cəlb edilməsi;
- menecment və marketinqin inkişaf etdirilməsi vasitəsi ilə mədəniyyət
müəssisələrində göstərilən ödənişli mədəniyyət xidmətlərinin təkmilləşdirilməsi, o
cümlədən genişləndirilməsi.
2.4. İnformasiya təminatının təkmilləşdirilməsi
Dövlət quruculuğunun digər sahələri kimi Azərbaycan Respublikasının mədəniyyət
sahəsində dövlət siyasətinin formalaşdırılması da hərtərəfli mədəni-siyasi tədqiqatlara və
əlaqəli innovasiyalara əsaslanmalıdır. Eyni zamanda, təşəkkül tapmaqda olan qlobal
informasiya cəmiyyətində elmi əsaslandırılmış informasiyanın rolunun artması diqqətdən
kənarda qalmamalıdır. Bu məqsədlə mədəniyyət sahəsində informasiya təminatının
təkmilləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- elmi-metodiki tədqiqatların aparılması, statistik məlumatların toplanılması, ictimai
rəyin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların keçirilməsi, müasir sənədləşmənin
tətbiq edilməsi, məlumat bazalarının yaradılması, milli və beynəlxalq konfrans, seminar
və digər tədbirlərin keçirilməsi;
- daxili və xarici mədəniyyət siyasəti, mədəniyyətin, o cümlədən incəsənətin
müxtəlif sahələri, həmçinin ayrı-ayrı regionlar üzrə proqram layihələrinin işlənilib
hazırlanması və icrasının təmin edilməsi;
- informasiya və reklam işinin müasirləşdirilməsi, milli və xarici kütləvi informasiya
vasitələrində və internet şəbəkəsində Azərbaycan mədəniyyətinin, o cümlədən
incəsənətinin layiqincə təmsil olunması;
- mədəniyyət, informasiya, reklam və yayım proqramları vasitəsi ilə mədəniyyət-
informasiya məkanının formalaşdırılması;
- zorakılığa, sosial, irqi, milli və dini ayrı-seçkiliyə çağırışların, milli-mənəvi dəyərlərə
zidd davranışların və fəaliyyətlərin, əxlaqsızlıq, erotika, pornoqrafiya, narkomaniya və
digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması.
2.5. Təhsil və insan resurslarının inkişafı
Mədəniyyət sahəsinin davamlı inkişafının təmin olunmasında bu sahədə bilik və
təcrübənin sonrakı nəsillərə ötürülməsi, çoxpilləli mədəniyyət təhsili sistemi və
şəbəkəsinin müasirləşdirilməsi zəruridir. Mədəniyyət sahəsində təhsil və insan
resurslarının inkişafının təmin olunması məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən
edilir:
- Azərbaycan Respublikasının mədəniyyət, o cümlədən incəsənət xadimlərinin
zəruri tələbatlarının iqtisadi imkanlar daxilində ödənilməsi üçün tədbirlərin görülməsi,
onların fəal yaradıcılığı məqsədi ilə şəraitin yaxşılaşdırılması;
- mədəniyyət sahəsində təhsil, o cümlədən əlavə təhsil sisteminin
təkmilləşdirilməsi, həmin məqsədlə xarici ölkələrə təcrübə səfərlərinin təşkili və tanınmış
əcnəbi mütəxəssislərin Azərbaycan Respublikasına dəvət edilməsi;
- müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə
çıxarılması işinin davam etdirilməsi;
- mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin
və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazasının
yaradılması;
- Azərbaycanın xarici ölkələrdə yaşayan mədəniyyət xadimləri haqqında məlumat
bazasının formalaşdırılması, həmin şəxslərin Azərbaycan Respublikasının müvafiq dövlət
qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin inkişaf etdirilməsi, habelə
əsərlərinin respublikada və xarici ölkələrdə təbliği istiqamətində müvafiq tədbirlərin
həyata keçirilməsi.
2.6. İnfrastrukturun müasirləşdirilməsi
Mədəni sərvətlərin yaradılması, mühafizəsi və istifadəsi mövcud maddi-texniki
bazanın gücləndirilməsini və infrastrukturun müasirləşdirilməsini şərtləndirir. Qloballaşan
dünyada cəmiyyətin və mədəniyyətin tərəqqisi informasiya və kommunikasiya
texnologiyaları olmadan mümkün deyildir. Bu baxımdan mədəniyyət infrastrukturunun
müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- mədəniyyət müəssisələri üçün orijinal layihələr əsasında nümunəvi binaların
tikilməsi;
- təmirə ehtiyacı olan mədəniyyət obyektlərində növbəlilik prinsipi üzrə müvafiq
işlərin görülməsi;
- mədəniyyət obyektlərinin müasir mühəndis qurğuları və texnoloji sistemlərlə
təchizatı;
- mədəniyyət obyektlərində müasir informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi.
2.7. Beynəlxalq əməkdaşlıq
Qloballaşan dünyada Azərbaycan Respublikasının inkişafının mühüm amillərindən
biri kimi beynəlxalq əməkdaşlığın vacibliyini, mədəniyyətlərarası dialoqun həyata
keçirilməsində və mədəni sərvətlərin təbliğində turizmin əsas vasitələrdən biri olduğunu
nəzərə alaraq, Azərbaycan mədəniyyətinin xaricdə təqdim və təbliğ edilməsi, həmçinin
dünya xalqlarına məxsus ən parlaq mədəniyyət nümunələrinin Azərbaycanda
yayılmasına şərait yaradılması üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir:
- Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, YUNESKO, Ümumdünya Əqli
Mülkiyyət Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı,
TÜRKSOY, İSESKO, Müstəqil Dövlətlər Birliyi, GUAM, QDİƏT və digər beynəlxalq
təşkilatlarla əməkdaşlıq vasitəsi ilə milli mədəniyyətin xarici ölkələrdə təbliği;
- mədəniyyətlərarası dialoqun dəstəklənməsi;
- Avropa, Asiya, Amerika, Afrika dövlətləri, türkdilli və digər ölkələrin xalqları ilə
mədəniyyət və turizm sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və
genişləndirilməsi;
- Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin
tabeliyində mədəniyyət mərkəzlərinin təsis olunması, xarici ölkələrdə fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları tərəfindən yaradılmış mədəniyyət mərkəzlərinə
konsultativ, metodiki, təşkilati-texnoloji və digər dəstəyin göstərilməsi;
- Azərbaycana qarşı erməni təcavüzü və erməni terroru, Ermənistan - Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyəti, siyasi-hüquqi aspektləri,
münaqişənin həlli prosesi, Azərbaycanın işğal edilmiş ərazilərindəki tarix və mədəniyyət
abidələrinin vəziyyəti, talan edilmiş daşınan sərvətləri və əqli mülkiyyətin ermənilər
tərəfindən oğurlanması haqqında beynəlxalq ictimaiyyətin mütəmadi olaraq
məlumatlandırılması;
- dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi;
- qabaqcıl təcrübələrin və yeni texnologiyaların beynəlxalq mübadiləsi;
- xarici dövlətlərin mədəni irslərinin qorunması, bərpası və inkişafının
dəstəklənməsi.
3. Mədəni irsin qorunması
Hər bir xalqın mədəni irsi özündə milli-mənəvi dəyərləri əks etdirən və onu dünya
miqyasında tanıdan vasitədir. Bu səbəbdən daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və
müasir tələblərə uyğunlaşdırılması, muzey şəbəkələrinin və kitabxana-informasiya
sistemlərinin müasirləşdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması,
qeyri-maddi mədəni irsin və xalq yaradıcılığının dəstəklənməsi, yerli mədəniyyət
mərkəzlərinin, mədəniyyət əhəmiyyətli parkların, etnoparkların inkişaf etdirilməsi
Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin prioritet
istiqamətlərindəndir.
Azərbaycan Respublikası mədəniyyət sahəsində dövlət siyasətinə və beynəlxalq
öhdəliklərinə uyğun olaraq, öz ərazisində maddi və qeyri-maddi mədəni irsi qorumaqla
yanaşı, milli mədəni sərvətlərin qanunsuz özgəninkiləşdirilməsi, onlara zərər vurulması
kimi neqativ halların, habelə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan maddi
mədəniyyət nümunələrinin dağıdılmasının və onlara məqsədli şəkildə müdaxilələr
edilməsinin, həmin ərazilərin qanunsuz şəkildə turist marşrutlarına salınmasının
qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
3.1. Qeyri-maddi mədəni irsin qorunması
Azərbaycan xalqının əsrlər boyu yaradılan və tarixən milli mənəviyyatın və
mədəniyyətin inkişaf özəyini təşkil edən qədim və rəngarəng qeyri-maddi mədəni irsi
hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan xalqına məxsus qeyri-maddi
mədəni irs nümunələri - Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı,
Azərbaycan xalçaçılıq sənəti, tar sənətkarlığı və ifaçılığı YUNESKO-nun Qeyri-maddi
Mədəni irs üzrə Reprezentativ Siyahısına, Çövkən - Qarabağ atüstü oyunu YUNESKO-nun
Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.
Mövcud mədəniyyət sarayları, mədəniyyət evi, klub və park şəbəkələrinin yenidən
qurulması vasitəsi ilə qeyri-maddi mədəni irsin əsas sahələri olan folklor, sənətkarlıq və
diyarşünaslığın dəstəklənməsi istiqamətində aşağıdakı vəzifələr müəyyən edilir:
- Azərbaycan xalqının tarixi-mədəni həyat təcrübəsinin və diyarşünaslığın inkişafı
məqsədi ilə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub
saxlanılması, tarixi rəmz və ənənəvi biliklərin rekonstruksiyası;
- milli musiqi və rəqslərin təşviqi;
- şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq oyun və tamaşalarının
bərpası;
- xalq sənətkarlığının dirçəldilməsi məqsədi ilə xalq tətbiqi sənətinin inkişaf
etdirilməsi, ənənəvi dekorativ sənətin qorunması, təsviri incəsənətin canlandırılması;
- mövcud ştat vahidləri dairəsində şəhər (rayon) mədəniyyət evləri və klublarının
əsasında şəhər (rayon) mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor və
sənətkarlıq filiallarının yaradılması, həmçinin mədəniyyət əhəmiyyətli parkların müasir
əsaslarla təşkil edilməsi, sənətkarlıq emalatxanalarının təşkili, onların turist marşrutlarına
salınması.
3.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və
mədəniyyət qoruqlarının inkişafı
Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin ölkədir.
Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət dərəcəsinə görə 2001-ci ildən aparılan bölgüsünə əsasən Azərbaycan
Respublikasının ərazisində 6308 abidə dövlətin mühafizəsindədir. Azərbaycan
Respublikası ərazisində 27 dövlət tarix-mədəniyyət, o cümlədən memarlıq, bədii və
etnoqrafiya qoruğu fəaliyyət göstərir.
2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar
sarayı kompleksi və Qız qalası, 2007-ci ildə "Qobustan" dövlət tarixi-bədii qoruğu
YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. “İçərişəhər” dövlət tarix-
memarlıq qoruğunun və Qobustan milli tarix-bədii qoruğunun ərazisində yerləşən
abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları
müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə
çevrilməkdədir.
Daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması,
sel sularından mühafizə məqsədli drenaj sistemlərin qurulması, ərazinin işıqlandırılması,
informasiya lövhələri və yol nişanlarının quraşdırılması, daşınmaz tarix və mədəniyyət
abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində
işlər davam etdirilir.
Milli mədəni irsin qorunması məqsədi ilə aparılan islahatların davamı olaraq,
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli
Sərəncamı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin
müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı
üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmiş “Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq
edilmişdir.
Qeyd olunanlarla yanaşı, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası,
qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı, o cümlədən mühafizəsinin müasir
səviyyədə təşkili, qədim tarixi və mədəni sərvətlərin öyrənilməsi və təbliği ilə əlaqədar
aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə
daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə
zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən
məlumat bazasının yaradılması;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə
olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi
təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin
cəlb olunması;
- tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət
abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət
qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların
ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınması,
pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və
mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı;
- daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin
aparılması;
- daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi;
- daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi, o cümlədən turizm
məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması;
- turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində
və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilmə və ya
korlanmadan qorunması;
- Azərbaycanın işğal olunmuş ərazilərində qalmış və digər ölkələrdə Azərbaycan
xalqına aid olan tarix və mədəniyyət abidələrinin vəziyyətinə dair məlumatların
sistemləşdirilməsi və müvafiq tədbirlərin görülməsi;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə
yüksəkixtisaslı peşəkar kadrların hazırlanması;
- Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda
təbliği və təşviqi.
3.3. Muzey işinin müasirləşdirilməsi
Azərbaycanda tarix, tarix-diyarşünaslıq, elm, siyasət, incəsənət, ədəbiyyat, hərbi-
vətənpərvərlik və döyüş şöhrəti muzeylərini, həmçinin tarixi şəxsiyyətlərin ev muzeylərini
özündə birləşdirən geniş muzey şəbəkəsi fəaliyyət göstərir. Muzey işinin
müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr yerinə yetirilməlidir:
- muzey fondlarının mühafizəsi, pasportlaşdırılması, konservasiyası və bərpa
edilməsi, muzey kolleksiyalarının komplektləşdirilməsi işinin təkmilləşdirilməsi, muzey
fondlarına dair məlumatların rəqəmsal daşıyıcılara köçürülməsi və elektron
kataloqlaşdırılma vasitəsi ilə milli muzey-informasiya bazasının təşkil edilməsi;
- muzey ekspozisiyalarının bədii tərtibatının təkmilləşdirilməsi, konseptual
ekspozisiyaların və müxtəlif mövzularda sərgilərin təşkili;
- turizmin inkişafı üçün muzeylərin turist marşrutlarına salınması, geniş tamaşaçı
kütləsi ilə aparılacaq işlərin təkmilləşdirilməsi məqsədi ilə fərdi ekskursiyaların, ailəvi
proqramların, uşaq və gənclər üçün tədris və interaktiv proqramların hazırlanması;
- muzey marketinqinin inkişaf etdirilməsi, turizm məqsədi ilə kataloq, təqvim,
broşür və suvenirlərin hazırlanması, təşkil edilən sərgilər barədə sorğu-məlumat
kitabçalarının mütəmadi buraxılışı.
3.4. Kitabxana-informasiya şəbəkəsinin müasirləşdirilməsi
Azərbaycan Respublikasının kitabxana şəbəkəsində Azərbaycan Milli Kitabxanası ilə
yanaşı, respublika əhəmiyyətli, habelə kütləvi, uşaq kitabxanaları, sahəvi və
mərkəzləşdirilmiş kitabxana sistemləri fəaliyyət göstərir. Hazırda bu şəbəkəyə daxil olan
kitabxanaların fondlarında yüz milyonlarla kitab, jurnal, qəzet, not, buklet, müasir
informasiya daşıyıcıları vardır. 8 mərkəzləşdirilmiş kitabxana sistemi və bir çox müstəqil
kitabxana işğal olunmuş ərazilərdə qalmışdır.
Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında,
ötürülməsində və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol
oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə səmərəli islahatların
aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın
qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini və
kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.
Azərbaycan Respublikasında kitabxana işi sahəsinin müasirləşdirilməsi məqsədi ilə
aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondunun qarşılıqlı istifadəsi və
mübadiləsi, kitabxanaların profilinə uyğun olaraq, onların fondlarının xarici ədəbiyyatla
təmin edilməsi üçün koordinasiya planının hazırlanması və ümumrespublika xarici
ədəbiyyat bankının, məqsədli elektron kolleksiyaların yaradılması;
- kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloq və
elektron kitabxanaların yaradılması, Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma
Formatının {AZMARK) hazırlanması, milli toplu kataloqunun yaradılması;
- biblioqrafik-sorğu materiallarının, milli çap məhsulları və ədəbiyyat salnamələrinin
nəşrlərinin bərpası və retrospektiv nəşr proqramının hazırlanması, kitab abidələrinin
mühafizəsi, bərpası, konservasiyası, rəqəmsal daşıyıcılara köçürülməsi, kitabxana
kataloqlarının retrokonversiyası və xidmət səviyyəsinin yüksəldilməsi.
4. Peşəkar incəsənətin inkişafı
Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələri nəsillərin bədii təcrübəsinə
arxalanan, cəmiyyətin inkişafına təsir edən, xalqın mövcudluğunu ifadə edən və milli-
mənəvi varlığını təsdiqləyən format kimi qəbul edilir. Peşəkar incəsənətin dəstəklənməsi
teatr, musiqi, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin inkişafını nəzərdə tutur.
4.1. Peşəkar teatr sənətinin inkişafı
Teatr sənəti sahəsində inkişaf tempinin dəstəklənməsi məqsədi ilə aşağıdakı əsas
vəzifələr müəyyən edilir:
- teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli yeni əsərlərin yaradılması
və onların səhnə təcəssümünün təmin edilməsi üçün dövlət sifarişlərindən daha geniş və
səmərəli istifadə edilməsi, bununla bağlı proqramların həyata keçirilməsi;
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən teatrlarda tamaşaların
hazırlanmasının stimullaşdırılması, ölkə və beynəlxalq səviyyəli teatr festivallarının,
müsabiqələrin keçirilməsi və bu tədbirlərdə teatr kollektivlərinin iştirakının təmin
edilməsi;
- nadir səhnə ocaqlarının qorunması, məcburi köçkünlük şəraitində fəaliyyətini
davam etdirən teatrlara məqsədli maddi və yaradıcılıq yardımının göstərilməsi.
4.2. Peşəkar musiqi sənətinin dəstəklənməsi
Qədim tarixi ənənələrə malik Azərbaycan klassik musiqisinin, həmçinin digər musiqi
janrlarının inkişafı üçün Azərbaycan Respublikasında geniş infrastruktur mövcuddur,
çoxsaylı musiqi təhsili ocaqları və konsert salonları fəaliyyət göstərir. Azərbaycan musiqi
sənətinin dəstəklənməsi, yaradıcılıq və ifaçılıq axtarışlarının müxtəlif formalarının inkişafı
və beynəlxalq mədəni proseslərə inteqrasiyası, çoxşaxəli və rəngarəng musiqi mühitinin
yaradılması istiqamətlərində aşağıdakı vəzifələr müəyyən edilir:
- yüksək bədii keyfiyyətə malik musiqi əsərlərinin yaradılması məqsədi ilə
bəstəkarların yaradıcılığının təşviqi və təbliği ilə bağlı kompleks tədbirlərin davamlı
olaraq həyata keçirilməsi;
- müxtəlif musiqi janrları üzrə festivalların, müsabiqələrin və konsertlərin təşkili,
habelə Azərbaycan bədii kollektivlərinin və solistlərin beynəlxalq tədbirlərdə iştirakının
təmin edilməsi;
- Azərbaycanın regionlarını təmsil edən musiqiçi və ifaçıların müvafiq yerli və
beynəlxalq layihələrdə iştirakı üçün şərait yaradılması;
- Azərbaycanın klassik musiqi incilərinin rəqəmsal daşıyıcılara köçürülməsi.
4.3. Peşəkar təsviri və dekorativ-tətbiqi sənətin təşviqi
Azərbaycan xalqının təsviri və dekorativ-tətbiqi sənəti qədim tarixə və köklü
ənənələrə malikdir. Müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sərbəst bədii
yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət
nailiyyətlərinin təbliği ilə bağlıdır. Bu məqsədlə aşağıdakı vəzifələr müəyyən edilir:
- Azərbaycanın müasir təsviri və dekorativ-tətbiqi sənətinə həsr olunmuş kitab, film,
disk, buklet və kataloqların buraxılması, internet səhifələrinin yaradılması;
- təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə maraq doğuran
layihələrin dəstəklənməsi;
- təsviri və dekorativ-tətbiqi sənətə dair milli və beynəlxalq simpoziumların,
festivalların, müsabiqələrin keçirilməsi, sahə üzrə mütəxəssislərin və sənətçilərin
beynəlxalq layihə və müsabiqələrdə iştirakının təmin edilməsi;
- istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması;
- incəsənət kolleksiyalarının formalaşdırılması, qalereyaların sərgi və maarifləndirici
fəaliyyətinə dair proqramların hazırlanması;
- yerli qalereyaların kolleksiyalarının müasir incəsənət əsərləri ilə zənginləşdirilməsi
və onların fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiq edilməsi.
5. Mədəniyyət sənayesinin inkişafı
Mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizəsini təmin edən
fəaliyyət sahəsi kimi mədəniyyət sənayesi mədəniyyət sahəsində dövlətin vəzifələrinin
əhatə edildiyi əsas sahələrdəndir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununda mədəniyyət sənayesinin inkişaf
etdirilməsi dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri kimi nəzərdə
tutulmuşdur. Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti
mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında
balansın yaradılmasını ehtiva edən tarazlılıq prinsipinə əsaslanır.
Qlobal və milli mədəni həyatın formalaşmasında mühüm rol oynamış və dünyanın
bir sıra aparıcı ölkələrində ciddi nailiyyət qazanmış mədəniyyət sənayesinə göstərilən
xüsusi diqqət və əhəmiyyətli sərmayə yatırımı iqtisadi və sosial dividendlərə zəmin
yaradır. Bu səbəbdən tarixi ənənələri olan və gələcəyə yönəldilmiş mədəniyyət sənayesi
sahələrinin, xüsusilə kinematoqrafiya və nəşriyyat-poliqrafiya işi kimi sahələrin inkişaf
etdirilməsi dövlət mədəniyyət siyasətinin perspektivli istiqamətlərindəndir.
5.1. Kinematoqrafiyanın inkişafı
Azərbaycanın milli kinematoqrafiya tarixi XIX əsrin sonlarından başlayır. Bu zəngin
tarix dünya kinematoqrafiyasında baş verən proseslərlə yanaşı, milli özünəməxsusluğu ilə
səciyyələnir. Hazırda Azərbaycan Respublikasında kino istehsalının əsas maliyyə mənbəyi
dövlət büdcəsidir. Maliyyə dəstəyi müxtəlif studiyalara və müstəqil prodüser
mərkəzlərinə sifariş verilməklə həyata keçirilir.
Milli kinematoqrafiyanın dirçəldilməsi sahəsində aşağıdakı vəzifələr müəyyən edilir:
- milli kino istehsalı sənayesinin dirçəldilməsi məqsədi ilə müasir istehsalat
bazasının yaradılması;
- yaradıcılıq və kinematoqrafiya məqsədləri baxımından mütərəqqi kinolayihələrin
dəstəklənməsi;
- xarici distribüter şirkətləri ilə əlaqələrin, o cümlədən kinofilmlərin Azərbaycan
dilinə dublyajı işinin genişləndirilməsi, audiovizual əsərlərdən qanuni istifadənin
tənzimlənməsi, piratçılığa qarşı mübarizədə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin
gücləndirilməsi;
- Dövlət Film Fondunda mühafizə olunan milli filmlərin və onların ilkin
materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi;
- ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb aşkar
olunması və surətlərinin Dövlət Film Fonduna təqdim edilməsi;
- kino irsinin öyrənilməsi və təbliği.
5.2. Nəşriyyat-poliqrafiya işinin inkişaf etdirilməsi
Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işi dövlət nəşriyyat və poliqrafiya
müəssisələri və eyni təyinatlı özəl müəssisələr tərəfindən həyata keçirilir. ölkədə üç
dövlət nəşriyyatı və yüzdən artıq özəl nəşriyyat və poliqrafiya müəssisəsi mövcuddur.
Sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi üçün aşağıdakı vəzifələr müəyyən edilir:
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəşriyyat və poliqrafiya
müəssisələrinin maddi-texniki bazasının müasir avadanlıqlar hesabına
möhkəmləndirilməsi işinin dəstəklənməsi;
- elmi, ictimai-siyasi, bədii, publisistik kitabların (ensiklopediya, lüğət, çoxcildli,
toplu, almanax, notlu nəşrlər və s.) və digər çap məhsullarının yüksək poliqrafik
səviyyədə buraxılmasının təmin edilməsi;
- Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə və dünya ədəbiyyatı
nümunələrinin Azərbaycan dilinə tərcüməsinin və yeni əsərlərin yaradılmasının təşviq
edilməsi;
- Azərbaycan Respublikası Kitabxana Kollektoru sistemi vasitəsi ilə kitabxana
fondlarının zənginləşdirilməsi işinin təkmilləşdirilməsi;
- Azərbaycan Respublikasında nəşr edilən çap məhsullarının beynəlxalq aləmə
çıxışının, beynəlxalq kitab sərgi-yarmarkalarında iştirakın, ölkədə beynəlxalq kitab
sərgilərinin keçirilməsinin təmin edilməsi və oxucu mədəniyyətinin inkişaf etdirilməsi
üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
- gözdən əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün ədəbi-
bədii, elmi və tədris kitablarının nəşrinin dəstəklənməsi.
6. Konsepsiyanın həyata keçirilməsi
Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun reallaşmasını təmin
edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Konsepsiya mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə dövlət proqramları
vasitəsi ilə həyata keçirilir.
Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramları Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Konsepsiyanın həyata keçirilməsi dövlət orqanlarının bu istiqamətdə fəaliyyəti ilə
yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət müəssisələrinin və mədəniyyət
sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət
büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlbini, alternativ
maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Konsepsiyanın icrasını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
əlaqələndirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının
Prezidentinə Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.
Konsepsiyanın məqsədi kütləvi informasiya vasitələri və digər üsullarla ictimaiyyətə
çatdırılır.
Dostları ilə paylaş: |