92
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-
siyasi elmlər seriyası
2012
FƏLSƏFƏ
УДК 1.001.8(075)
SİNERGETİK İDEYALARIN SOSİOHUMANİTAR
ELMLƏRƏ ADAPTASİYASI PROBLEMİ
L.N.NƏZİRZADƏ
Bakı Dövlət Universiteti
leyla976@mail.ru
Məqalə sinergetik paradiqmanın sosial idrakda yaratdığı geniş imkanların və mühüm
koqnitiv potensialın təhlilinə həsr olunmuşdur. Burada formalaşmaqda olan yeni elmin –
sosial sinergetikanın əsas təşəkkülü istiqamətləri açılır. Bununla əlaqədar olaraq, vətəndaş
cəmiyyətinin formalaşmasında, sosial idarəçilik proseslərində, antropoloji problemlərin
həllində sinergetikanın qeyri-xəttilik, özünütəşkil və qeyri-müəyyənlik prinsiplərinin roluna
xüsusi diqqət yetirilir və sinergetikanın ekoloji və kulturoloji səpkilərinin təhlilinə geniş yer
verilir, tarixin dövrləşdirilməsində və qlobal problemlərin həllində onun malik olduğu
üstünlüklər əsaslandırılır.
Aç
ar sözlər: sosial sinergetika, sinergetik antropologiya, özünütəşkil, sosial idrak,
vətəndaş cəmiyyətinin sinergizmi, sinergetik ekologiya
Bu
gün inkişafı özünüinkişaf və özünütəşkil kimi nəzərdən keçirən yeni
bir cərəyanın – özünütəşkil fəlsəfəsinin meydanа çıxması artıq danılmaz
faktdır. Belə fəlsəfənin bir çox kateqoriyaları dialektikanın kateqoriyaları ilə
üst-
üstə düşür. Bununla belə sinergetik metodoloji yanaşmada bəzi məqamlar
tamamilə yeni tərzdə şərh olunur. Bu, xüsusən də inkişaf yollarının
vari
ativliyinə, dönməzliyinə aiddir. Sinergetik və dialektik baxışların oxşar və
fərqli cəhətləri İ.Dobronravovanın, Q.Ruzavinin əsərlərində kifayət qədər
hərtərəfli göstərilmişdir [7; 13; 14].
Təfəkkür tərzinin araşdırılması sinergetika ətrafında gedən fəlsəfi dis-
kussi
yaların əsas mövzularından biridir. Dünyanın yeni, qeyri-xətti mənzərəsi
və onu əks etdirməyə qadir olan yeni, qeyri-xətti təfəkkür – sinergetik
təsəvvürlərdən irəli gələn ən ümumi fəlsəfi-dünyagörüşü nəticələri bunlardan
ibarətdir. Belə təfəkkürün ən maraqlı nəticələrindən biri hadisələrin universal
93
qanunauyğunluğunun özünün şübhə altına alınmasıdır. O, klassik elmi idrakın
diqqətindən kənarda qalan təsadüfü, gözlənilməzliyi təsdiq edir.
Qərb elmində qeyri-xətti təkamül problemlərinə ən yeni baxışlardan biri
ABŞ filosofu E.Yançın "özünütəşkil edən kainat" haqqında təsəvvürləridir.
Onun konsepsiyasının əsasında İ.Priqojinin və onun əməkdaşlarının əsərlərin-
də tətbiq olunmuş dissipasiya və dissipativ strukturlar anlayışı durur. Dissipa-
siya
fenomeninin özünü Yanç materiyanın özünütəşkil dəyişikliklərinə qadir
olma
sının sübutu kimi nəzərdən keçirir və bu prosesləri elementar hissəciklər-
dən başlayıb sosial strukturlaradək materiyanın bütün mövcudluq səviyyələrin-
də təhlil etməyə cəhd göstərir [16].
Hazırda sinergetikanın yeni metodologiya kimi potensialından bəhs edən
əsərlərin sayı durmadan artmaqdadır. Post-qeyri-klassik elm üçün sinergeti-
kanın açdığı imkanlar haqqında danışan E.Knyazeva bildirir ki, qeyri-xəttilik,
stoxastiklik, qeyri-
müəyyənlik kimi kateqoriyalar müasir elmin cavablandıra
bilmədiyi bir sıra suallara, məsələn, "tarix haraya axır?", "dünyanın gələcək
quruluşu neçə olmalıdır?" suallarına cavab verir [9, 81-82]. Buradan da aydın
olur ki, onun əhatə etdiyi məsələlər məkanı kifayət qədər genişdir və özünün
qloballığı ilə fərqlənir. Doğrudur, onların həlli bir çox cəhətdən gələcək
tədqiqatların öhdəsinə düşür, lakin bu məsələləri gündəmə gətirmək imkanını
sinergetika artıq bu gün açır. Sinergizm prinsipi təbii varlığın ən yüksək və
spesifik forması olan sosial həyatın araşdırılmasına yönəlməkdədir.
Qeyd olunmalıdır ki, sinergetika təlimi formalaşmağa başladığı dövrdən
(XX əsrin 70-ci illərindən), onu cəmiyyətə və sosiohumanitar elmlərə tətbiq
edib, etməməyin mümkünlüyü məsələsi çoxsaylı geniş müzakirələrin və
mübahisələrin obyekti olmuşdur. Hətta müasir fəlsəfi təlimlərdə də sinergeti-
kanın sosial idrakı potensialını kifayət dərəcədə yüksək qiymətləndirənlərlə
yanaşı, onun əleyhdarları da az deyildir. Sonuncu qəbildən olan baxışlar sosial
həyatın (buna müvafiq olaraq onu öyrənən elmlərin də) özünəməxsusluqlarını
əsas götürməklə, çox vaxt onları şişirtmə mövqeyində dururlar. Bununla belə,
son dövrdə mürəkkəb sistemlər nəzəriyyəsinin cəmiyyətə tətbiqində böyük
imkanlara və üstünlüklərə malik olduğunu qəbul edən və onun real istiqamət-
lərini açıb göstərməyə yönələn elmi araşdırmaların sayı getdikcə çoxalmaq-
dadır. Müasir dünya və qərb elmində sozügedən istiqamətdə əhəmiyyətli
uğurlar əldə olunmuşdur. Elmin inkişafının bu səpkisinə diqqət yetirilməsi
müasir cəmiyyət üçün çox zəruri və faydalıdır.
Sinergetikanın sosial yönümünün genişlənməsi meyli fikrimizcə, tama-
milə obyektiv və məntiqidir, çünki cəmiyyət öz-özünü təşkil edən mürəkkəb
açıq sistemlərin yüksək tipinə məxsus olduğu üçün, burada sinergetikanın əsas
prinsiplərinin tətbiqi nəinki mümkündür, hətta zəruridir. Sonuncu məqam
bununla izah edilir ki, postneoklassik elmin mərkəzində duran sinergetik
paradiqma varlığın digər sahələrində olduğu kimi, cəmiyyətin öyrənilməsində
ənənəvi metodoloji yanaşmaların birtərəfliliyi və nöqsanlarını aradan qaldır-
maqla, sosial sistemi qeyri-
xəttilik və xaotik baxımından hərtərəfli təhlil etmək
94
üçün real imkanlar açır. Məsələnin mahiyyəti bundadır ki, cəmiyyət, texniki,
mexaniki və hətta kibernetik sistemlərdən prinsipcə fərqlidir. Burada şüura,
zəkaya və iradəyə malik olan insanlar və sosial qruplar sistemin altsistemlərini
və ünsürlərini təşkil etdiyindən, daha yüksək mürəkkəblik səviyyəsi və
rəngarənglik çalarları mövcud olduğundan, qeyri-xəttilik, “qeyri-müəyyənlik
onlar ilə şərtlənən qeyri-stabillik (bu anlayış ictimai-siyasi mənada deyil,
özünütəşkil prosesinin zəruri tərəfi kimi götürülür) meylləri daha çox yer tutur.
Odur ki, sistemlərin digər tiplərinin və növlərinin öyrənilməsində səmərəli
görünən kəmiyyət metodları cəmiyyətşünaslıqda onun obyektini kifayət qədər
hərtərəfli əhatə etməyə qadir deyildir. Cəmiyyət fövqəlmürəkkəb humanistik
sistem” (Lütfi Zadə) olduğundan, onun fəaliyyəti və davranışını hərtərəfli,
dəqiq və adekvat təsvir edə bilən paradiqmaya kəskin ehtiyac yaranır ki, bu
funksiyanı sinergetik metodologiya yerinə yetirməyə israrlıdır. Bu həqiqətin
dərk olunması nəticəsidir ki, son illərdə sinergetika təliminin bilavasitə
cəmiyyətdəki prosesləri öyrənməklə məşğul olan xüsusi səpkisi – sosial
sinergetika təşəkkül tapıb, inkişaf etməkdədir.
Müasir dövrdə ümumilikdə elmi idrak prosesində olduğu kimi onun ay-
rılmaz tərkib hissəsi olan sosial epistemologiyada da metodoloji transforma-
siya baş verir, ənənəvi marksist yanaşmanın məhdudluqları aradan qaldırılır,
postneoklassik təmələ arxalanan elmlərarası paradiqmalar və metodoloji plüra-
lizm tədricən geniş miqyasda tətbiq olunur. Bütün bunlar dəqiq və humanitar
elmlərin sintezinə şərait yaradan sinergetik yanaşma mövqeyindən ayrılmaz-
dır. Hazırda dünya və qərb elmində həmin istiqamətdə qazanılmış nailiyyətlərə
arxalanmaqla və dərindən öyrənməklə Azərbaycanda milli müstəqil dövlət
quruculuğunun çoxtərəfli vəzifələrinin həllində onlardan istifadə olunması
imkanları və perspektivlərini nəzərdən keçirmək tələbatı yaranmışdır.
Müasir dövrdə ölkəmizin qarşısında duran əsas strateji məqsədlərin – və-
təndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması proseslərinin elmi,
metodoloji və nəzəri əsaslarının işlənib hazırlanmasında sinergetik yanaşma
paradiqması əvəzsiz rol oynayır. Bu, hər şeydən əvvəl onunla şərtlənir ki, öz
təbiəti və mahiyyəti etibarilə vətəndaş cəmiyyəti, ictimai həyatın və sosial
qaydaların öz-özünü təşkil edən xüsusiyyətlərinə nəinki zidd deyildir, əksinə
bir çox cəhətdən onlara əsaslanır. Belə ki, ictimai proseslərin qanunların ali-
liyinə və vətəndaşların azadlığına arxalanan sərbəst inkişafı, həmin cəmiyyətin
təməl xarakterli müqəddəm şərtləri olmaqla, sinergizmin qeyri-xəttilik, açıqlıq
və digər əsas prinsipləri ilə vəhdət təşkil edir və onlardan ayrılmazdır. Sərbəst
rəqabəti və normal bazar münasibətləri mexanizmlərinin fəaliyyətini nəzərdə
tutan bu cəmiyyət, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə
və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaş-
dırılması üçün ən əlverişli şərait yaradır. Bu məqam mürəkkəb sistemlərin
təşkili nəzəriyyəsinin ayrılmaz tərkib hissəsi olan sinergetik antropologiyanın
tələbləri və prinsipləri ilə həmahəng səslənir. Deyilənlərdən əlavə, insanın
özünütəşkil edən mürəkkəb sistem kimi öyrənilməsi ona müxtəlif elmlər tərə-
95
fin
dən ənənəvi yanaşmada özünü göstərən birtərəfliliyi aradan qaldıraraq, onu
va
hid və bütöv vəhdət halında götürməyə, mürəkkəb humanistik sistem kimi
mənalandırmağa real şərait yaradır. Sinergetik paradiqma insanın bütün həya-
tını fasiləsiz surətdə davam edən bifurkasiyalar silsiləsi kimi götürməklə, onun
keç
diyi əsas mərhələləri düzgün müəyyənləşdirmək və onların hər birinin
keyfiyyət özünəməxsusluğunu, habelə digərləri ilə ümumi və oxşar cəhətlərini
dəqiqləşdirmək baxımından çox önəmlidir. Spesifik insan varlığının hüdudsuz
po
tensialını şərtləndirən təbii, iqtisadi, sosial, mədəni, mənəvi və psixoloji de-
ter
minantlarının çoxsəviyyəli və iyerarxik qaynaqlarının aşkara çıxarmaq qüd-
rəti də (özü də təkcə rasional pillədə deyil, həm də irrasional və intuitiv sə-
viyyədə) sinergetik yanaşmanın danılmaz üstünlüklərindən hesab edilməlidir.
Bu baxımdan ilk dəfə Lütfizadənin elmə gətirdiyi "fövqəlmürəkkəb
humanistik sistem" an
layışı daha böyük maraq kəsb edir. O, texniki, mexaniki
sistemlərdən fərqli olaraq, insan amilinin iştirakı məsələsində, sistemin
davranışında qeyri-müəyyənlik və qeyri-sabitliyin hədsiz çoxalması ilə səciy-
yələnən sistemləri humanistik sistem adlandırırdı: "Mənim fikrimə görə, adi
kəmiyyət metodları humanist sistemlər üçün yararsızdır, o cümlədən, bütün
mürəkəb sistemlər üçün bu, məqbul deyil... Humanist sistemlər biz elə sistemə
deyirik ki, onların davranışına insanın mühakimə, təfəkkür və emosiyaları çox
güclü təsir göstərir. Bu sistemlərə misal olaraq siyasi, hüquqi, iqtisadi,
ümumtəhsil və s. göstərmək olar. İnsan özü və onun təfəkkür prosesləri də
mürəkkəb humanist sistem kimi qəbul edilə bilər" [7, 9]. İnsanı humanist
sinergetik sistem kimi nəzərdən keçirən T.Allahyarova da yazır: "belə sistem-
lər mövcud olmaq üçün daim maddə, enerji və informasiya mübadiləsində
olur, fasiləsiz dəyişən mühitdə qeyri-sabit tarazlığı təmin edirlər... Həyat
ontoloji bifurkasiyadır. Özünütəşkil permanent ekstremum vəziyyətidir...
Müa
sir insanıın həyatı permanent (fasiləsiz) bifurkasiya və ekstremum xarak-
terli olması ilə fərqlənir. Necə deyərlər, 100 il əvvəl olduğu kimi, cəmiyyət
artıq insana "rahat" inersiyalı həyat sürməyə imkan vermir" [1, 40-41]. Buna
görə də insan kapitalı konsepsiyasının müəyyən edilməsi və praktiki tətbiqi
hazırda ictimai elmin ən vacib məsələlərindən biridir.
Postqeyri-
klassik elmin qarşısında duran antropoloji problemlərin həlli kon-
tekstində antropoloji sinergetika cərəyanı daha perspektivlidir. Bu istiqamətdə
V.Arşinovun, Y.Svirskinin, Y.Danilovun, V.Tarasenkonun tədqiqatları mühüm
əhəmiyyətə malikdir. Onlar sinergetika ideyalarının müasir antropologiyanın
qarşısında duran problemlərin həllində geniş imkanlarını araşdıran əsərlər
ya
zmışlar [3; 4; 5]. Məsələn, V.Tarasenko özünütəşkil ideyalarından İnternet
şəbəkəsini kommunikativ mühit kimi təsvir etmək üçün istifadə edir. Müəllifin
fikrinə görə, bu mühitdə cərəyan edən özünütəşkil prosesləri spontan nizama,
insanın yaşayış mühitinin məkan-zaman bütövlüyünün strukturlaşmasına gətirir.
Sinergetik paradiqmanın sosial idrakı baxımdan böyük potensiala malik
ol
duğu müasir cəmiyyətdə idarəçilik elminin inkişafında və real idarəçilik pro-
ses
lərinin təşkilinin səmərəliliyinin artırılmasında daha aydın görünür. Sosial
96
proseslərin idarə olunmasının marksizmə arxalanan metodoloji əsasları,
cəmiyyətdə mövcud olan bütün sosial qrupların, etniki birliklərin və fərdlərin
yaradıcı mahiyyəti və təşəbbüskarlığının tam dolğunluğu ilə reallaşdırılmasını
təmin edə bilməmişdir. Bu təlim sosial idarəçilikdə zorakılığı və dağıdıcılığı
əsas götürür, yalnız fəhlə sinfi və kəndlilərin idarəçilik proseslərinə geniş
miqyasda cəlb olunmasını nəzəri cəhətdən əsaslandırırdı. Beləliklə də, cəmiy-
yətdə sosial təbəqələrin və fərdlərin malik olduğu çoxtərəfli və praktiki olaraq
tükənməz xarakter daşıyan nəhəng özünütənzimetmə və özünüifadə etmə
qüdrətinə, onların coşqun təşəbbüskarlığına lazımi diqqət yetirilmirdi. Ondan
fərqli olaraq sosial sinergetik yanaşma ictimai həyatın hər bir sferasına məxsus
olan spesifikliyi nəzərə almaqla, cəmiyyətdəki bütün sosial subyektlərin
mənafe müxtəlifliyini əlaqələndirməyə və bir-birilə uzlaşdırmağa imkanlar
yaradır. Yeni paradiqma sosial qüvvələr arasında qarşıdurmaya deyil, cəmiy-
yətdaxili dözümlülüyə (tolerantlığa), hər bir insanın öz bilik və bacarığını azad
surətdə reallaşdırmasına şərait yaratmağa, bütün vətəndaşların qarşılıqlı hör-
mət və əməkdaşlığına, ictimai həmrəyliyinə, şəxsiyyətin hərtərəfli fəallığına,
mənəvi zənginləşməsinə və məsuliyyətinə əsaslanır. Qeyd olunan keyfiyyət-
lərə malik olduğundan, sinergetik təfəkkür üsulu müasir cəmiyyətdə gedən
demokratikləşmə proseslərini nəzəri cəhətdən əsaslandırır və onların məqsəd-
yönlü şüurlu tənzim olunmasını optimal istiqamətə yönəldir.
Sinergetik paradiqma sosial idrakın məntiqi əsaslarında çox mühüm
yeniliklər yaradır. Onun təməl prinsiplərindən biri olan qeyri-səlislik, huma-
nitar elmlərin məntiqi əsaslarında sözün əsl mənasında çevriliş əmələ gətirir.
Ənənəvi (klassik) məntiqin yalnız ikili qiymət vermə (doğru və ya yalan), bu
günkü sosial reallığın məntiqi refleksiyası baxımından öz kasadlığını getdikcə
daha aydın büruzə verir. Fövqəlmürəkkəb gerçəklik olan cəmiyyətin məntiqi
təfəkkürdə adekvat mənalandırılmasında müasir dövrün görkəmli riyaziyyatçı-
sı və məntiqçisi olan Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi müstəsna
əhəmiyyət kəsb edir. Burada qiymətləndirmənin qeyri-müəyyənlik meyarı və
linqvistik dəyişən əsasında aparılması, cəmiyyətdə baş verən son dərəcə
rəngarəng hadisə və prosesləri məntiqi təfəkkürdə hərtərəfli və dolğun əhatə
etmək iqtidarındadır.
Sinergetikanın sosial idrakı potensialını araşdırarkən, onun müasir döv-
rün ən ağrılı problemlərindən olan ekoloji böhranın nəzəri mənalandırılması və
həll edilməsi sahəsində yaratdığı üstünlüklər də diqqət mərkəzində saxlanılma-
lıdır. Özünütəşkil paradiqmasının xüsusi səpkisi olan sinergetik ekologiya
cəmiyyət – təbiət sisteminin çoxtərəfli əlaqə və münasibətlərini adekvat
anlamağa, burada qarşıdurmanın deyil, harmonik vəhdətin əsas götürülməsini
tələb edir. Bu yanaşma ekosistemin fraqmentar mənalandırılmasını, ona yalnız
praqmatik baxımdan yanaşılmasını yetərli hesab etmir, təbiət ilə cəmiyyət
arasındakı münasibətlərin noosfera prinsipləri üzrə qurulmasında digər şərtlər
ilə yanaşı, insanın dünyagörüşünün, burada təbiət üçün məsuliyyətin
artırılması istiqamətində dəyişdirilməsini diqqət mərkəzinə çəkir.
97
Qeyri-
xətti təhlil ideyalarını dünya miqyaslı qlobal sistemlərdə tətbiq
edən İmmanuil Vallerstayn, ümumdünya inkişafının qanunauyğunluqlarına
dair çox maraqlı nəticələrə gəlir. Onun təsəvvürlərinin təməlini tsiklik (məkan-
zaman) özünütəşkil modelləri təşkil edir. Sosial idrakın bu cərəyanını mark-
siz
min özünəməxsus versiyası kimi, yəni Priqojinin açıq sistemlərin dinami-
ka
sı haqqında təsəvvürləri ilə zənginləşdirilmiş versiyası kimi qiymətləndir-
mək olar. Burada da əsas iştirakçılar siniflər hesab olunur, lakin tarixin sub-
yek
ti onlar deyildir. Həmin təlimə görə tarixi burada iştirak edən insanlar ya-
rat
mırlar, onlar öz-özünü təşkil edən və vüsət alan hadisələrdə iştirak etmək
məcburiyyətindədirlər. Məhz həmin gözə görünməyən əl hadisələri müvafiq
tarixi tsikllərə yönəldir [6].
Postqeyri-
klassik elmin metodoloji təməli kimi sinergetik paradiqma ta-
rix elminə də daxil olmaqdadır. Son illər ədəbiyyatda sivilizasiyanın dinami-
ka
sına, tarixin dövrləşdirilməsinə sivilizasiya və formasiya yanaşmalarına çox
diqqət yetirilir [2]. Birinci yanaşmanın tərəfdarları (N.Danilevski, O.Şpenqler,
A.Toynbi) he
sab edirlər ki, ictimai inkişafın əsasını onların sivilizasiya
adlandırdıqları sosiomədəni tamlıqlar təşkil edir. Bu sivilizasiyalardan hər
birinin öz inkişaf tsikli var. K.Marksdan və F. Engelsdən gələn formasiya
yanaşması isə, ictimai-iqtisadi formasiyalar ideyasına köklənir. Tarixin qa-
nuna
uyğunluqlarına olan bu iki baxış tamamilə fərqli futuroloji konsepsiyaları
formalaşdırır, sivilizasiyanın gələcəyi ilə bağlı müxtəlif proqnozları əsaslan-
dırır. Bu mənada "gələcək sivilizasiyaların toqquşması ilə bağlı olacaqdır"
deyən S.Hantinqtonun vədləri daha kəskin diskussiyalara səbəb olmuşdur [15].
Sinergetik metodologiya sözügedən problemin həllinə də mühüm töhfə
verməkdədir. Belə ki, onun əsasında duran qeyri-xətti inkişaf ideyalarından
faydalanmaqla, "əvvəla, sivilizasiya və formasiya yanaşmalarının sintezini
təmin etmək; ikincisi, insanı onun təbii və sosial şəraitlə vəhdətdə təhlil etmək;
üçüncüsü, qərb və şərq ənənələrinin hər birinin məhdudluğunu aradan
qaldırmaqla onları birləşdirmək imkanını əldə etmiş oluruq" [10, 98].
Sinergetik paradiqmanın məhsuldarlığı kulturoloji təhlil sferasında da
özü
nü büruzə verir. Vaxtilə Y.Lotman mədəni məkanda dinamik prosesləri
izah etmək üçün sinergetik anlayışlara əl atmışdı. Bu halda özünütəşkil pro-
ses
ləri ilk növbədə mənayaratma sferasında baş verən proseslər kimi nəzərdən
keçirilirdi. Lotmanın fikrinə görə, hər bir mədəniyyət öz inkişafında hələ
vüsət almamış məna məkanın alışmasının baş verdiyi bifurkasiya nöqtəsindən
keçir. Gələcək inkişaf yollarının hamısı potensial olaraq bu məkanda özünə
yer almış olur. Tədqiqatçı burada özünütəşkil prosesləri üçün çox əhəmiyyətli
olan aşağıdakı məqamları qeyd edir: mədəni inkişaf yollarından birinin seçimi
nə səbəb-nəticə əlaqələri, nə də ehtimal prinsipi ilə müəyyən olunur, çünki
bifurkasiya partlayışı anında bu mexanizmlərin arası kəsilir..."Gələcəyin
seçimi təsadüf kimi realizə olunur... Sistemin partlayışı nəticəsində təsadüfən
gələcək hərəkət imkanlarının mövcud olması cəlb olunmuş istənilən elementi
98
hakim element e
də bilir. Gələcək hərəkəti də elə həmin bu element təyin
edəcəkdir" [11, 28-29].
Yaradıcılıq, kommunikasiya, koqnitiv proseslərin mexanizmləri prob-
lem
lərinin həllinə qoşulan sinergetikanın metodoloji təcrübəsi psixoloji idrak
sferasına da daxil olur. Psixoloji yönəlişli özünütəşkil konsepsiyaları E.Knya-
ze
va və S. Kurdyumovun, V.Krılovun, O.Mitina və V.Petrenkonun, E.Qoryaç-
kinanın əsərlərində inkişaf etdirilir. Məsələn, O.Mitina və V.Petrenko hesab
edirlər ki, semantik məkanların təhlilində özünütəşkil ideyaları çox səmərəli
ola bilər: "Düzdür, biz hamımız vahid fiziki məkanda yaşayırıq, amma
müxtəlif mentalitetə malik olan insanlar sanki müxtəlif aksioma və səbəb-
nəticə qanunları olan müxtəlif aləmlərdə yaşayır" [12].
Yuxarıda apardığımız təhlilə yekun vuraraq qeyd etmək istərdik ki, si-
ner
getikanın mürəkkəb sistemlərin özünütəşkil prinsipləri, inkişafın qeyri-xət-
ti
liyi, çoxvariantlı-lığı, alternativliyi və hesablamalar yolu ilə optimal yolun
se
çimi və sair ideyaları, sosial proseslərin adekvat nəzəri mənalandırılmasında,
on
ların idarə olunması ilə bağlı yetişmiş problemlərin həllində yeni, qeyri-
stan
dart yanaşmaları inkişaf etdirmək baxımından son dərəcə mühüm və ak-
tual rol oynayır.
ƏDƏBİYYAT
1.
Allahyarova T.B. Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası
kimi. F.e.d....avtoreferat. Bakı, 2007, 53 s.
2.
Əhmədli C.T. Cəmiyyət, siyasət, ideologiya // Siyasi biliyin əsasları. Bakı, 1997, 266 s.
3.
Аршинов В., Данилов Ю., Тарасенко В. Методология сетевого мышления: феномен самоор-
ганизации // Онтология и эпистемология синергетики. М.: ИФРАН, 1997, с. 109-119.
4.
Аршинов В.И., Панченко А.И. Человеческое измерение постнеклассической науки
(Научно-аналитический обзор) // Реферативный журнал. Общественные науки за
рубежом. Сер. “Философия”. М.: 1991, № 5, с. 13-25.
5.
Аршинов В.И., Свирский Я.И. От смыслопрочтения к смыслопорождению // Вопро-
сы философии. 1992, №2, с.145–154.
6.
Валлерстайн И. Анализ мировых систем: системное видение мирового сообщества
// Социология на пороге ХХI века: новые направления исследования. М.:
Гардарики, 1998, 521с.
7.
Добронравова И.С.
Становление нелинейного мышления.// Totallogy.
Постнекласичні дослідження. К., 1995, c.187–188.
8.
Заде Л.А. Основы нового подхода к анализу сложных систем и процессов принятия
решения // Математика сегодня. М.: Знание, 1974, 64 с.
9.
Князева Е.Н. Одиссея научного разума. Синергетическое видение научного
прогресса. М.: Аспект-Пресс, 1995, с.81–82.
10.
Ковалев А. Еще раз о формационном и цивилизационном подходах // Обществен-
ные науки и современность. 1996, №1, c. 97-104.
11.
Лотман Ю. Культура и взрыв. М.: Гнозис, 1992, 272 с.
12.
Петренко В.Ф., Митина О.В. Психосемантическое исследование политического
менталитета (Россия: 1991-1993). "Общественные науки и современность". 1994,
№6, с. 42-54.
13.
Рузавин Г.И. Синергетика и диалектическая концепция развития// Философия нау-
ки. 1989, №5, c.11-21.
99
14.
Рузавин Г.И. Синергетика и принцип самодвижения материи // Вопросы филосо-
фии. 1984, №8. c. 39-51.
15.
Хантингтон С. Столкновение цивилизаций. М.: Издательский дом АСТ. 2006, 603 с.
16.
Янч Е. Самоорганизующаяся Вселенная // Общественные науки и современность.
1999, №1, c. 143-158.
ПРОБЛЕМА АДАПТАЦИИ СИНЕРГЕТИЧЕСКИХ ИДЕЙ
К СОЦИОГУМАНИТАРНЫМ НАУКАМ
Л.Н.НАЗИРЗАДЕ
РЕЗЮМЕ
Статья посвящена анализу широких возможностей и огромного когнитивного по-
тенциала синергетической парадигмы в социальном познании. В ней раскрыты основ-
ные направления формирующейся новой науки – социальной синергетики. В этой связи
особое внимание уделяется значению роли основных принципов синергетики (нелиней-
ности самоорганизации, неопределенности), в становлении гражданского общества,
социальном управлении и антропологии. Обосновываются преимущества синергетиче-
ского мышления в решении экологических культурологических проблем, а также в пе-
риодизации истории.
Ключевые слова: социальная синергетика, синергетическая антропология, са-
моорганизация, социальное познание, синергизм гражданского общества, синергетиче-
ская экология
THE PROBLEM OF ADAPTATION OF SYNERGISTIC IDEAS
FOR SOCIAL-HUMANITARIAN SCIENCES
L.N.NAZIRZADE
SUMMARY
This article is devoted to the analysis of opportunities and tremendous cognitive poten-
tial synergistic paradigms in social cognition. It discloses principal directions of the emerging
new science – Social Synergy. In this regard, special attention is paid to the role of the funda-
mental principles of synergetics (non-linearity of self-organization, uncertainty) in the deve-
lopment of civil society, social management and anthropology. The benefits of synergy of
thinking in solving environmental problems, as well as in the periodization of history are
grounded.
Key words: social anthropology, synergy, self-organization, social cognition, syner-
gies of civil society, synergy ecology
Dostları ilə paylaş: |