SEVGİ MƏKTUBLARI
Sigmund Freud
Die Brautbriefe
Bakı, Qanun Nəşriyyatı, 2014
Rus dilindən tərcümə: Araz Gündüz
Redaktor: Azad Qaradərəli
Korrektor: Ceyran Abbasova
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
ISBN 978-9952-26-944-4
© Qanun Nəşriyyatı, 2014
© Sei mein, wie ich mir’s denke
Die Brautbriefe Bd. 1 (Juni 1882-Juli 1883)
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım
hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
Azərbaycan Respublikasının Qanunu»na ziddir.
SEVGİ MƏKTUBLARI
Elə yaradıcı şəxsiyyətlər var ki, onların irsinə zaman-zaman ehtiyac duyulur,
müraciətlər edilir, fikirlərinə yeni-yeni baxışlar yaranır. Froud da bu baxımdan istisna
deyil. Onun yazdığı elmi əsərlər, oxuduğu mühazirələr bu gün də aktuallığını saxlayır.
Onun əsərləri bütün dünyada yeni müstəvidə öyrənilir: Froud yenə də insanların
köməyinə gəlir.
downloaded from KitabYurdu.org
Qarşınızdakı kitabda isə bu dahi insanın tamam başqa keyfiyyətləri üzə çıxır:
sevən bir aşiq kimi qələmə aldığı sevgi məktublarıdır bunlar. Son dərəcə səmimi
hisslər, bədii, bəlağətli bir tərzdə yazılan bu məktublar insan qəlbinin sonsuzluğunu
və ehtirasının hüdudsuzluğunu bir daha nümayiş etdirir. İnanın ki, bir bədii əsər
oxuyurmuş kimi təsir bağışlayacaq sizə bu sətirlər. Beləcə, sizi Froudla baş-başa
buraxırıq.
Ön söz yerinə
Dünyanın elmi baxımdan qavranılmasında, eləcə də, bütün insanlığın
dünyagörüşündə böyük çevrilişlər eləmiş düşünürlərin çoxlu əsərlərinin, bugünəcən
də dilimizə çevrilməməsi, başqa sözlə desək, dilimizdə özünü göstərən ilkin
qaynaqların kəskin qıtlığı, çox vaxt, anadilli oxucularımızın dünyada ad-san qazanmış
elm və incəsənət korifeyləri ilə bağlı yanlış düşüncələrə qapılmasına gətirib çıxarır. Biz
onları başqalarının yozumlarına görə tanımalı oluruq və çox vaxt, hansısa dini-
ideoloji-siyasi maraqlara qulluq eləyən bu yozumçular, öncədən qarşılarına kimisə
qaralamaq məqsədi qoyduqlarına görə, doğru-düzgün bilgilər vermir, danışdıqları
kimsəni öz bildikləri və istədikləri kimi tanıtmağa çalışırlar. Elə buna görə də, bir
çoxlarımız Froudu şəhvət düşkünü, bütün müqəddəslikləri şəhvətə bulaşdıran birisi
kimi tanıyırıq. Özlüyündə isə, Froud özəl yaşamında bütünlüklə başqa bir yolun
yolçusu olmuşdur. Çağdaşlarının və yaxın tanışlarının bildirdiyinə görə, Froud
qadınlara yanaşmada çox utancaq olmuş, onun qadınla birinci seksual yaxınlığı isə,
yalnız otuz yaşına çatanda, dörd il adaxlı olduğu Marta Bernaysla olmuşdur; səkkizillik
evlilikdən sonra, Froud xanımı ilə anlaşaraq onunla seksual yaxınlığını bütünlüklə
dayandırmışdır. Froudun Marta Bernaysla adaxlı olduğu dörd ildə (1882-1886-ci illər)
ona yazdığı 1500-dən artıq məktubu qalmışdır, Froudun ölümündən sonra onun oğlu
Ernst Froud tərəfindən kitablaşdırılaraq: “Sevgi məktubları” adı ilə çap olunan bu
məktublar, uzun illər boyunca, geniş oxucu çevrəsində böyük maraq doğurmuş,
dönə-dönə yayımlanaraq, sevgi duyğuları ilə bağlı yazılmış kitabların sırasında ən çox
oxunan əsərlərdən biri olmuşdur. Ona görə də, Froudun “Sevgi məktubları”
kitabından dilimizə çevirib, baxışlarınıza çatdırdığım bir neçə məktubun, onu bir insan
kimi tanımağınıza yardım edəcəyinə inanmaq istərdim.
Araz Gündüz, 10 oktyabr, 2014-cü il
downloaded from KitabYurdu.org
Vyana, 10 iyun 1882-ci il
İstəklim, sevgisinin oduna alışıb yandığım, gözəl qız!
Mən bunu bilirdim: yolların ortaya atdığı bu uzaqlıq, sənin olmadığın bu yerlər,
mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da,
gömüldüyüm bu duyğuların dərinliyinə varmağı, onları sonacan qavramağı
bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir.
Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni
qorxudur.
Arxadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin
ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların
gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyimi doğuracaq başqa bir
fantaziyanın ola biləcəyinə inanmıram.
Mənim Martam – görənlərin ağlını başından alan, hamının vurğunluq və sevgi ilə
bağlanıb ayrıla bilmədiyi bir gözəldir. Elə onun bu özəllikləri də, ilk görüşdəcə, məni
onun dustağına çevirdi, onun mənə güvənclə və istiqanlılıqla yanaşması isə məni öz
gözümdə ucaltdı və mənə tükənməz ümidlər aşıladı, ən başlıcası isə, mən bütün
bunlara görə, öz gələcəyimi qura bilmək üçün gərəkən, coşqun bir yaradıcılıq enerjisi
aldım.
Bir də görüşəsi olsaq, elə bilirəm, mən bizim ilişkilərimizdəki utancaqlığı və
gərginliyi aradan qaldıra biləcəyəm. Biz yenə də sənin o kiçik, gözəl otağına
çəkiləcəyik, mənim gözəlim qəhvəyi kresloya dirsəklənəcək, mən isə onun ayaqlarının
yanında qoyulmuş alçaq, dairəvi oturacaqda oturacağam. Beləliklə də, biz biri-
birimizlə danışmaqdan, biri-birimizə isinişməkdən yorulub usanmayacağıq...
Gündüzlərlə gecələrin yerlərini dəyişməsi də, qıraqdan kimlərinsə göz yetirməsi də
bizə mane ola bilməyəcəkdir, heç bir qayğı da, heç bir görülməli olan iş də bizi biri-
birimizdən ayıra bilməyəcəkdir.
Sənin obrazını canlandıran bu gözəl portretin... Sözün düzü, mən ilk öncə, səni
andıran, prototipin olan bu portreti yetərincə dəyərləndirə bilməmişdim. İndi isə
sənin portretinə baxdıqca baxır və onda mənim sevgilimə oxşar olan və olmayan
cizgiləri özüm üçün ayırd eləyirəm. Birdən, necə oldusa, portretdəki solğun
yanaqlarının, incə əllərində tutduğun o qızılgüllər kimi, al rəngə boyanıb
canlanacağını düşündüm. Ancaq sənin sevimli obrazın öz toxtaqlığını saxlayır və elə
bil mənə bunları pıçıldayırdı: “dözümlü ol, dözümlü... Mən axı bu portretdə eləcə bir
obrazam, işarəyəm, bu mənim kağız üzərindəki kölgəmdir, mənim gerçək varlığım isə
sənin ürəyinə köçüb və sən məni heç vaxt unuda bilməyəcəksən”.
Sənin portretini də, iş stolumun üstündən asdığım ev tanrıları simvollarının
arasında yerləşdirmişəm. Ancaq mənim sayğı ilə yanaşdığım bu simvollardakı ciddi
baxışlı kişilər, sanasan, mənə üz tutub: bu incə qızın yeri bizim aramızda deyildir,
deyirlər. Mən isə sutkanın bütün iyirmi dörd saatı boyunca ara vermədən, dönə-
dönə, portretinə baxıb, səninlə bağlı xatirələrimi gözlərimin önündə canlandırmaq
istəyirəm.
Çoxdandır başımda dolanır, bilmirəm, haradansa belə bir yazı oxumuşdum: birisi,
gecə-gündüz, harada olursa olsun, nə iş görürsə görsün, dayanmadan, sevgilisi
downloaded from KitabYurdu.org