BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Humanitar elmlər seriyası 2010
FOLKLORDA ÖZ ƏKSİNİ TAPMIŞ AĞILARIN FORMALAŞMASINDA
PARALELİZMLƏRİN MİFOLOJİ FUNKSİYALARI
FƏRƏH CƏLİL
Bakı Slavyan Universiteti
ôаrаh.саlil@rambler.ru
Folklorda müşahidə olunan paralelizmlərin genezisi ilə bağlı bu günədək elmdə bir sıra
araşdırmalar aparılmışdır. Belə ki, R.Laut, C.M.Hopkins, C.F.Deyvis, P.A.Budberq, V.Şteynis,
A.N.Veselovsi, V.M.Jirmunski, R.Yakobson, Y.M.Meletinski o cümlədən Azərbaycanda K.Ab-
dulla, M.Adilov, A.Hacıyev kimi araşdırmaçılar müxtəlif xalqların folklor yaradıcılığında əks
olunmuş paralelizmlərlə bağlı ciddi əsərlər işləyib hazırlamışlar. Ağılar ibtidai inanc sis-
temindən qaynaqlanan mərasim aktlarından biri kimi folklorda geniş şəkildə öz əksini tap-
mışdır. Ağılarda yer alan əsas faktor insanın psixoloji vəziyyətinin təbiətlə vəhdətdə gö-
türülməsi ilə bağlıdır. Bunun səbəbi isə totemistik və animistik düşüncə ilə əlaqədardır. Elə bu
səbəbdən də, ağılarda insanın daxili vəziyyəti təbiət hadisəsi ilə müqayisə olunur. Məqalədə bu
fikrə aydınlıq gətirmək üçün Naxçıvan ərazisində toplanılan ağılar üzərində təhlillər aparılır.
Türk mifoloji təfəkküründə insanın doğumu, yetkinlik yaşına çatması, evliliyi
və ölümü xüsusi bir status kimi qəbul edilir və bununla bağlı xalq arasında məra-
simlər keçirilirdi. “Kitabi-Dədə Qorqud” dastanından da göründüyü kimi, istər qəhrə-
man doğulduğu zaman, yaxud xüsusi sınaqdan keçdikdən sonra qazandığı adqoyma
mərasimində obanın dədəsi, xüsusi seçilmiş el ağsaqqalı mərasimə dəvət olunur və o,
həmin şəxsin şanına dəyərli sözlər deyərək ona xeyir- dua verərdi. İnsanın həyatdan
köçməsi də bu mənada xüsusi mərasimlə müşahidə olunardı. Öncəliklə bunu qeyd
etməliyik ki, türklərdə ölüm anlayışı olmadığı üçün bu faktor, yəni həyatdan köçmə, o
biri dünyaya yolasalma ilə bağlı keçirilən mərasimlər ağılarla müşahidə edilər, bunun
üçün də məclisə xüsusi ağıçılar dəvət olunardılar.
Beləliklə də, folklor yaradıcılığının növlərindən olan ağıların əsas funksiyası
yasla bağlı icra olunan mərasimlər üçün nəzərdə tutulardı. Ağıların mətninə nəzər
saldıqda, demək olar ki, hər bir ağının məzmunu təbiətin əhval-ruhiyyəsi ilə insanın
daxili hisslərinin müqayisəsi üzərində qurulur. Bu isə mifoloji kontekstdə paralelizm-
lərin formalaşmasına gətirib çıxarır. Yəni insanın psixoloji vəziyyəti təbiətin əhval-
ruhiyyəsi ilə uyğunlaşdırılır. Bu isə folklorda paralelizmlərin yaranmasına səbəb olur.
Folklor yaradıcılığında öz əksini tapmış paralelizmlərin tədqiqi ilə bağlı
XVIII əsrin sonlarından bu günə qədər bir çox dünya alimləri ciddi elmi fikirlər
söyləmişlər. Bu tədqiqatçılardan R.Laut, C.M.Hopkins, C.F.Deyvis, P.A.Budberq,
V.Şteynis, A.N.Veselovski, V.M.Jirmunski, R.Yakobson, Y.M.Meletinski, o cüm-
lədən Azərbaycanda K.Abdulla, M.Adilov, A.Hacıyev kimi araşdırmaçılar müxtəlif
xalqların folklor yaradıcılığında əks olunmuş paralelizmlərlə bağlı ciddi əsərlər
67
işləyib hazırlamışlar. Adlarını çəkdiyimiz bu alimlərdən bəziləri paralelizmləri mifo-
loji konteksdən təhlil etməyə çalışmış, digərləri isə folklor yaradıcılığındakı
paralelizmləri leksik-qrammatik, eləcə də poetik-sintaktik cəhətdən təhlil etmişlər.
Öncə paralelizmlərin ilkin yaranma səbəblərinə nəzər salaq: Y.M. Meletinski
paralelizmlərlə bağlı fikrini belə ifadə edirdi: “Paralelizm epik yaradıcılığın qədim
ifadə tərzidir”(6, 41).
Paralelizmlərin folklor yaradıcılığında belə geniş yayılmasının qədim dövr
üçün öz sosial-psixoloji səbəbləri var idi. İnsanın dünyanı dərki, onun təbiətə münasi-
bəti, animistik, totemistik düşüncə tərzi zamanla şifahi yaradıcılıqda paralellərin for-
malaşmasına gətirib çıxarırdı. Bu mənada istər türk, istərsə də digər qədim xalqların
folklorunda istənilən qədər paralelizmlərlə rastlaşmaq mümkündür.
Böyük rus folklorşünası A.N.Veselovski paralelizmlərin yaranma səbəbini
aşağıdakı şəkildə sinifləşdirirdi:
“Paralelizmlərin tərkibində köçürülmələrin toplanılması aşağıdakılardan ibarətdir:
1)
həyatın, hərəkətin əsas nişanəsindən əmələ gələn uyğun əlamətlərin kompleksi
və xarakterindən;
2)
bu əlamətlərin bizim həyat qavramımıza müvafiq olan iradə və hərəkəti ifadə
etməsindən;
3)
digər obyektlərlə əlaqənin yaratmış olduğu bunun kimi paralelizm oyunu olma-
sından;
4)
hadisənin həyati dolğunluğundan və dəyərlərindən, yaxud obyektin insana mü-
nasibətindən ibarətdir” (3, 102).
İnsanın təbiətlə müqayisəsini A.N.Veselovski ikiüzvlü paralelizm adlandırırdı.
O, bu haqda yazırdı: “Bunun ümumi halı belədir: təbiətin şəkli, onun yanında isə buna
(təbiət hadisəsinə) bənzər insan həyatı; obyektiv məzmunun fərqliliyində onlar bir-
birini təkrarlayırlar, onlar arasında uyğunluq yaranır və aydın olur ki, onlar arasında
ümumilik var”(3, 104).
Paralelizmin üzvlərindən birinin cizgiləri, hər hansı ikinci üzvün cizgisinin
məzmununa müvafiq olaraq məntiqi şəkildə ortaya çıxır. Bu hal paralelizmin üzv-
lərindən birinin təhrif olunması hadisəsi deyil, sadəcə bilərəkdən susmaqdır. Beləliklə
də, subyektin daxili vəziyyəti obyektlə yanaşı işlənilir. Paralelizmin birinci hissəsində
yalnız təbiət hadisəsi təsvir olunur. İkinci hissədə isə təbiətlə yanaşı işlənilməklə
insanın daxili vəziyyəti açılır. Buradan isə digər nəticə ortaya çıxır. Paralelizmlərdən
birinci üzv susarkən ikinci üzvün “obrazında və yaxud anlayışında formal məntiqi
inkişaf ifadə olunur” (13, 118).
Buna misal olaraq Naxçıvan bölgəsində toplamış olduğumuz ağılardan birinə
diqqət yetirək:
Qardaşlar, ay qardaşlar,
Qar kəsər yağış başlar,
Tabutum əyri gedər,
Yapışmasa qardaşlar.
Burada biz kədərin havanın korlanması, qar və yağışla müşayiət olunması
hadisəsini ölən şəxsin vəziyyəti ilə müqayisəsini görürük və ikiüzvlü paralelizmlə
qarşılaşırıq. Yəni yalnız bir obyektdən istifadə olunur və biz eyni zamanda psixoloji
paralelizmin şahidi də oluruq. Psixoloji paralelizmlərdə iki motiv qarşılaşdırılır, biri
digərindən xəbər verir, onlar bir-birini izah edir, üstünlük insan məzmunu ilə
68
yüklənmiş hissənin üzərinə düşür.
Paralellərdə rastlaşdığımız əsas cəhətlərdən biri də müqayisə üçün seçilən
obyektin (təbiət nümunəsinin) hər bir xalqın şifahi yaradıcılığındakı davamlılığı ilə
bağlıdır.
A.N.Veseleovski yazırdı: “Paralelin tam sabitliyi (davamlılığı) yalnız bu hallar-
da əldə edilir.
1.
Nə zaman ki, hərəkətin kateqoriyasının əsas uyğunluğuna görə nisbətən daha
aydın olan, ona tərəfdar çıxan, yaxud onu rədd edən uyğun cizgilər seçilir.
2.
Nə zaman ki, paralel bəyənilir, adiləşərək kulta yaxud adətlərə daxil olur, bu
zaman o müəyyənləşir və uzun müddətə (folklorda) möhkəmlənir. Bu zaman
paralel simvola çevrilir, müstəqil şəkildə mövcud olur və digər uyğunluqlarda
ümumi isim kimi çıxış edir (3, 116).
Türk folklorunda insanın daxili vəziyyəti əsasən güllə, ağacla, dağla və su ilə
müqayisə olunur. Bu isə animistik və totemistik düşüncənin nəticəsidir. Əsasən qa-
dının gülə, meyvəyə, ağaca bənzədilməsi türk folkloru üçün də ənənəvi haldır.
Asif Hacılının “Bayatı poetikası” əsərinin “Praqmatika” bölümündə Gürcüstan
türkləri arasında qeydə aldığı bir bayatıya nəzər salaq:
Anam bəni ağlasın,
Boxçamı tərs bağlasın,
Yaz gəldi, bən gəlmədim,
Çiçək görsün ağlasın.
Asif Hacılı bu bayatının məzmunundakı türk xalqı üçün kononik ideyalardan
olan ölümsüzlük ideyasını təhlil edərkən yazırdı: “İnsan və hər yaz açan çiçəklər
arasında paralelizm (çiçək görsün ağlasın-məni əvəz edən, xatırladan çiçəklər) va-
sitəsi ilə ölüm, ayrılıq, əcəl inkar olunur (2, 118).
Yaxud Naxçıvan bölgəsində qeydə alınan ağılardan birində deyilir:
Bağçada barı qaldı,
Yemədi barı qaldı,
Dünyadan cavan getdi,
Yetim balası qaldı.
Burada da biz həyatdan erkən köçən qadının ağaca bənzədilməsi hadisəsini gö-
rürük. Ağacın barı, yəni meyvəsi onun kiçik körpəsi kimi dəyərləndirilir. Türk folk-
lorunda istənilən qədər qadının ağacla müqayisəsi motivinə rast gəlmək mümkündür.
Daha iki ağıda isə insanın dağa müraciətinin şahidi oluruq
Bu dağlar ulu dağlar,
Ağladı ulu dağlar,
Mən bir qardaş itirdim,
Dərdimə aləm ağlar
Yaxud:
Bu dağlar uca dağlar,
Başını duman bağlar,
Mən anamı itirdim
Halımı görən ağlar
Burada isə biz insanın dağa bənzədilməsinin şahidi oluruq. Təbii ki, bir çox
xalqlarla yanaşı türk dastanlarında öz əksini tapmış paralelizmlər də XX əsrin təd-
qiqat obyektlərindən biri olmuşdu. Məşhur rus alimi V.M.Jirmunski, türk xalqlarının
69
şifahi xalq yaradıcılığında öz əksini tapmış paralelizmləri tədqiq edərkən qeyd edirdi
ki, müxtəlif türk xalqlarının şifahi yaradıcılığındakı paralelizmlər ciddi qanunauy-
ğunluqlara tabedir. V.M.Jirmunski eyni zamanda qeyd edirdi ki, bu və ya digər türk
xalqlarının mədəni modelləri, eposları da daxil olmaqla nə qədər qədimdirsə, o qədər
paralelizmin əsasları daha aydın ifadə olunur (4, 104).
Bu fikrə istinad etsək, belə bir nəticəyə gəlmiş olarıq ki, türk xalqının digər
folklor nümunələri kimi ağıları da olduqca qədim dövrə məxsusdur. Bu isə bir daha
millətin qədimliyini sübut edir.
İbtidai inanc sistemindən qaynaqlanan bu hal, təbii ki, zamanla dastan yara-
dıcılığına da öz təsirini göstərmişdi.
ƏDƏBİYYAT
1. Abdullayev K. Sirr içində dastan, yaxud gizli Dədə Qorqud-2. Bakı: Elm, 1999, 152 s.
2. Hacılı A. Bayatı poetikası, Bakı: Elm, 2000, 164 s.
3. Веселовский А.Н. Историческая поэтика. М.: Высшая школа, 1989, 406 с.
4. Жирмунский В.М. Сравнительно-историческое изучение фольклора // Сравнительное
литературоведение. Восток и Запад. Л.: Наука, 1979, с.185-191.
5. Жирмунский В.М. Ритмико-синтаксический параллелизм как основа древнетюрк-
ского народного эпического стиха // Вопросы языкознания, №4, 1964, с. 3-24.
6. Мелетинский Е.М. Эдда и ранние формы эпоса. М.: Наука, 1968, 368 с.
7. Maaday–Kara destanı. Top. S. Bekki. Ankara: Manas yayıncılıq, 2007, 457 s.
МИФОЛОГИЧЕСКИЕ ФУНКЦИИ ПАРАЛЛЕЛИЗМОВ В ЗАРОЖДЕНИИ
ПЛАЧА И ЕГО ОТРАЖЕНИЕ В УСТНОМ ТВОРЧЕСТВЕ
Ф.Д.ДЖАЛИЛ
РЕЗЮМЕ
Плач, как один из видов в устном творчестве, связан с ритуалами, созданным в
первобытных обществах. В плаче отражается психологическое состояние человека,
которое сопровождается с природными явлениями. Такое отражение связано анимисти-
ческими и тотемистическими мировоззрениями первобытных обществ.
MYTHOLOGICAL FUNCTIONS OF PARALLELISM IN THE ORIGIN
OF CRYING AND ITS REFLECTION IN THE FOLKLORE
F.J.JALIL
SUMMARY
Crying, as one of the kinds of oral creativity is connected with the rituals created in
primitive societies. Crying reflects the person’s psychological state which is accompanied by
the natural phenomena. Such reflection is connected with animistic and totemic outlooks of
primitive societies.
70
Dostları ilə paylaş: |