BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar
elmlər seriyası
2011
UOT: 39;572.9
AZƏRBAYCAN NAĞILLARINDA AİLƏ MƏİŞƏTİNİN BƏZİ
XÜSUSİYYƏTLƏRİ HAQQINDA
A.T.ABDULLAYEV
Bakı Dövlət Universiteti
Adilabdullayev@mail.ru
Məqalədə Azərbaycan nağıllarında ailə məişətinin öyrənilməsindən bəhs edir. Nağılla-
rımızda qədim adət-ənənələr, xeyirlə şərin mübarizəsi ön plana çəkilir və əsasən yüksək insani
keyfiyyətlər təbliğ olunur. Azərbaycan nağılları əvəzsiz etnoqrafik mənbə kimi ailə- məişət mü-
nasibətlərinin müxtəlif tərəflərini əks etdirir
Açar sözlər: nağıl, etnoqrafiya, ailə məişəti, mənbə
Azərbaycan ərazisində onun zəngin tarixi keçmişinə müvafiq çoxsaylı və
olduqca rəngarəng maddi-mənəvi mədəniyyət abidələri qalmışdır. Onların öy-
rənilməsi ilə Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri
olması, özünəməxsus adət-ənənələri ilə seçilən, dünya sivilizasiyasına saysız
töhfələri olan bir xalq olması artıq təsdiq edilmişdir. Odur ki, uzun zaman kə-
siyində bu mədəni irs ənənəçiliyə və varisliyə əsaslanaraq inkişaf etmiş, zən-
ginləşmiş və ümumbəşəri mədəni irsin tərkib hissəsinə çevrilmişdir.
Azərbaycanın şifahi xalq yaradıcılığının etnoqrafik cəhətdən tədqiqi də
tarixi-mədəni irsimizin təbliğinə və yaşadılmasına xidmət edir. Bu yönümdə
Azərbaycan xalq nağıllarının əhəmiyyəti danılmazdır. Müxtəlif məzmunlu
nağıllarımız ailə məişətimizin fərqli xüsusiyyətlərini əks etdirməklə bu varisli-
yin qorunmasında mühüm rol oynayır. Hələ kiçik yaşlarından tam məqsədyön-
lü olmasa da xalqımızın qədim adət-ənənələrini nağıllardan mənimsəyən, onu
xəyallarında yaşadan azyaşlı uşaqlar bir neçə illər sonra, artıq cəmiyyətin iqti-
sadi-siyasi-mədəni həyatında aktiv iştirakçıya çevrildikdən sonra, şüuraltında
topladıqları məlumatları tətbiq edir, həyatda müqayisələr aparır, xeyir və şərin
mübarizəsində özlərinin yerini müəyyənləşdirir, cəmiyyətdə bir mövqe tutma-
ğa çalışırlar. Bir sözlə, nağıllarımız hamımızın körpəlikdən qanımıza hopmuş
qəhrəmanlıq, şücaət, məhəbbət və digər bu kimi hissləri aşılamaqla bu
dünyadan köçənə qədər bizi müşayiət edir.
207
Azərbaycan nağılları ailə məişətimizin müxtəlif cəhətlərini saf və sadə
formada, mübaliğəsiz, anlaşıqlı və axıcı dildə göstərən etnoqrafik mənbə
rolunda çıxış edə bilir. Maraqlıdır ki, istər islama qədər, istərsə də islamla
bağlı hər hansı adət-ənənəyə nağıllarda rast gəlmək mümkündür. Bunun
içərisində xalqımızın ailə-nigah münasibətlərinin, onunla paralel inkişaf edən
inancların bir sıra xüsusiyyətlərinin nağıllarımızda əks olunması da diqqətəla-
yiqdir. Məlum olduğu kimi? etnoqrafik tədqiqatlar nəticəsində ibtidai icma
dövründə və sonrakı dövrlərdə ailə quranların məkan mənsubiyyəti ilə əlaqə-
dar cəmiyyətdə matrilokal nigah münasibətlərinin mövcud olması müəyyən-
ləşdirilmişdir. Matrilokal münasibətlərin qalıqları «Ağ quş» nağılında belə
göstərilmişdir: «Padşahın zənəni hamilə olur. Uşağın anadan olmasına az qal-
mış padşah zənənini öz qayınatasının yanına göndərir və orada bir oğlu olur»
(1, 202-203). Buradan görünür ki, ibtidai adətin qalıqlarına əsasən hətta hökm-
dar da bu adətlərə tabe olaraq, ana xaqanlığının izlərini gündəlik məişət həya-
tında saxlamışdır. Oxşar adət hal-hazırda Azərbaycanda bir çox bölgələrimiz-
də bu və ya digər şəkildə tətbiq edilməkdədir. Doğrudur, matrilokal məskun-
laşma elmi ədəbiyyatlarda kişinin və övladın qadının ailəsi daxilində yaşama-
sını göstərsə də, sonrakı inkişaf prosesində hətta patriarxal münasibətlərin ən
kəskin formasında belə bu məsələ özünü büruzə verir. İstənilən halda qadının
hüquqları sonradan nə qədər məhdudlaşdırılsa da müəyyən mərasimlərlə ana
xaqanlığın izləri qorunub saxlanılmışdır.
Məlum olduğu kimi, ailə məişətimizdə göbəkkəsmə adəti də mühüm yer
tuturdu. Adətən, eyni vaxtda anadan olmuş qız və oğlanın valideynləri əvvəl-
cədən gələcəkdə övladlarının evlənəcəklərini qərarlaşdırır və bu evliliyin vədi
əvvəlcədən alınırdı. Belə nigah forması əsasən qohumlar və ya yaxın dostlar
içərisində daha çox müşahidə olunurdu. «İbrahim» nağılında deyilir ki, Əhmə-
din və onun qardaşı Məhəmmədin uzun müddət övladları olmurdu. Bir dəfə
Əhməd bulaqdan su içdikdə bir ədəd qırmızı alma gördü, onu evinə apardı.
Almanı yarı bölüb, yarısını özü arvadı ilə yedi, yarısını isə qardaşıgilə verdi. 9
ay sonra Əhmədin bir oğlu, Məhəmmədin isə qızı doğuldu. Qardaşlar razılığa
gəldilər və həmin gün övladlarını bir-birinə göbəkkəsmə etdilər (1, 204).
Nağıldan görünür ki, bu nigah valideynlərin sövdələşməsinin nəticəsində baş
vermiş və əslində elmi ədəbiyyatda «ortokuzen» adlanan bir forma olmuşdur.
Əmioğlu və əmiqızının nigahı ortokuzen, dayı və bibi uşaqları arasında bağla-
nan nigahlar isə kromkuzen nigah hesab olunur və dünya xalqlarının bir ço-
xunda hələ ibtidai icma cəmiyyəti dövründən etibarən tətbiq olunur.
Etnoqrafik tədqiqatlar da göstərir ki, keçmişdə göbəkkəsmə adəti əsasən
qardaş uşaqları arasında yayılmış, lakin çox vaxt uğursuzluqla nəticələnməsinə
baxmayaraq, uzun müddət tətbiq olunmuşdu. Belə ki, körpəlikdən göbəkkəs-
mə edilmiş uşaqlar böyüdükdən sonra müxtəlif problemlərlə üzləşməli olurdu-
lar. Belə halların qarşısını almaq məqsədilə «deyiklilər» sınaqdan keçirilirdi.
«İbrahim» nağılında təsvir olunur ki, Əhməd kişi hələ oğlu uşaqkən vəfat edir.
«Məhəmməd qardaşına verdiyi vədə sadiq qalmaqla yanaşı, qardaşı oğlu İbra-
208
himi sınamaq qərarına gəlir. Məhəmməd uzun müddət İbrahimə öz qızını gös-
tərmir və oğlana deyir ki, qızımın bir gözü kor, bir qıçı topal, həm də keçəl və
çopurdur. Sənin kimi dərrakəli, gözəl oğlana layiq deyil». Bununla İbrahimi
sınayan Məhəmməd İbrahimdən istədiyi cavabı alır. İbrahim əmisi qızının
onun göbəkkəsməsi olduğunu bildirir və onun xarici görünüşünə baxmayaraq
onunla evlənməyə hazır olduğunu bildirir. Bu nağılda etnoqrafik cəhətdən ma-
raqlı məqam ailənin ortokuzen nigah əsasında qurulması və ona xüsusi riayət
olunmasıdır. Maraqlı bir cəhət isə ortokuzen nigahla yanaşı, burada matrilokal
adətin paralel göstərilməsidir. Nağılda deyilir ki, toy 7 gün, 7gecə İbrahimin əmi-
sinin evində (qız evində) olur, onlar bir müddət qız evində yaşayırlar (4, 69-71).
Nağıllarımızdan birində göbəkkəsmə ilə bağlı fərqli bir məqam da
diqqəti cəlb edir. «Yusiflə Sənubər» nağılından aydın olur ki, bu adət əsasən
adqoyma günü həyata keçirilir və cəmiyyətin varlı, imkanlı təbəqəsi tərəfindən
var-dövlətin nəsildən kənara çıxmasının qarşısını almaq üçün daha çox tətbiq
olunurdu. Oxşar məzmun «Moltanı padşahı», «Əhmədlə Sənəm» nağıllarında
da müşahidə olunur (4, 104). Bu adətin mənfi cəhətlərindən biri böyüdükdən
sonra, deyiklilərin bir-birini istəməməsi, qəbul etməməsi ilə də bağlıdır. Belə
ki, oğlan və ya qız nağıllarda vəfasız, xəyanətkar kimi təsvir edilir. El adətinə
görə, cəmiyyətin qoyduğu ümumi qaydalara riayət edilmədikdə, həmin şəxs və
onun davranışları tənqid edilir ki, həmin hadisə təkrar olunmasın. «Həsən
Qaranın nağılı»nda bu nigaha razı olmayan qız cəzalandırılır. Təsvir olunur ki,
qız onu sevən öz əmisi oğlunu öldürüb, başını həramibaşıya verir. Lakin hara-
mi başçısı bunun əvəzində qızı doğrayır və deyir: «belə oğlanı öldürən qız mə-
nə nə vəfa göstərəcək» (3, 113). Bu hadisə sədaqət, adət-ənənəyə hörmət kimi
hisslərin tərbiyəsi və təbliğində mühüm məqamları özündə əks etdirir.
Ekzoqam və endoqam nigah forması da nağıllarda öz əksini tapmışdır.
Endoqam nigahların mövcud olduğu şəraitdə həm valideynlər, həm də gənclər
bir-birini tanıyırdılar. Bu səbəbdən də, oğlanlar qızı bəyənmək, «gözaltı» seç-
mək üçün çətinlik çəkmirdilər. Lakin ekzoqam nigahlarda, başqa el-obadan
qızı tapmaq və bəyənmək lazım idi. Adətən kənar yerdən qız istədikdə elçilik-
dən əvvəl qızın valideynlərinin fikrini öyrənmək üçün «ara arvadı» göndərilir-
di. Azərbaycan şifahi xalq ədəbiyyatında bu məsələ özünün geniş əksini tap-
mışdır. Nağıllarımızda belə qadınlar iki qismə ayrılır: küpəgirən, aravuran və
xeyirxah qarılar. «Küpəgirən» və ya «küp» qarısı nağıllarda belə xarakterizə
olunur: «gözləri çaş, ağzı əyri, qılçası topal, beli donqar, qaşqabağından zəhri-
mar tökülür» (1, 49). Nağıllarda həm də sehrbaz kimi göstərilən belə qadınlar
daim pislənir, onların əməlləri nağılın sonunda puça çıxır, onlar istəklərinə
nail ola bilmirlər.
Ekzoqam nigahlarda başlıq almaq daha çox müşahidə olunmuşdur. Baş-
lıq kimi müəyyən miqdar pul, qiymətli metal, daş-qaş və mal-qara tələb olu-
nurdu. «Axvax» nağılında deyilir ki, Səlim üçün elçiliyə gedənlərə qızın atası
şərt qoymuşdu: «Gərək qızın özü ağırlığında qızıl gələ» (3, 123). Adətən belə
başlıqdan sonra oğlan evi müflisləşirdi. Bu nağılda da təsvir edilir ki, Səlimin
209
ailəsi tələb olunan qızılı verdikdən sonra tamamilə yoxsula döndü. Müəyyən
vaxtlarda isə qız ailəsi bilərəkdən başlığın miqdarını şişirdərək, elçini geri
qaytarırdılar. Göründüyü kimi, başlıqdan bir vasitə kimi, rədd cavabının for-
ması, onun ekvivalenti kimi də istifadə olunurdu.
Bütün bu mərasimlərin ardınca nağıllarda toy xüsusi təntənə ilə təsvir
olunur. Toy mərasiminin müddəti 7 gün, 7 gecə və ya 40 gün, 40 gecə olmaqla
göstərilir. Toydan bir neçə gün əvvəl bəy tərəfindən iki nəfər yaxın «sağdış»
və «soldış» seçilir və onlar toy günlərində bəyi müşayiət edirdilər. «Göyçək
Fatma» nağılında da sağdış, soldış və yengə haqqında məlumat verilir. Qeyd
etmək lazımdır ki, toy günlərində sağ və sol qoruma seçmək adəti digər türk
xalqlarında da olmuşdur. Bir çox tədqiqatçılar bunu bəyi pis ruhlardan qoru-
maq zərurəti ilə əlaqələndirirlər (5, 116). Hal-hazırda xalq içərisində el toy-
larında hələ də bəyin və ya gəlinin yoldaşları – sağdış və soldışlar təyin edilir.
«Hatəm» nağılında toyla bağlı ailə məişətimizin yeni ünsürlərinə rast
gəlmək mümkündür. Nağıldan aydın olur ki, ər evinə aparılmazdan əvvəl
gəlinin saçlarını gülabla yuyurdular. «Göyçək Fatma» nağılında qızın saçlarını
gülabla yuyub «gərəbənd» topladıqları göstərilir (1, 99). Bu məlumatdan da
itib getməkdə olan bir adətimizin izlərini görmək olar. İnanca görə, gəlin ər
evinə köçdükdə saçlarında və paltarında heç bir düyün olmamalı idi və
bununla əlaqədar olaraq, gəlinin saçını nə hörür, nə də bağlayırdılar. Sadəcə
olaraq, boynunun arxasında yumurlayıb – gərbənd edirdilər.
Nağıllarda ailə məişətimizin az öyrənilmiş məsələlərindən biri olan ögey
ana və uşaqlar arasındakı münasibətdir. Ögey ana nağıllarda paxıl, kobud,
amansız, sərt və zülmkar kimi göstərilirdi. «Göyçək Fatma» nağılında ögey
ananın və onun qızının davamlı olaraq cəza tətbiq etməsi və paxıllıqdan Fat-
maya qarşı etdikləri hərəkətlər tənqid olunur (1, 37-44). Son nəticədə ögey
ananın davranışının pislənməsi yenə də ümumiyyətlə cəmiyyətin münasibəti
kimi verilir və göstərilir ki, bütün cəhdlərə baxmayaraq, haqq, ədalət daim əzi-
lən tərəfdə durur.
Qədim azərbaycanlıların etiqadında ibtidai inanclar zaman-zaman aparı-
cı funksiya daşımışdır. Totem hesab olunan müxtəlif heyvanlar sehrli nağıl-
larda olduğu kimi, digər nağıllarda da hadisələrin müsbət yönümdə inkişafına
mühüm təsir göstərən varlıqlar kimi təqdim olunur. Heyvanlar çətinliklə
üzləşmiş qəhrəmana yardım edir, onlara sehrli qüvvə verir və şər üzərində qə-
ləbə çalmağa yardım edir. «Ovçu Pirim» nağılında ilanın tüpürcəyi Ovçu Piri-
mə qeyri-adi bacarıq verir və nəticədə o, bütün heyvan və quşların dilini bilir
(1, 27). Bundan başqa, ağ ilan müqəddəs və yardımçı, qara ilan isə düşmən
kimi göstərilir və ağ ilan ovçunu bədbəxt hadisədən qurtarır. «Daş üzük» nağı-
lında gənc oğlan bazardan aldığı yeşiyi açanda onun içərisindən çıxan ilan, əs-
lində ilanlar şahının qızı olur və sonda ilan-qıza yardım göstərən ailə mükafat-
landırılır (1, 123). Dolayısıyla insan toteminə, totem isə insana köməklik edir.
Nağıllarda müqəddəs hesab edilən heyvanlar içərisində it, at, inək və
digər heyvanlar aparıcı rol oynayır. «Göyçək Fatma» nağılında göstərilir ki,
210
Fatma inəklə sirdaş olur, hətta inək kəsildikdən sonra onun sümükləri qıza
yardım edir. Azərbaycanlılar içərisində qədim zamanlardan totem səciyyəsi
daşıyan digər heyvan at olmuşdur. Məlum olduğu kimi, keçmişdə evin giriş
qapısından at nalı asılırdı, onun qoruyucu funksiyasına inam var idi.
Nağıllarda da at sahibini çətinliklərdən qurtarır, ona nağılın sonuna qədər
sədaqətlə xidmət göstərir. «Bəxtiyar», «Qırx qönçə», «Ağ atlı oğlan»
nağıllarında atın çətin səfərlərdə və gözlənilməz anlarda yardımı ətraflı təsvir
edilir (1, 145-150). Sonralar şifahi xalq yaradıcılığı nümunələrinin bir çoxunda
atın qoruyucu funksiyası daim vurğulanır.
Şifahi xalq ədəbiyyatında tez-tez təsadüf olunan göyərçin daim xalq
içərisində toxunulmaz və müqəddəs hesab olunmuşdur. «Daş üzük» nağılında
oğlan anasının bazarda satmaq üçün verdiyi yumağı göyərçinlə dəyişdirir və
gəncin sonrakı taleyində həmin göyərçin mühüm rol oynayır və çətin anlarda
ona kömək edir. Hal-hazırkı inanclara əsasən, göyərçin yenə də toxunulmaz
hesab olunur və hətta onun müxtəlif xəstəliklərin müalicəsində istifadəsi müs-
bət qarşılanır. Adətən, ailədə övladları gec dil açan valideynlər göyərçin yu-
murtasını həmin uşağa içirtməklə, onun tez danışa biləcəyinə inanırdılar. Ox-
şar funksiya simurq quşuna da aid edilə bilər. Nağıllarda quşun lələyinin
yandırılması ilə onun çətinlikdə olan adama yardım etməsi dəfələrlə rast gəlin-
miş hallardandır. «Ağ atlı oğlan» nağılında Nərbala quşun tükünü yandıran
kimi quş onun dediklərini hazır edirdi (2, 86-119).
Nağıllarda bir çox meyvə ağacları və otlara etiqad da öz əksini tapmış-
dır. İbtidai inanclardan olan animizmin bu və ya digər əlamətləri demək olar
ki, məişətlə bağlı məsələlərdə müşahidə olunmuşdur. Adətən sehrli qüdrətə
malik olan meyvələrin içərisində alma nağıllarda xüsusi yer tutur. Nağıllarda
bəzi hallarda «qızıl» və ya «qırmızı» alma ifadəsi işlənir. Alma insanlara
sevinc gətirir, onları arzularına çatdırır. «Məlikməmməd», «Bəxtiyar», «Ax-
vax», «Sehrli üzük», «Ağ atlı oğlan» nağıllarında alma hadisələrin gedişində
aparıcı mövqe tutur, almanı yeyən xəstə sağalır, qoca gəncləşir, ailə qurmaq
istəyən qızlar seçimlərini alma atmaqla göstərir və alma cənnət meyvəsi kimi
təqdim olunur. Nağılların sonunda da daim göydən üç alma düşür. Azərbaycan
məişətindəki bir çox mərasimlərdə alma əsas yer tutmuşdur. Etnoqrafik müşa-
hidələr göstərir ki, keçmişdə bəzi rayonlarda gəlin ata minib ər evinə yola
düşəndə bəy gəlinə alma atırdı və ya bəy üçün bəzədilmiş xonçalara hökmən
alma qoyulurdu.
Nağıllarda islam dini ilə bağlı inamlar, müsəlmançılığı göstərən məqam-
lar, izlər də müşahidə olunmaqdadır. Şifahi xalq ədəbiyyatı nümunələrindən
məlum olur ki, ölünü ağ kəfənə büküb dəfn edirdilər. «Aldərviş» nağılında
qardaşının bağışlanmasını xahiş edən Say Ərən «ağ kəfənə bürünərək» atası-
nın yanına getmişdi (4, 201). Bu adət keçmişdə ağsaqqalların məsləhəti ilə iki
qanlı düşmən arasında barışıq təşkil edilərkən icra olunurdu. Bu zaman
qanlılardan biri ağsaqqalın müşayəti altında kəfəni boynuna ataraq, digərinin
yanına gəlir və bağışlanmasını xahiş edir, o birisi isə onu bağışlayır və bundan
211
sonra kin saxlamayacağına dair Qurana and içirdi. Folklor nümunələrindən
göründüyü kimi, keçmişdə And müqəddəs hesab olunurdu və onu pozmaq
olmazdı. «Aldərviş» nağılında da bunu görmək mümkündür.
Nağılların demək olar ki, hamısında müsbət keyfiyyətlər təbliğ olunur,
tənbəllik, qorxaqlıq, ikiüzlülük tənqid olunur. Cəsarət, ədalət, sədaqət, dostluq,
qarşılıqlı yardım istər insan, İstərsə də heyvan obrazları ilə göstərilir. Nağıllar-
da div obrazı nə qədər güclü təsvir olunsa da, əsas qəhrəman ağlının və ət-
rafındakıların yardımı ilə ona son anda qalib gəlməyi bacarır. Bu, nağılların
əsasını təşkil edən xeyirin şər üzərində qələbəsinin göstəricisi olmuşdur.
ƏDƏBİYYAT
1.
Azərbaycan ədəbiyyatı inciləri. Bakı: Azərnəşr, 1985, 430 s.
2.
Azərbaycan nağılları. Bakı: Turan, 2001, 320 s.
3.
Azərbaycan nağılları. 5 cilddə, III c. Bakı: Azərb.SSR EA-nın Nəşriyyatı, 1962, 282 s.
4.
Azərbaycan nağılları. 5 cilddə, IVs., Azərb.SSR EA-nın Nəşriyyatı, ,Bakı,1963, 288 s.
5.
Həkimov M.İ. Xalqımızın deyimləri və duyumları. Bakı: İşıq, 1968, 265 s.
6.
Кагаров Е.Г. Состав и происхождение свадебной обрядности/ Сборник музея
антропологии и этнографии Т.8, М.: Музеи, 1929, с.116
О НЕКОТОРЫХ ОСОБЕННОСТЯХ СЕМЕЙНО-БЫТОВЫХ
ОТНОШЕНИЙ В АЗЕРБАЙДЖАНСКИХ СКАЗКАХ
А.Т.АБДУЛЛАЕВ
РЕЗЮМЕ
Азербайджанские сказки имеют особое место в изучении семейно-бытовых отно-
шений. В сказках отражаются древние обычаи, борьба между злым и добрым духом и в
основном пропангандируется высокое человеческое качество. Азербайджанские сказки,
отражая разные стороны семейно-бытовых отношений, являются неизменным этногра-
фическим источником.
Ключевые слова: сказка, этнография, семейный быт, источник
SOME FEATURES OF FAMILY RELATIONS IN
FOLKTALES OF AZERBAIJAN
A.T.ABDULLAYEV
SUMMARY
Azerbaijan folktales have an essential place in the study of the family relations. The
folktales of Azerbaijan deal with ancient traditions, the struggle between the vice and virtue.
Azerbaijan folktales de scribe all details of our traditional lives and can be considered
ethnographic resources.
Key words: folktales, ethnography, family life, resource
212
Dostları ilə paylaş: |