«Dirçəliş XXI əsr».–2010.-№147-148.–S.171-178.
CƏNUBİ AZƏRBAYCANDAN AZƏRBAYCAN SSR-ə MÜHACİRƏTİN
(1946-1954-cü İLLƏR) HÜQUQİ ASPEKTLƏRİ
Xaqan BALAYEV,
AMEA-nın İnsan Hüquqları İnstitutu
1946-cı ilin dekabrında Cənubi Azərbaycandakı demokratik hərəkat İran silahlı qüvvələri tərəfindən
məğlubiyyətə uğradıldıqdan sonra minlərlə insan təqibdən qurtulmaq üçün Azərbaycan SSR-ə keçməyə məcbur
olmuş və SSRİ hökuməti buna icazə vermişdi. 1946-cı il dekabrın 12-dən 1947-ci il yanvarın 1-dək 5.824 nəfər
sərhədi keçmişdi (1). Mühacirlərin gəlişi sonrakı illərdə də davam etmiş və 1954-cü il aprelin 15-dək onların
ümumi sayı 9.022 nəfərə çatmışdı (2).
Hər bir mühacirət insanların sadəcə mexaniki yerdəyişməsi yox, siyasi və sosial-iqtisadi həyatın müxtəlif
sahələrinə təsir göstərən mürəkkəb ictimai prosesdir, özünəməxsus siyasi, hüquqi, etnik-milli, sosial, iqtisadi,
demoqrafik, hətta ekoloji aspektlərə malik olur və müvafiq problemlər doğurur.
Mühacirətin siyasi aspektləri haqqında "Cənubi Azərbaycandan Azərbaycan SSR-ə mühacirətin siyasi
aspektləri" adlı məqaləmdə bəhs etmişəm (Milli dövlətçilik: özümüzü və dünyanı dərketmə yolunda. AMEA İnsan
Hüquqları İnstitutunun aspirant və dissertantlarının elmi nəşrləri, dekabr, 2009, s. 61-69). Bu məqalə mühacirətin
hüquqi aspektlərinə həsr olunur.
Siyasi mühacirlər haqqında SSRİ-də qanunvericilik bazası olmadığından, hüquqi məsələlər nazirliklər
səviyyəsində müntəzəm dəyişməkdə olan normativ aktlarla tənzimləndiyinə görə, əslində, uzun illər (1961-ci
ilədək) hüquqi nizamsızlıq hökm sürmüşdü.
1936-cı ilin əvvəlində siyasi mühacirlər haqqında ÜİK(b)P MK Siyasi Bürosunun qərarını hazırlamağa cəhd
göstərilmiş, lakin bu da qanunvericilik aktının qəbul edilməsinə gətirib çıxarmamışdı (SSRİ-də bütün
qanunvericilik sənədləri ÜİK(b)P MK Siyasi Bürosunun qərarı ilə hazırlanır və qəbul edilirdi). İlkin layihədə
"Siyasi mühacirlərin SSRİ-yə gəlməsi qaydaları haqqında" adlanan qərar fevral ayında qəbul edilərkən, casus
axtarmaq mərəzinə mübtəla olmuş rejimdə tamam fərqli ad almışdı: "SSRİ-ni casus, terrorçu və təxribatçı
ünsürlərin ölkəyə soxulmasından qorumaq tədbirləri haqqında". Qərar məzmun və mahiyyətcədə ilk layihəyə
nisbətən ciddi dəyişikliyə məruz qalmışdı və bunda qərarın hazırlanmasına məsul şəxs kimi təyin olunmuş ÜİK(b)P
MK katibi Yejovun xüsusi fəaliyyəti olmuşdu. Qərarın hazırlanması prosesində o, Kommunist İnternasionalının
İcraiyyə Komitəsindən və Xalq Daxili İşlər Komissarlığından daxil olmuş məlumatları şişirdərək Stalinə
çatdırmaqla qərarın son şəklində qəbul edilməsinə nail olmuşdu (Görünür, Stalin Yejovun casus axtarmaq xislətini
nəzərə alaraq, onu 1937-ci ildə SSRİ xalq daxili işlər komissarı təyin etmişdi).
Qərarda qeyd olunurdu ki, SSRİ-də çoxlu sayda siyasi mühacir cəmlənmişdir ki, onların da müəyyən hissəsi
kapitalist dövlətlərinin kəşfiyyat və polis orqanlarının bilavasitə casuslarıdır. Qərara əsasən, bütün xaricilərin, o
cümlədən siyasi mühacirlərin ölkəyə buraxılmasına icazə verilməsi yalnız SSRİ Xalq Daxili İşlər Komissarlığının
səlahiyyətinə aid edilmişdi (22).
Lakin həmin qərarın real həyati qüvvəyə malik olmaması sonralar, xüsusən də Cənubi Azərbaycandan
mühacirlərin böyük axını gəlməyə başlayanda özünü aydın göstərdi. Bütün məsələlər dövlət funksiyasını yerinə
yetirən ÜİK(b)P MK Siyasi Bürosunda və MK aparatında həll olunurdu.
Rəsmi sənədlərdə mühacirlərin adlandırılması ilə əlaqədar müxtəliflik və qeyri-müəyyənlik mövcud idi.
Azərbaycan KP MK-nın birinci katibi M. C. Bağırov 1946-cı il dekabrın 20-də mühacirlərlə əlaqədar Stalinə
göndərdiyi sənəddə onları "İran Azərbaycanından gələnlər", "sərhədi keçənlər" adlandırmışdı. Stalin tərəfindən
həmin sənədin yeni variantda təsdiq edilmiş 1-ci maddəsində Cənubi Azərbaycandan gələnlərə aid ilk dəfə "siyasi
mühacir" istilahı işlənmiş (20, s.323) və sonrakı sənədlərdə bu cür davam etmişdi. 1948-1949-cu illərdə İranda baş
verən aclıq zamanı Azərbaycan SSR-ə pənah gətirənlər də siyasi mühacirlərə əlavə olunanda rəsmi və statistik
sənədlərdə onlardan cəm şəklində bəhs edilərək, gah qoşa adla "siyasi mühacirlər və qaçqınlar" (rus dilində
sənədlərdə "perebejçiki" sözü işlənmişdir; halbuki, "perebejçik" sözünun lüğəti mənalarına nəzər salsaq [fərari,
qaçaq; düşmən tərəfinə keçən adam; xain, satqın, düşmənə satılmış adam], onlardan heç birinin İrandan gələnlərin
statusuna uyğun olmadığı aydınlaşar; buna görə də, biz Azərbaycan dilində "bejenets" sözünün mənasını verən
"qaçqın" sözünü işlətdik), "mühacirlər və qaçqınlar", gah da hamısı bir yerdə "siyasi mühacirlər", "mühacirlər"
adlandırılmışdı. Misal üçün, Azərbaycan KP MK-nın birinci katibi İ. Mustafayevin 1956-cı il avqustun 3-də
"Azərbaycan Demokrat Partiyası və İrandan gələrək Azərbaycan SSR ərazisində yaşayan siyasi mühacirlərin
vəziyyəti haqqında" Sov.İKP MK-ya göndərdiyi arayışda "hazırda Azərbaycan SSR-in ərazisində 10 mindən çox
siyasi mühacirin yaşadığı" qeyd olunurdu ki, bu da real vəziyyəti əks etdirmirdi (3).
Vətəndaşlığı olmayan hesab edilən mühacirlərin bir hissəsinə "yaşayış hüququ olan" ("вид на жительство")
statusu verilmiş, digər hissəsi bundan məhrum olmuşdu. Azərbaycan SSR daxili işlər nazirinin müavini
X. Məmmədovun Azərbaycan KP MK-ya göndərdiyi 22 aprel 1957-ci il tarixli məktubda mühacirlərin artıq 6.500
nəfərindən çoxuna yaşayış hüququ verilməsi göstərilir (4).
Vətəndaşlığı olmayan şəxslərə yaşayış hüququ verilməsi və onunla əlaqədar məsələlər SSRİ Daxili İşlər
Nazirliyinin 28 yanvar 1948-ci il tarixli 00105 nömrəli əmri ilə tənzimlənirdi. Yaşayış hüququ bir illik müddətə və
hər üç aydan bir milis orqanında qeydiyyatdan keçmək şərti ilə verilirdi.
Mühacirlər üçün müəyyən edilmiş bu xüsusi rejim sərbəst yerdəyişmənin yasaq edilməsi, hər üç aydan bir
milis orqanlarında qeydiyyatdan keçmək, müəyyən şəhərlərə səfər üçün Moskvadan icazə alınması kimi
məhdudiyyətlər onları mənəvi sıxıntıya məruz qoyurdu. Mühacirlərin Moskva, Leninqrad, Soçi və Yalta şəhərlərinə
işgüzar və elmi məzuniyyətlərə, istirahətə getməsi üçün SSRİ DİN-in icazəsi alınmalı idi. Bundan əvvəl Azərbaycan
DİN hər bir halda məsələni respublika dövlət təhlükəsizlik orqanı ilə razılaşdırandan sonra xüsusi icazə üçün SSRİ
DİN Baş Milis İdarəsinin Viza və Qeydiyyat Şöbəsinə müraciət etməli idi. Moskvadan icazə, bir qayda olaraq,
gecikdiyinə görə mühacirlər elmi ezamiyyətlərə, işgüzar səfərlərə, istirahətə vaxtında gedə bilmirdilər. 1955-ci ilin
iyul ayında Azərbaycan SSR daxili işlər naziri Bulıqa SSRİ Daxili İşlər Nazirliyinə məktub göndərərək, bir sıra
belə faktları konkret nəzərə çatdırandan sonra xahiş etmişdi ki, "Mühacirlərə Moskva, Leninqrad, Soçi və Yalta
şəhərlərinə getmək üçün icazə vermək səlahiyyəti Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsi ilə razılaşdırmaqla Azərbaycan SSR daxili işlər nazirinə verilsin" (5). Məsələ müsbət həll olunmuş,
mühacirlər bu məhdudiyyətdən azad edilmişdilər.
1955-ci ilin iyul ayında İ. Mustafayevin imzası ilə qeydiyyatın da ildə bir dəfə keçirilməsi üçün Sov.İKP
MK-ya müraciət hazırlanmış, lakin məktub göndərilməmişdi (6).
Bu cür qeyri-müəyyənliklər 1961-ci ilə qədər davam etmişdi. 1961-ci il aprelin 3-də Sov. İKP MK-nın
Rəyasət Heyəti "SSRİ-də siyasi mühacirlərin hüquqi vəziyyəti haqqında" qərar qəbul etmiş, SSRİ Ali Sovetinin
Rəyasət Heyəti "SSRİ-də siyasi mühacirlər haqqında qaydalar"ı təsdiq etmişdi.
"SSRİ-də siyasi mühacirlərin hüquqi vəziyyəti haqqında" qərarda göstərilirdi ki, "SSRİ-yə İran, Əfqanıstan
və Türkiyədən siyasi motivlərə görə deyil, başqa səbəblər üzündən gələnlərin, həmçinin, SSRİ sərhədini özbaşına
keçənlərin siyasi mühacirlərlə eyni dərəcədə güzəştlərdən istifadəetmə faktları məlumdur" (7).
Azərbaycan KP MK bürosu mayın 19-da "SSRİ-də siyasi mühacirlərin hüquqi vəziyyəti haqqında" Sov. İKP
MK-nın qərarı haqqında" məsələ müzakirə edərək, heç bir konkret tədbir nəzərdə tutmayan natamam qərar qəbul
etdiyinə görə, 1962-ci il yanvarın 16-da Sov. İKP MK-nın "SSRİ-də siyasi mühacirlərin hüquqi vəziyyəti haqqında"
3 aprel 1961-ci il tarixli qərarının icrasının gedişi haqqında yeni qərar qəbul etmişdi. Məhz bu qərarla
müəyyənləşdirilmişdi ki, "Qırmızı Aypara Cəmiyyətinin Mərkəzi Komitəsi SSRİ-yə 1946-cı ildə mütəşəkkil
qaydada gəlmiş mühacirlərin hər birinə şəxsi iş açmaqla onların siyasi mühacirətə mənsubiyyətinin
müəyyənləşdirilməsi üçün sənədlərini 1962-ci il iyulun 1-dək siyasi mühacirətə mənsubiyyəti müəyyənləşdirən
Mərkəzi Komissiyaya göndərsin. 1946-cı ildən sonra gələn mühacirlərin sənədlərinin tərtibatı işini 1963-cü ilin
birinci yarısında başa çatdırsın" (8).
Bu qərardan sonra uzun sürən bürokratik proses başlanmış və Azərbaycan KP MK-nın öz qərarı ilə müəyyən
etdiyi icra müddətlərinin qeyri-real olduğu aydınlaşmışdı. Arxiv sənədlərindən göründüyü kimi, Qırmızı Aypara
Cəmiyyətinin Mərkəzi Komitəsi minlərlə insandan ayda yalnız 25-30 nəfərin siyahısını (MK-nın mühacirlərlə iş
üzrə qurumunun və təhlükəsizlik orqanının razılığını alandan sonra) komissiyaya göndərirdi. Qırmızı Aypara
Cəmiyyəti Mərkəzi Komitəsinin 1973-cü ilin yekunları haqqında Azərbaycan KP MK-ya təqdim etdiyi arayışda
göstərilirdi ki, il ərzində 224 şəxsin sənədləri SSRİ Qırmızı Aypara Cəmiyyəti İcraiyyə Komitəsinin nəzdində
Siyasi Mühacirət Məsələləri üzrə Komissiyaya göndərilmiş, onlardan 126 nəfəri siyasi mühacir statusu, 98 nəfəri
siyasi mühacirə bərabər tutulan status almışdır (9). Əks proses də gedirdi. Xəta etmiş, cinayət törətmiş siyasi
mühacirlərin statusdan məhrum edilməsinə də bu qayda ilə baxılırdı. Bu iş uzun illər davam etmişdi. Azərbaycan
KP MK Xarici Əlaqələr Şöbəsinin MK rəhbərliyi üçün hazırladığı 22 fevral 1985-ci il tarixli arayışda 18.207 nəfər
mühacirdən 3.845 nəfərə siyasi mühacir və ona bərabər tutulan status verildiyi göstərilirdi (10).
Mühacirlərə aid mühüm hüquqi aspektlərdən biri də onların sovet vətəndaşlığına qəbul edilməsi məsələsi idi.
Bu məsələ ilk dəfə S. C. Pişəvəri tərəfindən hələ 1946-cı ilin aprel ayında qaldırılmışdı. Həmin il aprelin 7-də
Pişəvəri ilə görüşündən sonra Bağırov Moskvaya hesabatında yazırdı ki, demokratların liderləri Cənubi
Azərbaycanda demokratik hərəkatın bəzi iştirakçılarına, xüsusən əvvəllər İran təbəəsi kimi Sovet Azərbaycanından
çıxarılanlar arasından bəzilərinə sovet vətəndaşlığı verilməsini təklif edirlər (21, s.325). Lakin bu təklif o zaman
baxılmamış qalmışdı.
Mühacirlərin Azərbaycana gəldikləri ilk illərdə sovet vətəndaşlığına qəbul olunmaq üçün müraciətlər
olmamışdı. Lakin sonrakı illərdə onların İrana qayıtmaq ümidləri zəiflədikcə məhdudiyyətlərdən xilas olmaq
məqsədilə müxtəlif orqanlara müraciət etməyə başlamışdılar. Digər mühüm səbəb mühacirlərin yerli əhali ilə
qaynayıb qarışması idi. 1954-cü il avqustun 15-nə olan məlumata görə, 1200-dən artıq mühacir sovet vətəndaşları
ilə ailə həyatı qurmuşdu. Onlarıın çoxu özlərinə ev almış, ya da şəxsi mülk tikdirmişdilər. Mühacirlərin ailəsində
Sovet Azərbaycanında doğulan uşaqların sayı 3 min nəfərə çatmışdı (11).
Azərbaycan Demokrat Firqəsi (ADF) Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiyanın 22 may
1954-cü il tarixli iclasında "Siyasi mühacirlər arasında sovet vətəndaşlığını qəbul etmək meyillərinə münasibət
haqqında" məsələ müzakirə olunmuşdu. Qeyd edilmişdi ki, siyasi mühacirlərin sovet vətəndaşlığını qəbul etmək
cəhdi təbiidir. Çünki Sovet İttifaqında olduqları illər ərzində onların çoxu yalnız təhsil almaq və ixtisas qazanmaqla
kifayətlənməyərək, yerli əhali ilə qohumluq əlaqələrinə də girmişdir. Bununla belə, komissiyanın qəbul etdiyi
qərarda göstərilirdi ki, Cənubi Azərbaycan xalqlarının siyasi azadlığı uğrunda mübarizənin perspektivləri
baxımından bu meyli təşviq etmək lazım deyildir; ADF Komitəsi hazırkı dövrdə bu məsələnin qaldırılmasının
məqsədəuyğun olmadığı haqqında siyasi mühacirlər arasında hökmən izahat işi aparmalıdır (12).
Lakin Azərbaycan KP MK fərqli mövqe tutmuşdu. Mustafayev 1954-cü il avqustun 16-da mühacirlərlə
əlaqədar Sov. İKP MK katibi M. A. Suslova göndərdiyi məktubda "İran siyasi mühacirləri tərəfindən sovet
vətəndaşlığına keçmək haqqında yazılı ərizə ilə müraciət olacağı təqdirdə bunun rəsmiləşdirilməsi üçün müvafiq
təşkilatlara göstəriş verilməsini" də xahiş etmişdi (13).
ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiya 5 yanvar 1955-ci il tarixli iclasında "İrandan olan
siyasi mühacirlərin sovet vətəndaşlığına qəbul olunmaları ilə əlaqədar ərizələri haqqında Azərbaycan SSR DİN
Milis İdarəsinin məktubu" adlı məsələ müzakirə edərək, Azərbaycan KP MK-nın mövqeyinə müvafiq qərar qəbul
etmişdi: "Komissiya hesab edir ki, ümumi əsaslarla sovet vətəndaşlığına qəbul olunmaq üçün rəsmi ərizə verən İran
demokratlarının sənədlərinin rəsmiləşdirilməsi işində süni maneələr olmamalıdır". Bununla belə, komissiyanın
qərarında yenə təkrar olunurdu ki, "ADF siyasi mühacirlər arasında sovet vətəndaşlığına qəbul olunmaq haqqında
məsələ qaldırmağın gələcək mübarizənin mənafeyi naminə məqsədəuyğun olmaması haqqında izahat işi
aparmalıdır" (14).
ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiya 7 aprel 1955-ci il tarixli iclasında bir daha
"Demokratların sovet vətəndaşlığına qəbul olunmaları ilə əlaqədar ərizələri haqqında" Azərbaycan SSR DİN
Mİ-nin 03.12.1954-cü il tarixli məktubu" adlı məsələ müzakirə edərək, belə qərar qəbul etmişdi: "ADF MK-ya
tapşırılsın ki, sovet vətəndaşlığına qəbul olunmaq haqqında ərizə vermiş ADF üzvlərinin hər biri ilə söhbət edib, öz
təkliflərini versin (15).
ADF MK bürosunun aprelin 26-da Mustafayevə göndərdiyi məktubda partiyanın mövqeyi şərh olunmuşdu:
"Sizə məlum olduğu kimi, son vaxtlarda ADF-nin bəzi üzvləri və partiya üzvü olmayanlar SSRİ Ali Sovetinə və
müvafiq milis orqanlarına müraciət edərək, onlara sovet pasportu verməyi xahiş edirlər. Bu məsələnin əhəmiyyətini
nəzərə alaraq, biz onu komissiyanın iclasında müzakirə etdik (ADF Komitəsinin rəhbərliyi komissiyanın tərkibində
təmsil olunmurdu, onlar komissiyanın iclaslarında "dəvət olunan" statusunda iştirak edirdilər - X. B.) və bu qərara
gəldik ki, həmin şəxslərlə fərdi söhbətlərdə onların fikrini öyrənək və aşağıdakıları onlara izah edək: birincisi, sovet
pasportu alan şəxslər ADF-də qala bilməzlər; ikincisi, vətənə qayıdarkən vətəndaşlığı olmayan şəxs hüquqlarından
istifadə edə bilməzlər.
Sovet pasportu almaq üçün müraciət edən şəxslərlə söhbət zamanı aydınlaşdı ki, onların bir qismi mühacirlər
üçün qoyulmuş məhdudiyyətlərdən xilas olmaqdan ötrü bu xahişlə müraciət etmişlər. Həmçinin məlum oldu ki,
bəziləri sovet pasportu alacaqları təqdirdə belə, vətənə dönə biləcəklərini düşünürlər. Mühacirlərin bir hissəsi öz
ailə üzvlərinin sovet vətəndaşı olduğuna görə vətənə qayıtmaq istəmədiklərindən sovet vətəndaşlığına keçmək
istəyirlər. Bəziləri də belə düşünürlər ki, sovet vətəndaşı olub, ADF-dən çıxdıqdan sonra Sov. İKP-yə üzv ola
bilərlər.
Yuxarıda göstərilənləri və məsələnin ADF MK bürosunda müzakirəsinin nəticələrini nəzərə alaraq, bizim
kontingentdən olan yoldaşlara sovet vətəndaşlığı Verilməsi aşağıdakı motivlərə görə məqsədəuyğun deyildir:
Birincisi, əgər bir sıra adamlar sovet pasportu alsalar, digərləri də sovet vətəndaşlığını qəbul etmək
istəyəcəklər ki, bu da bizim təşkilatımızın mövcudluğunu təhlükə qarşısında qoyar. İkincisi, sovet pasportu almış
demokratlar sovet cəmiyyətinin içərisində əriyib gedəcəklər ki, bu da bizim qarşımızda duran vəzifələr baxımından
məqsədəuyğun deyildir. Məsələnin yuxarıdakı həlli baxılmaq üçün sizə təqdim olunur" (16).
Mustafayev məktuba "Aydınlaşdırmaq üçün komissiyanın müzakirəsinə çıxarılsın" dərkənarı qoysa da, arxiv
materiallarında məsələnin ADF Komitəsinin Məsələlərinə Baxılması üzrə Komissiyada müzakirəsinə aid məlumat
yoxdur. Lakin təxminən bir il sonra, Azərbaycan KP MK-nın mühacirlərlə iş üzrə məsul təşkilatçısı S. Xalıqovun
MK rəhbərliyi üçün "Azərbaycan Demokrat Firqəsi haqqında" hazırladığı 9 may 1956-cı il tarixli arayışda yazırdı:
"Azərbaycan SSR ərazisində yaşayan demokratların müəyyən hissəsi göndərildikləri yerlərdə əsaslı məskunlaşmış,
ailə qurmuş, əmlak sahibi olmuş və demək olar ki, İrana qayıtmaq barədə düşünmürlər. Demokratların bu hissəsi
arasında sovet vətəndaşlığını qəbul etmək əhval-ruhiyyəsi güclüdür. Ayrı-ayrı şəxslər bu barədə rəsmi müraciət
etmişlər. Lakin bir çoxu, əsasən ADF üzvü olanlar dönüklükdə günahlandırılacaqlarından ehtiyat edərək, rəsmi
ərizə verməkdən çəkinirlər. Eyni zamanda, mövcud məhdudiyyətlər (sərbəst yerdəyişmənin yasaq edilməsi, milis
orqanlarında vaxtaşırı qeydiyyatdan keçmək zəruriyyəti) onları mənəvi sıxıntıya məruz qoyur.
Həmin adamların sovet vətəndaşlığına qəbul ediləcəkləri təqdirdə başqa kommunist və fəhlə partiyalarından
çıxanların Sov. İKP-yə qəbul olunması haqqında Sov.İKP MK-nın qərarı onlara da şamil edilə bilərdi" (17).
Mühacirlərin sovet vətəndaşlığına qəbul edilməsi məsələsi sonrakı illərdə müzakirə obyekti olsa da, arxiv
sənədlərindən ADF MK-nın mühacirlərə sovet vətəndaşlığının verilməməsi haqqındakı mövqeyinin səksəninci
illərin əvvəllərinədək qüvvədə olduğu görünür. 1980-ci il yanvarın 1-nə olan məlumata görə yalnız 48 siyasi
mühacir və 8 nəfər onların ailə üzvü sovet vətəndaşlığına qəbul edilmişdi (18). Sonrakı illərdə mühacirlərin sovet
vətəndaşlığına qəbul edilməsi sürətlənmişdi. 1985-ci il fevralın 22-nə olan məlumatda onların sayının - 680 nəfər
olduğu göstərilir (19).
Yuxarıda qeyd etdiyimiz hüquqi aspektlərin mövcud olmasına baxmayaraq, mühacirlərin əksər hissəsi sovet
rejimini qəbul etmək məcburiyyətində qalaraq siyasi loyallıq nümayiş etdirmiş, praqmatik mövqe tutaraq cəmiyyət
həyatının müxtəlif sahələrində fəaliyyət göstərmişdilər.
İstifadə olunmuş ədəbiyyat
1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA): f.l siy. 89, iş
196, v. 86
2.
ARPİİSSA: f.l, siy. 89, iş 196, v. 75
3.
ARPİİSSA: f.l. siy. 89, iş 203, v. 21
4.
ARPİİSSA: f. 1, siy. 44, iş 177. v.
5.
ARPİİSSA: f.l, siy. 89, iş 196. v. 33
6.
ARPİİSSA: f. 1, siy. 89, iş 196, vv. 30-31
7.
ARPİİSSA: f.l, siy. 49, iş 21, v. 1
8.
ARPİİSSA: f.l, sıy. 49. iş 21. vv. 278 - 279
9.
ARPİİSSA: f.l, siy. 61, iş 160, v. 14
10.
ARPİİSSA: f.l, siy, 74. ış 60, v. 59
11.
ARPİİSSA: f.l, siy. 89, iş 187. v. 174
12.
ARPİİSSA: f.l, siy. 89. iş 198. v. 188
13.
ARPİİSSA: f.l, siy. 89, iş 187, v. 173
14.
ARPİİSSA: f.l, siy. 89, ış 198. v. 158
15.
ARPİİSSA: f.l. siy. 89. iş 198. v. 137
16.
ARPİİSSA: f.l, siy. 89. iş 198. v. 108-109
17.
ARPİİSSA: f.l. siy. 89, iş 197, vv 114-115
18.
ARPİİSSA: f.l, siy. 67. iş 188, v. 26
19.
ARPİİSSA: f.l. siy. 74. iş 60. v. 60
20.
Həsənli C. "Soyuq müharibə"nin başlandığı yer: Güney Azərbaycan - 1945-1946. Bakı. 1999. 354 s.
21.
Гa c a нлы Дж. "CCCP-İpan: Aзербайджанский кризис начало холодной войны. 1941-1946. M.: Герои
отечества, 2006. 560 c.
22.
Xaустов В. Н. Из предыстории массовых репрессий //www.memo. py./ щисторй/
полиъй/ыщауъорр.щтм.
LEGAL ASPECTS OF EMIGRATION FROM SOUTH
AZERBAIJAN TO AZERBAIJAN SSR (1946-1954).
Khagan Balayev.
The article basing on archive materials studies legal aspects of political emigration from South
Azerbaijan to Azerbaijan SSR. Special place in the research is paid to the problems of violation of
international legal norms in the field of political emigration from the side of USSR government.
ЮРИДИЧЕСКИЕ АСПЕКТЫ ЭМИГРАЦИИ ИЗ ЮЖНОГО АЗЕРБАЙДЖАНА В
АЗЕРБАЙДЖАНСКУЮ ССР (1946-1954 гг.).
Хаган Балаев.
В статье на основе архивных материалов исследуется юридические аспекты политической эмиграции
из Южного Азербайджана в Азербайджанскую ССР. Особое место в исследовании уделено вопросам
нарушения международных правовых норм в области политической эмиграции со стороны правительства
СССР.
Dostları ilə paylaş: |