5
baş salmışdı. “Dilənçidən dilənçiyə pay olmaz” deyə-deyə dilənçidən də pay uman
seyidlər, böyrü kəşküllü dərvişlər, nohə oxuya-oxuya gəzən veysəlqaralar, yollar uzunu
ələm uzadıb nəzir yığan ələmdarlar, daha nə bilim kimlər Hacı Lətif kişiyə çox qəribə
və anlaşılmaz görünmüşdülər. Çünki Nuhdan qalmış Nuxada belə şeylərə çox az təsadüf
olunurdu və ya heç təsadüf olunmurdu. Bir də ki, Hacı Lətif kişi heç yerdə açıb
ağartmadığı bir sirri deməyə məqam və etibarlı həmsöhbət axtarırdı. Məqam və
həmsöhbət qıtlığı üzündən çox vaxt özü-özüylə danışırdı. Həcc ziyarəti ərəfəsində
zəvvarların Şeytana atmaq üçün daş yığmaları onu heyrətə gətirmişdi. Əgər Şeytana
daş atmaqla hər şey düzələcəkdisə, o zaman Hacı Lətif kişi Kiş çayının daşını yığıb
gətirməyə də razı olardı. Bəlkə də, insanlar ona görə Şeytana daş atırdılar ki, heç
olmasa, dünyanın ən müqəddəs yerlərindən birində - Məkkədə Şeytan olmasın.
Bəyənilsin!..
Amma Hacı Lətif kişinin düşüncəsinə görə bəyənilməyən şeylər də var idi. Bu da
ondan ibarət idi ki, bəzi zəvvarlar içlərindəki şeytanları nə edəcəkdilər? Qəlbindəki
Şeytanı qovmadan Həcc namazına durmağa dəyərdimi? Özü Allaha səcdəyə getdiyi
halda, içində dimdik durub Allaha baş əyməyən Şeytanla birlikdə namaz qılan insanlara
nə deyəsən?
Özünü şeytani duyğulardan, pis fikirlərdən qoruyan Hacı Lətif kişi söbqi-təbii
olaraq Həccə gələn zəvvarlardan da özünü qorumağa çalışırdı. Axı, oradakı zəvvarların
çoxunun dindarlıq pərdəsi altında gizlənən dinbaz-oyunbaz olmasını görən Hacı Lətif
kişinin, az qala, üzü sıyrılıb yerə düşürdü. Allah adından danışıb şeytani işlər görən,
namaz vaxtı qarşısında səcdədə olan din qardaşının qurşağını əlindəki ülgüclə kəsib
pulunu və əşyasını götürən zəvvarların da olduğunu eşidəndə Hacı Lətif kişinin daha
deməyə sözü qalmamışdı. Allaha layiq bəndə olmağın nə qədər çətin olduğunu
düşündükcə Hacı Lətif kişinin canına üşütmə düşürdü.
Ona əziyyət verən başqa şeylər də var idi... Onun baramasını İtaliyaya və başqa
ölkələrə aparıb satan, gətirib pulunu tam halallıqla özünə çatdıran Törə Salamın
danışdıqlarının təsiri ilə Hacı Lətif kişinin təsəvvüründə yaratdığı cənnət hər addımda
uçulub tökülürdü. Ona elə gəlirdi ki, İranda, İraqda və Ərəbistanda da Törə Salamın
təsvir etdiyi İtaliyadakı Roma və Venetsiya, Fransadakı Lion və Marsel kimi şəhərlərə
bənzər şəhərlər olacaqdır. Çox-çox təəssüflər olsun ki, buradakı qədimliyin kölgəsində
müasirlik zorla gözə dəyir və ya da görünməz olaraq qalırdı. Bir çox məqamlarda isə ən
möhtəşəm qurğular qədim dövrlərdən qalma əzəmətli binaların uçuq divarları idi.
Burada Törə Salamın Peterburq, Moskva xatirələrindən görünən örtüsüz və çadrasız
qadınlar da görünmürdü. Burada qadın da, qadın dünyası da, hətta, qadına qarşı kişi
niyyətləri də örtük altında idi. Küçələr toz-torpaq, əhali cır-cındır içində itib batmışdı.
Nuxa ilə müqayisədə ərəb şəhərləri çox geridə qalmışdı. Müsəlman ərəblər buxar
mühərriklərindən və elektrik enerjisindən tamamilə bixəbər idilər. Allaha açılan əl kimi
səmaya tuşlanan minarələrdən ucalan azan səsləri də müsəlmanları qəflət yuxusundan
oyada bilməmişdi. Necə olmuşdu ki, bu boyda müsəlman dünyası birdən-birə ulquza
getmişdi? Hacı Lətif kişi anadan olmuşdu ki, fikirləşirdi, fikirləşirdi, elə hey
fikirləşirdi...
Hacı Lətif kişi arxadan gələn səsə çevrildi. Səs evin qulluqçusunun səsi idi. Onu
səhər yeməyinə çağırırdı.