14
- Təklif belədir ki, qızıl ordunu qızıl oğlanlar qarşılamalıdır. Fəhlələrdən
Yunus İbrahim oğlu, Əşir və Bəşir qardaşları, Dəllək Heydər, Yerevanlı oğlu
Bilal...
Hacı Hacıbala tələsik dilləndi: -Bərəkallah, bərəkallah! Bu Yerevanlı oğlu
haradan çıxdı?
Hacı Hacıbalanın yanındakılar barmaqlarını dodaqlarına qoyub:-Suss!-
elədilər.
Analı Mehdinin səsi yenidən gurlamağa başladı:
- Qanun Qurban, Qazı Salam, Məşədi Rüstəm oğlu Əsədullah və başqaları
bu şərəfə layiq biliniblər. Getdik qızıl ordunu qarşılamağa!Nağara-zurna çala-
çala irəli!
Balkondakılar düşdülər. Onları müşayiət edən kütlə hərəkətə gəldi.Hacı
Lətif kişi yanındakılara müraciətlə dedi:
-Şərəfsizlər şərəfə layiq bilinəndə millət çala-çala gedər. Dağılışaq!
Onlar bir-birinin üzünə baxdılar:
- Dağılışaq! Dünyanın axırı çatıb.Allahın özü bizi qorusun!
**********
*****
Ağlı-qaralı illər
V
Sən demə, hər bir adamın alın yazısı olduğu kimi millətin də, dövlətin də alın
yazısı olurmuş. Nuxada Şura hökumətinin qurulma prosesi aprelin 29-dan mayın 5-dək
davam etdi. Abid Məmməd oğlu Əfəndiyev Şəkidə fəaliyyət göstərən qəza İnqilab
Komitəsinin sədri oldu. 1920-ci ildən “Nuxa fəhləsi” qəzeti nəşr edilməyə başladı. Yenə
həmin ildə açılan Sənaye və İqtisad Texnikumu 1923-cü ildən Fəhlə fakültəsi adı ilə
fəaliyyətini davam etdirdi. Bütün bunlar zəhmətkeş kütlənin “könlünü almaq” xarakteri
daşıyırdı. 1927-ci ildə şəhərə radio xəttinin çəkilişi də “Nuxa fəhləsi” qəzetinin nəşri
kimi hər şeydən daha çox təbliğat xarekterli idi.
Şura hökumətinin, güya ki, hər şeyi yeni idi. Onu quranlar teist deyil, ateist
idilər.Yəni ki, allahsız idilər. Nə olsun ki, onların ata-anaları Allaha inanırdılar. Elə
məhz buna görə də, onlar ata-analarının da düşmənləri idilər. Kommunist-bolşeviklərə
xas olan ifrat və kortəbii yenilikçilik purizm hərəkatına yol açmışdı. Onlar ağızlarındakı
dillərini də qoparıb atmaq istəyirdilər. Neyləməli ki, binayi-qədimdən danışdıqları dili
əvəz edəcək dili hələ yaratmamışdılar. Puristlər alınma sözlərdən və terminlərdən imtina
etməklə dilin tam təmizliyinə nail olmaq istəmişdilər, olmamışdı. “Oxuma, tar”
demişdilər, tar oxumuşdu. “Çalınma, ney” demişdilər, ney çalınmışdı. Onlar sənaye və
kənd təsərrüfatı alətlərindən tutmuş nəsil artırma alətlərinə qədər hər şeyi yenilətmək
istəmişdilər, yenə də olmamışdı...
İş o yerə gəlib çatmışdı ki, özünü Şura hökumətinin yaradıcısı hesab edən
kommunistlər 1924-cü ilə qədər üç adamı-Marksı
(Trir, 05. V.1818-London, 14.III, 1883)
, Engelsi
(Barmen, 28.XI.1820.-London, 1895)
və Lenini
(Simbirsk- indiki Ulyanovsk, 22.IV.1870-Moskva quberniyasının Qorki
malikanəsi, 21.I.1924)
, 1924-cü ildən isə dörd adamı- Marksı, Engelsi, Lenini və Stalini
15
(Qori,18.XII. 1878- Moskva vilayəti, Kuntsevo rayonu, Volın malikanəsi, 05.III. 1953.)
yeni dünyagörüşün baniləri
hesab etməyə başlamışdılar. Bu fanatik və fantast kommunistlər ictimai, elmi və siyasi
həyatın hansı sahələrindən bəhs edirlərsə etsinlər, o zaman bu dörd mənəvi atalarından
sitat gətirməyi özlərinə borc bilirdilər. Onlara elə gəlirdi ki, Marks, Engels, Lenin və
Stalindən sitat gətirmədən analarının boynuna haçan düşdüklərini də dəqiqləşdirmək
qeyri-mümkündür.
Şura hökumətinin qəzeti və radiosuna görə, Marksı, Engelsi, Lenini və Stalini
tanımayanların hamısı həbsə, sürgünə və ölümə layiq idilər. O dövrlərə aid olan bir lətifə
indi də insanlar arasında dolaşmaqdadır:
-Hansısa bir fəhləni kommunist eləmək üçün partiya komitəsinə gətiriblərmiş.
Güya, onun əqidəsini yoxlayırlarmış. Komissiya üzvləri çətin suallarla fəhləni
dolaşdırmasınlar deyə birinci katib qabaqdangəldilik edərək sadə bir sual vermək
istəyir. Nəhayət, o, sükutu pozaraq boğazını arıtlayır. Yazıq fəhlə də həyəcan içərisində
birinci katibin nə deyəcəyini gözləyir. Axır ki, birinci katib dillənir:
-Marks kimdir?
Ətrafa dərin bir sükut çökür. Çaşqınlığından qan-tərə batan fəhlə titrək və qırıq-
qırıq bir səslə cavab verir:
- Yoldaş birinci katib, vallah, mən onu tanımıram.
Komissiya üzvləri bir-birinin üzünə baxırlar. Birinci katib qalib bir görünüşlə
komissiya üzvlərini bir-bir nəzərdən keçirir, axır ki, milis rəisinə zillənərək deyir:
- Görürsən? Bu, Marksı tanımır! Onunla daha ciddi məşğul olmaq lazımdır.
Milis rəisi tez yerindən dikələrək:-Baş üstə, yoldaş katib!-deyə cavab verir. Rəisin
cavabından məmnunluq hissi keçirən birinci katib kommunistliyə namizəd olan fəhləyə
ərkyana bir şəkildə:-Yaxşı, get! Kommunist olandan sonra Marksı da tanıyarsan.
Bu söz-söhbətdən heç nə anlamayan fəhlə çıxır. Aradan bir gün keçir. Birinci
katibin telefonu zəng çalır. Birinci katıb telefonu götürür.Milis rəisinin sevinə-sevinə
dediyi sözləri eşidir:
-Yoldaş birinci katib, tapşırığınızı yerinə yetirdim. O, Marksı tanıdığını boynuna
aldı. Dedi ki, Marks onun qonşusudur.
Heyrətindən, gözləri bərələ qalmış katib adi bir fəhlədən də savadsız olan milis
rəisinə istehza ilə deyir:
-Sənə təşəkkür düşür, yoldaş rəis.
Rəis isə daha da sevincək bir səslə:-Yoldaş birinci katib, bu bizim vəzifə
borcumuzdur!-deyə cavab verir.
Bəli, bu, “zaman zaman içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə
hamam içində” düşüncəsinə uyğun gələn bir dövr idi. Sexi olanlar fabrikant, fabriki
olanlar kapitalist, həyətyanı sahəsi olanlar mülkədar, mülkü olanlar feodal sayılırdılar.
Allaha inanlar ruhani, ruhanilər isə düşmən hesab edilirdilər. Axı, proletar diktaturası
şəklində qurulan bu dövlət fəhlə sinfinin mənafeyinə zidd olan hər şeyi məhv etməliydi.
Elə buna görə də sovet hökuməti rus çarı II Nikolayın nəslini yer üzündən silmişdi. Bu
ənənəyə kor-koranə sadiq olan bolşeviklər digər yerlərdə olduğu kimi Azərbaycanda da
kütləvi qırğınlar törətmişdilər. Öz əqidələrinə zidd olan adamları həbs emiş, sürgünə
göndərmiş və ya güllələmişdilər. Bir sözlə, ölkəni kütləvi mühacirət bürümüş, əsilli-
nəsilli adamlar yurd-yuvalarından didərgin düşmüşdülər.