3
“Nərimanovun Kremldə qətli” kitabı XX əsr Azərbaycan tarixinin müəyyən zaman kəsiyində səlnaməsini
yazmış, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın həyatında rol oynamış Nəriman Nərimanovdan bəhs edir. Həm
sağlığında, həm də ölümündən sonra ən yüksək təriflərin, gah da amansız təqiblərin obyekti olan bu siyasət adamı
hələ də birmənalı qiymətini almayıb. Müəllif siyasi nöqteyi-nəzərlərdən kənar obyektiv mülahizələrə üstünlük
verərək, Nərimanov barəsində indiyə qədər bəlli olmayan faktlara istinadən onun ömür yoluna işıq salmağa çalışıb.
Kitabın adının bu cür qoyuluşu da Nərimanovun fəaliyyətinin faciəli sonluğuna tam uyğundur.
“İsmayıl bəy öldü deməyə dilim gəlmir. Öldü sözündə yoxluq var. “İsmayıl bəy yoxdur” xəbəri məni dərin-
dərin fikirlərə salır, ürəyimi sıxır, gözlərimi torlandırır. İndi millətin qeyrətli hamisi kimdir? İndi İsmayıl bəyə
millətdən nə lazımdır? Bircə məzar daşı. Bu daş nəyə xidmət etməlidir? Ey millət, sənin yolunda bütün ömrünü
sərf etdi, sənin hüququnu mühafizə etdi, son nəfəsinədək səni nicat yoluna dəvət edən insanın qəbri səndən bir daş
gözləyir. Fəqət bu daş bütün millətin daşı olmalıdır”.
Nəriman Nərimanovun
İsmayıl bəy Qaspralının
ölümünə həsr etdiyi məqaləsindən
Nəriman Nərimanov barəsində çox yazılıb, haqqında müxtəlif səpkili fikirlər, ideoloji istiqamətli
yanaşmalar ortaya qoyulub və indiyə qədər də yazılanlardan daha çox nələrsə yenidən işıq üzü görəcək.
Şəxsiyyəti,
fəaliyyəti tədqiqat obyekti olan bu dövlət və siyasət adamı bizlərə çox zaman qələm adamı kimi təqdim olunub.
Ölümündən ta 1956-cı ilə qədər adı yasaqlanan Nərimanov yalnız ötən əsrin yetmişinci illərində ictimai
lider və dövlət adamı kimi ədəbiyyatlarda görsənməyə başladı. Elə həmin ötən əsrin sonlarında milli-azadlıq
hərəkatının ilk mərhələsində kifayət qədər ağrılı ittihamlara tuş olaraq Azərbaycan torpaqlarının ermənilərə
bağışlanmasının müəllifi olaraq kitab səhifələrinə köçdü.
Hətta Nərimanovun adı ilə bağlı nə varsa, hamısı milliləşdirilməli,heykəlləri sökülməlidir kimi sərt tələblər
də ortaya çıxdı. Nərimanov belə münasibətə layiq idimi? Hər halda tarix yalnız faktların dili ilə danışdığı üçün
əlahəzrət fakta müraciət olunmalıydı. Bəs tarixi fakta münasibət aydın olmayanda bu qədər səhvləri kimlər
düzəltməli, qaydaya salmalıdır? Azərbaycan sovet tarixinin nərimanovşünasları Şərqin Lenini olan bu əzabkeş
siyasət adamının fəaliyyətini Mərkəzi Komitənin tapşırığı, göstərişilə inqilabın öndəri, Rusiyaya hədsiz sədaqət
nümunəsi, proletariatın avanqardı, milli burjuaziyanın düşməni kimi epitetlərlə tarixləşdirərək, köklü səhvlərə yol
verdiklərindən yenidən Nərimanov mövzusuna qayıtmaq istəmədilər. Axı onlar yarım əsrlik yazdıqlarımın
üstündən necə xətt çəkib, Nərimanovu yanlış addımları, düşüncələriylə obyektiv, olduğu kimi yazsınlar?
Nərimanovşünasların bu tərəddüdləri tarixdə səhvlərə, təhriflərə kifayət qədər yol açıb ki, artıq Türkiyə mətbuatı,
araşdırmaçıları Nərimanovun fəaliyyətini təftiş etməyə başlayıblar. Obyektivlik naminə demək olar ki, son iki-üç
ildə professor Teymur Əhmədov, mərhum millət vəkili Şamil Qurbanov, gənc tədqiqatçı Firdovsiyyə Əhmədova
və Azərbaycanın Macarıstandakı elçisi Həsən Həsənov bu mövzuya yeniliklər gətirmişlər. Təbii ki, araşdırmalar
davamlı olmalı, Nərimanovun timsalında Rusiyanın Azərbaycana yönəlik tarixi siyasətinin parametrləri, detalları
elə bu günümüz üçün müəyyənləşdirilməlidir. Tarix dəyişmir, təkrar olunur. “Erməni məsələsi”nə çox böyük
önəm verən Çar Rusiyasının siyasi məzmunundan heç də fərqlənməyən Sovet Rusiyasına, onun siyasi elitasına
Nərimanov niyə müqavimət göstərə bilmədi? Ömrünün sonlarında oğlu 5 yaşlı Nəcəfə yazdığı etirafları bol olan
məktubunda bolşevizmə münasibətində köklü dəyişikliyin yaranma səbəbləri hardan qaynaqlanırdı? Nərimanov
aldanışların qurbanı olaraq Azərbaycanın müstəqil bir Sovet Cümhuriyyəti kimi yaşamasıdan dolayı apardığı
mübarizədə niyə uduzdu?
Məmmədəmin Rəsulzadə-Nərimanov münasibətləri yazılanlarda olduğu kimi niyə mənfi məqamlar üzərində
dayanır?
Ümumiyyətlə, Nərimanovun AXC-yə münasibəti necə olub?
Tariximizin Müsavat dövrünün araşdırıcıları bu tarixi şəxsiyyətə ideoloji rakursdan yanaşır və yanlış
nəticələr doğurur. Yaxud nərimanovşünaslar az qala Nərimanovun timsalında Şərq Peyğəmbəri obrazı yaradaraq,
əks tərəfin gətirmiş olduğu arqumentlərə əsaslı cavab əvəzinə, emosional fıkirlər səsləndirirlər. Doktora “qara
yaxanların ağızlarına şillə vurmaqla” öyünənlər görünür bir sıra suallara faktlara əsaslanan cavablar vermək
istəyində, həvəsində deyillər. Türkiyədə solçu görüşlü araşdırmaçılar artıq Nəriman Nərimanov şəxsiyyəti, siyasi
fəaliyyəti və dünyagörüşü ətrafında bir neçə yöndə fəaliyyətdə bulunmaqdadırlar. Bu araşdırmaların bir qismi
bizim arxivlərdə olmayan sənədlərə əsaslanır, Nərimanovun Türkiyə və türk dünyası ilə əlaqələrini ortaya qoyur.
Hətta bir az uzağa gedərək onun “Qızıl Turan” qurmaq istəyən milliyyətçi kommunistlərin ideoloqu olduğu barədə
tarixşünaslığı yeni materialla zənginləşdirirlər. Nə idi bu “Qızıl Turan”, onun ideoloqları kimlər idi? Türk Sosialist
cümhuriyyətlərinin bir araya gəlib, ideoloji yöndə yeni bir siyasi birliyin əsasının qoyulması istəyi nədən doğurdu?
Doktorun Kremldə 1925-ci ildə qətlindən sonra, 1956-cı ilədək yasaqlanmasının səbəbi nə idi? Atatürk, Ənvər