“Xalq qəzeti”.-2012.-2 mart.-N 50.-S.5.
Soyqırımı cinayətlərinə qarşı mübarizədə beynəlxalq təcrübə
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın hüquqi cəhətdən düzgün anlaşılması, əsaslandırılması
və beynəlxalq aləmdə tanıdılması Azərbaycan beynəlxalq hüquq elminin qarşısında duran ən vacib
məsələlərdən biridir. Vəhşi erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və ağır hərbi texnikasının köməyi ilə 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalı üzərinə hücuma keçərək dinc əhaliyə qarşı soyqırımı törətməsi insan
hüquqlarının, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, mülki və siyasi, iqtisadi, sosial
və mədəni hüquqlar haqqında beynəlxalq paktların, Cenevrə Konvensiyalarının, Uşaq Hüquqları
Bəyannaməsinin, Hərbi münaqişə dövründə və fövqəladə hallarda qadın və uş aqların müdafiəsi haqqında
Bəyannamənin və bir sıra digər beynəlxalq-hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.
Məsələn, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin (İHUB) 2-ci maddəsində qeyd olunur ki, hər bir
insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti,
silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün
hüquqlara və bütün azadlıqlara malik olmalıdır. İHUB-nin 3-cü maddəsində qeyd olunur ki, hər bir insan yaşamaq,
azadlıq və səxsi toxunulmazlıq hüququna malikdir. Bəyannamənin 5-ci maddəsində göstərilir ki, heç kim
isgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. 9-cu
maddədə qeyd olunur ki, heç kəs özbasınalıqla həbsə, tutulub saxlanılmaya və ya sürgün edilməyə məruz qala
bilməz və s.
BMT Baş Məclisinin 11 dekabr 1946-cı ildə qəbul etdiyi qətnamədə bəyan etmişdir ki, soyqırımı beynəlxalq
hüququn normalarını pozan və BMT-nin ruhuna və məqsədlərinə zidd olan cinayətdir və bütün dünya onu pisləyir.
Ümumiyyətlə, soyqırımı nə deməkdir? İlk dəfə olaraq, soyqırımının cinayət sayılması təklifini 1933-cü ildə yəhudi
əsilli polşalı hüquqşünas Rafael Lemkin Madriddə cəza hüququnun eyniləşdirilməsinə dair beşinci beynəlxalq
konfransda irəli sürmüş və bu barədə öz fikirlərini 1944-cü ildə dərc etdirdiyi "İşğal olunmuş Avropada əsas
dövlətlərin hakimiyyəti" kitabında vermişdir.
Rafael Lemkin Avropa yahudilərinin məhv edilməsinə dair nasist siyasətinin mahiyyətini açmışdır . O, "nəsil"
mənasını verən yunan sözü "genos" və "öldürürəm" mənasını verən "caedo" latın sözünü birləşdirərək "genosid"
terminini irəli sürmüşdür.1945-ci ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasist rəhbərlərini "insanlıq əleyhinə
cinayətlərin" törədilməsində ittiham etdi. "Genosid" sözü ittihamnamə aktına daxil edildi, lakin hüquqi termin kimi
yox, təfsiredici termin kimi. Soyqırımı cinayətinin qarşısının alınmasına yönəlmiş tədbirlərin içində xüsusi olaraq
"Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı qeyd etmək lazımdır. Bu
Konvensiya BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmişdir. Konvensiya 19
maddədən ibarətdir və 12 yanvar 1951-ci ildən qüvvəyə minmişdir. İndiyədək 142 ölkə bu Konvensiyanı
ratifikasiya etmişdir.
Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Azərbaycan
Prezidenti tərəfindən imzalanmışdır. Bu qanun 25 iyun 1996-cı ildə qüvvəyə minmişdir. Konvensiya soyqırımını
beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsində
qeyd olunur ki, razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq
soyqırımının, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq
və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Beləliklə, Konvensiya insanlığa qarşı ən ağır cinayət
kimi soyqırımı anlayışının beynəlxalq hüquqi statusununu müəyyən edir və onun hüquqi tərifini verir.
Bu sənədi imzalamış dövlətlər soyqırımının "qarşısını almaq üçün tədbirlər görmək" və "ona görə
cəzalandırmaq" öhdəliklərini öz üzərlərinə götürmüşlər.
Konvensiyaya müvafiq olaraq, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv
edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlər soyqırımına aiddir: a) bu cür qrup üzvlərinin qətlə yetirilməsi; b)
bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər
hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində
doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla
başqa qrupa verilməsi (Konvensiyanın 2-ci maddəsi). Bu maddədə göstərilən şərtlər Xocalı qətliamının soyqırımı
kimi tövsif edilməsinə əsas verir.
Qeyd edildiyi kimi, soyqırımı - genosid sözü İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi
tribunalların (Nürnberq, Tokio) ittihamnamə aktlarına daxil edilmişdir, lakin bundan hüquqi termin kimi yox,
təfsiredici termin kimi istifadə olunmuşdur. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri keçmiş Yuqoslaviya
və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin
Statutunda (maddə 6) bir daha təsdiqini tapmışdır.
Fikrimcə, soyqırımı anlayışının beynəlxalq cəmiyyət tərəfindən dərk edilməsi və bundan sonra isə müvafiq
hüquqi praktikanın inkişafı iki müəyyən tarixi dövrlərə aiddir: bu terminin dövriyyəyə buraxılmasından onun
beynəlxalq qanunvericilikdə qəbul olunmasınadək (1944-1948) və bu cinayətə görə cəzalandırmaq məqsədilə
beynəlxalq tribunalların yaradılmasında ondan fəal istifadə edilməsinədək (1991-1998).
Bəşəriyyət tarixində ən qədim zamanlardan bizim günlərədək soyqırımı hallarına çox rast gəlmək olar. Xüsusən
bu, müharibələrə, daxili etnik və dini toqquşmalara, müstəmləkə imperiyalarının yaradılmasına xas olan əlamətdir.
Bir necə misal göstərmək olar. Məsələn, bir sıra tədqiqatçıların fikrinə görə, Amerika aborigenlərinin soyqırımı
bəşər tarixində ən genişmiqyaslı soyqırımı hadisəsidir. Məhv edilmiş insanların sayı 10 milyonlarla ölçülür.
Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa
müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750000 nəfər təşkil edirdi.
Lakin 1911-ci ildə onların sayı cəmi 31000 nəfər idi. Onların əksəriyyəti xəstəlikdən, deportasiyadan, qətliamdan
və aclıqdan həlak oldu. Almanlar tərəfindən Namibiya yerli xalqlarının məhv edilməsi nəticəsində 65 000 xerero
(onların 80 faizi) və 10000 nama (onların 50 faizi) həlak olmuşdur. 1985-ci ildə BMT Namibiya yerli xalqlarının
məhv edilməsi cəhdini XX əsrin birinci soyqırımı aktı kimi qiymətləndirdi. 2004 ildə Almaniya hakimiyyəti
Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi.
XX əsrin ən səs-küylü genosid faktlarına: nasist Almaniyası tərəfindən yəhudilərin məhv edilməsini (Xolokost),
almanların tərtib etdiyi "Ost planı"nı, İkinci Dünya müharibəsi zamanı Paveliçin xorvat rejimi tərəfindən serblərin
məhv edilməsini, Yaponiya ordusu tərəfindən törədilmiş beynəlxalq cinayətləri (müharibə bitdikdən sonra
müttəfiqlər tərəfindən hərbi cinayətlərin törədilməsində ittiham olunan təxminən 5000 yapon hərbçisi üzərində
məhkəmə prosesləri keçirilmiş və onların 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir),
1975-1979 illərdə Pol Pot və İyenq Sari rejimi tərəfindən Kambocada 3 milyona qədər insanın məhv edilməsini,
1994-cü ildə Ruandada baş vermiş soyqırımını (bunun nəticəsində 800 minə yaxın insan həlak olmuşdur), 1995 - ci
ildə Srebrenisada Bosniya müsəlmanlarının Bosniya serbləri tərəfindən kütləvi qırğınını, Darfurda yerli əhalinin
soyqırımını (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və s. aid etmək olar.
Xocalı soyqırımı hüquqi xarakterinə görə beynəlxalq cinayət kateqoriyasına aid edilir. Ermənilərin törətdiyi bu
soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8
ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər
yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Qeyd etmək lazımdır ki, soyqırımının subyektiv tərəfinə qəsd (niyyət) formasında təqsir aid edilir, "qrupu...tam
və ya qismən məhv etmək", yəni cinayətin subyekti onun əməlləri nəticəsində müəyyən nəticələrin baş verməsini
dərk edir və istəyirdi. Belə faciəvi nəticələrə gətirilmiş əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə
görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi Xocalı qətliamının məhz soyqırımı
olduğunu bir daha sübut edir. Qabaqcadan xüsusi yerlərdə düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən
dinc Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirilməsi
ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətinin əyani sübutudur. Ermənilər tərəfindən törədilmiş bu
soyqırımına Lidise, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə hüquqi qiymət verilməlidir.
Bununla bərabər, qeyd edilməlidir ki, beynəlxalq cinayətlərə qarşı mübarizədə beynəlxalq hüquq müəyyən
vasitələrdən istifadə etmək imkanını yaradır. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdə
ittiham olunan şəxslər həmin əməllərin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud
yurisdiksiyası onun yurisdiksiyasını tanımış bu konvensiya tərəflərinə şamil olunan beynəlxalq cinayət
məhkəməsində mühakimə edilməlidirlər. Xocalı soyqırımında təqsirli bilinən şəxslərin Ermənistanın məhkəmələri
tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalının sıfra bərabər olduğunu nəzərə alaraq, həmin şəxslərin
beynəlxalq məhkəmə tərəfindən məhkum edilməsi alternativini önə zəkmək vacibdir və bu soyqırımı cinayətini
beynəlxalq səviyyədə məhkum etmək yalnız beynəlxalq tribunalın yaradılması yolu ilə mümkündür. Beynəlxalq
praktikada bu cür məhkəmələrə keçmiş Yuqoslaviya və Ruanda üzrə fəaliyyət göstərən beynəlxalq hərbi tribunallar
aid edilir.
Keçmiş Yuqoslaviyada və Ruandada iyirminci əsrin son onilliyində baş vermiş cinayətlər BMT Təhlükəsizlik
Şurası tərəfindən cinayətkarları təqib etmək üçün iki beynəlxalq cinayət məhkəməsinin yaranmasına səbəb oldu.
1992-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya ərazisində müharibə cinayətlərini və
insanlıq əleyhinə törədilmiş cinayətləri müəyyən etmək məqsədilə ekspertlərdən ibarət bir komissiya yaratdı. Bir
ildən artıq müddətdə mütəxəssislər müxtəlif mənbələrdən alınmış 65 mindən çox sənədi təhlil etmiş, 32 araşdırma
missiyasını həyata keçirmişdir. Komissiya belə bir nəticəyə gəlmişdir ki, BMT müharibə cinayətlərinin
araşdırılması və cəzalandırılması üzrə dərhal məhkəmə orqanı təsis etməlidir. Təhlükəsizlik Şurası beynəlxalq
cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral
1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş
Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan
şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratdı və bu tribunalın əsasnaməsini təsdiq etdi. Təhlükəsizlik
Şurası öz qərarını əsaslandırmaq üçün BMT Nizamnaməsinin VII fəslinə istinad etmişdir.Yaxşı bəllidir ki, BMT
Nizamnaməsinin VII fəsli sülhə təhlükə yaranması və təcavüz aktlarının baş verməsi halında Təhlükəsizlik
Şurasının səlahiyyətlərini müəyyən edir. BMT Nizamnaməsində Təhlükəsizlik Şurası üçün bu növ məhkəmələrin
yaradılmasına dair səlahiyyət nəzərdə tutulmamışdır. Belə ki, Təhlükəsizlik Şurasının səlahiyyətləri fərdlərə yox,
dövlətlərə aiddir. Bu səbəbdən hərbi tribunalların təsis edilməsi nizamnamənin geniş şərhinə əsaslanırdı.
Beynəlxalq Tribunalın beynəlxalq müqavilə əsasında deyil, BMT nizamnaməsinin VII fəsli əsasında təsis edilməsi
ideyası BMT-nin Baş katibi Butros Qaliyə məxsus idi. Çünki universal xarakterli müqavilənin adi qaydada
bağlanması və ratifikasiya edilməsi uzun vaxt tələb edirdi. Bunun nəticəsində isə hərbi tribunalların yaradılması öz
əhəmiyyətini itirmiş olurdu. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü
29 noyabr 1996-cı ildə çıxarılmışdır. İndiyədək 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü
xarvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa
Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.Mladiç və R. Karadiçə qarşı da irəli sürülmüşdür.
KYBCT-dan sonra belə növ ikinci Beynəlxalq Tribunal Ruanda (RBCT) üzrə yaradılmışdır.Bu məhkəmənin
vəzifəsi 1994-cü ildə Ruandada və qonşu ölkələrdə soyqırımının - bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi.
Təhlükəsizlik Şurası 1994-cü ilin noyabrın 8-də 955 saylı qətnaməsinə əsasən, "1994-cü ilin 1 yanvarından 31
dekabrına qədər Ruanda ərazisində və qonşu dövlətlərin ərazilərində törədilən soyqırımı və digər oxşar pozuntulara
görə məsuliyyət daşıyan Ruanda vətəndaşları tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi
pozuntularına görə məsuliyyət daşıyan şəxslərin məhkəmə qaydasında təqib edilməsi üzrə Beynəlxalq Tribunal"
yarandı və onun əsasnaməsi təsdiq olundu.
RBCT yaradılmasını zəruri edən çoxlu sayda faktlar mövcüd idi. Ruanda və onunla qonşu olan dövlətlərin
ərazisində soyqırımı törədilmişdir. Qətlə yetirilmiş insanların sayı müxtəlif mənbələrə görə 500 mindən 1 030 000
qədərdir. Onlardan təxminən 10 faizini xutular və 90 faizi tutsilər təşkil edirdi. Ruanda beynəlxalq birliyin diqqətini
soyqırımı və digər beynəlxalq cinayətlərin törədilməsində təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi və bu
məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. RBCT
1994-ci ilin yazında Ruanda vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsinin təşkilatçılarını məhkum etdirdi.
Onlar əsasən keçmiş iqtidarın məmurları idi. RBCT tərəfindən 52 hökm çıxarılmışdır, onlardan 8-i bəraət
hökmüdür. Artıq tribunal tərəfindən 19 işə baxılmışdır. 58 iş üzrə isə məhkəmə davam edir. Onu da qeyd etmək
lazımdır ki, RBCT yalnız soyqırımının əsas təşkilatçılarının işlərinə baxır. Tribunalın yurisdiksiyası altına
düşməyən şəxslər üzərində məhkəmə qurmaq məqsədilə Ruandada yerli məhkəmələr sistemi yaradılıb. Bu
məhkəmələr 100-ə yaxın ölüm cəzası hökmü çıxartmışdır.
Beləliklə, Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam beynəlxalq hüquqi sənədlərə
uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə görə insanlıq əleyhinə cinayətdir.
Bu soyqırımını törətmiş şəxslər (bunların sırasına Seyran Ohanyan, Serj Sarkisyan, R.Koçaryan və s. daxildir)
beynəlxalq məhkəmədə layiqli cəzalarına çatmalıdırlar.
Rauf QARAYEV,
AMEA Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun
aparıcı elmi işçisi,
hüquq elmləri üzrə
fəlsəfə doktoru