BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2014
UOT 202.911
XVII
ƏSRİN 20-40-CI İLLƏRİNDƏ SƏFƏVİ DÖVLƏTİNİN
MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİNƏ DAİR
A.Ə.QƏRİBOVA
Bakı Dövlət Universiteti
a
ysel.qərib@ mail. ru
M
ənbələrin təhlili göstərir ki, I Şah Səfinin hakimiyyəti dövründə Səfəvilərin Xorasana
h
ərbi yürüşləri bir qayda olaraq Buxara xanları tərəfindən dəf olunurdu. Eyni zamanda
M
ərkəzi Asiya dövlətləri olan Xarəzm, Buxara və Xivə xanlıqları Səfəvi dövlətinin hərbi-siyasi
nüfuzundan öz daxili siyasi probleml
ərini həll etmək üçün istifadə etməyə çalışırdılar. Buna
baxmayaraq, XVII
əsrin 20-40-cı illərində Səfəvi dövləti ilə Mərkəzi Asiya xanlıqları
arasındakı sərhədlərdə hər hansı bir ciddi dəyişikliklər baş verməmişdir.
Açar sözlər: I Şah Abbas, I Şah Səfi, Əbdüləziz, Əbülqazi, xan, Sultan
I Şah Abbas vəfat etdikdən (1629) dərhal sonra Səfəvi dövlətinin bəzi
bölgələrində yenidən separatizm baş qaldırmışdı. Yeni Səfəvi hökmdarı I Şah
Səfi (1629-1642) baş vermiş separatist hərəkatların qarşısını almadan ölkəni
içəridən möhkəmləndirə, sərhədlərin mühafizəsini təmin edə bilməzdi. Doğ-
rudur, o, az vaxtda ölkənin bəzi bölgələrindəki mərkəzdənqaçma hərəkatlarının
qarşısını alır və daxili sabitliyi bərpa edərək Xorasan məsələsinin həlli üçün
geniş imkanlar qazanır. Ancaq bu zaman özbək basqınçılarının Xorasana qarət
məqsədilə yürüşləri daha da artır. XVII əsrin qaynaqlarından "Zeyl-i tarix-i
alamara-
ye Abbasi" (1) və "Xülasət üs-siyər"in (2) məlumatları sərhəd məntə-
qələrində Səfəvilərin özbəklərlə münasibətlərinin pisləşdiyi və onların arala-
rında yeni silahlı toqquşmaların baş verdiyini təsdiq edir. Hələ I Şah Səfiyə
qədər də onların arasında Xorasana sahib olmaq üstündə mübarizə getmiş və I
Şah Abbasın hakimiyyətinin ilk illərində, demək olar ki, bütün Xorasan özbək-
lərin hakimiyyəti altına düşmüşdü. Lakin 1599-cu ildə I Şah Abbas itirilmiş
Məşhəd, Nişapur, Səbzəvar şəhərlərini geri qaytarmağı bacarmışdı, Xorasanda
Səfəvilərin mövqeyi son dərəcə möhkəmlənmişdi.
I Şah Səfi hakimiyyətə keçdikdən az sonra 1629-cu ildə Urgənc hakimi
İsfəndiyar xan (1623-1642) Mərvə hücum edir. Məhəmməd Məsum onun
Mərvə hücumuna I Şah Abbasın ona etmiş olduğu yaxşılıqlara cavab olaraq
151
naşükürlüyə yol verməsi kimi baxır. O, yazır ki, Urgənc hakimi İsfəndiyar xan
və onun yaxınlarına Səfəvi sarayında nəvaziş göstərilmiş, dəfələrlə müzəffər
Səfəvi ordusunun köməyi ilə ölümcül döyüşlərdə xilas edilmişdi (2, v. 21 a).
Məhəmməd Məsumun bu məlumatını "Zeyl-i tarix-i alamara-ye Abbasi" də
təsdiq edir. Mənbədə göstərilir ki, Xarəzm hakimi Ərəb Məhəmməd xanın
(1602-
1623) övladları arasında hakimiyyət üstündə müharibədə məğlub olmuş
böyük oğlu İsfəndiyar I Şah Abbasa pənah gətirmiş və uzun müddət onun
himayəsində yaşamışdır (1, 19).
Məhəmməd Məsuma görə Mərv hakimi Aşur xanın başçılığı altında qala
mühafizəçiləri çox ciddi səy göstərib qalanı canfəşanlıqla qoruyaraq bu
qorxulu düşməni dəf etməyə tam hazır olduqlarını nümayiş etdirdilər. O, öz
hərbi dəstəsinin sayının az olmasına baxmayaraq qorxmadan qaladan çıxıb
düşmənin çoxsaylı ordusu ilə döyüşə başlayır. İlk toqquşmadan sonra İsfən-
diyar xan geri çəkilməyə məcbur olub öz ölkəsinə qayıdır (2, v. 21 a-b).
Məhəmməd Məsuma görə Aşur xan özünün hərbi dəstəsi ilə İsfəndiyar xanı
məğlub etmişdi. Doğrudur, ilk döyüşdə Mərv ordusu qələbəyə nail olmuşdu.
Ancaq "Zeyl-i tarix-i alamara-
ye Abbasi"də göstərilir ki, Rəhmanqulu Qara-
daşın başçılığı altında 6-7 min nəfərdən ibarət türkmənin Qaradaş, Cəlayir,
Salur ellərində səfərbər edilmiş ordu da İsfəndiyar xanla birləşmişdi. Belə olan
halda Aşur xanın ilk qələbədən sonra döyüşü davam etdirməsi o qədər də asan
deyildi. İsfəndiyar xan İsfahandan göndərilən ordu yaxınlaşdıqda Mərv ətrafını
tərk etməyə məcbur olmuşdu (1, 21).
I Şah Səfinin hakimiyyətə keçməsi Xorasan türkmənlərinin bir qisminin
narazılığına səbəb olmuşdu. Onlar Şah hakimiyyətinin zəifləməsindən sui-
istifadə edib özbək xanlarının hakimiyyəti altına keçməyə cəhd edirdilər. Bu
zaman Əbülqazi xan Nisə, Abiverd və Dərun başçılarının səhlənkarlığından
istifadə edərək göstərilən mahalları ələ keçirmişdi. Hələ Əbülqazi xanın qiya-
mına qədər Nisə hakimi Bektaş xan Ustaclı saray qulamlarından olan Dərun
hakimi Uğurlu sultan düşmən qarşısında qorxudan öz qalalarını buraxıb Quş-
meyxana qaçmışdılar. Yaranmış əlverişli şərait Əbülqazi xanın gələcək hərbi
planlarına da təsir göstərdi. Vaxt itirmədən Nisə və Dəruna yaxınlaşıb onları
döyüşsüz ələ keçirdi. Əbülqazi xanın başqa yerləri də tutmaq üçün real təhlükə
yaratması Məşhəd hakimi Mənuçöhr xanı ona qarşı təcili tədbir görməyə vadar
edir. Nişapur hakimi Bayraməli sultan Bayat, Səbzəvar hakimi Əhməd sultan
Çəkni Mənuçöhr xanla birləşib Abiverdə yaxınlaşdılar. Əbülqazi Qızılbaş
qoşununun yaxınlaşması xəbərini eşidib bölgəni qarət edərək xeyli mal-qara da
ələ keçirib Nisəyə doğru geri çəkilir. Qızılbaşlar qiyamçıları adı çəkilən şəhər-
lərdən vurub çıxardı. Döyüşdə düşmən tərəfdən 3-4 min əsgər öldürüldü və əsir
götürüldü (1, 21;
3, 81). İsfahandan Zaman bəyin başçılığı altında Xorasana
hərbi yardım üçün göndərilmiş Qızılbaş ordusu dövlətdən üz döndərib İsfən-
diyar xanla birləşmiş türkmən ellərinə ciddi zərbə vurdu. Nəticədə türkmən
ellərinin ağsaqqalları Zaman bəyin yanına gəlib Qızılbaş dövlətinə bir daha
xəyanət etməyəcəklərini və sədaqətli olacaqlarını bəyan edib bağışlanmalarını
152
xahiş etdilər. Bu zaman Əliyar xan Gəraylının Qızılbaş ordusu da Xarəzmə
doğru hərəkət edən Əbülqaziyə çatdılar, onu məğlub edib ələ keçirdikləri külli
miqdarda qənimət və əsirləri geri aldılar (1, 22-23).
A.N.Kononov yazır ki, "Xorasan qiyamı" nəticəsində İsfəndiyar xanın
Səfəvi dövləti ilə münasibətləri pisləşdikdə xan qiyamın günahını qardaşı
Əbülqazi xanın boynuna yıxıb onu girov kimi Səfəvi şahına göndərdi (4, 18).
Məhəmməd Məsum bu hadisəni özbək xanlarının Səfəvilərə artıq boyun əyib
itaət göstərmələri kimi dəyərləndirir. Onun yazdığına görə İsfəndiyar xan qar-
daşı Əbülqazi xanın məğlub olduğunu eşidən kimi şah sarayına qiymətli hədiy-
yələr, qardaşını, "Xorasan qiyamı" ilə bağlı üzrxahlığını ifadə edən məktub da
göndərmişdi. Məktubda qeyd edilirdi: Necə ki, bizim babalarımız həmişə Sizin
uca sarayınızın mühafizə və himayəsində olmuşdur, mən günahkarın da sizin
Astanadan başqa sığınacağı yoxdur. Mənim qardaşım həddən artıq dikbaşlıq və
nəzakətsizliklə ləyaqətsiz hərəkət etmişdir. Ona görə də onu həbs edib Sizin
sərəncamınıza göndərdim ki, o, ədalətlə cəzalandırılsın ki, o, hərəkətlərinə görə
buna layiqdir" (2, v. 23 a).
Bu hadisənin rəsmi təsvirinə baxmayaraq, əslində İsfəndiyar xan
Əbülqazini həbs edib Şaha göndərməklə taxt-tac məsələsində öz rəqibindən
azad olub Xa
rəzmdə təkbaşına hakimiyyətini təmin edir.
I Şah Səfi hadisələrin bu cür dönüşü ilə tam razı olduğuna görə Əbülqazi
xanın səhv və nöqsanlarını bağışladı və onu cəzalandırmadı. Lakin xanı Səfəvi
ölkəsində saxlayıb, İsfahana göndərdi. Şəhərdə ona ev verildi və yaşayışı üçün
illik 10 mi
n tümən pul təyin edildi (5, 134).
Şah dönük hakimlərə qarşı cəza dəstələri göndərilməsi haqqında sərəncam
verdi. Xorasan əsilzadələrinə bildirildi ki, bir daha çıxış olduqda qiyam baş vermiş
mahalda təhrikçilərə aman verilmədən hamısı edam edilsinlər (3, 82).
I Şah Səfinin on üç illik hakimiyyəti ərzində Bəlx və Buxara özbəkləri
ardı-arası kəsilmədən qərbi Xorasana basqın edirdilər. İ.P.Pavlova yazır ki,
Buxara basqınçıları ilə Xorasan əhalisi arasında ilk döyüş 1631-ci ildə baş
vermişdi. Özbək xanı İmamqulu Badqisi tutmaq məqsədi ilə demək olar ki,
Herata qədər gəlməyə müvəffəq olmuşdu. Şəhərdən səkkiz kilometr şərqdə
yalnız Caharbağ məntəqəsində Herat hakimi Həsən xan İmamqulu xanın dəs-
təsini məğlub edir və 300 əsir ələ keçirir. Başqa döyüşlərdəki kimi bu döyüşdə
də Həsən xan qələbəyə öz qüvvəsi ilə nail olmuşdu. Herat altındakı savaş
haqqında Şah hökuməti heratlıların qələbəsindən sonra xəbər tutmuşdu. Həsən
xan Şamlı 1618-ci ildən Herat bəylərbəyi və bütün Xorasanın baş əmiri idi.
Məhz onun bacarığı sayəsində Xorasana özbək basqınlarının qarşısı alınırdı. O,
1641-
ci ildə vəfat edir, vəzifəsi böyük oğlu Abbasqulu xana tapşırılır (3, 82).
Qazak və Kalmıkların birgə ordusu Daşkənd və Buxaraya 1633-cü ildə
hücum edərkən özbək əsilzadələrinin bir çoxu bu zaman Səfəvi sarayında olan
Vəliməhəmməd xanın oğlu Rüstəm Məhəmməd xanın tərəfinə keçmişdilər (3, 82).
1633-
cü ildə Buxara xanlarından Yalanqtuş yüz minlik ordu ilə Xorasana
hücum edib Aşrak-bağ qalasını mühasirəyə almış, ancaq mühasirə zamanı iki
153
yüz adam itirmiş və geri dönmüşdü (3, 82).
Özbəklərin bu ildə Sərəxs və Zarabad qalalarını tutmaq cəhdləri də
uğursuzluqla qurtarmışdı (3, 82).
Xorasanda Bəlx hakimi Nadir Məhəmməd xanın oğlu Əbdüləziz xanın
ordusu ilə Səfəvi qoşunu arasında ən azı beş dəfə böyük toqquşma olmuşdu.
Bu zaman Buxara hakimi həştərxanilər sülaləsinin dördüncü nümayəndəsi
İmamqulu xan (1611-1642) idi. O, xan hakimiyyətin möhkəmləndirməyə
müvəffəq olmuş və yerli əyanları özünə tabe edə bilmişdi. Bəlxin idarəsi isə
1611-
ci ildən Nadir Məhəmməd xanın əlində idi. Özbəklərin əsas hücum
hədəfi Herat şəhəri idi. Artıq 1631-ci ilin sonunda Əbdüləziz Buxara və Bəlx
əmirlərinin köməyi ilə Heratın 6-7 kilometrliyindəki Quryan qalasına yaxın-
laşır. Bu dəfə Herat hakimi Həsən xanın vaxtında hərəkətə keçməsi ilə onların
qarşısı alınmışdı və irəli gedə bilməmişdilər. Uğur qazana bilməyən Əbdüləziz
xan ö
z dəstəsi ilə Cam tərəfdə hərəkət edir. Özbək ordusunun hərəkəti zamanı
yerli əhaliyə çox böyük ziyan dəyir. Özbək xanlarının qarətləri elə bir həddə
çatır ki, nəticədə yerli əhali onlara qarşı mübarizəyə qalxır (3, 83).
1632-
ci ildə Əbdüləziz iyirmi minlik ordusu ilə Murğab çayının sağ
sahilindəki Maruçak qalasını mühasirəyə alır. Elə bu ildə əvvəl adı çəkilən
Rüstəm Məhəmməd xan ordu ilə cənub-qərbdən Bəlx xanlığına soxuldu, ancaq
sonra Bəlx əmirlərindən ehtiyat edərək Maruçak qalasına sığındı. Əbdüləziz
qalaya yaxınlaşıb onu ələ keçirməyə cəhd göstərdi. Artıq bu dəfə mövcud
vəziyyətdən narahat olan Şah hökuməti şəhər hakiminə kömək etməyi qərara
alır. Şahın sərəncamı əsasında bura sipahsalar Rüstəm bəy və Kəlbəli bəy
göndərilməli idi. Sonuncuya muzdla qoşun səfərbərliyə alıb qalanı qorumaq
üçün beş min tümən pul verilmişdi. Ancaq səfərbərlik yubandı və qala
müdafiəçiləri mərkəzdən yardım almadan qələbə çaldılar (2, v. 69 a).
Xorasan sipahsaları Zaman xan Nisə və Dərunda nizam-intizam yaradıb
sərhəd qalalarını möhkəmləndirib darüssəltənə-ye Herata gəldi. Burada Məş-
həd hakimi Mənuçöhr xan, böyük əmirlər müzəffər əsgərlər son nəticədə cəm
olmuş və Qur hakimi Həsən xan da bu tərəfdə idi ki, onu qarşıladılar. Hamısı
bir-
biri ilə birləşdilər. Maruçağa min xarvar taxıl ehtiyatı yerləşdirib 500 nəfər
müdafiəçi təyin olundu. Bütün sərhəd qalalarında eyni dərəcədə möhkəm
nizam-
intizam yaradıb taxıl, sursat, tüfəngçi və digər qoruyucu yerləşdiril-
dikdən sonra geri döndülər. Bu zaman Nəzər Məhəmməd xanın Uraz Quşbəyi
adlı əsilzadəsi Meymənə hakimi həm də Maruçaq və Murğabda Qızılbaş ölkəsi
sərhədində mühafizəçi idi. Burada baş vermiş döyüşdə onun qohumu olan iki
nəfər özbək əsilzadəsi ələ keçirib Zaman bəyin yanına gətirdilər. Onlardan biri
Zaman bəyin yanında saxlanıldı və digəri Şahın sarayına göndərildi. Nəzər
Məhəmməd xan baş verənlərdən sonra Zaman bəyə dostluq məktubu göndərib
peşmançılığını bildirərək qeyd etdi ki, bizim hökmdarla sizin şah arasında sülh
və dostluq əlaqəsi mövcud olmuşdu (1, 27).
O cümlədən bildirdi ki, sərhəddə qətl və qarətlə məşğul olan özbəklər
avara, alamançı və bəzi cahil və lütlərdi ki, onlar bir dəstədə birləşiblər. Nə-
154
ticədə biz onların qarşısını almağı qərara aldıq. Padşahımız tərəfindən təziyyə
və yeni şahı təbrik üçün elçi göndəriləcəkdir. Zaman bəy də sərhəddə yaradılan
sabitliklə bağlı onlara cavab məktubu göndərdi. Mərv hakimi Aşur xanın Ca-
harcuda əsir götürülüb Buxaraya aparılmış iki nəfər mülazimini İmamqulu xan
geri göndərdi. Bu zaman rumluların hücum xəbərini eşidən Zaman bəy Məş-
həddən İraq və Azərbaycana getməyi qərara aldı. Ancaq mərkəzdən gələn tapşı-
rığa görə o, bura bir dəstə tüfənçi göndərməli, özü isə Məşhəddə qışlamalı oldu.
Əbdüləziz 1633-cü ildə Cam və 1634-cü ildə isə Fərah hərbi əməliyyat-
larında uğur qazanmır. 1634 - 1635-ci ildə Məşhəd altında Məşhəd və Herat
hakiminin ordusu birlikdə Əbdüləzizin özbək qoşununu ağır məğlubiyyətə uğ-
ratdı. Bu döyüşdə düşmən tərəfdən 3 min döyüşçü öldürüldü və Əbdüləzizin
bütün xəzinəsi ələ keçirildi. Əbdüləzizin ələ keçirilmiş sərvəti saraya gətirildi
və Rüstəm Məhəmməd xana verildi. Bu hadisə onu Şaha daha da yaxınlaşdırdı
(2, v. 75 a-b).
Xorasanın qərb mahallarının hakimləri təklikdə Əbdüləzizin basqınlarının
qarşısını ala bilmirdilər və elə bu səbəbdən də özbəklər həmin məntəqələrə
ciddi zərbə vururdular. Yalnız Məşhəd altında birləşmiş Xorasan ordusu ilə
döyüşən Əbdüləzizin qoşunu çox böyük tələfata məruz qaldı və bu döyüşdən
sonra bir müddət Xorasana hücum edə bilmədi (3, 84).
Ancaq 1632-
ci ildə Mərv əmiri Aşur xanın vəfatı ilə əlaqədar yaranmış
əlverişli vəziyyətdən Buxara əmirləri istifadə etdilər. Buxaranın tanınmış
xanlarından Nadir Tuqay, Əbdürrəhim Bahadır və Nəzər Baruti Mərvi müha-
sirəyə aldılar. Bu zaman Şah Mərvin müdafiəsini Xələf bəyə tapşırdı. Xora-
sanda baş vermiş döyüşlərdə Şah hökuməti yalnız Mərv savaşına hərbi yardım
göstərir. Mərvə İmamqulu xan, Ərdəlan hakimi Əmir xan, Lar hakiminin
başçılığı altında qoşun göndərilir. O cümlədən Murtuzaqulu xan Mərvə hakim
təyin edilir. O, bu vəzifəyə Mərv özbəklər tərəfindən mühasirəyə alındıqdan
sonra təyin edilmişdi. Ona görə də, onun Mərvə daxil olması çox çətin idi. O,
özünün 35 cəsur xidmətçisi ilə Mərv tərəfə yola düşür. O, şaha vəd etmişdi ki,
Mərvə düşmən hiss etmədən daxil olacaq. Ancaq özbəklərin mühasirədə olan
əsgəri heyətinin arxasındakı güclü hərbi hissələr Murtuzaqulu xanın dəstəsinin
Mərvə daxil olmasına imkan vermədi. O, tezliklə düşmən tərəfin əlinə keçdi.
Ancaq Mərv müdafiəçilərinin ciddi müqaviməti sayəsində özbəklər itki verib
geri çəkildilər (3, 84-85).
Özbəklər 1641-ci ildə Mərv şəhərini ələ keçirmək üçün yeni cəhd etdilər.
Yalanqtuşun başçılıq etdiyi özbək ordusu Mərvə yaxınlaşdı. Ona qarşı Xələf
bəyin əsas ordusu ilə Herat hakimi Həsən xanın dəstəsi birləşdi. Şəhərdən bir
neçə kilometr aralı Tacorduda düşmən məğlub oldu, 3 minə yaxın döyüşçü
itirdi (3, 85).
I Şah Səfi Mərv qələbəsinə yüksək dəyər verdi. Demək olar ki, hərbi
rəislərlə yanaşı, döyüşdə fərqlənən bütün hərbiçilər mükafatlandırıldı (3, 85).
Mənbələrdəki materialların təhlilindən aydın olur ki, I Şah Səfi dövründə
bir tərəfdən Mərkəzi Asiyadan dövlət və adi qarətçilər tərəfindən Xorasana
155
basqınların ardı-arası kəsilmədən davam etmiş və digər tərəfdən isə Xarəzm,
Buxara və Xivə xanları, sülalə üzvləri arasında ali hakimiyyət uğrunda müba-
rizədə həm qalib, həm də məğlub tərəf öz hakimiyyətlərini qoruyub saxlamaq
üçün Səfəvi dövləti ilə diplomatik əlaqələrdə ondan hərbi yardım almağa cəhd
göstərmiş, yaxud da onun hərbi-siyasi nüfuzundan istifadə etmişdir.
ƏDƏBİYYAT
1.
İsgəndər bəy Türkman Münşi və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi
Abbasi. Tehran: 1317, 320 s.
2.
Məhəmməd Məsum ibn Xacəgi İsfahani. Xülasət üs-siyər. Münxen Dövlət kitabxnası;
Saltıkov-Şedrin adına PDUK, Dornun kataloqu, 303 (mikrofilm).
3.
Павлова И.К. Хроника времен Сефевидов (Сочинение Мухаммад-Масума Исфахани
"Хуласат ас-сийар").
4.
Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı). Rus dilindən tərcümə
edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı:
2002, 146 s.
5.
Веселовский Н.И. Очерк историка-географических сведений о Хивинском Ханстве.
Спб. 1877, 220 с.
ОБ ОТНОШЕНИЯХ МЕЖДУ СЕФЕВИДСКОЙ ИМПЕРИИ СО
СТРАНАМИ ЦЕНТРАЛЬНОЙ АЗИИ В 1620-1640-Х ГОДАХ XVII ВЕКА
А.А.ГАРИБОВА
РЕЗЮМЕ
Анализ материалов источников показывает, что военные походы Сефевидов в на-
правление Хорасан в период правления шаха Сефи I обычно прерывались Бухарскими
ханами. Кроме того, центрально-азиатские государства – Хорезм, Бухара и Хивы попы-
тались использовать военно-политическое влияние Сефевидского государства в решение
внутренних политических проблем. Несмотря на это, в 1620-1640-х годах XVII века су-
щественные изменения на границах между сефевидами и центрально-азиатскими ханст-
вами не произошли.
Ключевые слова: Шах Аббас I, Шах Сафи, Абдул Азиз, Абулгази, Хан Султан
ABOUT RELATIONS OF THE SAFAVIDS EMPIRE WITH CENTRAL ASIAN
COUNTRIES IN THE 1620-1640S OF THE XVII CENTURY
A.A.GARIBOVA
SUMMARY
The analysis of the sources shows that during the reign of Shah Safi I military campaigns
of the Safavids Khorasan were usually interrupted by Bukhara khans. In addition, the Central
Asian states - Khorezm, Bukhara and Khiva tried to use military and political influence of the
Safavid state in the solution of internal - political problems. Nevertheless, in the 1620-1640s of
the XVII century no significant changes occurred at the boundaries between the Safavids and
Central Asian khanates.
Key words: Shah Abbas I, Shah Safi, Abdul Aziz, Abulgazi, Khan, Sultan
156
Dostları ilə paylaş: |