ŞİRİN XANIM KƏRİMBƏYLİ ŞADİMAN
Kitabın sponsoru həyat yoldaşım
Abdulov Əli Əli oğlu
KÖNÜL HARAYI
(Seçmələr)
Bakı-2008
Kərimbəyli Şirin xanım Ağabala qızı (Şadiman)
1955-ci ildə Siyəzən bölgəsinin Tağay kəndində
anadan olub.Orta məktəbi Tağay kəndində və Siyəzəndə bitirib. 1978/83-cü illərdə ADU-nun Kitabxanaçılıq fakültəsində əyani şöbəsində təhsilini başa vurub. Dörd kitab müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
QURANDA ŞAİRLƏR HAQQINDA AYƏ
Şairlər surəsi şəfəqdi Ayə,
İki yuz iyirmi yeddi ayəbəayə.
***
Quranda şairlər haqqında ayə-
Deyir haqq yolunda düşsəndə vayə,
Əgər salmasalar sözünü sayə,
Zənn etmə gedibdi əməyin zayə,
Ol, düzlük yolunda sağ ikən dayə,
Axsa da göz yaşın dönsə də çayə,
Yetişər çaldığın qələmin hayə,
Mən sənə vermişəm ilhamı qayə,
Eylə ömrün boyu haqqı himayə!
Əyrini vəsf edən şeytandır, ayə,
Şərdən yoğrulubdu kökündə mayə!
Səvabı, günahı vur günə, ayə,
O haqq dünyan üçün dönəcək sayə.
Yükləmə günahı belinə tayə,
Yüklədin nə qalar səndən dünyayə?!…
Şadiman, dönübdü qəm oxa, yayə,
Haray sal, ahını aləmə yayə!
Saldığın harayın tutar daş-qayə,
Dirikən zavallı, yetiş ah-vayə!
Pirallahı/ 6.12.2006
BÖYÜK YARADANA
Ey böyük Yaradan, ey qadir Allah!
Doğulduq…İşlətdik nə qədər günah?
Coşdu içimizdə saysız diləklər,
İblis hiylələrlə doldu ürəklər.
Öncə nizə, qalxan, qılınc yaratdıq,
Ov tək bir-birinin köksünə atdıq.
Əsirlər ötdükcə coşdu ehtiras,
Vəhşi əlimizlə quruldu min yas.
Bizə Əzrayılla əcəl göndərdin,
Miskin cəsədləri torpağa sərdin.
Böldün bəndələri neçə qisimə,
Sonda məzar qıydın yalnız cisimə.
Anlaya-anlaya öləriyik biz,
Tanrı hüzurunda qatlamadıq diz.
Vəhşi tək hey qırdıq biri-birini,
Sən bizdən qorudun haqqın sirrini.
Böyük Yaradanım, səbr ilə yerə,
Hey dinlər göndərdin inansın hərə.
Sonuncu dininsə oldu pak İslam!
Müqəddəs peyğəmbər Mühəmməd-salam.
O gül çöhrəsinə nur bəxş eylədin,
Quranı köksünə Sən nəqş eylədin.
Ərəb səhraları, Məkkə, Mədinə,
Tapındı rəhminə, tapındı dinə.
İslamın işığı dünyanı tutdu,
Diz çöküb səcdənə, özün unutdu.
Fəqət, parçalandı cahanda dinlər,
İnsan da bu sitəm içində inlər…
Xaçpərəst, müsəlman, yəhudi, yezdi…
Torpaq, su üstündə el-eli əzdi.
Böyük Yaradanım, töküldü qanlar,
Məzara gömüldü əcəlsiz canlar.
Sənsə yüksəklikdən baxıb bəndənə,
Saldın ölərləri çox çəndən-çənə.
Qopartdın yerlərin min yol bağrını,
Məzara döşədin acı, ağrını.
Neçə yurd torpağın altında qaldı,
Hökmünlə bəndələr min yol alçaldı.
Gah sellər yaratdın, gahsa zəlzələ,
Qurdun ölərlərə, ey Tanrım, tələ.
Unudub qəzəbi, coşdular yenə,
Bəzən xor baxdılar Haqqa və Dinə.
Qılınclar gülləylə əvəz olundu,
Tanklarla, toplarla qeyrət alındı.
Basıldı vicdanlar raketlər ilə,
Cahanda hökm etdi iblis və hiylə.
Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,
Güldün bəndələrə min yol ürəkdən.
İnsanlar dinlərlə fitnə qurdular,
Savaşa yollandı saysız ordular.
Qanlar su yerinə axdı dünyada,
Atdılar namusu, qeyrəti oda,
İsanın, Musanın müqəddəs ruhu,
Böyük Mühəmədin(s) naləsi, ahı.
Qırdı dünyamızı hey qəzəb ilə,
Məzara göndərdi min əzab ilə.
Bizsə unutqanlıq yolunu tutduq,
Allahı, Quranı, Haqqı unutduq.
Özümüzü səndən qüdrətli bildik,
Sildik içimizdən inamı, sildik.
Namus da, qeyrət də qiymətdən düşdü…
Bəndənin ayağı hər dəm sürüşdü.
Ölüm-qapımızda gülləyə döndü,
Söndü evimizin çırağı, söndü.
Böyük Yaradanım, adil hökmünlə,
Döndərdin ağılı, ürəyi külə.
Allahım, ey Tanrım, yuvam-məmləkət,
Başının üstündə qara fəlakət.
Yağı evimizə tökür gülləni,
Qurur torpağıma min bir hiyləni…
Yanır diri-diri ana, bacılar,
Dolaşır yurdumda ağrı-acılar.
Sitəmdən usanmış, könlümüz talan,
Yenə taxtı-tacda oturub yalan.
Hökmylə namərdi bütə döndərir
Tülkünü quduza, itə döndərir.
Adilim, Kərimim, Haqqım, İlahi,
Qoyma məhkəməsiz naleyi-ahi,
Müqəddəs hökmünlə özün divan qur,
Yalanın, fitnənin sən boynunu vur.
Bir azca işıq ver qaranlıq yurda,
Amandır, quzunu tapşırma qurda.
Hökmü-fərmanınla zülmət nur olsun,
Yetər, içimizə halallıq dolsun.
Böyük Yaradanım, ümidim sənə,
Şahlıq quşu göndər sadiq ölkənə.
Ayılıb binəva millət yuxudan,
Özün qurtar onu qara-qorxudan.
Bu Şadiman sənə sadiq bəndədi,
Özün də görürsən yaman gündədi.
Gəl qoluzorluğu vermə yetənə,
Son qurbanlıq eylə məni Vətənə!
Hazıram, cismimi məzara göndər,
AZƏRBAYCANIMA AZADLIQ GÖNDƏR!!!
13.12.1991
NƏ OLA YETİŞƏM SƏNƏ, ALLAHIM
Gecədən sübhədək səcdələrimlə,
Dualar içində gələr sabahım.
Sinəmdə alışan müjdələrimlə
Nə ola yetişəm sənə, Allahım.
Bu başsız dünyanın qəmini atıb,
Gözdə yuva salan nəmini atıb,
Ah, nalə gətirən dəmini atıb
Nə ola yetişəm sənə, Allahım.
Ən uca dağların qalxam başına,
Baxam buludların axan yaşına,
Dönüb bircə anda Simurq quşuna
Nə ola yetişəm sənə, Allahım.
Alışan bağrımın odundan çıxıb,
Adəmin insanlıq adından çıxıb,
Dünyanın biryolluq yadından çıxıb
Nə ola yetişəm sənə, Allahım.
Bəşər dönük olub, İlahi, sənə,
Çoxu səcdədədir yalandan dinə,
Yuxuda olsa da gələm Kəbənə,
Nə ola yetişəm sənə, Allahım.
Gəlmir bu dünyadan Haqqın qorxusu,
Yoxdu heç Adəmin səndən qorxusu,
Gələ gözlərimə ölüm yuxusu…
Nə ola yetişəm sənə, Allahım.
27.09.1998 / Pirallahı
BİR TANRI VAR...
Qırılarkən taleyinin ömür sapı,
Ruhun çıxıb ayrılacaq bədənindən.
Bir Tanrı var, bir körpü var, bir də qapı,
Tamahın da çapılacaq gödənindən.
İlahinin hüzuruna yetişməkçin,
Haqlayacaq ayağını o dar körpü.
O dünyada əzabların bitişməkçin,
Ürəyindən alınacaq hikkə köpü.
O körpüdən keçə bilsə ayaqların,
Sanarsan ki, dar qapıya çatdın daha.
Bədənində titrəyərsə dayaqların,
Ruhun yetməz o dünyada heç Allaha.
Yetsən əgər o qıfıllı göy qapıya,
Onu açmaq məqamına haqqın yetər.
Çatsan, tələs ikiəlli döy qapıya...
Açılmasa, ahın ərşin bağrın ütər.
O qapıdan yetə bilsən dərgahına,
Elə bilmə ruhuna o sığal çəkər.
Hansı üzlə gedəcəksən Allahına?
Ruhun özü qoşqusundan çıxmış təkər.
Ürəyini haqq dərgaha qoyacaqsan,
Cavabını suallarla yoracaqlar.
Çıxan canı əzablarla oyacaqsan,
Əməlləri birər-birər soracaqlar...
Günah bolsa, dərdin aşıb dağ olacaq,
Hesabları çəkiləcək o başının.
Sanki bədən ölməmiş tək sağ olacaq,
Qulu olar bəbəklərin göz yaşının.
Orda rüşvət, orda dayı olmayacaq,
Orda kimsə, bir-kimsəni vurmayacaq.
Orda ciblər haram pulla dolmayacaq,
Kimsə kimin arxasında durmayacaq.
Orda bəşər öz haqqına çatacaqdı,
Fərqi yoxdu hansı dində doğulacaq.
Təmiz ruhun təndən ayrı yatacaqdı,
Orda hikkə, orda tamah dağılacaq.
Ey insanlıq mərtəbəsin unudanlar!
Ağır olur o dünyanın tarpa-tapı...
Zalımların əllərində qan udanlar,
Bir Tanrı var, bir körpü var, bir də qapı!...
01.07.2001.
YARADANIM
Can sənə bağlıdır, ey Yaradanım,
Əmrinlə ölçülür dəqiqəm, anım.
Bütün kainatı sən verdin bizə,
Sən işıq verirsən gecə, gündüzə.
Sən göyə qaldırdın mənəviyyatı,
Sənin əlindədir insan həyatı.
Aç haqqın üzünə kor gözümüzü,
Tanıyaq, qınayaq öz-özümüzü.
Qaytar bu dünyanı tanrı yoluna,
İblislər vurmasın zəncir qoluna.
Səninlə bağlıdır səadətimiz.
Öc alır eşqindən həqiqətimiz.
Səndən ulu sayan özün, ey Xaliq,
Yalnız lənətinə olacaq layiq.
Sənin işığındır dünyanı tutan,
O böyük rəhmindir bizlərə çatan.
Şərəfə yetirik mərhəmətinlə,
Dünyadan köçürük biz rəhmətinlə.
Olmayır hər kəsin o da nəsibi,
Ölsə də lənətdi məzarın dibi.
Sənin əlindədir yer, göy, ey Xaqan,
Əmrinə, hökmünə tabedir hər can.
Dünyada nə qədər insan qismi var,
Sənin hüzuruna qədəri qovar.
Səndədir hər qəlbin, bəxtin açarı,
Rəhmə yetirərsən sonda naçarı.
Gizlənə bilərmi səndən heç bəşər?
Hökmün ürəyinin başını deşər.
Səndən can gizlədən olubmu söylə?
Hər kəsin canına hakimsən öylə.
Bir sənə bəllidir günahlarımız,
Hökmünlə açılar sabahlarımız.
Kimsəyə varmı yol səndən oyana,
Kim əymib başını de Yaradana?
Kimin ürəyində qorxu hissi yox,
Önündə qulundur, həm ac, həm də tox.
Sən həyat bəxş etdin o insanlığa,
Hər canın yolu var o divanlığa.
Özün uca sayan səndən aşağı,
Ey nurlar çeşməsi, həyat işığı!
Kim saydı özünü səndən də ali,
Çox kədərli oldu sonunda hali.
Varmı de elə bir bəşər övladı?
Səndən ucalığa qaldıra adı.
Keçsə də hissindən, ağlından elə,
Qoparıb başından vermisən yelə.
Yox elə bir qüvvə dünyada, Allah,
Qopmasın köksündən, sinəsindən ah,
Önündə əyilib dua etməsin,
Sənin hüzurunda əfvə getməsin.
Bütün kainatın sahibi özün,
Həyata can verər o nurlu üzün.
Sənin qulunuq biz, Böyük Yaradan,
Sonda hüzuruna qayıdacaq can!...
27-29/ 11. 1999
Dostları ilə paylaş: |