1
Telman Orucov
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi
Çin zəngin tarixə və unikal mədəniyyətə malik olan bir ölkədir. Dünyaya
Konfutsi kimi dahini vermiş bu ölkə təəccüb doğuran kontrastlara, göz oxşayan
landşafta malik olmaqla, həm də göydələnlərin bəzədiyi müasir şəhərləri ilə seçilir.
Şimala uzanan Qobi səhrasının həyatdan xali olan düzənliyi cənubdakı cənnətə bənzər
tropik zonalarla əkslik təşkil edir.
Çin qədim qüdrətli sivilizasiyanın beşiyi olmaqla, dünyaya özünün ixtira etdiyi
ipəyi, farforu, barıtı, kağızı və digər faydalı əmtəələri bəxş etdi. Çinin tarixi abidələri
möcüzələr hesab olunur. Ölkənin bir çox təbiət mənzərələri öz füsunkarlığı ilə
adamları heyran edir.
Çinlilərin yaradıcılıq istedadına qibtə etmək olar. Böyük Çin Səddi qədimdən
bu ölkənin zamana tabe olmayan qiymətli simvolu hesab olunur. Dünyadakı bu ən
böyük və məharətlə yaradılmış divarın tikintisi Şimali Çində 5 min kilometrə qədər
uzanmaqla Yer üzündə kosmosdan müşahidə edilən yeganə bir abidədir. Onun
tikintisinin tarixi bizim eradan əvvəlki əsrlərə təsadüf edir.
2
Çin təkcə qədim tarixi ilə deyil, həm də müasir dünyada ən sürətlə inkişaf edən
bir ölkə kimi diqqəti cəlb edir. Son üç onillikdə bu inkişaf dünyanın bütün başqa
böyük ölkələrindən fərqli olaraq fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir.
Ümumi daxili məhsul (ÜDM) istehsalına görə, XX əsrin birinci yarısında geridə
qalmaqla işğallara məruz qalan, yoxsulluğu ilə seçilən yarımfeodal Çin indi dünya
iqtisadiyyatında, yeganə fövqəldövlət sayılan ABŞ-dan sonra ikinci yeri tutur.
Çin dünyanı paltar və ayaqqabı ilə təmin etməkdə nəhəng bir kainat fabrikinə
çevrilmişdir. Planetin sakinlərinin az qala üçdə birini məhz Çinin yüngül sənayesinin
istehsalı geyindirir. Dünya iqtisadiyyatının əslində yeni arxitekturasını yaradan bu
ölkə ilə, ABŞ istisna olmaqla, heç bir dövlət müqayisə oluna bilməz. Çinin istehsal
sahəsindəki artım sürəti də son illərdə hamını geridə qoymuşdur. 2014-cü ildə bu
artım 7,4 % olmuşdur, bu isə son 25 ildəki ən aşağı göstəricidir. Dünyanın iri
dövlətləri iqtisadi böhranla üzləşdikdə Çin Xalq Respublikasının iqtisadiyyatı Herakl
igidliyi nümayiş etdirilməklə bəşəriyyəti təəccübləndirməkdə davam edir. Son
onillikdə həmin dövlətlər böhranın Stsillası və Xaribdasının ağuşunda çabaladığı
halda, Çin belə monstrlara əslində məhəl qoymamaq cəsarəti və qabiliyyəti göstərir.
Çin son illərdə İpək Yolu ideyasını gerçəkləşdirmək üçün praktiki addımlar
atır. 2015-ci ilin martında həm də dünya maliyyə bazarında çox böyük hadisə baş
vermişdir. Çində keçirilən konfransda ÇXR-in başçılığı altında Asiya
infrastrukturalar investisiyaları bankının (AİİB) təsis edilməsi elan edilmişdir. Həmin
bank digər məsələlərlə yanaşı İpək Yolunun maliyyələşdirilməsinə də xidmət
edəcəkdir. Bundan əlavə Çində İpək Yolu fondu yaradılır. Yeni AİİB-in fəaliyyəti
qlobal xarakter daşıyacaqdır, əslində Beynəlxalq Valyuta Fondunun və Dünya
Bankının ağalığına son
qoymaqla, bu sahədə də ABŞ-ın inhisarını ləğv edəcəkdir.
Ərazi və təbii sərvətlər
Çin dünyanın ən iri ölkələrindən biri olmaqla 9,6 milyon kv.km ərazini tutur ki,
bu da Yer kürəsinin quru hissəsinin 6,5 %-ni təşkil edir. Öz ərazisinə görə Çin
dünyada üçüncü yeri tutur, onun sahəsi 40-dan artıq ölkənin yerləşdiyi Avropanınkına
təqribən bərabərdir. Onun ərazisinin qərbdən şərqə uzunluğu 5200 km-ə, şimaldan
cənuba isə təqribən 5500 km-ə bərabərdir. Ölkənin dəniz məkanı da çox genişdir,
onun şərqdəki və cənubi-şərqdəki sahillərini üç dənizin suları yuyur.
Çin Avrasiya materikinin - dünyanın ən böyük quru hissəsinin şərq hissəsində,
Sakit okeanın
qərb sahilində yerləşir, 14 dövlətlə həmsərhəddir.