Alimlərin ixtilafı
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”1
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.2
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”.1
İslamdan əvvəlki dinlərin alimləri Allahın onlara göndərmiş olduğu dini təhrif etdiklərinə və haqqı insanlardan gizlətdiklərinə görə dövrlərinin ən şərli insanları hesab olunurlar. İslamın qaranlığa doğan günəş kimi vüsətindən sonra isə bir cox başqa nəsnələrdə olduğu kimi elm adamlarına – alimlərə olan münasibət də köklü surətdə dəyişməyə başladı. Hazırda müsəlman ümmətində ən hörmətli və şərəfli insanlar alimlər hesab olunurlar. Məhz buna görə müsəlmanların çoxunu narahat edən və İslam elmində zəif olan insanlara qaranlıq qalan mühüm məsələlərdən biri də böyük alimlərin ixtilaf etmələridir. Onların hamısının Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yoluna tabe olmaq barədə ittifaq etmələrinə baxmayaraq, bəzi məsələlərdə ixtilaf etmişlər. Məhz bu mövzunu seçməkdə məqsədimiz qısa da olsa alimlərin arasındakı fikir ayrılıqlarının səbəblərini açıqlamaq və onlar arasında olan ixtilaflara baxmayaraq onlara olan münasibətin necəliyini bəyan etməkdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu barədə qabaqcadan bizə xəbər verərək buyurmuşdur: “Sizlərdən kim yaşayacaqsa, çoxlu ixtilaflar görəcəkdir”.2
Sevindirici haldır ki, Allahdan qorxan, düz yolda olan alimlərin ixtilaf etdiyi məsələlər dinimizin əsaslarında deyil, hər hansı bir şəriət hökmlərindədir. Bu isə Uca Allahın bizə verdiyi ən böyük nemətlərdəndir. Hər bir sələfi alim haqqa tabe olmaları barədə ittifaq etsələr də, bəzi səbəblər üzündən hökmlərdə ixtilaf etmişlər.
Bildiyimiz kimi, Uca Allah Muhamməd peyğəmbəri (Allahın ona salavat və salamı olsun) haqq din üzərində göndərmiş və Peyğəmbər də (Allahın ona salavat və salamı olsun) bu dini lazımı tərzdə, ondan heç bir şey əskiltmədən və ona heç nə əlavə etmədən bizə izah etmişdir. Allahı razı salan və Cənnətə aparan elə bir əməl yoxdur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu bizə bildirməsin. Uca Allahın buyurduğu hər bir şeyi gizlətmədən məhz bizə lazım olan tərzdə çatdırmağa çalışmışdır. Uca Allah buyurur: “Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan.”1 Başqa bir ayədə buyurur: “Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik.”2
Səhabələr Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə hər hansı bir şeyi bilmədikdə və ya hər hansı bir məsələ barədə hökm gəlməzdən öncə ixtilaf edirdilərsə, Uca Allah öz Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) ayələr göndərir və onu insanlara gözəl tərzdə başa salmağı əmr edirdi. Quranda belə ayələrə çox rast gəlmək olar. Uca Allah buyurur: “Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: "Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir!1
Uca Allah başqa ayədə buyurur: “Səndən qənimətlər haqqında soruşarlar. De: "Qənimətlər Allaha və Peyğəmbərinə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə Allaha və Onun Elçisinə itaət edin.2
Bu cür ayələrin sayı Quranda çoxluq təşkil edir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ölümündən sonra bəzi səbəblər üzündən ümməti, şəriətin əsaslarında deyil, bəzi şəriət hökmlərində ixtilaf etməyə başladılar. Alimlərin ixtilaf etmə səbəblərinin bəzilərini bu risaləmizdə bəyan edəcəyik. Bildiyimiz kimi, Allahdan qorxan elə bir elm əhli yoxdur ki, qəsdən Qurana və ya Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə müxalif olsun. Lakin o da məlumdur ki, Uca Allah insanı zəif yaratmışdır. Uca Allah buyurur: “...insan zəif yaradılmışdır.”1
İnsan, elminin az olması və dərk etmə qabiliyyətinin zəif olması səbəbindən naqis bir məxluqdur. Buna görə də hər bir insanda xətaların olması labüddür. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bütün Adəm övladları xəta edəndir...”
Elm sahilsiz dəniz olduğu üçün Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra elə bir insan yoxdur ki, bu dini kamil şəkildə bilsin. Elə bu səbəbdən də bu dini öyrənib, başqalarına öyrətmək istəyən insanlar arasında fikir ayrılıqları daima olmuş və bundan sonra da olacaqdır. Alimlərin bəzi şəriət hökmlərində ixtilaf etmə səbəblərinin bir neçəsini burada qeyd edirik.
1. Alimə dəlil yetişmədiyindən hökm verəndə xətaya yol verir. Bu hal alimlər arasında ən çox rast gəlinən səbəblərdən biridir. İslamın ilk dövrlərində bütün hədislər və təfsirlər hələ kitablarda cəm olunmamışdır. Ona görə də alimlərin bəzilərinin bu və ya digər səhih rəvayətlərdən xəbərsiz olmaları eyni şəriət məsələsində fərqli rəylərin ortaya çıxmasına səbəb olurdu. Hər hansı bir alimə ayənin düzgün təfsiri, səhih hədis çatmadığı halda o, ayənin zahirinə, digər hədisə və ya qiyas ilə hökm verirdi. Bu zaman həmin alimin verdiyi hökm bəzən haqqa müvafiq, bəzən isə müxalif ola bilər. Nəzərə almaq lazımdır ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədis danışdıqda, fətva verdikdə, hətta ona vəhy nazil olduqda yanında bütün səhabələr olmurdu. Ona görə də bəzi səhabələrə hədis çatmırdı və bu hal da haqlı olaraq səhabələr arasında fikir ayrılığına səbəb olurdu. Bu cür ixtilaf tək ümmətin ən xeyirli insanları olmuş səhabələr arasında deyil, onlardan sonra gələn alimlər arasında da olmuşdur. Möminlərin əmiri Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Şama səfər etdikdə, yolda ikən ona Şamda vəba xəstəliyinin yayıldığını xəbər verirlər. Ömər ibn əl-Xəttab mühacir və ənsarları yığaraq müşavirə edir. Onlar iki rəyə bölünürlər. Bəziləri Şama daxil olmağı, digərləri isə oraya daxil olmamağı məsləhət görürlər. Bu zaman Abdur-Rahman ibn Auf (Allah ondan razı olsun) gələrək “Məndə bu barədə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) elm var”– deyir. Sonra sözünə davam edərək: “Eşitdim ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Eşitsəniz ki, bir yerdə vəba var o yerə girməyin, ordasınızsa oranı tərk etməyin”. Abdur-Rahman ibn Auf xəbər verənə qədər bu hökm böyük səhabələrə belə gizli qalmışdır.1
Başqa bir misal. Əli ibn Əbu Talib və Abdullah ibn Abbas (Allah onlardan razı olsun): ”Hamilə qadın dörd ay on gündən qabaq uşaq dünyaya gətirsə belə bu ayəyə əsasən “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər”2 həmin qadın dörd ay on gün ərə getməyib gözləməlidir”– deyirdilər. Lakin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə Səbiətə əl-Əsləmiyyə (Allah ondan razı olsun) həyat yoldaşının ölümündən bir neçə gün sonra uşağını dünyaya gətirir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona ərə getməyi icazə verir.3 Uca Allah bu barədə buyurur: “Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir”.4
Şəkk yoxdur ki, bu elm Əli və Abdullah ibn Abbasa (Allah onlardan razı olsun) çatsaydı, onlar bu rəydə olmazdılar.
2. Hədis o alimə gəlib çatsa belə, bəzi səbəblər üzündən hədisin səhihliyini etiqad etmir. Bunun da bir çox səbəbləri vardır. Səhih hədisi qəbul etməyən alim hədisin sənədində olan ravilərdən hansınısa tanımadığı və ya sənəddə olan ravilərdən hansınınsa hafizəsinin zəif olduğunu etiqad etdiyindən, həmçinin həmin alimə həqiqətən də eyni hədisin zəif qolu gəlib çatdığından, yaxud da həmin hədisə zahirdə müxalif olan digər bir hədisin səhihliyini etiqad etdiyi üçün hədisi qəbul etmir. Bütün bu səbəblərdən əlavə alimin hədisi qəbul etməməsi üçün bir çox başqa üzürlü səbəblər də ola bilər.
3. Hədis alimə gəlib çatıb, lakin həmin hədisi unudub. Uca Allah insanı unutqan yaratmışdır. Hətta Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) özü də bir gün səhabələrlə namaz qılarkən unudaraq bir ayəni demir. Ubeyy ibn Kəəb də (Allah ondan razı olsun) onlarla birlikdə olur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) namazı bitirdikdən sonra Ubeyy ibn Kəəbə deyir: “Gərək yadıma salaydın”– deyir.1 Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir gün Ömər və Ammarı (Allah onlardan razı olsun) iş dalınca göndərir. Yolda ikən onların hər ikisi cünub olurlar. Ammar (Allah ondan razı olsun) ictihad edərək təharətin su ilə necə alındığını düşünüb torpağa uzanaraq yerdə fırlanmağa başlayır. Sonra isə namazını qılır. Ömər isə (Allah ondan razı olsun) namazını qılmır. Onlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək bunu ona xəbər verirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara: “Sizə bu cür etmək kifayət edərdi” – deyərək təyəmmümün necə edildiyini onlara göstərir. Ammar (Allah ondan razı olsun) bu hədisi Ömər (Allah ondan razı olsun) xəlifə olduğu dövrdə danışırdı. Bir gün Ömər (Allah ondan razı olsun) onu çağıraraq belə bir şeyin baş vermədiyini deyir. Ammar (Allah ondan razı olsun) onun yadına salır.2
Qeyd: İnsanın unutqanlıqdan dediyi söz üzrlü sayılır.
4. Dəlilin alimə gəlib çatmasına baxmayaraq onun əksini başa düşür. Buna misal olaraq Uca Allah buyurur: “Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”.1
Bəzi alimlər “qadınlara toxunmusunuzsa” ayəsini adi toxunmaq, bəziləri şəhvət ilə toxunmaq, bəziləri isə yaxınlıq etmək kimi başa düşmüşlər. Düzgün rəy də məhz sonuncudur. Bundan başqa Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir gün səhabələrinə deyir: “Sizlərdən biriniz əsr namazını Bəni Qureyzəyə çatana qədər qılmasın. Səhabələr bu hədisi iki cür başa düşürlər. Onlardan bəziləri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu kəlməsindən tez çıxıb əsr namazına qədər Bəni Qureyzəyə yetişməyi başa düşürlər. Digərləri isə əsr namazını Bəni Qureyzədən ayrı yerdə qılmamağı başa düşürlər. Bu səbəbdən bəziləri yolda əsr namazının vaxtı gəldikdə namazı qılır, bəziləri isə Bəni Qureyzəyə çatana qədər əsr namazını qılmırlar. Şəkk yoxdur ki, namazı vaxtında qılanlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözünü daha düzgün başa düşmüşdülər.
5. Hədis alimə gəlib çatmış, lakin alim həmən hədisin mənsux2 olduğundan xəbərdar deyildir. Elə hədislər vardır ki, səhih olduğu halda mənsuxdur. Alim isə həmin hədisin mənsux olduğunu bilmir. Bu cür hallarda əlində olan səhih hədisə əsasən hökm çıxaran alim üzrlü sayılır. Çünki əvvəlki hədisi nəsx edən ikinci hədis ona məlum deyildir.
Buna misal İslamın əvvəllərində müsəlmanlar rükuya getdikləri zaman əllərini dizlərinə deyil, dizlərinin arasına qoyardılar. Sonra bu hökm nəsx olundu. İbn Məsud da (Allah ondan razı olsun) bunun hökmünün nəxs olunduğunu bilməzdən əvvəl əllərini dizlərinin arasına qoyardı. Bir gün tabiinlərdən olan Alqama və Əsvəd Abdullah ibn Məsudun (Allah ondan razı olsun) yanında namaz qılarkən əllərini dizlərinə qoyarkən Abdullah ibn Məsud (Allah ondan razı olsun) onlara bunu qadağan etmişdir. Çünki Abdullah ibn Məsud bu əməlin nəsx olunduğundan xəbərsiz idi.1
Uca Allah buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”2
6. Alimin zəif hədisə əsaslanaraq və ya zəif rəyə etimad edərək hökm verməsi. Bu səbəbə alimlər arasında daha çox rast gəlinir. Buna misal olaraq bəzi alimlərin zəif hədislərə əsaslanaraq təsbih namazını caiz görmələrini deyə bilərik. Əksər alimlərin rəyinə əsasən təsbih namazı haqqında olan hədis zəifdir. İmam Əhməd demişdir: “Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə bir şey varid olmamışdır”.
Qeyd: Biz bu kiçik risaləmizdə alimlərin xəta etmələrinin səbəbləri barədə qısa olaraq bir neçə misal çəkdik. Bu barədə geniş məlumat istəyənlər Şeyxul İslam İbn Teymiyyənin “Raful-mələm alə əimmətil əaləm” kitabına müraciət edə bilərlər.
Alimlərin ixtilaf etmələrinə münasibət.
Alimlərin ixtilaf etmə səbəblərinin bəzilərini bildikdən sonra onlara qarşı ümmətin mövqeyi necə olmalıdır? İnsanlar bu xüsusda üç qismə bölünürlər.
1. Allahın elm və fəhm verdiyi şəxslər. Bu cür insanlara haqqı axtarmaq vacibdir. Onlar haqqı axtarmayıb kor-koranə hər hansı bir alimin arxasınca gedirlərsə, günah qazanırlar. Çünki bu cür insanlar haqqı axtarmaq qüdrətindədirlər.
2. Alim dərəcəsinə çatmayan elm tələbələri. Bu cür insanlar bacardıqları qədər haqqı axtarmağa can atmalıdırlar.
3. Savadsız insanlar. Bu cür insanlar haqqı axtarmaq qüdrətində olmadıqları üçün güvəndikləri elm əhlindən soruşmalıdırlar. Uca Allah buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”1
Alim xəta etdikdə ona qarşı olan mövqe.
Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) başqa heç bir insan məsum deyildir. Hər bir alimin hətta elmsiz insana belə bəsit görünən məsələdə xəta etməsi mümkündür. Lakin alimin etdiyi kiçik xətalar ona eyib tutulmamalı, ona qarşı tutulan mövqe dəyişməməli və o alim təhqir edilməməlidir. Xəta edən alimin elmindən istifadə edib xətasından isə çəkinmək sələfilərin tutduğu mövqedir. Alim xəta etdikdə gözəl tərzdə xətasını ona başa salmaq lazımdır.
Alimlərə hörmət etmək.
Elm tələbəsinin bilib əməl etməsi vacib olan ədəblərdən biri də elmin bərəkətli olmasına səbəb olan alimlərə hörmət etməkdir. Elmə yiyələnmək istəyən hər kəs alimlərdən dərs almalı, onların hörmətini yüksək tutmalıdır. Alimlərsiz bu elmə lazımi tərzdə yiyələnmək mümkün deyildir. Şeyxlərdən dərs almaqla elmin açarlarına yiyələnib, qaydaları və şəriətin əsaslarını öyrənirsən. Bunlar isə İslamı doğru-düzgün öyrənmək üçün ən mühüm şərtlərdir. Çünki yol və ya bələdçi olmasa, gedəcəyin ünvana salamat yetişəcəyinə əmin ola bilməzsən. Odur ki, getmək istədiyin yer sənin üçün mühümdürsə, ora aparan yolu diqqətlə öyrənməlisən. Sələfilər deyərdilər: “Kim elmə tək girərsə, tək də çıxar”. Yəni elmsiz də çıxar. Məhz buna görə alimlərə hörmət etmək elm tələbələrinin borcudur. Uca Allah buyurur: “Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar”.1 Başqa bir ayədə buyurur: “Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır”.2 Allahın ayinlərindən biri də fəzilət verib ucaltdığı alimlərdir. Alimlərin dindəki yeri və hörməti barədə Quran və sünnə dəlillərlə boldur.
Uca Allah möminlərə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanında səslərini qaldırmalarını qadağan etməklə tərbiyələndirir. “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizi çağırdığınız kimi onu da uca səslə çağırmayın”.1
Şeyx Ənis Əhməd (Allah ona rəhmət eləsin) bu ayəni şərh edərək deyir: “Şəkk yoxdur ki, Uca Allahın buyurduğu bu ədəb alimlərə və elm məclislərinə də aiddir, çünki alimlər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) mirasından pay almış kimsələrdir”.
Həmçinin onların məclislərində Allahın ayələri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisləri zikr olunur.
Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Uca Allah buyurur: “Kim mənim vəlilərimə əziyyət verərsə, Mən də ona müharibə elan edərəm”.2 Xətib əl-Bağdadi (Allah ona rəhmət eləsin) və Əbu Hənifə (Allah ona rəhmət eləsin) demişlər: “Alimlər Allahın vəliləri deyilsə, onda Allahın vəlisi yoxdur”. Ubeydullah ibn Əbu Cəfar (Allah ona rəhmət eləsin) demişdir: “Alimlər diyarların nurlarıdır. İnsanlar onların saçdığı nur ilə hidayətə çatırlar”
Sələfilər alimlərə hörmət, elm məclisinə ehtiram, elm öyrənmə ədəblərinə mühüm yer verir və yüksək səviyyədə buna riayət edirdilər. Salman əl-Farisi (Allah ondan razı olsun) demişdir: “Müəllimin məsəli kişinin qaranlıq yoldan insanların keçməsi üçün düzəltdiyi nura bənzəyir.”
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: “Alimin sənin üzərində olan haqqı bütün insanlara salam verdikdə, onunla əl verərək xüsusi görüşmək, qabağında oturduqda barmaqları şaqqıldatmamaq, yuxulamamaq, “fılankəs sənin rəyinə müxalif söz deyir”– deməmək, onun yanında kiminsə qeybətini etməməkdir”.
Şabi (Allah ona rəhmət eləsin) deyir: “Zeyd ibn Sabit (Allah ondan razı olsun) miniyinə minmək üçün getdi və ayağını miniyə qoydu, Abdullah ibn Abbas (Allah ondan razı olsun) onun rahat minməsi üçün miniyindən tutdu. O, Abdullah ibn Abbasdan buraxmasını tələb etdikdə Abdullah ibn Abbas (Allah ondan razı olsun): “Yox, biz alimlər və böyüklərimizlə bu cürə edirik”– dedi”.
İbn Sirin (Allah ona rəhmət eləsin) demişdir: “Həqiqətən bu elm dindir, dininizi kimdən götürdüyünüzə diqqət edin”. O, həmçinin demişdir: “Sələfilər elm öyrəndikləri kimi ədəbi öyrənirdilər”. Abdullah ibn Mubarək (Allah ona rəhmət eləsin) demişdir: “Bizim bəzi ədəblərə ehtiyacımız bir çox hədislərdən daha öncədir”. Zəkəriyyə əl-Ənbəri (Allah ona rəhmət eləsin) demişdir: “Ədəbsiz elm yanmayan oduna bənzəyir, elmsiz ədəb isə cəsədsiz ruha”.
Malik ibn Ənəsin (Allah ona rəhmət eləsin) anası həmişə ona deyərdi: “Rabinin yanına get və ondan elmdən öncə ədəbi öyrən”. Rabi ibn Süleyman (Allah ona rəhmət eləsin) demişdir: “Şafi mənim üzümə baxa-baxa mən su belə içməzdim”.
Onlarla oturmaq şərəfdir. Sualları elm, məclisləri can rahatlığı, onlarla bir yerdə olmaq isə ədəbi öyrədir. Meymun ibn Mehran (Allah ona rəhmət eləsin) demişdir: “Qəlbimin islahını alimlərlə oturmaqda tapardım”.
Alimlərin qeybətini etmək
Bugünkü günümüzdə müsəlmanların yol verdikləri ən böyük xətalardan biri də elm əhlini etdikləri səhvlərə görə qınamaq və səhvlərini insanlara yayaraq onları pisləməkdir. Elm əhli də bizim kimi bir insandır. Onlar da xəta edə bilərlər və edirlər. Uca Allah bu dünyada heç kimi kamil yaratmamışdır. Elm əhli dünyavi məsələlərdə xəta etdikdə düşünmək lazımdır ki, o da bizim kimi bəşərdir. Onlara etdiyi bu xətadan dönməyi tövsiyə etmək lazımdır. Yox əgər etdiyi xəta dini məsələdədirsə, o zaman yuxarıdakı qeyd etdiyimiz üzrləri onların üzərində tətbiq etmək lazımdır.
Uca Allah elm əhlini ucaltdığı üçün onların səhvlərini yaymaq, onları pisləmək adi insanları pisləmək kimi deyildir. İnsan elm əhli haqqında danışdıqda, onlar barədə pis fikirlər yaymağın ziyanını həm bu dünyada, həm də axirətdə görəcəkdir. Alimlərin İslam üçün etdikləri göz qabağındadır. Onların Quran və sünnənin bizə gəlib çatmasında, onu başa düşmək üçün etdikləri şərhlər, qoyduqları qaydalar, verdikləri fətvalar və s. hamımıza məlumdur. Amma bu nemətləri bir gün itirməyimizdən qorxmalıyıq. Çünki nemət şükür etdikdə artır, nankorluq etdikdə isə azalır. Bu nemətin aradan qaldırılmasına aparan ən böyük amillərdən biri də alimlərə dil uzatmaqdır. İbn Asəkir (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Alimlərin əti zəhərlidir”. Əhməd ibn Hənbəl (Allah ona rəhmət eləsin) demişdir: “Alimlərin əti zəhərlidir. Kim iyləyərsə, xəstələnər, kim onu yeyərsə, məhv olar”. Əhməd ibn Hənbəl (Allah ona rəhmət eləsin) bu sözündə iyləmək dedikdə alimlərin qeybətinə qulaq asmaq, yemək dedikdə isə onların qeybətini etməyi nəzərdə tutmuşdur. İbn Asəkir (Allah ona rəhmət eləsin) həmçinin demişdir: “Kim alimləri söyərsə, ölümündən qabaq Allah onu qəlbinin ölməsi ilə imtahana çəkər”.
Abdullah ibn Mübarək (Allah ona rəhmət eləsin) demişdir: “Alimləri lağa qoyanın Axirəti məhv olar”.
Alimləri gözdən salmağa çalışan bidət əhli həmişə onların eyiblərini axtarmaqla məşğul olublar. Abdulah ibn Abbas (Allah ona rəhmət eləsin) xavariclərə haqqı başa salmaq üçün getdiyi zaman bəziləri Abdullah ibn Abbasa (Allah ona rəhmət eləsin): “Əmin oğlunu müdafiə etmək üçün gəlmisən?”– deyərək getdilər.
Alimləri pisləməkdə bidət əhlinin öz məqsədləri vardır. Onların məqsədi alimlərə ləkə yaxmaqla insanların gözündən salmaq və öz istədiklərini insanlara yeritməkdir. Alimlər gözdən düşdükdən sonra insanlar onlardan söz götürmədikləri təqdirdə bidəət əhli istədiklərini onlara təlqin edəcəklər. Alimlər barədə pis bir söz eşitdikdə, ilk olaraq o xəbəri dəqiqləşdirmək lazımdır. Çünki alimlər barədə gəzən xoşagəlməz sözlərin əksəriyyətini dəqiqləşdirdikdə yalan olduğunun şahidi olursan. Doğru olduqda belə alimdən üz döndərmək lazım deyil. Çünki alim də bizim kimi bəşərdir, bizim kimi o da xəta edir.
İslamın əvvəlki illərinə fikir verdikdə elmin bərəkətinin yüksək olmasına rast gəlirsən. Bunun da səbəbi əvvəlki dövrlərdə müsəlmanlar alimlərə hörmət edər, onları sevər, dediklərini qəbul edər və onlara dil uzatmazdılar. Alimi sevmək sünnədəndir. Quteybə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Hər bir kimsə hədis əhlini sevirsə, bil ki o, sünnə əhli, sevmirsə, bil ki o, bidət əhlidir.
Əbu Hətim (Allah ona rəhmət eləsin) oğluna deyir: “Əhməd ibn Hənbəli sevən kəs bil ki, sünnə əhlidir”.
Mərvəzi (Allah ona rəhmət eləsin) dedi: “Tursusdan bir nəfər gələrək xəbər verdi: “Rumda müharibədə olanda mücahidlər gecə vaxtı əllərini qaldırıb deyərdilər: “Abu Abdullah (Əhməd ibn Hənbəl) üçün dua edin”.
Həşur ibn İsmail (Allah ona rəhmət eləsin) Bağdadda ikən Muhəmməd ibn İsmailin gəlişini eşidərək deyir: “Bu gün Bağdada alimlərin seyyidi daxil oldu”.
Əyyuba (Allah ona rəhmət eləsin) əhli sünnədən olan bir nəfərin ölüm xəbərinı verdikdə o dedi: “Əhli sünnədən bir nəfəri itirdikdə bədənimdən bir üzvü itirmiş kimi mənə ağır gəlir”. Bir qədər susduqdan sonra dedi: “Əhli sünnənin ölümünü arzulayanlar Allahın nurunu söndürmək istəyənlərdir.
Yəhyə ibn Cəfər (Allah ona rəhmət eləsin) demişdir: Mən ömrümdən kəsib Buxariyə verə bilsəydim, bunu edərdim. Mənim ölümüm adi insanın ölümü, onun ölümü isə elmin getməsidir.
Əbu Hənifə (Allah ona rəhmət eləsin) şeyxi Həmməd üçün demişdir: “O, mənə elm öyrətdikdən sonra elə bir namaz qılmadım ki, ona və valideynlərimə dua etməyim”.
Bir nəfər imam Əhmədə (Allah ona rəhmət eləsin) deyir: “Məsciddə bir uşaq var adı Əbu Zuradır. İmam Əhməd qəzəblənərək deyir: ona uşaq deyirsən?! Sonra əllərini göyə açaraq onun üçün dua etməyə başlayır: “Allahım! Ona paxıllıq edənlərin üzərində ona qələbə çalmağa kömək ol! Allahım! Onu bağışla! Allahım! Bəlaları ondan uzaq et!
Sələfilər qardaşlarında xəta gördükdə onu düzəltməyə çalışar və onların səhvlərini yaymazdılar. Hətta onların bir-birinə qarşı olan mövqeyi dəyişməzdi. İbn Əbu əd-Dunya rəvayət edir ki, Səd (Allah ondan razı olsun) və Xalidin (Allah ondan razı olsun) arasında ixtilaf düşmüşdü. Bir nəfər Sədin (Allah ondan razı olsun) yanına gəlib Xalidi (Allah ondan razı olsun) məzəmmət etdi. Bunu eşidən Səd (Allah ondan razı olsun) ona susmağı əmr etdi və dedi: “Bizim aramızda düşən ixtilafın dinimizə heç bir adiyəti yoxdur”. Yusuf əs-Sədəfi (Allah ona rəhmət eləsin) rəvayət edir ki, bir məsələdə mənimlə imam Şafi (Allah ona rəhmət eləsin) arasında fikir ayrılığı var idi. Bir gün biz rastlaşdıq və o, mənim əlimdən tutub dedi: “Ey Yunus! Məgər bizim aramızda olan fikir ayrılığı qardaş olmağımıza mane ola bilərmi?” Doğrudan da mən ondan ağıllısını görmədim.”
Alimlərə dil uzadan bilməlidir ki, özündən başqa heç kəsə ziyan vurmur.
QEYD: Onu da qeyd edək ki, əlinizdəki kitab insan əməyinin bəhrəsidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa ramil.soltanov@gmail.com elektron ünvanına yazmanızı xahiş edirik.
Dostları ilə paylaş: |