AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
Əlyazması hüququnda
ATAƏMİ BALA BABA oğlu MİRZƏYEV
AZƏRBAYCAN BƏDİİ TƏRCÜMƏ
TARİXİNDƏ FÜZULİ MƏRHƏLƏSİ
10.01.01. – Azərbaycan ədəbiyyatı
Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq
üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2012
2
Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami
adına Ədəbiyyat İnstitutunun «Orta əsrlər Azərbaycan ədəbiyyatı»
şöbəsində yerinə yetirilmişdir.
Rəsmi opponentlər:
Rafael Baba oğlu Hüseynov
AMEA-nın müxbir üzvü,
filologiya üzrə elmlər doktoru, professor
Aydın Müstəcəb oğlu Abıyev
filologiya üzrə elmlər doktoru, professor
Tərlan Aslan oğlu Quliyev
filologiya üzrə elmlər doktoru
Aparıcı təşkilat:
Bakı Dövlət Universiteti
«Klassik Azərbaycan ədəbiyyatı» kafedrası
Müdafiə « » 2012-ci il saat də
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.131 – Dissertasiya Şurasının
iclasında keçiriləcəkdir.
Ünvan: Az 1143, Bakı şəhəri, H.Cavid prospekti 31, Akademiya
şəhərciyi, Əsas bina, V mərtəbə
Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasında tanış olmaq mümkündür.
Avtoreferat « » 2012-ci ildə göndərilmişdir.
Dissertasiya Şurasının
elmi katibi,
filologiya üzrə elmlər doktoru: İmamverdi Yavər oğlu
Həmidov
3
TƏDQİQAT İŞİNİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Türk ədəbiyyatının «qızıl dövrü» (Krımski)
hesab olunan XVI yüzillik təkcə orijinal əsərləri ilə deyil, tərcümələri
ilə də zəngindir. Həmin yüzilliyin çeşidli tərcümə örnəkləri içərisində
Məhəmməd Füzulinin tərcümələrinin xüsusi yeri vardır. Füzuli çox-
sahəli və zəngin yaradıcılığı ilə Azərbaycan-türk ədəbiyyatında lirik və
epik növdə olduğu kimi, bədii tərcümə sahəsində də yeni bir məktəbin
əsasını qoymuş, bədii tərcümənin inkişafında xüsusi rol oynamışdır.
Füzulinin mühiti, həyatı, lirikası, qəsidələri, bədii nəsri, sənətkarlığı,
poetikası, «Leyli və Məcnun» poeması, fəlsəfi görüşləri və s. haqqında bir
sıra qiymətli elmi-tədqiqat əsərləri, monoqrafiya, məqalə və oçerklər
yazıldığı halda, onun tərcüməçilik fəaliyyəti toplu halında ayrıca tədqiqat
obyekti olmamış, onun bu sahədəki xidmətləri özünün lazımi elmi
dəyərini almamışdır. Doğrudur, onun hər iki tərcümə əsəri («Tərcümeyi-
Hədisi-ərbəin» və «Hədiqətüs-süəda») haqqında müxtəlif vaxtlarda xüsusi
olaraq və ya dolayısı ilə ayrı-arı araşdırmalar aparılmış, qiymətli fikirlər
söylənilmişdir; bu fikirlər içərisində həm üst-üstə düşən, həm də bir-birinə
zidd olan, biri digərini inkar edən mülahizələr də vardır. Ancaq təəssüflər
olsun ki, Füzulinin tərcümə əsərləri ilə bağlı olan bütün məsələlər küll
halında sistemli araşdırmaya cəlb edilməmiş, ədibin yaradıcılığının bu
sahəsi layiqli elmi dəyərini ala bilməmişdir. Tərcümənin xüsusi bir sənət
(özü də «yüksək sənət» (K.Çukovski)) olmasını və onun mütərcimdən
böyük məharət və sənətkarlıq tələb etdiyini nəzərə alsaq, onda məlum olar
ki, Füzulinin tərcümə əsərlərinin kompleks şəkildə öyrənilməməsi onun
yaradıcılığının, eləcə də bədii tərcümə tariximizin böyük bir hissəsinin
kənarda qalmasına səbəb olmuşdur. Halbuki istər bədii tərcümə tariximizi,
istərsə də Füzuli ədəbi irsini tam öyrənmək üçün bu əsərlərin rolu əvəzsiz
olmaqla bərabər, onların sistemli və müqayisəli şəkildə elmi baxımdan
araşdırılmasına böyük ehtiyac vardır. Füzuli həm də ədəbiyyat tariximizdə
bədii tərcümə sahəsində ədəbi məktəb yaratmış sənətkar olduğundan onun
bu yöndəki fəaliyyəti xüsusi araşdırılmalıdır.
Füzulinin bədii tərcümə sahəsindəki fəaliyyətinin hərtərəfli öyrənil-
məsi başqa bir cəhətdən isə dövlət müstəqilliyimizin əldə edilməsindən
sonra ədəbi-mədəni dəyərlərə yeni təfəkkür işığında yanaşmaq zərurə-
tindən irəli gəlir. Belə ki, Füzulinin tədqiqata cəlb edilən hər iki tərcümə
əsəri dini mövzuda olduğundan sabiq sovet dönəmində onların nəinki
geniş şəkildə tədqiqi, hətta çapı («Hədiqətüs-süəda» əsəri nəzərdə tutulur)
belə yasaq idi. Ancaq Respublikamız müstəqillik qazanandan sonra bu,