«Qanun».-2011.-№2(202).-S.26-34.
DÖVLƏTİN MAHİYYƏTİ VƏ İNKİŞAF QANUNAUYĞUNLUQLARI
Quliyev Aqşin İsabala oğlu,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Dövlət, onun anlayışı, mahiyyəti, cəmiyyətdə rolu və inkişaf qanunauyğunluqları haqqında məsələlər müasir
dövlətşünaslıqda kəskin diskussiyalara səbəb olan problemlərdir. Bunun da müəyyən səbəbləri vardır. Əvvələn,
yuxarıda adları çəkilən məsələlər cəmiyyətin müxtəlif təbəqələrinin, siniflərinin, siyasi partiyaların və ictimai
birliklərin maraqlarına birbaşa və bilavasitə toxunan problemlərdir. İkincisi, çoxşaxəli vəzifələrin və funksiyaların
yerinə yetirilməsində heç bir başqa təşkilat dövlətlə rəqabət apara, cəmiyyətin taleyinə təsir göstərə bilməz.
Üçüncüsü, dövlət son dərəcə mürəkkəb və daxili ziddiyyətli sosial hadisədir.
Cəmiyyətdə meydana gələn və onun ziddiyyətləri içərisində təşəkkül tapan dövlətin özünün ziddiyyətli olması
labüddür. Dövlətin fəaliyyəti və sosial rolu da ziddiyyətlərsiz ötüşə bilmir. Cəmiyyətin təşkilati forması olan, onun
bütövlüyünün və idarə olunmasının təmin edilməsinə xidmət edən dövlət, cəmiyyətin tələbatları ilə şərtləşən
funksiyaları yerinə yetirir və deməli, onun maraqlarına xidmət edir. K. Marksın fikrincə, dövlət sinifli cəmiyyəti
inteqrasiya edir, vətəndaş cəmiyyəti forması olur, bütövlükdə həmin cəmiyyəti rəsmi olaraq ifadə və təmsil edir.
Bundan başqa, bütün cəmiyyət işlərini idarə edən bu təşkilat cəmiyyətin təbiətindən doğan bütün ümumi işləri
yerinə yetirir (8, s. 422).
Dövlət bütün ölkə əhalisinin siyasi təşkilatı, onun ümumi malı və işidir. Sosial tərəqqi, sivilizasiyalı
cəmiyyətin varlığı və inkişafı dövlətsiz qeyri-mümkündür. Lakin sinfi-antaqonist cəmiyyətdə ümum-sosial
funksiyaları yerinə yetirən dövlət öz fəaliyyətini daha çox iqtisadi cəhətdən qüdrətli olan sinfin mənafelərinə tabe
edir, onun sinfi diktaturasının silahına çevrilir və aşkar surətdə ifadə olunan sinfi xarakter əldə edir. Dövlətin
ziddiyyətli təbiəti və sosial rolu da məhz bunda təzahür edir.
Dövlətin mənşəyinə, dövlət hakimiyyətinin təbiətinə, onun məqsəd və vəzifələrinə, eləcə də dövlətlərin inkişaf
yollarına dair müxtəlif çoxsaylı nəzəriyyələr mövcuddur. Belə nəzəriyyələrin çoxluğu nəinki dövlətin mürəkkəb
və son dərəcə ziddiyyətli sosial hadisə olması, keçmişdə və indi onun formalarının müxtəlifliyi, həm də dövlətin
siyasi hakimiyyəti həyata keçirməsi, fəaliyyətinin cəmiyyətin müxtəlif təbəqə və qruplarının maraqlarına birbaşa
toxunması ilə izah olunur. Bu eyni zamanda da dövlətin mənşəyinə və mahiyyətinə, onun inkişaf
qanunauyğunluqlarına yanaşmaların və mövqelərin müxtəlifliyi ilə bağlıdır.
Dövlət haqqında mövcud olan nəzəriyyələr hüquq ədəbiyyatında şərti olaraq aşağıdakı qruplara bölünür:
1)
dövlətin mahiyyətinə dair nəzəriyyələr;
2)
dövlətin məqsəd və vəzifələrinə dair nəzəriyyələr;
3)
dövlətin fəaliyyətinin vasitə və metodlarına dair nəzəriyyələr;
4)
dövlətin inkişaf yolları və perspektivlərinə dair nəzəriyyələr (11, s. 273).
Elit, texnokratiya və plüralist demokratiya nəzəriyyələrinə dövlətin mahiyyətinə dair nəzəriyyələr aid edilir.
Həmin nəzəriyyələr XX yüzillikdə meydana gəlmişdir. "Ümumrifah dövləti" nəzəriyyəsi və "hüquqi dövlət"
nəzəriyyəsi dövlətin məqsəd və vəzifələrinə dair nəzəriyyələr qrupuna daxildir. "Texnokratik dövlət" nəzəriyyəsi
və XX yüzilliyin 50-60-cı illərində təşəkkül tapmış konvengersiya nəzəıiyyəsi dövlətin fəaliyyətinin vasitə və
metodlarından bəhs edən nəzəriyyələrdir. Qeyd edilən nəzəriyyələr içərisində xüsusi yer tutan dövlətin
tarixi-materialist konsepsiyası dövlətin inkişaf yolları və perspektivlərinə dair nəzəriyyələr qrupuna aid edilir (11,
s. 274-276).
Dövlətin tarixi cəmiyyətin tarixindən ayrılmazdır. Dövlət cəmiyyətlə birlikdə inkişafa doğru uzun tarixi yol
keçmiş, bu yolda yeni cəhətlər və xassələr əldə etmişdir. Dövlət öz varlığının ilk pilləsində əsasən məcburiyyət
aparatını xatırlatmışdır. Tədricən inkişaf edən dövlət sivilizasiyanın və demokratiyanın müəyyən səviyyəsinə
qalxmış, cəmiyyətin ümumi işlərini idarə edən siyasi təşkilat kimi formalaşmışdır. S. S. Alekseyev yazır: "Dövlət
iqtisadi və mənəvi amillər əsasında ölkədə mütəşəkkilliyi təmin edir və insanlara başlıca olan sivilizasiyanı - xalq
hakimiyyətini, iqtisadi azadlığı və muxtar şəxsiyyət azadlığını verir" (1, s. 12, 13). Belə dövlətdə onun bütün
institutları və strukturu inkişaf edir, onların sosial potensialı üzə çıxır. Digər tərəfdən, dövlət zaman keçdikcə
cəmiyyətin inkişafına müvafiq surətdə dəyişir və təkmilləşir. Dövlətlərin inkişafı müxtəlif dövrlərin şəraitinə
uyğun şəkildə baş verir. Ona görə də dövlət dünya tarixinin və sivilizasiyanın ən əhəmiyyətli nailiyyətlərindən
biridir.
Dövlətin anlayışını, mahiyyətini, çoxcəhətli xassələrini və xarakterik xüsusiyyətlərini aşkar etmək son dərəcə
çətindir. Bunu yalnız dövlətin bütün əlamətlərini, onun konkret tarixi şəraitdə inkişafını, iqtisadiyyatla,
cəmiyyətin sosial-siyasi və mənəvi həyatı ilə əlaqəsini dərindən öyrənməklə həll etmək olar.
Antik dövrdən başlayaraq müasir dövrədək bütün mütəfəkkirlər "dövlət nədir?" sualına cavab verməyə səy
götərmişdir. Qədim Romanın siyasi xadimi, məşhur məhkəmə natiqi Mark Tulli Siseron deyirdi ki, dövlət xalqın
malı, ümumi hüquq qaydasıdır. Hüququn normativist nəzəriyyəsinin banisi H. Kelzen, rus iqtisadçısı və filosofu
P. Struve də Siseronun yuxarıdakı fikrinə tərəfdar çıxmışdır. Görkəmli rus hüquqşünası N. M. Korkunov isə bir
qədər başqa mövqe tutaraq təsdiq edirdi ki, "dövlət azad insanların ictimai ittifaqıdır. O, ancaq dövlət orqanlarına
müstəsna hüquqlar verilməsi vasitəsilə məcburi müəyyən edilmiş dinc qaydadır" (5, s. 27). Başqa sözlə,
tədqiqatçı alimlərin əksəriyyəti dövləti hüquq qaydasını (qaydanı) təşkil edən təşkilat kimi xarakterizə etmiş, ona
cəmiyyətin siyasi təşkilatı kimi baxmışlar. Alimlərin bir çoxu dövlətin başlıca mahiyyətini və təyinatını
cəmiyyətdə hüquq qaydasını təmin etməkdə görürdü. Lakin bu, dövlət fenomeninin ancaq bir əlamətidir, belə
dövlət başqa əlamətlərə də malikdir.
Burjua münasibətlərinin formalaşdığı erkən dövrlərdə dövlətin tərifi əhali, əhalinin tutduğu ərazi və
hakimiyyət kimi əlamətlərlə səciyyələndirilirdi. Görkəmli dövlətşünas L. Dügi dövlətin aşağıdakı dörd elementini
fərqləndirirdi:
1)insan fərdlərinin məcmusu;
2)insan fərdlərinin tutduğu müəyyən ərazi;
3)suveren hakimiyyət;
4)hökumət (3, s. 100-101).
G.F. Şerşeneviç yazırdı: "Dövlət dedikdə, məlum sərhədlərdə məskunlaşan və bir hakimiyyətə tabe olan
insanların ittifaqı başa düşülür" (13, s. 18). Dövlətin bəzi cəhətlərini (əlamətlərini) düzgün əks etdirən bu tərif
müxtəlif bəsitləşdirmələrin meydana çıxmasına səbəb olmuşdur. Həmin tərifə istinad edən müəlliflərin bir qismi
dövləti ölkə ilə, digər qismi cəmiyyətlə, üçüncü qismi isə hakimiyyəti həyata keçirən şəxslər dairəsi (hökumətlə)
ilə eyniləşdirmişlər. V.İ. Lenin bu tərifi ona görə tənqid edirdi ki, onun bir çox tərəfdarları dövləti bir sıra
fərqləndirici əlamətlər əsasında məcburedici hakimiyyət adlandırmışlar. O yazırdı: "Məcburedici hakimiyyət hər
bir insan birliyində, qəbilə quruluşunda və ailədə də olmuşdur, lakin bu birliklərdə dövlət yoxdur" (6, s. 439).
Yuxarıda göstərilən təriflə psixoloji hüquq nəzəriyyəsinin tərəfdarları da razılaşmırdılar. F.F. Kokoşkin təsdiq
edirdi ki, "dövlət müəyyən növ insanların məcmusu deyil, onların arasındakı münasibət, birgəyaşayış forması,
məlum psixi əlaqədir" (4, s. 3-4). Lakin "birgəyaşayış forması", cəmiyyətin təşkili forması da bütövlükdə dövlət
deyil, dövlətin yalnız əlamətlərindən biridir.
Dövlət kimi mürəkkəb və dəyişkən sosial hadisənin definisiyasının işlənib hazırlanması prosesi böyük
çətinliklər törətmişdir. Həmin şəraitdə, məsələn, M. Veber yazırdı: "Fəaliyyətinin məzmununa əsasən dövlətə
sosioloji cəhətdən tərif vermək olmaz. Siyasi ittifaqın öz əlinə almadığı yerinə yetirilməli olan elə bir vəzifə
yoxdur" (2, s. 645).
Alman mütəfəkkirləri K. Marks və F. Engels dövlət anlayışının tərifi məsələsinə dəfələrlə müraciət etmişlər.
Mütəfəkkirlər belə hesab edirdilər ki, "hökmran sinfə mənsub olan fərdlərin öz maraqlarını həyata keçirdikləri
formada həmin dövrün bütün vətəndaş cəmiyyəti öz səfərbərliyini tapır" (9, s. 63). İllər keçdikdən sonra
F. Engels dövlətin ən qısa tərifini belə müəyyən etmişdir: "Dövlət bir sinfin digər sinfi əzən maşından başqa bir
şey deyildir" (9, s. 200- 201). V. İ. Lenin bu tərifə bəzi dəyişikliklər edərək onu aşağıdakı kimi müəyyən edirdi:
"Dövlət - bu, bir sinfin digər sinif üzərində hökmranlıq maşınıdır" (7, s. 73).
Yuxarıda göstərilən hər iki tərif elmdə və rəsmi təbliğatda geniş yayılmışdı. Onlar keçmiş marksist-leninçi
dövlət və hüquq nəzəriyyəsində dövlətə verilən ən mükəmməl təriflər kimi qiymətləndirilirdi. Lakin hər iki tərif
ancaq sinfi gərginliyin və siyasi qarşıdurmanın yüksək olduğu dövlətlərə münasibətdə tətbiq edilə bilərdi. Başqa
sözlə, həmin təriflər qəddar və diktator dövlətlər üçün əlverişli hesab oluna bilərdi. Həmin təriflər dövlətdə
sivilizasiyanın qiymətli fenomenlərini, mədəniyyəti və sosial qaydanı görməyə mane olurdular. Məhz belə
cəhətlərinə görə dövr onları tarixin səhnəsindən çıxarmalı oldu.
Dövlətin anlayışına verilən müasir təriflər özündə onun mahiyyətini, yəni bu sosial hadisənin əsas
müəyyənedici, sabit qanunauyğunluqlarını və sosial təyinatını ehtiva edir.
Beləliklə, dövlət - bu, cəmiyyətdə tarixən təşəkkül tapan və onun iqtisadi quruluşu ilə şərtləşən suveren
ümumi hakimiyyətin, əsas istehsal vasitələrinin mülkiyyətçilərinin ümumi mənafelərini ifadə və müdafiə,
həmçinin cəmiyyətin təbiətindən doğan ümumi işlərin yerinə yetirilməsini təmin edən siyasi təşkilatdır.
Yaxud, dövlət - bu, cəmiyyətdə onun birliyini və bütövlüyünü təmin edən, cəmiyyət işlərinin idarə
olunmasını dövlət mexanizmi vasitəsilə və suveren ümumi hakimiyyəti həyata keçirən, hüquqa ümumməcburi
təyinat verən, vətəndaşların hüquqlarını, azadlıqlarını, qanunçuluğu və hüquq qaydasını təmin edən siyasi
təşkilatdır.
Verilən təriflərdən görünür ki, dövlət bütün cəmiyyətin, onun bütün vətəndaşlarının siyasi təşkilatıdır. O,
cəmiyyət üçün zəruri olan funksiyaları yerinə yetirir, birliyini və bütövlüyünü təmin edir, mühüm ictimai işləri
idarə edir. Dövlət (xüsusən də hüquqi dövlət) eyni zamanda vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətdə
etibarlı və humanist hüquq qaydasını müdafiə etməyə xidmət edir. Dövlətin anlayışına yanaşmaların
müxtəlifliyinə baxmayaraq, o bu və ya digər bir sıra əlamətlərə malikdir. Həmin əlamətlər dövləti mükəmməl
siyasi təşkilat kimi xarakterizə edir.
Dövlətin anlayışı, onun xarakteristikası onu cəmiyyətin qeyri-dövlət təşkilatlarından fərqləndirən əlamətlərin
aydınlaşdırılması zamanı konkretləşdirilir. Dövlətin əsas əlamətləri aşağıdakılardır:
-
cəmiyyətdən ayrılan və ölkə əhalisi ilə üst-üstə düşməyən ümumi hakimiyyətin olması. Bu ona görə ümumi
adlandırılır ki, o, cəmiyyətlə üst-üstə düşməyərək onun adından və bütün xalqın adından çıxış edir. Ümumi
hakimiyyət və idarəetmə aparatından ibarətdir və özündə cəmiyyətdən ümumi hakimiyyətin bir sıra
nümayəndələrinə ayrılan insanları ehtiva edir;
-
dövlət öz ərazi sərhədləri hüdudlarında vətəndaşlıq əlamətləri üzrə birləşmiş bütün əhalinin yeganə rəsmi
təmsilçisi qismində çıxış edir;
-
dövlət hüquqi qüvvəyə malik olan və hüquq normaları nəzərdə tutulan qanunlar və qanunqüvvəli aktlar verir;
-
dövlət suverenliyi. Dövlət suverenliyə, yəni bütün vətəndaşlara, bütün qeyri-dövlət təşkilatlarına münasibətdə
dövlət hakimiyyətinin aliliyinə malik olan yeganə təşkilatdır;
-
dövlət siyasi sistemdə qanunun və hüquqyaratmanın keşiyində duran hüquq-mühafizə orqanlarına malik
yeganə təşkilatdır;
-
dövlət özünün müdafiəsini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edən silahlı qüvvələrə və
təhlükəsizlik orqanlarına malikdir.
Dövlətin mahiyyəti onun məzmununu, təyinatını və fəaliyyətini müəyyən edir. Dövlətin mahiyyətinin ən
başlıca xüsusiyyəti hakimiyyət (dövlət hakimiyyəti), onun cəmiyyətdə mənsubiyyəti, təyinatı və fəaliyyətidir.
Başqa sözlə, dövlətin mahiyyəti haqqında məsələ - bu, dövlət hakimiyyətinin kimə məxsus olması, bu
hakimiyyəti kimin və kimlərin maraqları naminə həyata keçirməsi barədə olan məsələdir.
Məlumdur ki, siyasi və ya onun eyni olan dövlət hakimiyyəti ictimai hakimiyyətin yeganə növü deyildir.
Hakimiyyət istənilən mütəşəkkil, az və ya çox dərəcədə sabit olan və məqsədəyönlü insan birliyinə xasdır.
Hakimiyyət həm sinifli, həm sinifsiz, həm də bütövlükdə cəmiyyət üçün, eləcə də onun müxtəlif daxili təsisatları
üçün xarakterikdir. Müvafiq surətdə qəbilə-tayfa hakimiyyəti, siyasi (dövlət hakimiyyəti) hakimiyyət, iqtisadi
hakimiyyət və müxtəlif ictimai birliklərin hakimiyyəti, valideyn hakimiyyəti, kilsə hakimiyyəti fərqləndirilir (13,
s. 43).
Elit nəzəriyyəsinin tərəfdarları iddia edirlər ki, xalq kütlələri dövlət hakimiyyətini həyata keçirmək, cəmiyyət
işlərini idarə etmək iqtidarında deyildir. Dövlət hakimiyyəti cəmiyyətin yuxarı təbəqəsinə - elitaya məxsus
olmalı, onu hakimiyyəti həyata keçirən digər elita əvəz etməlidir.
Elit nəzəriyyəsi ilə bir cəhətlərinə görə səsləşən digər nəzəriyyə texnokratiya nəzəriyyəsidir. Bu nəzəriyyə
nümayəndələrinin fıkrincə, hakimiyyətin başında və cəmiyyəti idarəetmə işlərinin əsasında peşəkar idarə
edənlər, menecerlər durmalıdır. Yalnız bunlar cəmiyyətin həqiqi tələbatlarını müəyyən edə, cəmiyyətin
inkişafının optimal yollarını tapa bilərlər.
Yuxarıda adları çəkilən hər iki nəzəriyyə müəyyən müsbət cəhətlərə malik olsalar da, onlar demokratik
ideallardan məhrumdurlar. Həmin nəzəriyyələr dövlət hakimiyyətini xalqdan nəinki ayırır, onu hətta xalqdan
tamamilə qoparırlar. Ona görə də həmin nəzəriyyələrin mahiyyətinə antidemokratik ruh hakimdir.
Çoxsaylı müxtəlif demokratik doktrinaların qabaqcıl mövqeli tərəfdarları belə hesab edirlər ki, hər bir
demokratik, inkişaf etmiş cəmiyyətdə dövlət hakimiyyətinin mənbəyi və ilk daşıyıcısı xalqdır. Dövlət
hakimiyyəti öz təbiətinə görə və mahiyyəti etibarilə əsil xalq hakimiyyəti olmalı, hakimiyyət xalqın mənafeyi
naminə və bilavasitə onun nəzarəti altında həyata keçirilməlidir.
Dövlətə dair marksist nəzəriyyə sübut edir ki, siyasi hakimiyyət iqtisadi cəhətdən hökmran olan sinfə məxsus
olur və onun mənafeləri naminə həyata keçirilir. Cəbr aparatı, əzən maşın və hökmranlıq aləti kimi, dövlətin sinfi
mahiyyəti də məhz buradan meydana çıxır. İqtisadi cəhətdən qüdrətli olan sinif siyasi cəhətdən də hökmran olur.
Bu sinif öz diktaturasını yaradır. Həmin diktaturanın hakimiyyəti qanunla məhdudlaşdırılmır. O, gücə və
məcburiyyətə arxalanır. Belə cəmiyyətdə, adətən, birpartiyalı sistem mövcud olur.
Görkəmli fransız dövlət və hüquq nəzəriyyəçisi M. Oriu dövlət suverenliyinin özünü məhdudlaşdırması
faktını nəzərdən keçirərək qeyd edirdi ki, dövlət hakimiyyəti hüquqa tabe edilməli, hüquq çərçivəsində fəaliyyət
göstərməlidir (10, s. 980). Göstərmək lazımdır ki, dövlət suverenliyi ilə yanaşı, xalqın suverenliyi və millətin
suverenliyi də mövcuddur. Xalqın suverenliyi xalqın tam hakimiyyəti deməkdir.
Millətin suverenliyi dedikdə, millətin tam hakimiyyəti, onun öz həyat xarakterini müəyyən etmək imkanı və
qabiliyyəti, öz hüquqlarını realizə etmək və müstəqil dövlət yaratmaq imkanı başa düşülür (10, s. 99).
Dövlətin fəaliyyətinin sinfi xarakteri dövlətin mahiyyət tərəfi, onun əsas başlanğıcıdır. Lakin sinfi
ziddiyyətlərlə şərtləşən dövlət fəaliyyəti yalnız qeyri-demokratik, diktator dövlətlərdə mövcuddur. Belə
dövlətlərdə cəmiyyətin bir hissəsi (şübhəsiz ki, hökmran təbəqə) onun digər hissəsini amansızcasına istismar edir,
iqtisadiyyatda qanuni rəqabət deyil, xüsusi inhisarçılıq hökmranlıq edir. Lakin kəskin sinfi münaqişələrin
meydana çıxdığı hallarda dövlət sinifləri qarşılıqlı məhv olmaq təhlükəsindən saxlayır, tərəflər üçün faydasız olan
siyasi mübarizənin qarşısı alınır və beləliklə, cəmiyyət dağılmaq təhlükəsindən xilas edilir və onun bütövlüyü
qorunub saxlanılır. Belə hallarda da dövlət bütün cəmiyyətin mənafeyi naminə müəyyən funksiyanı yerinə
yetirməli olur.
İnkişaf etmiş demokratik dövlətlərdə sosial ziddiyyətlər və baş qaldıran münaqişələr zorakılıq deyil, dini
vasitələrlə aradan qaldırılır, ictimai kompromisə səmərəli mexanizmlərin köməyilə nail olunur. Hazırda mövcud
olan dövlətlər sinfi mübarizədən daha çox sosial tələbatlar və maraqlarla bağlıdır. Belə ki, inkişaf etmiş
dövlətlərdə başlıca diqqət ən zəruri sosial və digər tələbatların həllinə yönəldilmişdir. Bu isə öz növbəsində
müxtəlif, o cümlədən aralarında ziddiyyətlər olan qüvvələrin qarşılıqlı əməkdaşlığını nəzərdə tutur. Lakin bu heç
də o demək deyildir ki, müasir dövlət öz sinfi xarakterini tamamilə itirmişdir. Sinfi xarakter sadəcə olaraq ikinci
plana keçmişdir və o, artıq tünlüyə malik deyildir. Birinci yerə dövlətin ümum-sosial xarakteri keçmişdir. Belə
dövlət öz fəaliyyətini sosial kompromisin, cəmiyyət işlərinin idarə olunmasının təmin edilməsinə səfərbər edir.
Başqa sözlə, demokratik dövlətdə birinci ilə müqayisədə ikinci, həm də daha əhəmiyyətli yeri ümum-sosial
tərəf tutur. Deməli, dövlətin mahiyyətinin təhlili hər iki başlanğıcın (sinfiliyin və ümum-sosiallığın) nəzərə
alınmasını tələb edir. Bu başlanğıclardan hər hansı birinin təcrid edilməsi dövlətin mahiyyətinin xarakteristikasını
birtərəfli edir.
Ümumsosial və sinfi başlanğıcla yanaşı, dövlətə və onun mahiyyətinə bəzən milli və hətta millətçi amillər də
güclü təsir göstərirlər. Dövlət hakimiyyəti bir sıra hallarda məhdud qrupların, klanın və ya ayrı-ayrı şəxslərin əlinə
keçir, onların mənafelərini ifadə edir. Lakin belə dövlət hakimiyyəti. adətən, öz maraqlarını kamuflyaj (həqarətli)
edir, əsas mənafelər ümum-sosial və ümummilli mənafe hüdudlarından kənara çıxır.
İqtisadi təməl, bazis olmadan dövlət mövcud ola, normal fəaliyyət göstərə və tərəqqi edə bilməz. İqtisadi
bazis müvafiq cəmiyyətdə iqtisadi (istehsal münasibətlərinin) münasibətlərin sistemini təşkil edir. Bu isə
cəmiyyətdə mövcud olan mülkiyyət formaları ilə sıx surətdə bağlıdır. Dövlətin maliyyə-iqtisadi əsası (dövlət
büdcəsi) bazisdən çox asılıdır. Dünya tarixi şəhadət verir ki, dövlətin müxtəlif inkişaf mərhələlərində o, müxtəlif
iqtisadi varlığa malik olmuş və iqtisadiyyata fərqli münasibət nümayiş etdirilmişdir.
Belə ki, erkən kapitalist dövləti azad bazar iqtisadiyyatına arxalanmışdır ki, bu da dövlətin müdaxilə edə
bilmədiyi xüsusi mülkiyyətin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Lakin bu, mənfi amillərsiz də
ötüşməmişdir. Xüsusi mülkiyyətin cəmiyyətdə qeyri-sabitlik yaratması sinfi mübarizənin kəskinləşməsilə
müşayiət olunmuşdur. Xüsusi mülkiyyət özünün tarixi rəqibini - proletariatı doğurmuş, əməklə kapital arasında
siyasi mübarizə daha da kəskinləşmişdir. Şübhəsiz ki, bütün bunlar bir sıra hallarda fəhlə sinfinin inqilabi
çıxışlarına səbəb olmuşdur. Sinfi mübarizənin ilkin mərhələlərində əsasən iqtisadi tələb və şüarlarla çıxış edən
proletariat, illər ötdükcə siyasi tələblər də irəli sürmüş, proletariatın siyasi hakimiyyəti ələ alması uğrunda
mübarizəyə qalxmışdır. Bütün bunlar bəzən dağıdıcı böhranlarla müşayiət olunmuşdu.
XX yüzilliyin birinci yarısında iri siyasi və iqtisadi gərginliklərdən sonra zəhmətkeşlərin təzyiqi altında
iqtisadi sferada dövlət-hüquqi tənzimləmə xeyli güclənmişdir ki, bu da həmin sahədə köklü dəyişikliklərə səbəb
olmuşdur. Xüsusi kapitalla yanaşı, dövlət və kooperativ kapitalı və xüsusilə də səhm mülkiyyəti meydana gəlmiş,
inkişaf etməyə başlamışdı. Dövlət idarəetmənin planlaşdırma və proqnozlaşdırma kimi metodlarım irəli sürmüş,
dərin maliyyə-vergi və kredit siyasəti yeritməyə başlamışdı. Bütün bunlar dövlətdə yeni əsas funksiyanın -
cəmiyyətin inkişafı naminə antiböhran məqsədli iqtisadiyyatın hüquqi tənzimi funksiyasının meydana gəlməsini
şərtləşdirmişdir. Dövlət iqtisadiyyatla yanaşı, sosial funksiyanı - pensiya qanunvericiliyinin qəbulunu, işsizlərə
müavinətlər verilməsini, minimum əmək haqqının müəyyən olunmasını yerinə yetirməyə başlamışdır.
Dövlət-hüquqi tənzimləmənin təsiri altında cəmiyyət sanki ikinci həyat əldə etmişdir. Belə cəmiyyət və dövlət
tam əsasla postkapitalist cəmiyyət və dövlət kimi xarakterizə edilmişdir.
Keçmiş Sovet İttifaqında məsələ başqa cür idi. Dövlət planlı iqtisadiyyata arxalanırdı. Ümumxalq dövlət
mülkiyyəti aparıcı rol oynayırdı. Ümumxalq dövləti mülkiyyəti tədricən heçə çevril di, təsərrüfatsızlıq elə bir
həddə çatdı ki, bu da dərin iqtisadı böhranla nəticələndi. Bu, belə bir nəticəyə gəlməyə imkan verir ki, xüsusi
mülkiyyət və dövlət ümumxalq (ictimai mülkiyyət) mülkiyyəti öz təbiətinə görə bəzi müsbət cəhətlərlə yanaşı,
xeyli çatışmazlıqlara da malik olmuşdur. Tarixi təcrübə göstərir ki, müasir dövlətin optimal iqtisadi əsasına sosial
cəhətdən düzgün istiqamətləndirilən bazar iqtisadiyyatı xidmət edə bilər. Məhz bazar iqtisadiyyatı mülkiyyətin
müxtəlif formalarına (qarışıq iqtisadiyyat) arxalanır. Belə şəraitdə azad və qanuni rəqabət öz üstünlüklərini
nümayiş etdirir.
Dövlətin sosial əsasını cəmiyyətin bunda maraqlı olan və onu müdafiə edən təbəqələri, sinifləri və qrupları
təşkil edirlər. Dövlət öz fəaliyyətində məhz onlara arxalanır. Deməli, dövlətin gücü və qüdrəti, qarşısında duran
vəzifələri həll etmək qabiliyyəti onun sosial bazasının genişliyindən və cəmiyyətin fəallığından xeyli asılıdır. Bu
da, öz növbəsində, cəmiyyətdə sosial sabitliyin qorunmasını təmin edir.
Məhdud sosial əsasa, sosial qeyri-sabitliyə malik olan dövlət, adətən, zorakılığa və yalana arxalanır. Belə
dövlətdə müxtəlif, o cümlədən yuxarıdan çevrilişlər mümkündür. İstənilən dövlətə, istənilən dövlət hakimiyyətinə
cəmiyyətin dəstəyi, onun qüdrətinə və ədalətinə xalqın inamı zəruridir. Dövlət hakimiyyətinin nüfuzu ona xalqın
etibarı ilə ölçülür. Dövlət hakimiyyətinə hörmət, inam və etibar onun sosial-psixoloji mahiyyətini təşkil edir.
Dövlətin, dövlət hakimiyyətinin xalq tərəfindən dəstəklənməsi şüurlu və şüursuz ola bilər. Şüursuz dəstək,
adətən, populist siyasətdən irəli gələn, dövlət xadimlərinin yalan və saxta vədlərindən doğan miflərə, emosiyalara
söykənir. Şüurlu və ya dərk edilən dövlətin və onun orqanlarının fəaliyyətinin nəticələrinin hərtərəfli
qiymətləndirilməsinin məntiqi yekunudur.
Müasir dövlət uzun sürən tarixin məhsulu, insanlığın ən nəhəng yaradıcılıq nəticələrindən biridir. Dövlət öz
fəaliyyətində səhvlərə, yaxud ehtimallara söykənə bilməz. O, dürüst müəyyən edilmiş metodlar əsasında
fəaliyyət göstərir və deməli, onun üçün etibarlı elmi təməlin, özülün olması zəruridir. Məlumdur ki, hüquqi
dövlət, vətəndaş cəmiyyəti, hakimiyyətlərin bölgüsü, xalq suverenliyi və s. haqqında elmi konsepsiyalar
dövlətçiliyin inkişafına böyük təsir göstərmişdir.
Dünya təcrübəsi şəhadət verir ki, dövlət quruculuğu üzrə hər cür əhəmiyyətli qərar və fəaliyyət dərin və
hərtərəfli təhlil, elmi ekspertizalar tələb edir. Bu ondan ötrü vacibdir ki, hər hansı qərar vasitəsilə görüləcək
tədbirlərdən ən optimal olanı seçilsin, mümkün variantların ən yaxşısı tətbiq edilsin. Keçmiş sovet dövlətinin
kədərli təcrübəsindən ağıllı nəticələr çıxarmaq və tarixin ibrət dərslərini unutmamaq zəruridir.
Müasir Azərbaycan dövlətinin elmi əsaslarının yaradılması üçün hazırda geniş sosial-iqtisadi, siyasi və
elmi-mədəni imkanlar açılmışdır. Həmin imkanlar nəinki hüquq elminin, eləcə də bütün digər humanitar elmlərin
ən yeni nailiyyətlərindən səmərəli istifadə olunmasını zəruri və labüd edir.
Dövlətin inkişaf qanunauyğunluqlar hər bir tarixi dövrün şəraitinə müvafiq surətdə təzahür edir. Dövlətin
inkişafının gedişini müəyyən edən qanunauyğunluqların aşkar və təhlil edilməsi dövlət fenomeninin nəinki
hazırkı, eləcə də onun gələcək vəziyyətinə diqqət yetirmək imkanı verir.
Nisbi müstəqil sosial hadisə kimi, dövlətin özünəməxsus inkişaf qanunauyğunluqları vardır. Həmin
qanunauyğunluqlar cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarından ayrılmazdır. Belə paralel hərəkətə
müxtəlif amillər təkan verirlər. Həmin amillər bir-birilə qarşılıqlı əlaqədə təzahür edir.
Dövlətin təkamülünün əsas qanunauyğunluqlarından biri ondan ibarətdir ki, sivilizasiyanın təkmilləşməsi və
demokratiyanın inkişafı ilə dövlət primitiv "barbar" təsisatdan cəmiyyətin siyasi təşkilatına çevrilir. Məhz həmin
siyasi təşkilatda dövlət institutlarının bütöv bir kompleksi tam gücü ilə fəaliyyət göstərir. İnkişaf etmiş
demokratik dövlətlərdə belə fəaliyyət hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanır.
Demokratik cəhətdən inkişaf edən cəmiyyətin öz müxtəlifcəhətli tələbatlarının dövlətin diqqət mərkəzində
olmasına ehtiyacı vardır. Bunlara, adətən, obyektiv tələbatlar aid edilir. Cəmiyyət dövlətin ümum-sosial
funksiyalarını stimullaşdırır. Burada, müasir dövlətin yeni qanunauyğunluğunun rüşeymi qismində dövlətin
cəmiyyət həyatında rolunun artması çıxış edir. Dövlətin bu yeni inkişaf qanunauyğunluğu XX yüzilliyin ikinci
yarısında meydana gəlmişdir. Bundan sonra dövlət özünün təşkilati və istiqamətləndirici fəaliyyətini yeni
yaradılan orqanlar - iqtisadiyyat nazirliyi, əmək nazirliyi, mədəniyyət nazirliyi, təhsil nazirliyi və s. vasitəsilə
cəmiyyət həyatının iqtisadi, sosial və mədəniyyət sferasına yönəltməyə başlamışdır.
Bununla əlaqədar S. S. Alekseyev haqlı olaraq qeyd edir ki, "dövlətin inkişafı digər ənənələrlə də qeyd oluna
bilər. Həmin ənənələr dövlətin iqtisadiyyatdan getməsi, təsərrüfat həyatından və mülkiyyətçinin funksiyalarını
yerinə yetirməkdən ayrılması aid edilə bilər" (1, s. 20). Praktika göstərir ki, məhz müasir şəraitdə bir sıra səbəblərə
görə dövlət iqtisadiyyata "gəlmiş" və bununla yanaşı iqtisadi həyatı sabitləşdirmiş, dünyanın bir çox ölkələrində
iqtisadiyyatı tənəzzüldən xilas etmişdir. Bunun nəticəsində inkişaf etməkdə olan cəmiyyətlər irəliyə doğru daha bir
addım atmışdır. Əksinə, iqtisadiyyata lazımi diqqət yetirməyən dövlətlərdə cəmiyyət həmişə geriləməyə
məhkumdur. Cəmiyyətin iqtisadi həyatında dövlətin rolunun azalması, minimuma enməsi həmişə iqtisadi
qeyri-sabitliyə səbəb olmuşdur.
Elmi-texniki tərəqqinin və başlanmış dünya inteqrasiyası prosesinin təsiri altında dünya bazarının
yaradılması ilə dövlətlərin inkişafında yeni qanunauyğunluq - müxtəlif dövlətlərin bir-birinə yaxınlaşması, qarşılıqlı
fəaliyyət nəticəsində qarşılıqlı zənginləşmə qanunauyğunluğu təşəkkül tapmışdır.
Azərbaycan Respublikası bu gün Qərbi Avropa dövlətlərindən hakimiyyətlərin bölgüsü, parlament
mədəniyyəti və hüquqi dövlət quruculuğu təcrübəsini öyrənir. Həmin qanunauyğunluğun təsiri altında kəskin
konfrontasiya, ideoloji müharibə, inamsızlıq və şübhəlilik keçmişdə qalır.
Doğrudur, yuxarıda adları çəkilən inkişaf qanunauyğunluqları ümumi ənənələrdir. Həmin qanunauyğunluqlar
planetin bütün dövlətlərinin təkamülünün başlıca xəttidir. Konkret dövlətin inkişafı bəzən son dərəcə ziddiyyətli
məqamlarla müşayiət olunur. Dolanbaclar, bir sıra hallarda geriyə dönüşlər, zərurətlərdən kənara çəkilmələr,
xüsusən də dövlət hakimiyyətindən şəxsi, qrup və klan maraqları üçün istifadə edildiyi zaman səndələmələr və s. bu
kimi hallar dövlətlərin inkişaf qanunauyğunluqlarında ziddiyyətlər yaradır.
İstifadə edilmiş mənbələr:
1)
Алексеев С.С. Государство и право. М., 1993
2)
Вебер М. Избранные произведения. М., 1990
3) Дюги Л. Конституционное право. Общая теория государство. М., 1908
4) Кокошкин Ф.Ф. Русское государственное право. М., 1908
5) Коркунов Н.М. Русское государственное право. Т. 1. СПб., 1904
6) Ленин В.И. Полн. собр. соч. Т. 1
7) Ленин В.И. Полн. собр. соч. Т. 39
8) Маркс К., Энгельс Ф. соч. Т. 25, ч. 1
9) Маркс К., Энгельс Ф. соч. Т.22
10) Общая теория государства и права: В 2-х томах, Т.1 / Отв. ред. М.Н. Марченко. М.: Зерцало, 1998
11) Общая теория права и государства /Под ред. В.В. Лазарева. М.: Юристь, 1996
12) Теория государства и права /Под ред. Н.И. Матузова, А.В. Малько. М.: Юристь, 1999.
13) Шершеневич Г.Ф. Общее учение о праве и государстве. М.. 1911
Rəyçi: h.e.d.,prof. M. Ə. Cəfərquliyev
Dostları ilə paylaş: |