Qorqudşünaslıq elminin
genişlənən imkanları
İsa Həbibbəyli
Dünya dastan yaradıcılığında böyük yeri olan “Kitabi-Dədə
Qorqud” dastanlarının taleyində, yayılmasında və cəmiyyətə
çatdırılmasında bir neçə böyük hadisə xüsusilə qeyd edilməlidir.
Bu hadisələri aşağıdakı kimi konkretləşdirmək olar:
* VII əsr – “Kitabi-Dədə Qorqud” dastanlarının tam formalaşdığı
dövr.
* XVI əsr – “Kitabi-Dədə Qorqud” dastanlarının sonralar
Drezden nüsxəsi kimi qəbul edilmiş 12 boyu yazıya alınmışdır;
* 1815-ci il – alman şərqşünası Fridrix Fon Ditsin “Kitabi-Dədə
Qorqud” dastanlarını Almaniyadakı Drezden Kral
kitabxanalarından üzə çıxarıb dünya elminə bəyan etdiyi tarix;
* 1916 – Kilisli müəllim Rüfətin “Kitabi-Dədə Qorqud”
dastanlarını Türkiyədə nəşr etdirməsi;
* 1939-cu il – Görkəmli Azərbaycan alimi Həmid Araslının
“Kitabi-Dədə Qorqud” dastanlarını Bakıda çap etdirməsi;
* 1950-ci il – Görkəmli şərqşünas alim Vasili Bartoldun ruscaya
tərcümə etdiyi “Kitabi-Dədə Qorqud” dastanının Bakıda H.Araslı
və M.Təhmasib tərəfindən nəşr edilməsi;
* 1951-ci il – Azərbaycan Kommunist Partiyasının XVIII
qurultayında “Kitabi-Dədə Qorqud” dastanlarının nəşrinə,
tədqiqinə və təbliğinə qadağaların qoyulması;
* 1952-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının italyan alimi
Etorre Rossi tərəfindən 6 boydan ibarət Vatikan nüsxəsinin
tapılması;
* 1957-ci il – “Kommunist” qəzetində tanınmış Azərbaycan
alimləri Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif
Dadaşzadə və Məmmədhüseyn Təhmasibin “Kitabi-Dədə
Qorqud dastanları” adlı bəraət məqaləsinin çap olunması (17,
26 mart)
* 1975-ci il – Xalq yazıçısı Anarın ssenarisi üzrə “Kitabi-Dədə
Qorqud” dastanları əsasında “Dədə Qorqud” bədii filminin
çəkilməsi;
* 20 aprel 1997-ci il – Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi
haqqında” Fərmanı;
* 1998-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi ilə
əlaqədar YUNESKO-da Beynəlxalq Simpoziumun keçirilməsi və
konsertin təşkili;
* 2000-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi
münasibəti ilə türkdilli ölkələrin dövlət başçılarının və
YUNESKO-nun Baş katibinin iştirakı ilə Bakıda Zirvə tədbiri;
* 13 dekabr 2013-cü il – Bakıda Dədə Qorqud abidəsinin və
Dədə Qorqud parkının rəsmi açılışı;
* 28 dekabr 2013-cü il – Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Dədə Qorqud” dastanlarının motivləri əsasında
çoxseriyalı bədii filmin çəkilməsi haqqında Sərəncamı;
* 20 fevral 2015-ci il – Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk
tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında
Sərəncamı.
“Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar olan bu
tarixlərdən hər biri təkcə qorqudşünaslıq elmi üçün yox,
bütövlükdə geniş mənada elm və ədəbiyyatın, habelə
cəmiyyətin inkişafı baxımından mühüm hadisələrdir. “Kitabi-
Dədə Qorqud” dastanlarının alman şərqşünası Fridrix Fon Dits
tərəfindən 200 il əvvəl tapılıb dünyaya bəyan edilməsindən
sonra bu möhtəşəm şifahi xalq ədəbiyyatı abidəsi haqqında
Şərqdə və Qərbdə yüzlərlə kitablar nəşr edilmişdir. Fikrimizcə,
“Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı, dünya epos-
dastan mühitində böyük boşluq meydana çıxardı. Dünyada
“Dədə Qorqud” dastanlarının yerini doldura biləcək bu
səviyyədə başqa bir epos təsəvvür etmək çətindir.
“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycanla yanaşı
Avropada və Türkiyədə kitab halında nəşr edilməsi və haqqında
tədqiqat əsərlərinin meydana çıxması mühüm əhəmiyyətə
malik olan ədəbiyyat və mədəniyyət hadisəsi faktlarıdır.
Bununla belə, “Kitabi-Dədə Qorqud” dastanlarının dünya
miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi,
əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi
Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin
xidmətidir. Xüsusən, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300
illiyi haqqında 20 aprel 1997-ci ildə imzaladığı Fərmanın
əsasında həyata keçirilmiş geniş miqyaslı tədbirlər sözün böyük
mənasında “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və
əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Mühüm tarixi
əhəmiyyətə malik olan dövlət fərmanının işığında YUNESKO-nun
iqamətgahında təşkil olunan beynəlxalq simpozium və konsert,
Bakıda türk dövlətləri rəhbərlərinin iştirakı ilə gerçəkləşən Zirvə
görüşü “Dədə Qorqud” dastanlarına yeni həyat bəxş etmişdir.
Yubiley münasibətilə nəşr edilmiş iki cildlik “Dədə Qorqud”
ensiklopediyası və digər elmi-bədii əsərlərlə Qorqudşünaslığın
yeni epoxası başlanmışdır. “Dədə Qorqud” dastanının ilk dəfə
olaraq Drezden nüsxəsinin faksimilesi ilə yanaşı, Vatikan
nüsxəsinin də Bakıda nəşr edilib oxuculara çatdırılması
Azərbaycan Qorqudşünaslığın tarixində nadir hadisələrdir. Eyni
zamanda, Heydər Əliyev kimi böyük dövlət xadiminin “Kitabi-
Dədə Qorqud” dastanları haqqında müəyyən etdiyi aşağıdakı
istiqamət dastana münasibətin və ana xəttinə çevrilmişdir:
“Kitabi – Dədə Qorqud” dastanı bütün türk dünyasına
məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan
xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
Məhz 1300 illik yubileyi haqqında fərmandan sonra Dədə
Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində
ilkin addımlar atılmışdır. Dədə Qorqud heykəlinin 1999-cu ildə
Naxçıvan şəhərindəki Təbriz meydanında ucaldılması bu böyük
işin möhkəm bünövrəsinə çevrilmişdir. Xüsusən, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikasına səfəri zamanı Naxçıvan şəhərindəki Dədə
Qorqud abidəsini ziyarət etməsi geniş ictimaiyyətin və yaradıcı
ziyalıların bu mövzuya marağını daha da qüvvətləndirmişdir.
Aparılmış məqsədyönlü və ardıcıl siyasət “Dədə Qorqud”
mövzusunu müstəqil dövlətçilik və vətənpərvərlik tərbiyəsinin
əsas istiqamətlərindən biri mövqeyinə çıxarmışdır. Xüsusən,
Azərbaycanda müstəqilliyin möhkəmləndirilməsi dövründə
“Dədə Qorqud”un qəhrəmanlıq, vətənpərvərlik və birlik
ideyalarının dövlət səviyyəsində diqqət mərkəzinə çəkilməsi son
dərəcədə müdrik və uzaqgörən bir addımdır.
“Kitabi-Dədə Qorqud” dastanlarına xalqımızın milli-mənəvi
özünüdərkinin və dövlət müstəqilliyinin mühüm hadisəsi kimi
qiymətləndirilməsi siyasətini yaradıcılıqla inkişaf etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dədə
Qorqud anlayışında millilik və dövlətçilik ideyalarının vəhdətinin
ifadə olunduğunu daim diqqət mərkəzinə çəkmişdir. Bu mənada
Dədə Qorqud mövzusu müstəqillik dövrü Azərbaycan
siyasətində milli-mənəvi özünüdərk proseslərinin
genişləndirilməsində mühüm yer tutur. Dədə Qorqudun adının
əbədiləşdirilməsinə dair ölkə miqyasında tədbirlərin həyata
keçirilməsi həmin ardıcıl siyasətin real nəticələridir. Bakı
şəhərində 13 dekabr 2013-cü ildə Dədə Qorqud abidəsinin
ucaldılması və Dədə Qorqud parkının salınması ilə Qorqud
Atanın ölməz adı Azərbaycan paytaxtında rəsmi olaraq
əbədiləşdirilmişdir. Heykəltəraş Göyüş Babayevin yaratdığı
“Kitabi-Dədə Qorqud” abidəsində təkcə Oğuz elinin böyük və
müdrik ağsaqqalı Dədə Qorqudun yox, bütövlükdə dastanın 12
boyunda təsvir edilmiş hadisələrin əsas motivləri orijinal şəkildə
əks etdirilmişdir. Bu, Azərbaycanda dastan qəhrəmanına deyil,
geniş mənada dastana ucaldılmış birinci heykəltarşlıq
nümunəsidir. Kitab-abidənin də əhatə olunduğu Dədə Qorqud
parkında həmin dövrün mühitinin ana xətləri canlandırılmışdır.
Doğrudan da Prezident İlham Əliyevin Dədə Qorqud
kompleksinin açılışı mərasimində haqlı olaraq dediyi kimi “bu
abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud”
Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan
xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks
olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın
çoxsaylı müxtəlif ərazilərində yaşayış məntəqələrində görmək
olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur... Bu
dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu abidənin
ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə,
mədəniyyətinə olan münasibətinin təzahürüdür... Artıq Bakıda
Dədə Qorqud parkı, Dədə Qorqud abidəsi vardır”.
Bu böyük mədəniyyət hadisəsindən dərhal sonra 28 dekabr
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii
televiziya filminin çəkilməsi haqqında” imzaladığı
Sərəncamında da dastanın “azərbaycançılıq məfkurəsi
baxımından müstəsna əhəmiyyəti” və “gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolu”
xüsusi olaraq nəzərə çarpdırılmışdır.
Dövlət sərəncamında ifadə olunan aşağıdakı fikirlərdə “Kitabi-
Dədə Qorqud” dastanlarının çox mühüm azərbaycançılıq
hadisəsi olması öz əksini tapmışdır: “Azərbaycan xalqının əsrlər
boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində
“Kitabi-Dədə Qorqud” özünəməxsus layiqli yer tutur.
Qəhrəmanlıq keçmişimizi parlaq əks etdirən bu misilsiz və
möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində
mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən
böyük və məşhur oğuznamələrdən ibarət “Kitabi-Dədə Qorqud”
Ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır.
Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən
monomental epos xalqımıza məxsus qədim adət və ənənələrin,
ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək
bədii zövqünün öyrənilməsində qiymətli mənbədir”.
Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarına
həm də dünya eposu miqyasında, xüsusən də türk dünyasının
zəngin şifahi xalq ədəbiyyatı səviyyəsində yüksək qiymət
vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Kitabi-Dədə Qorqud” dastanlarına münasibətində də
azərbaycançılıqla yanaşı, bu ədəbi abidənin “yüksək bəşəri
idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi
sərvətlər xəzinəsinə daxil olması” fikri və “bütün türk dünyasını
daha sıx birləşdirməsi” ideyası xüsusi yer tutur. Prezident İlham
Əliyev “Dədə Qorqud” dastanlarında “ortaq tarix və ortaq
köklər” ideyasının da ifadə olunduğunu, buna görə də Dədə
Qorqudla əlaqədar həmin istiqamətdə Azərbaycanda atılan
addımların “bütün türk dünyasında gözəl əks-səda verəcəyini”
diqqət mərkəzinə çəkmişdir. Dövlət başçımızın 2004-cü ildə
Avropa Birliyi Təşkilatının yerləşdiyi Belçikanın paytaxtı Brüssel
şəhərində ucaldılmış Dədə Qorqud abidəsinin meydana
çıxmasına diqqət yetirməsi və həmin abidənin açılışında iştirak
etməsi möhtəşəm eposa dünya mədəniyyəti miqyasında baxışın
daha bir ifadəsi idi. Fikrimizcə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə
ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı
20 fevral 2015-ci il tarixli Sərəncamı da mahiyyət etibarilə bu
böyük azərbaycançılıq abidəsinin dünya mədəniyyəti hadisəsi
səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da
dərinləşməsinə uğurla xidmət edən ardıcıl dövlət siyasətinin
məntiqi davamıdır. Bu Sərəncamdan irəli gələn məsələlərin
həlli artıq dünya elmi fikrinin faktına çevrilmiş qorqudşünaslıq
elminin beynəlxalq miqyasda inkişaf etdirilməsinə yeni imkanlar
açacaqdır. Bundan başqa, “Kitabi-Dədə Qorqud” dastanlarını ilk
dəfə dünya ictimaiyyətinə çatdırmış görkəmli alman şərqşünası
Fridrix Fon Ditsin xidmətlərinə də böyük ehtiramı ifadə edən
dövlət sərəncamı həmin şəxsiyyətin həyatı və fəaliyyətinin
Azərbaycanda və xarici ölkələrdə daha yaxından tanıdılmasına
da şərait yaradacaqdır. Bununla da qorqudşünaslıq elmində
müəyyən epizod şəklində adı etiraf olunan Fridrix Fon Dits
məsələsi ilə bağlı mövcud boşluq aradan qalxmış olacaqdır. Bu
sərəncam müstəqil Azərbaycan Respublikasının Avropa ölkələri
ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni imkanlar
açan qiymətli bir dövlət sənədi kimi də özünəməxsus
əhəmiyyətə malikdir.
Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanlarına müstəqil
Azərbaycanda dövlət səviyyəsində ardıcıl və davamlı bir
münasibətin bəslənilməsi ölkəmizdə milli-mənəvi özünədərk və
inteqrasiya proseslərinin genişləndirilməsi və
möhkəmləndirilməsi ideyasının əsasını təşkil edir. Bütün bu
parlaq hadisələr müstəqil Azərbaycan dövlətinin yeni tarixi
epoxadakı Dədə Qorqudnaməsidir. “Kitabi-Dədə Qorqud”a
sədaqət və ehtiram millətə, ölkəyə və dövlətə sədaqətin
rəmzidir. “Kitabi-Dədə Qorqud” dastanlarına hər qayıdış
Azərbaycanı, türk dünyasını və bütövlükdə dünyanı yenidən və
daha əsaslı şəkildə qavramağın və müasir inkişaf yollarını
müəyyən etməyin əhəmiyyətli dərslərini mükəmməl şəkildə
öyrənmək deməkdir.
lll
“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının
nadir hadisəsidir. Görkəmli türk ədəbiyyatşünası Fuad
Köprülüzadə “Dədə Qorqud” dastanlarının əhəmiyyətini
qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir
müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri
tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa,
yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”.
Biz isə “Kitabi-Dədə Qorqud” abidəsinə dünya dastanı irsi
miqyasında nəzər salaraq belə bir müddəa irəli sürürük: Əgər
dünya şifahi xalq ədəbiyyatındakı dastanları tərəzinin bir
gözünə, “Dədə Qorqud”u o biri gözünə qoysaq, yenə də “Dədə
Qorqud” dastanı ağır gələr. Belə ki, bizə görə Qərb
dastanlarında salnaməçilik, Şərq dastan tipində isə qafiyə ritmi
daha çox diqqəti cəlb edir. Bunlardan fərqli olaraq, “Dədə
Qorqud” dastanlarındakı epik təhkiyə mükəmməl bədii nəsr
nümunəsidir. Dastanın aparıcı tərəfi olan bədii nəsr epos
təfəkkürünün kamil bədii ifadəsidir. Dastanın yarandığı VII əsrə
qədərki dövrdə, yaxud da boyların tam halda yazıya
köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə
Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmamışdır. “Dədə
Qorqud” dünya miqyasında bədii nəsr təfəkkürünün möhtəşəm
abidələrindən biridir. Bu, “Dədə Qorqud” dastanlarını yaradan
xalqın epos təfəkkürünün bədii mükəmməlliyinin klassik
nümunəsidir. Epos təfəkkürü isə bədii fantaziyadan daha çox
xalqın özünüdərkinin, sabit milli düşüncəsinin, torpaq və millət
qavrayışının dastan səviyyəsində ifadəsi deməkdir. Bu mənada
“Dədə Qorqud” dastanları oğuz türklərinin, Azərbaycan xalqının
yurd və torpaq andının manifestidir. Bu, ölkəsini, torpağını,
millətini dərindən dərk edən bir xalqın vətən və torpaq
sevgisinin möhtəşəm oğuznaməsidir. Dədə Qorqud
qəhrəmanları dastanlaşmış obrazlardan çox, həyat və düşüncə
adamlarıdır. Dastanda rütbə, titul etibarilə yüksək mövqeyə
malik olan insanlar əsas, real cizgiləri ilə əks etdirildiyi halda,
cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar mümkün
olduğundan qat-qat güclü şəkildə təsvir edilmişdir. “Dədə
Qorqud” kiçik insanları da qüdrətli olan böyük bir xalqın
mükəmməl bir dastanıdır.
“Kitabi-Dədə Qorqud” dastanlarının şeirləri sərbəst şeirin klassik
nümunəsidir. Dastandakı bir çox hallarda müəyyən hekayəti də
ifadə edən poetik nümunələr mənsur şeir təsiri də bağışlayır.
“Dədə Qorqud”un nəsr təhkiyəsində də mənsur şeirlik
müşahidə olunur. Dastandakı bir çox şeirlər vəznli sərbəst şeir
xüsusiyyətlərinə malikdir. “Dədə Qorqud” şeirlərinin
özünəməxsus qafiyə sistemi də vardır:
Allah-Allah deməyincə
işlər düzəlməz,
Qadir tanrı verməyincə
kişi varlanmaz.
... Qovuşaraq sular daşsa,
dəniz dolmaz.
Təkəbbürlük eyləyəni tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Yad oğulun saxlamaqla oğul olmaz.
Qarabaşa don geydirsən də,
qadın olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.
Gül-çiçəkli göycə çəmən
payıza qalmaz.
Köhnə pambıq bez olmaz,
Qarı düşmən dost olmaz.
... Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə açmaz.
Oğul atanın yetirməsi,
iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının közüdür.
Oğul daha neyləsin,
ata ölüb mal qalmasa,
Ata malından nə fayda,
başda ağıl olmasa.
“Dədə Qorqud” şeirləri sanki Azərbaycan torpağındakı qayaüstü
rəsmlərlə əruz və ya heca vəznində yazılmış şeirlər arasında
əlaqələndirici vasitədir. Bu şeirlər əruz, yaxud heca vəznli
şeirlərdən çox, dastanın nəsrinə yaxındır. “Dədə Qorqud”
şeirləri sanki dastançının hadisələri hekayət etməkdən yorulub
dayandığı hallarda yenidən davam etmək üçün qazandığı
nəfəslikdir. Bu şeirlər dastan əhvalatlarını bir-biri ilə
əlaqələndirən, bağlayan bədii vasitədir. Bəzən isə “Dədə
Qorqud” şeirləri dastandakı boyların məntiqi yekunu,
ümumiləşdirici nəticəsi funksiyasını yerinə yetirir. Hətta
dastanda elə şeir mətnləri də vardır ki, geniş mənada eposun
ideyasını tam halda özündə ifadə edir:
Qanı öydüyümüz bəy ərənlər,
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya!
Son ucu ölümlü dünya!
Əl aqibət uzun yaşın
Ucu ölüm, axırı ayrılıq.
lll
Qorqudşünaslıqda “Dədə Qorqud” dastanlarının mahiyyəti və
əhatə dairəsi haqqında əsasən iki fikir üstünlük qazanmışdır.
Birinci qənaətə görə, “Dədə Qorqud” ümumtürk təfəkkürünün
özünüifadəsi olan eposdur. İkincisi isə “Dədə Qorqud” konkret
bir coğrafiyanın, daha dəqiq desək, Azərbaycan ulusunun
oğuznaməsidir. Fikrimizcə, bu mülahizələrdən hər ikisi obyektiv
gerçəkliyi ifadə edir. Azərbaycan oğuzları geniş mənada əsas
türk soylarından biri olduğu üçün “Dədə Qorqud”un da
ümumtürk oğuznaməsi hesab olunması təbii haldır. Bundan
başqa, türk dünyasının müxtəlif coğrafiyalarında da Dədə
Qorqud rəvayətlərinin mövcudluğu Qorqud Ata motivinin
ümumtürk miqyasından xəbər verir. Eyni zamanda, Türkiyədə
Bayburd şəhərində, Dərbənddə və Qazaxıstanda Sır Dərya
ətrafında, Kərkükdə Dədə Qorquda aid edilən məzarların olması
da dastanın süjetinin geniş masştabını nəzərə çarpdırır. Bununla
belə, “Dədə Qorqud” Azərbaycan coğrafiyasının, Bayat boyunun
oğuznaməsi kimi də möhtəşəmdir. Dədə Qorqud indiki
Azərbaycan ərazilərindən də geniş coğrafiyada məskunlaşmış
oğuz elinin rəmzi olan ümumiləşmiş obrazdır. Dədə Qorqudun –
məskəni, Vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük bir
məkanda yayılmış oğuzlardır. Altuntaxt – Qorqud elinin
paytaxtı, Dərbənd – qapısı, Alınca (Əlincə) isə qalasıdır. “Dədə
Qorqud”da qədim Azərbaycanın fərqli coğrafi ərazilərindəki
Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, Ağ qaya,
Dərəşam, Sürməli, Qazan göl və başqa yer adlarından bəhs
edilməsi də dastanın geniş mənada Azərbaycanı əhatə etdiyini
göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Səfərəli Babayev “Naxçıvanda “Kitabi-Dədə Qorqud”
toponimləri” adlı monoqrafiyasında (Bakı, “Yeni nəşrlər evi”,
1999) muxtar respublikanın ərazilərində dastandakı yer adları
ilə səsləşən 30-dan çox toponimi qeydə almış, onların haqqında
geniş tarixi-coğrafi məlumatları ictimaiyyətə çatdırmışdır.
Filologiya elmləri doktoru Şamil Cəmşidovun “Kitabi-Dədə
Qorqud” monoqrafiyasındakı (Bakı, “Elm”, 1999) “Kitabi-Dədəm
Qorqud”da təsvir edilən coğrafi mühit” bölməsində isə 40-dan
çox yer adı haqqında məlumatlar öz əksini tapmışdır.
Qorqudşünaslığa aid digər əsərlərdə də yaşayan Dədə Qorqud
yerləri və ya dastanın qəhrəmanlarının adlarını əks etdirən
toponimlər barədə məlumatlar vardır. Hətta mənbələrdə
dastanda adı çəkilən yerlərin hazırda ölkəmizdə bir neçə coğrafi
məkanda eyni adlarla mövcudluğunun göstərilməsi də Dədə
Qorqud boylarındakı motivlərin müxtəlif areallarda
formalaşaraq nəhayət, vahid bir süjet halına gəlib çatdığını
düşünməyə əsas verir. Məsələn, Xocavənd rayonu ərazisində
Qaraca Çobana aid edilən qədim qəbirin müəyyən olunması bu
barədə mövcud olan versiyaları Azərbaycan hadisəsi
səviyyəsində yekunlaşdırır və daha da konkretləşdirərək
möhkəmləndirir. Dastandakı bir çox əsas motivlər “Dədə
Qorqud” boylarını üzvi surətdə əlaqələndirərək birləşdirir. Bu
baxımdan yanaşdıqda “Dədə Qorqud” dastanlarındakı Bayandır
xan – bütün Oğuz elinin rəhbəri, Ulaşoğlu Salur Qazan xan baş
komandanı, Beyrək və Basat sərkərdəsidir. Qaraca Çoban –
oğuz tayfasının sadə adamlarının vətənsevərliyinin və şücaətinin
nümunəsidir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki,
“Kitabi-Dədə Qorqud” dastanlarındakı Oğuz eli – şərti olaraq
Oğuzustan adlandırdığımız siyasi-coğrafi məkan, yaxud
Azərbaycan dövləti deməkdir. Dədə Qorqud – oğuz elinin, daha
geniş mənada türk dünyasının rəmzidir. Bu mənada “Dədə
Qorqud” dastanları müstəqil Azərbaycan dövlətçiliyinin də
təməl əsaslarını əks etdirən qiymətli ədəbi abidədir. “Dədə
Qorqud”dakı oğuz dövlətçilik sistemi Azərbaycanda və türk
dünyasında müstəqil milli dövlət quruculuğu ənənəsi
baxımından yenidən öyrənilməlidir.
Beləliklə, “Dədə Qorqud” – dünya ədəbiyyatında ideya-mövzu
cəhətdən və bədii-sənətkarlıq baxımından çox qiymətli və
mükəmməl bir dastandır. “Dədə Qorqud” – türk
oğuznamələrinin şahıdır. Dünya xalqlarının şifahi xalq
ədəbiyyatında “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisə
edilə biləcək bir əsər tapmaq çətindir. Bu mənada “Kitabi-Dədə
Qorqud” Azərbaycan xalqının, türk dastan təfəkkürünün dünya
eposu xəzinəsinə bəxş etdiyi möhtəşəm sənət abidəsidir. Bəşəri
ideyalarına görə “Dədə Qorqud” dünya şifahi xalq mədəniyyəti
və ədəbiyyatının da möhtəşəm dastan nümunəsidir.
lll
“Kitabi-Dədə Qorqud” dastanlarının ayrı-ayrı boyları bizim
eranın VII əsrinə qədər formalaşmışdır. Bununla belə, “Dədə
Qorqud” boyları içərisində qədim mifologiya ilə bağlı olan
süjetlər və obrazlar da vardır. Dastandakı məşhur Təpəgöz boyu
bizim eradan əvvəlki mifoloji düşüncə və mifik obrazlarla
səsləşir. Eposu elm aləminə ilk dəfə bəlli edən alman şərqşünası
Fridrix Fon Dits də “Basatın Təpəgözü öldürdüyü boy”un antik
yunan ədəbiyyatındakı Homerin məşhur “Odisseya” əsərindəki
Polifem – Təpəgöz obrazından qədimlərə aid olduğunu və hətta
həmin əsərə təsir etdiyini göstərmişdir. Əvvəla, “Dədə Qorqud”
dastanlarının hələ XIX əsrdə Qərbdə dünya üzrə möhkəm bir
möhürü olan antik yunan mifologiyası ilə müqayisə edilməsi,
bərabər tutulması özlüyündə qədimlik baxımından da,
möhtəşəmlik mənasında da mühüm hadisədir. İkincisi isə “Dədə
Qorqud” kitabının “Basatın Təpəgözü öldürməsi” boyundakı yer
adlarının Azərbaycan ərazisində bu günə qədər yaşaması
dastanla yanaşı, onu yaradan xalqın da tarixi keçmişinin qədim
izlərini müəyyən etməyə imkan verir. Artıq qorqudşünaslığa
məlumdur ki, “Basatın Təpəgözü öldürdüyü boy”dakı
toponimlər hazırda da Naxçıvan Muxtar Respublikası ərazisində
yaşamaqdadır. Bizə görə, Şərur rayonu ərazisindəki, tarixi
eramızdan min illərlə əvvəllərə aid olan məşhur daş dövrü
abidəsi Qazma mağarası Dədə Qorqud Təpəgözünün
məskənidir. “Təpəgöz boyu”nda adı çəkilən Salaxana mağarası
ilə Qazma mağarası arasında böyük oxşarlıq vardır. AMEA-nın
müxbir üzvü Səfərəli Babayevin vaxtilə müəyyən etdiyi, indiki
Babək rayonu ilə Şərur rayonunun qovuşduğu ərazidə olan
Salaxana mağarası Qazma mağarası ilə coğrafi cəhətdən bir-
birinə çox yaxındır. Həm də dastanda Təpəgözün iki mağaradan,
böyük və kiçik mağaralardan istifadə etdiyi göstərilir. Fikrimizcə,
eyni coğrafi ərazidə yerləşən bu mağaralar adamyeyən
Təpəgözün salaxanasıdır. “Kitabi-Dədə Qorqud”un həmin
boyundakı Basatın oturduğu, yəni yaşadığı yurd kimi təsvir
edilən Günortac yer adının da Salaxana – Qazma mağaraları
ərazisinə yaxın olması bu ehtimalı daha da dərinləşdirir. Çox
ehtimal ki, Salaxana qayası bütövlükdə Təpəgözün oğuzların
arasından qovularkən gəlib yerləşdiyi “uca dağ məskəni” olan
ərazisinin ümumi adıdır. Səfərəli Babayev də Babək rayonunun
dağlıq sahəsində Salaxan qayası, Salaxan yurdu və Salaxan
mağarasının olduğunu yazır. Salaxana mağarası isə Salaxana
qayası ərazisində yerləşən bir mağaradır. Təpəgözün Basatla
vuruşduğu Saxana mağarası quruluşuna görə Qazma
mağarasına bənzəyir. O biri mağara isə Təpəgözün silah-sursat,
ərzaq anbarı təəssüratı yaradır. Şəxsi müşahidələrimə əsasən
deyə bilərəm ki, “Odisseya”da təsvir olunduğu kimi Qazma
mağarasının da girişi çox dardır və buradan kiminsə ayaqları
arasından asanlıqla keçə bilməsi çox çətin məsələdir. Dastanda
Təpəgözün Basatı ələ keçirmək istədiyi anlara həsr olunan
təsvirlər Qazma mağarasının quruluşuna uyğun gəlir: “Təpəgöz
bildi ki, Basat mağaradadır. Mağaranın qarşısında durub, bir
ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi: “Ay
qoyunların başçıları ərkəclər, bir-bir gəlin keçin!”. Bir-bir gəlib
keçdilər. Hər birinin başını sığalladı. Basat bir anda qoçu basıb
kəsdi, dərisini çıxardı, quyruğu ilə başını dəridən ayırmadı,
dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi
ki, Basat dəri içindədir. Dedi: “Ay qara qoç, ...elə vurram səni
mağara divarına ki, quyruğun mağaranı yağlasın!” Basat qoçun
başını Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan
bərk tutdu. Qollarında buynuzla dəri əlində qaldı. Basat
Təpəgözün ayaqları altından sıçrayıb çıxdı”.
Alman şərqşünası Fridrix Ditsin qənaətinə görə, “Homer Asiya
səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas
həyatını oradan almışdır. Kim bilir, o, bəlkə əfsanəni hər hansı
bir oğuz qəbiləsi arasından eşitmişdir. Çünki bu qəbilə Primanın
müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb
etmişdir”. Deməli, Fridrix Fon Ditsin tezislərinin işığında
Homerin Asiya səfərinin marşrutunu öyrənmək və Oğuz-Yunan
münasibətlərini aydınlaşdırmaqla Təpəgözün mənşəyini dəqiq
müəyyən etmək mümkündür. Bu mənada Salaxana – Qazma
mağaraları oğuz məskənləri kimi dünyada geniş yayılmış
məşhur Təpəgöz süjetinə şahidlik edə bilər. “Dədə Qorqud”
dastanlarındakı Buğa çeşmə, Günortac, Qaranquş yaylağı və
başqa yer adlarının da həmin ərazilərdə indiyədək xalq
yaddaşında varlığını qoruyub saxlaması məlum süjetin bu
eposla daha çox bağlı olduğunu düşünməyə əsas verir.
Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib də vaxtilə
tədqiqatlarında “Dədə Qorqud” Təpəgözünün “Odisseya”dakı
Polifemdən fərqli və üstün olduğu qənaətinə gəlmişdir.
M.H.Təhmasibə görə, Odisseylə Polifem arasında heç bir
qohumluq olmadığı halda, Basatla Təpəgöz eyni ailədə
böyümüşlər: “Polifemə nisbətən Təpəgöz daha rəzil, daha
eybəcərdir... Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor
axırda ona bəla kəsilmişdir”. Odissey Polifemlə təsadüfən üz-
üzə gəldiyi üçün sadəcə olaraq özünü xilas etmək naminə
mübarizə aparmışdır. Basat isə “Qalın Oğuz eli”ni bəladan
qurtarmağa görə məqsədli şəkildə Təpəgözlə vuruşa getmiş
“Dədə Qorqud” qəhrəmanıdır. Bundan başqa, “Odisseya”da
Polifemin yalnız gözləri çıxarılır və nəticədə insanlar keçi dərisi
geyib mağaradan qaçaraq xilas olurlarsa, Basat isə qoyun dərisi
geyinərək mağaradan çıxandan sonra da mübarizəsini davam
etdirir və Təpəgözü öldürənədək vuruşur. M.H.Təhmasibin
qənaətinə görə, Odissey Basat olmadığı kimi, Polifem də
Təpəgöz deyildir. Buna görə də “Dədə Qorqud”dakı “Təpəgöz
boyu” daha mükəmməldir. Professor Əli Sultanlı da “Dədə
Qorqud” dastanlarındakı Təpəgöz-Polifem müqayisəsində
üstünlüyü Təpəgözə vermişdir.
Fikrimizcə, “Dədə Oorqud” boylarındakı Dəli Domrul süjeti də
mifoloji motiv olub, dastanın erkən yaranmış boylarından
biridir. Dəli Domruldakı dirilik uğrunda mübarizə motivi qədim
türklərin yeni tarixə qədərki mifoloji düşüncəsinin dastandakı
əks-sədasıdır. Eyni zamanda, “Dirsə xan oğlu Buğac” boyunda
tanrıçılığın izləri yaşayır. “Dədə Qorqud” dastanlarındakı
savaşların da izlərini bizim eranın əvvəlki dövrlərində baş vermiş
hadisələrlə əlaqələndirmək mümkündür. “Dədə Qorqud”
dastanlarında İç Oğuz və Daş Oğuz anlayışlarının mövcud olması
oğuzların artıq bəlii bir coğrafiyada məskunlaşdıqlarını, oturaq
həyat sürdüklərini göstərir. Fikrimizcə, oğuzların gedib-gəlməsi
köçəri həyatdan çox, qarşılıqlı əlaqələrin, bir çox məqamlarda
isə birliyə cəhdin təzahürləridir. Oğuzların oturaq həyat
sisteminin formalaşması əsasən bizim eranın III-V yüzilliklərində
başa çatdığı üçün “Dədə Qorqud” boylarının da həmin
dövrlərdən etibarən daha sürətlə yaradılmaqda olduğunu
düşünmək mümkündür. Şifahi şəkildə uzun əsrlər ərzində
formalaşsa da, “Kitabi-Dədə Qorqud” boyları artıq VII əsrdə tam
bitkin bir dastana çevrilmişdir. “Kitabi-Dədə Qorqud” kimi
mükəmməl bir dastanın yaranması onu yaradan xalqın qədim
dövrlərdəki epos təfəkkürünün dərinlik və genişliyinin çox
mühüm göstəricisidir. Bu mənada yalnız at çapıb qılınc çalan,
sapand atan Dədə Qorqud qəhrəmanları deyil, belə möhtəşəm
dastan yarada bilmiş xalqın özü də qüdrətlidir. Torpağı
müqəddəs sayan Dədə Qorqud igidləri oğuz elinin basılmazlığını
təmin edən qəhrəmanlardırsa, “Dədə Qorqud” boyda böyük
epos təfəkkürünə malik olmaq bu möhtəşəm dastanı yaratmış
xalqın mənəvi zənginliyinin, geniş dünyagörüşünün, dərin milli
təfəkkürünün, yüksək səviyyədə müdrikliyinin real miqyasını əks
etdirir. Dünya dastanları arasında cəngavər – bahadır dastan
qəhrəmanları çox olsa da, Dədə Qorqud səviyyəsində müdrik
dastan başçısı yoxdur. Dədə Qorqud dünya xalqlarının
dastanlarındakı at çapan, yürüşlərə çıxan, qılınc çalan qəhrəman
tipini “boy boylayan, söz söyləyən”, qopuz çalan, öyüd verən
müdrik qəhrəmanla əvəz etməklə fərqli ad qazanan böyük el
ağsaqqalıdır. Qərb dastanlarının bir çoxunun qəhrəmanları
mənsub olduqları xalqın pərakəndə olmaqdan qurtarmağa
çalışmaq, həyata, insani münasibətlərə, cəmiyyətə alışdırmaq
uğrunda mübarizə aparırlar. Dədə Qorqud isə ucu-bucağı bəlli
olan geniş ərazilərində torpaqları əkilən, sürüləri arana-yaylağa
köç edən, xalqı ova çıxan, mərasimlər keçirən bir elin birliyinin
daha da möhkəmləndirilməsini ümummilli ideal olaraq
yaşatmağı varlığının əsas meyarı hesab edir. “Dədə Qorqud”
möhkəm milli köklərə və qüvvətli mənəvi dəyərlərə malik olan
Azərbaycan oğuzları kimi formalaşmış bir xalqın oturuşmuş
həyat tərzinin və qəhrəmanlıq ruhunun dastanıdır. Xalq olaraq
azərbaycanlıların bütün yüksək milli-mənəvi dəyərləri “Dədə
Qorqud” dastanlarında öz əksini tapmışdır. “Dədə Qorqud”
ümumtürk əhəmiyyətinə malik olan möhtəşəm Azərbaycan
qəhrəmanlıq dastanıdır.
lll
“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya
bəlli edən alman şərqşünası Fridrix Fon Dits bu möhtəşəm
dastanın ilk bələdçisidir. Fridrix Fon Ditsin Almaniyanın Drezden
kitabxanasında saxlanılan “Kitabi-Dədə Qorqud” dastanlarını
elm aləminə bəyan etməsi ümumən şərqşünaslıq elminə və
folklorşünaslığa əvəzsiz xidmətidir. Fridrix Fon Ditsin “Basatın
Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək
yayması, dastana dair məqalə yazması Qorqudşünaslığın
təməlini təşkil edən mühüm elmi hadisədir. Bu mənada Fridrix
Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının ilk kəşfiyyatçısı
olmaqla bərabər, dünya qorqudşünaslıq elminin də
yaradıcısıdır. Bu böyük xidməti ilə alman alimi Fridrix Fon Dits
eyni zamanda “Dədə Qorqud”la bərabər öz adını da ədəbi
olaraq tarixə yazmışdır. Fikrimizcə, Azərbaycanda, türk
dünyasında Fridrix Fon Dits haqqında geniş elmi təsəvvür
yaradan elmi əsərlərə ehtiyac vardır. “Dədə Qorqud”
dastanlarını dünya elminə bəlli etmiş şəxsiyyətin kimliyini,
fəaliyyətini ətraflı və əsaslı şəkildə bilmək maraqlı və
əhəmiyyətlidir. Hələlik isə Fridrix Fon Dits haqqında
öyrəndiklərimiz Rusiya və Türkiyə şərqşünaslığındakı bəzi
məlumatlardan ibarətdir. Məlumdur ki, Fridrix Fon Dits (1751-
1817) Almaniyanın Konstantinopolda səfiri olmuş, şərqşünaslığa
ciddi maraq göstərmişdir. Çoxlu sayda türk atalar sözü və
məsəlləri toplamış, bunlardan 400-nü kitab halında çap
etdirmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə
təqdim etmiş və “Təpəgöz boyu”nu alman dilinə tərcümə
edərək tədqiq və nəşr etdirmişdir. Fridrix Fon Ditsin tərcümeyi-
halını, ictimai-siyasi və elmi fəaliyyətini tam halda öyrənib
cəmiyyətə çatdırmaq yeni dövr Azərbaycan qorqudşünaslığının
üzərinə düşür. Eyni zamanda, Fridrix Fon Ditsin şərqşünaslığa
dair əsərlərinin də Azərbaycan dilinə tərcümə edilərək nəşr
edilməsi elmi-ədəbi əlaqələrimizi daha da inkişaf etdirməyə
şərait yaradar. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və
nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı Sərəncamı
bütün bunlar üçün münasib imkanlar açır.
“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycanda müəyyən
dairələrdə, xüsusən xalq yaddaşında uzun əsrlər boyu bəlli olsa
da, dastan bütövlükdə Həmid Araslı tərəfindən Bakıda 1939-cu
ildə ilk dəfə kitab halında nəşr edilərək yayılmışdır. Bundan
sonra görkəmli Azərbaycan alimi Həmid Araslı “Dədə Qorqud”
dastanlarını 1962 və 1978-ci illərdə yenidən nəşr etdirmişdir.
Sonrakı mərhələdə tanınmış dilçi alimlər Fərhad Zeynalov və
Samət Əlizadə 1988-ci ildə “Dədə Qorqud” dastanlarını geniş
elmi şərhlərlə və izahlarla Azərbaycan oxucusuna çatdırmışlar.
Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud”
filmi ilə dastanın Azərbaycanda müəyyən bir oxucu
auditoriyasının çərçivəsindən çıxaraq, ümumxalq sərvətinə
çevrilməsi istiqamətində mühüm addım atılmışdır. Azərbaycan
xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər
Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi
haqqındakı 20 aprel 1997-ci il tarixli fərmanından sonra
dastanın Azərbaycan xalqına və YUNESKO səviyyəsində dünya
ictimaiyyətinə çatdırılması sahəsində daha geniş miqyaslı və
sistemli iş aparılmış, çoxsaylı elmi tədqiqat əsərləri meydana
çıxmışdır.
“Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edildiyi dövrdə
görkəmli dövlət xadimi Heydər Əliyev bu qəhrəmanlıq
eposunun Azərbaycan xalqına çatdırılmasının əhəmiyyətindən
bəhs edərkən demişdir: “Biz onu da qiymətləndirməliyik ki, bir
çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermiş,
əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud” dastanı
Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf
etmişdir. Bu nəşrlər içərisində “Kitabi-Dədə Qorqud”un 1988-ci
ildə Fərhad Zeynalovun və Samət Əlizadənin rəhbərliyi altında
həyata keçirilmiş samballı nəşrini xüsusi qeyd etmək olar”.
Ümumiyyətlə, “Dədə Qorqud” dastanları Azərbaycanda dövlət
müstəqilliyi ideyasının dərinləşdirilməsinə və daha da
möhkəmləndirilməsinə geniş meydan açan, xalqın qəhrəmanlıq
ruhunu inkişaf etdirən və birlik ideyasına uğurla xidmət edən
əsər kimi həmişə xüsusi olaraq diqqət mərkəzinə çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə
latın qrafikalı ədəbiyyatının kütləvi nəşri haqqındakı 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə nəşr edilən “Dədə Qorqud”
dastanları ölkəmizdə XXI əsrin yeni nəsillərinə təqdim
olunmuşdur. Bütövlükdə “Kitabi-Dədə Qorqud” dastanları
Azərbaycan xalqının Ata kitabı səviyyəsində qəbul olunmuş,
möhtəşəm azərbaycançılıq abidəsinə çevrilmişdir.
lll
Doğru olaraq qeyd edildiyi kimi, son yüzillikdə “Kitabi-Dədə
Qorqud” dastanları haqqında “elmi bir kitabxana” (Kitabi-Dədə
Qorqud (tərtib, transkripsiya və müqəddimə Fərhad Zeynalov
və Samət Əlizadə). Bakı, “Yazıçı”, 1988) yaranmışdır. Son bir
əsrə yaxın dövr ərzində Azərbaycanda “Kitabi-Dədə Qorqud”
dastanlarını tədqiq edib öyrənmiş böyük elm adamları
qvardiyası formalaşmışdır. Əmin Abid, Salman Mümtaz, Həmid
Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif Dadaşzadə,
Məhəmmədhüseyn Təhmasib, Əli Sultanlı, Anar, Mirəli
Seyidov, Şamil Cəmşidov, Kamal Abdulla, Tofiq Hacıyev, Nizami
Cəfərov, Azad Nəbiyev, Fərhad Zeynalov, Səfərəli Babayev,
Samət Əlizadə, Elməddin Əlibəyzadə, Kamil Vəliyev, Bəhlul
Abdulla, Muxtar İmanov, Məhərrəm Qasımlı, Qəzənfər Paşayev,
Məmməd Əliyev, Cəlal Bəydili, Cəlal Qasımov, İsmayıl
Məmmədov və başqalarının əsərlərində “Dədə Qorqud”
dastanlarının mahiyyəti müxtəlif yönlərdən hərtərəfli şəkildə
açıqlanmışdır. Ümumiyyətlə, Dədə Qorqud mövzusu dünya elmi
miqyasında əhəmiyyətli bir problem olsa da, Azərbaycan
“Qorqudşünaslıq” elminin əsas mərkəzi olmaq statusu
qazanmışdır. Məlumdur ki, XX əsrin əllinci illərində “Dədə
Qorqud” dastanlarına görə Azərbaycan alimlərinin “pantürkist”
damğası ilə təqib olunduğu dövrlər də olmuşdur. Lakin
Azərbaycanda Qorqudşünaslıq elmi həmişə çətin yollardan
keçərək yaşamış, axtarışlarını davam etdirmişdir.
Türkiyə Qorqudşünaslığı dastanın tədqiqi və nəşri istiqamətində
mühüm nəticələr əldə etmişdir. Kilisli müəllim Rüfətlə 1916-cı
ildən başlanan “Dədə Qorqud” axtarışları Türkiyədə Fuad
Köprülüzadə, Orxan Şaiq Kökyay, Məhərrəm Ergin və Fəxrəddin
Kırzıoğlu kimi dünyada tanınmış məşhur Qorqudşünas alimləri
meydana çıxarmışdır. Orxan Şaiq Kökyayın min səhifədən çox
olan “Dədə Qorqud kitabı” adlı əsəri Qorqudşünaslıq elminin
möhtəşəm abidəsi hesab olnur. Orxan Şaiq Kökyay –
Qorqudşünaslığın böyük başbiləni olaraq qəbul edilir.
Avropa Qorqudşünaslığı baxımından Dədə Qorqud tədqiqatları
alman şərqşünaslığında daha çox inkişaf etmişdir. Yakov Reyske,
Fleyşer, Fridrix Fon Dits, Vilhelm Qrimn, Fyodor Nyoldeks,
Volter Ruben və başqalarının Dədə Qorqudun üzə çıxarılması,
tərcüməsi, nəşri və tədqiqi sahəsindəki xidmətləri sayəsində
dastan Avropada yayılmış, digər Qərb ölkələrində də tədqiqatlar
və nəşrlər əsasən bu zəmində meydana çıxmışdır. “Kitabi-Dədə
Qorqud” dastanlarının vətəni Azərbaycan olduğu kimi, dastanın
əsas əlyazmasının ölkəsi də Drezden, Almaniyadır. Azərbaycan –
dünya dastan hadisəsi olan “Dədə Qorqud”un paytaxtı, Drezden
isə dastanın əlyazmasının mavzoleyidir.
Vaxtilə İtaliyada tapılmış Vatikan nüsxəsi əsasında bu ölkədə də
Qorqudşünaslıq müəyyən inkişaf yolu keçmişdir. Almaniyada
Fridrix Fon Ditsin gördüyü işi İtaliyada həyata keçirmiş Ettore
Rossi Qorqudşünaslığa qiymətli bir əlavə etmişdir. Beləliklə,
Vatikan – “Kitabi-Dədə Qorqud” əlyazmalarının daha bir
qiymətli xəzinəsinə çevrilmişdir.
Heç şübhəsiz, “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqində
Rusiya şərqşünaslığının böyük rolu və xidmətləri vardır.
Akademik Vasili Bartold Rusiya Qorqudşünaslığının atasıdır.
“Dədə Qorqud” dastanını rus dilinə tam halda tərcümə edən
V.Bartoldun yazdığı şərhlər və izahlar, apardığı tədqiqatlar
Qorqudşünaslığa mükəmməl elmi xidmət kimi daxil olmuşdur.
Burası da əhəmiyyətlidir ki, “Dədə Qorqud” boyları haqqında
qiymətli tədqiqatında V.V.Bartold dastanı Qafqaz, Azərbaycan
hadisəsi hesab etmişdir. Onun fikrincə, o zaman “nə kiçik
Asiyada, nə də Balkan yarımadasında epik hekayələrin qorunub
saxlanılması üçün münasib şərait yox idi. Dədə Qorqud
əfsanələrinin mənşəyinin necə olmasından asılı olmayaraq,...
dastandakı epik süjetlər çətin ki, Qafqaz mühitindən kənarda
formalaşa bilərdi”. Eyni zamanda, Dədə Qorqudun və dastanın
digər qəhrəmanlarının məzarlarına Dərbənddə, Təbrizdə və
Urmiyada rast gəlinməsi haqqında irəli sürdüyü mülahizələr də
Vasili Bartoldun dastanın Azərbaycanla üzvi surətdə əlaqədar
olmasına dərindən inam bəslədiyini göstərir. Həqiqətən də
görkəmli alimin “Türk eposu və Qafqaz” məqaləsi yığcam
həcmə malik olan böyük elmi əsər kimi qəbul edilməyə layiqdir.
Bundan başqa, Rusiya alimlərindən A.Y.Yakubovski, xüsusən
V.M.Jirminski, V.V.Radlov, A.N.Kononov, K.A.İnnostrantsev,
Moskvada yaşamış Azərbaycan alimi Xalıq Koroğlu –
qorqudşünaslığa sanballı elmi töhfələr vermişlər. Özbəkistanda
Hadi Zərifov, Qazaxıstanda Çokan Vəlixanov, Baltabek İsakov,
Şakir İbrayev, E.Konbatbayev, Türkmənistanda Aşır Orazov,
Annaquban Aşırov, Ata Rəhmanov, Əhməd Bekmuradov, Məti
Kosayev və başqalarının tədqiqatlarında “Dədə Qorqud”
dastanları geniş təhlil edilmiş və tanıdılmışdır. V.M.Jirminskinin
“Kitabi-Dədə Qorqud” və oğuz qəhrəmanlıq eposu”
monoqrafiyası dünyada qəbul edilmiş mötəbər elmi
mənbələrdən biridir.
“Kitabi-Dədə Qorqud” dastanları rus, alman, ingilis, fransız,
italyan, polyak, fars, latış, litva, gürcü və başqa dillərə tərcümə
edilərək nəşr olunmuşdur. “Dədə Qorqud” Türkiyədə və
Mərkəzi Asiyada ortaq dastan kimi geniş yayılmışdır. Beləliklə,
həm “Dədə Qorqud” dastanının nəşri, həm də bu möhtəşəm
abidəyə həsr edilmiş tədqiqatların coğrafiyası dünyanın bir neçə
qitəsini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və
nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 20 fevral 2015-
ci il tarixli Sərəncamı dastanın və onun haqqında olan
tədqiqatların Odisseyasının daha da genişlənməsinə böyük
imkanlar yaradacaqdır. Hazırkı dövrdə Azərbaycan
qorqudşünaslığının elmi nailiyyəti hesab edilməyə layiq olan
tədqiqat əsərlərinin dünya dillərinə tərcümə edilərək yayılması
“Dədə Qorqud” dastanlarının öyrənilməsində ölkəmizin rolunun
və alimlərimizin xidmətlərinin beynəlxalq aləmə çatdırılması
baxımından əhəmiyyətli olar. İnanırıq ki, dünyanın mükəmməl
epos nümunəsi olan “Dədə Qorqud”a müasir mərhələdə yeni
münasibət xüsusi və böyük bir elm sahəsinə çevrilmiş
qorqudşünaslığın müstəqillik işığında Azərbaycanda və
beynəlxalq miqyasda daha dərinliklərə doğru inkişafına öz
töhfəsini verəcəkdir.
Document Outline - Qorqudşünaslıq elminin genişlənən imkanları
Dostları ilə paylaş: |