İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
www.jpis.az 31
UOT 316.77
Məmmədova L.R.
Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
leylarashid@mail.ru
YENİ MEDİA İCTİMAİ SFERANIN YENİ MODELİNİ YARADAN FAKTOR KİMİ
Məqalədə yeni media kontekstində ictimai sferanın formalaşma prosesi araşdırılır. İnformasiya
cəmiyyətində demokratik və kollektiv ünsiyyət platformasının, ictimai sferanın yaradılmasında
yeni medianın imkanları, unikal xüsusiyyətləri və konsepsiyaları müzakirə edilir. “İctimai sfera”
anlayışı və onun tarixi-fəlsəfi əsaslarının ümumi xarakteristikası verilir, yeni media ictimai
sferanın yeni nəzəri modeli kimi tədqiq edilir. İctimai sferanın mövcud vəziyyəti və spesifik
xüsusiyyətləri təhlil olunur, cəmiyyətin mühüm problemlərinin həllində, ictimai həmrəylik və
vətəndaş dialoqunun qurulmasında ictimai sferanın rolu araşdırılır. Yeni medianın
mərkəzləşdirmə, interaktivlik kimi spesifik xüsusiyyətləri, şəbəkə strukturu, dövlət tərəfindən
nəzarətin olmaması, informasiyanın əldə olunmasında, ötürülməsində və paylanmasında
analoqu olmayan rahatlıq imkanları və məkan-zaman sərhədsizliyi konsepsiyası sayəsində yeni
ictimai sferanın formalaşması əsaslandırılır.
Açar sözlər: yeni media, ictimai sfera, informasiya cəmiyyəti, vətəndaş cəmiyyəti, sosial şəbəkə,
ifadə azadlığı.
Giriş
Bu gün sürətlə inkişaf edən informasiya cəmiyyəti vətəndaşların informasiya fəaliyyətinin
artırılması, sosial strukturun ən dinamik sahələrinə informasiya sənayesinin transformasiyası,
çevik şəbəkə strukturlarının geniş yayılması sayəsində ictimai təşkilat və əməkdaşlığın bütün
modellərinin dəyişikliyi kimi fundamental xüsusiyyətlərlə xarakterizə olunur. İnformasiya
cəmiyyətinin inkişafı ilə paralel olaraq müasir vətəndaş cəmiyyətinin də formalaşma prosesi
gedir. Vətəndaş və informasiya cəmiyyətlərinin, demokratiya ideologiyasının təməl
nöqtələrindən biri olan ifadə azadlığının, fikir formalarının meydana çıxmasında əhəmiyyətli rol
oynayan kütləvi informasiya vasitələri (KİV) həm də düşüncə formaları, fikir istehsal edir. Bu
mənada, yeni media demokratik və azad fikir sahəsi olub, ənənəvi mediadan fərqli olaraq,
auditoriyanın mediada davamlı və azad şəkildə iştirakını təmin edir, interaktivlik xüsusiyyəti və
çoxqatlı quruluşu ilə insanlara özünü ifadə etmək, sosial-siyasi prosesləri müzakirə etmək və
onların iştirakçısına çevrilmək imkanı verir. Media, eyni zamanda, aid olduğu sosial sistemin
formalaşmasında və interpretasiyasında təsirli bir vasitədir. Bu kontekstdə “İnternetin
imkanlarına əsaslanan və əvvəlki KİV formalarının hamısını öz qanadı altına yığan yeni media
qlobal informasiya məkanının, cəmiyyətinin ən mühüm atributu və əsas təkanverici
qüvvəsidir” [1]. Yeni medianı yaradan və yeni medianın da təqdim etdiyi nəzəri baxışlar
postmodern, postsənaye, informasiya cəmiyyətinə xas elmi-nəzəri fikir, konseptual modeldir. Bu
nəzəri baxışlar qloballaşma və modernləşmə şəraitində, ən böyük əmtəənin informasiya halına
gəldiyi, hər cür məlumatın anında qəbul edilmə və ötürülmə sürəti ilə coğrafi məsafələrin
ortadan qalxdığı informasiya cəmiyyətində zaman, məkan və həqiqət anlayışlarının yeni təhlilini,
kommunikasiya vasitələrinin və yeni metodlarının formalaşdırılması, vətəndaş fəallığı üçün
naməlum imkanların aşkar olunması və informasiya-şəbəkə sisteminin müasir ictimai həyatda,
xüsusilə, sosiallaşma proseslərində oynadığı rolun qiymətləndirilməsi məsələlərinin tədqiqini
zəruriləşdirir. Yeni medianın spesifik xüsusiyyətlərinin, məkan və zaman sərhədsizliyi
konsepsiyalarının diskriminasiyasız, bərabər və azad kommunikasiya mühiti, təcrübə və fəaliyyət
məkanı, demokratik bir ictimai sfera yaratma potensialı xüsusi araşdırma tələb edir.
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
32 www.jpis.az
Yeni media informasiya cəmiyyətinin nəzəri modeli kimi
XX əsrin sonu - XXI əsrin əvvəllərində informasiya texnologiyalarının təkamülü
keyfiyyətcə yeni kommunikasiya muhitini, qlobal İnternet şəbəkəsini meydana gətirdi.
İnformasiya texnologiyalarında yaşanan bu inkişafla İnternet unikal informasiya və
kommunikasiya resursu olaraq KİV-in əvvəlki formalarını özündə birləşdirən yeni media
sistemini formalaşdırdı. Yeni media anlayışı kütləvi kommunikasiya vasitələrilə hər cür istehsal,
paylaşma və ünsiyyət formasını müəyyənləşdirən, bütün mediaları ehtiva edən fenomen, ictimai
platforma kimi ifadə ounur. ABŞ-ın San-Dieqo Universitetinin professoru, yeni media üzrə
tanınmış mütəxəssis Lev Manovic “Yeni media dili” (“The Language of New Media”) adlı
kitabında bu anlayışı interfeyslər, məlumat bazaları və s. kimi quruluşa dair xüsusiyyətlərin necə
bir ifadə daşıdığını uğurlu şəkildə izah edir. O, “qrafiklərin, şəkillərin, animasiyaların, səslərin,
məkanların və mətnlərin kompüter məlumatı halına gəlməsiylə ənənəvi KİV-in yeni mediaya
çevrildiyi”ni vurğulayır [2].
Yeni medianın KİV-in mərkəzləşdirmə, şəbəkə strukturu, onlayn rejim, dövlət
nəzarətinin olmaması, informasiyanın əldə edilməsində, ötürülməsində və paylanmasında
analoqu olmayan rahatlıq, elastiklik, açıqlıq, əlyetərlilik, fərdi yanaşma, hipermətn özəlliyi,
həcm məhdudiyyətinin olmaması, ucuzluq, multimedia özəlliyi, arxivləşdirmə imkanı,
interaktivlik, obyektivlik kimi spesifik xüsusiyyətləri [3, 4] onu ənənəvi mediadan üstün edən
faktor, demokratik və kollektiv ünsiyyətə əsaslanan ictimai sahə yaratma potensialının
göstəricisidir.
Yeni medianın informasiyanın təqdimatında hiperistinad, bağlantı qurma imkanı
simulyasiya yaradır. Fransız filosofu Yan Bodriyyara görə, inkişaf edən texnologiyalarla birlikdə
dünyanın simulyasiya edilməsi- modelləşdirilmə prosesinin başlanması ilə gerçəklə görünüş
arasındakı sərhədlər getdikcə silinir, belə bir dövrdə - postsənaye cəmiyyətinə keçid zamanında
artıq televiziya hər şeydir; hər bir şey televiziyada danışılır, televiziyada yaşanır [5]. Onun bəhs
etdiyi simulyasiya dünyasında - zaman və məkan asılılığı olmadan ən böyük əmtəənin məlumat
halına gəldiyi informasiya cəmiyyətində, yeni medianın nəzəri formaları zaman, məkan və
həqiqət anlayışlarına yeni yanaşma tələb edir.
Postmodern dövrü üçün xarakterik olan şəxsiyyət və içində yaşadığı sistemin
parçalanması, ikitərəfli müxaliflik, böyük povestlərin sonu, multikulturalizm kimi
xüsusiyyətlərin yeni mediaya üçün də keçərli olduğunu deyə bilərik. Bu baxımdan, dövrün
xüsusiyyətləri ilə bu dövrün məhsulu olan medianın xüsusiyyətləri bir-birilə harmoniya təşkil
edir. L.Manovic, haqlı olaraq, köhnə media məntiqinin sənaye cəmiyyəti məntiqinə, yeni media
məntiqinin isə postsənaye cəmiyyəti məntiqinə uyğun olduğunu irəli sürür [3]. İnformasiyanın
əsas istehsal məhsuluna çevrildiyi, daha azad bir cəmiyyət olub-olmadığı müzakirə mövzusu
olan postmodern cəmiyyətinin məhsulu kimi yeni medianın imkanları demokratik və kollektiv
ünsiyyətlə şərtlənən sosial məkanı meydana gətirir. Yeni medianın özü ilə gətirdiyi nəzəri forma
ideologiyanın gizlənməsinə xidmət etdiyindən bu nəzəri modelin demokratik və kollektiv bir
ünsiyyət yaratma potensialı xüsusi araşdırma tələb edir.
İctimai sfera anlayışı
Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman
filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın “İctimai sfera” konsepsiyasıdır. Onun
“İctimai sferanın struktur çevrilişi” kitabında (1962) bəhs edilən “ictimai sfera”, sadələşdirilmiş
mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi
izah edilir [6]. Y.Habermas ictimai sferanın modelləşdirilməsində Hegelin sosial fəlsəfəsinə
əsaslanır. Lakin o, ictimai sferanı Hegeldən fərqli olaraq, dövlətdən ayrı və müstəqil,
K.Marksdan fərqli olaraq, bazardan kənar yerdə axtarır və bu məkanı ictimai sfera hesab edir.
Y.Habermasa görə, ictimai sferanın inkişafında həlledici rol dövri mətbuatın inkişafı, xüsusilə,
XVIII əsrdə siyasi jurnalistikanın vüsət aldığı vaxtda, insanların salonlarda, mağazalarda və
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
www.jpis.az 33
digər ictimai yerlərdə qəzet məqalələrini, mövcud problemlərə həsr olunmuş materialları
müzakirə etmək üçün toplaşması ilə əlaqədardır [7, 8]. Çap mətbuatının meydana gəlməsi və
inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni
səviyyədə müzakirə edən fiziki şəxslərin “virtual” icması kimi ortaya çıxır. Məhz bu sosial
mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial
bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur.
İctimai sfera anlayışı müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin
etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf
etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir [9]. İctimai sferalar mədəniyyətdən,
dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950-
1960-cı illərdə “ortaq sahələr” və ya “vətəndaşlara aid sahələr” şəklində xarakterizə edilmiş,
1970-ci illərdə “ictimai sfera” anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış
yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi
elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera
kimi təyin etmək mümkündür.
Elmi ədəbiyyatda ictimai sfera anlayışına müxtəlif aspektlərdən yanaşmalar, fərqli
nəzəriyyələr, mülahizələr mövcuddur [10]. Alman alimi Miriam Hansen alman dilindəki
“öffenlichkeit” termininin ingiliscədəki qarşılığı olan “public sphere”dən daha geniş məna ifadə
etdiyini, sadəcə məkan anlayışını bildirməyib, eyni zamanda, bu proses içində yaradılan
kollektiv birliyin məzmunu olduğunu göstərir. Digər alman alimləri Oskar Negt və Aleksandr
Kluqeyə görə, ictimai sfera anlayışı, bir tərəfdən, təcrübə sahibi olmaq, əlaqələr və bağlantılar
qurmaq, reallıq və fantaziyaların bir-birinə keçidi ilə keçmişi xatırlamaq və başqa bir gələcəyi
təxəyyül etmək qabiliyyətlərinə söykənir, digər tərəfdən, bu qabiliyyətlərin sənayeləşmə,
urbanizasiya və müasir istehlak mədəniyyətinin təsiri ilə tarixən parçalanmasına və çevrilməsinə
işarə edir.
Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik
Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda,
xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi. Aristotel
üç əsas birlik formasından bəhs edir: törəmə və yaşamaq üçün ehtiyacların ödənilməsi ilə
qurulmuş iqtisadi bir vahid olan ailə; birdən çox ailənin bir araya gəlməsindən ibarət olan kənd
və ən yüksəyi yaxşını hədəfləyən və insan təbiətinin özünü tamamilə reallaşdıran siyasi bir birlik
olan şəhər [11].
Feodalizm dövründə feodal öz mövqeyini ictimai kimi təmsil etdiyindən ictimai sfera bir
idarəçinin konkret varlığına bağlı idi. Görkəmli ingilis alimi Eduard Taylor ictimai sferanı
cəmiyyət üzvlərinin ortaq bir görüş meydana gətirmək məqsədi ilə fikir mübadiləsi apardıqları
mühit kimi qəyərləndirir. Digər ingilis alimi Con Lokk fərdləri romantikliyin, duyğunun və
mərhəmətin yer aldığı xüsusi, yəni qadınların sahəsi, şüurluluğun, müqavilənin və mübadilənin
də reallaşdığı ictimai, yəni azad kişilərin sahəsi və cəmiyyətin xidmətindəki polis, prokuror və
əsgərlərin siyasi sahəsi olaraq qruplaşdırır. Fransız filosofu Jan-Jak Russo və alman filosofu
Hegel isə cəmiyyəti qadınların, uşaqların və əlillərin dünyası olan xüsusi sahəyə, dövlətə
sədaqətlə xidmət edən kişilərin dünyasını ictimai sfera adlandırırlar [12]. Romantiklik, mərhəmət
kimi xüsusiyyətlər qadına, müzakirə və mübadilə xüsusiyyətləri kişilərə aid sayılır, qadın ev
daxili işləri yerinə yetirərkən, kişi evin xaricindəki işləri həll edir, qadın şəxsi həyata (və əslində
kişinin şəxsi həyatına) aid olarkən, kişi ictimai həyatda etməsiylə təyin olunur. Belə olduqda,
ictimai sferada kimlərin iştirak edə biləcəyi sualı əhəmiyyət kəsb edir.
Xüsusi və ictimai sfera arasındakı diskriminasiya (ayrı-seçkilik), XVIII- XIX əsrlərə
təsadüf edən fərd və subyekt, “mən” anlayışlarının transformasiyası ilə əlaqədardır [13]. Xüsusi
və ictimai sfera ayrı-seçkiliyi fərdin yalnız özünü maraqlandıran məsələlərlə cəmiyyətin ümumi
mənafeyinə dair məsələlər arasındakı müasir diskriminasiya, inkişaf edən kommunikasiya
texnologiyaları sayəsində, bir tərəfdən, bir-birlərinə yaxınlaşarkən, digər tərəfdən, getdikcə
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
34 www.jpis.az
cəmiyyətdən təcrid olunan, izolyasiyalı müasir insan üçün media, içində yaşadığı dünyanı
qavrayıb mənalandırma, ictimai məsələlərdən xəbərdar olma (informasiya), digər insanlarla
əlaqə qurma (kommunikasiya), öz şəxsiyyətini formalaşdırma vasitəsidir. Bu baxımdan, yeni
medianın ictimai sfera yaratma imkanlarının araşdırılması əhəmiyyət kəsb edir.
Qərb modernistlərinin individualist yanaşmasına görə, ictimai sfera vətəndaşların müəyyən
mövzularda həmişə birlikdə müzakirə, danışmaq və əylənmək istəyi ilə bir araya gəlmələrini
tələb edir. İctimai və xüsusi olan arasında bir ayrı-seçkilikdən danışılması üçün xüsusi sferaya
aid, yəni fərdin yalnız özünü maraqlandıran məsələlər ilə ictimai sferaya aid - cəmiyyəti
bütünlüklə maraqlandıran məsələlər arasında diskriminasiya lazımdır.
Dünyanı öz baxış bucağından açıqlayıb, yalnız özünə güvən, şəxsi mənfəətlərini hər şeyin
mərkəzinə yerləşdirən müasir insanların “ictimai” məsələlərin onların məsələləri olub-olmadığı
da müzakirə edilməlidir. Xüsusi, ictimai sfera ayrı-seçkiliyinin özü ictimai məsələlərin fərdlərin
məsələsi olmadığı eyhamını daşıdığı üçün kapitalizm fərdləri ictimai məsələləri müzakirə,
ictimai sferada iştirak etmə düşüncəsindən uzaqlaşdırır. Lakin informasiya cəmiyyətində siyasi
proseslər və qərar qəbuletmə mexanizmlərindən uzaq olan vətəndaşlar İnternetin imkanları ilə bu
proseslərin fəal iştirakçısına çevrilir, sosial-siyasi proseslərə təsir etmək fürsəti qazanır, yeni
medianın yaratdığı yeni ictimai sferanın üzvləri həm də ictimai məsələlərin müzakirəsində fəal
olur.
Beləliklə, ictimai sfera individuallaşma (fərdiləşmə) və sekulyarlaşma (dünyəviləşmə)
proseslərinin məhsulu olan müasir bir anlayışdır. Bu sfera müxtəlif növ sosial qrupların qarışığı,
qeyri-bərabər iştirakçılar arasında polemika, mübahisə, mühakimə və təcrübə məkanıdır, ictimai
prosesdir. Televiziya və radionun bir çox diskussiya, debat proqramları, intellektual, əyləncə
verlişləri ictimai sfera yaratsa da, bu sosial məkan məhdud auditoriya, iştirakçının seçilməsi,
davamsızlıq ilə xarakterizə olunur. Amma yeni medianın yaratdığı yeni təcrübə forması bütün
fərdlərə bərabər olaraq azad şəkildə iştirak etmək, məkan və zaman məhdudiyyəti olmadan öz
bilik və təcrübələrini bölüşmək imkanı verir. Bu mediada reallıq və fantaziya arasındakı sərhəd,
demək olar ki, tamamilə silinir, istənilən cografi məkana qısa vaxt ərzində səfər etmək,
hərəkətlilik, böyük bir kitabxana içində gəzişməyə bənzəyən səyahət, bu gündən keçmişə keçid,
gələcəyin təxəyyül edilməsi kimi unikal xüsusiyyətlər yeni ictimai sferanı müəyyən edir.
Yeni media ictimai sferanın nəzəri forması kimi
Media kontekstində ictimai sfera demokratik şəxslərin aktual və sosial əhəmiyyətli
hadisələr haqqında müzakirələri, ictimai fikrin kollektiv ifadəsinın nəticəsi olaraq şərti bir
virtual cəmiyyət hesab olunur. İctimai sfera vətəndaş cəmiyyətinin mövcudluğu üçün mühüm
şərtdir. İctimai sferası inkişaf etməmiş vətəndaş cəmiyyətlərində siyasi qərarların qəbul
edilməsində cəmiyyətin üzvləri iştirak etmir. Eyni əhəmiyyətli sosial inteqrasiya vasitəsi, sosial
həmrəylik formaları və sosial fəaliyyət tədbirləri qismində müzakirə arenası olması ictimai
sferanın xüsusiyyətidir. Qeyd etmək lazımdır ki, İnternet-media çərçivəsində ictimai sferada
elitar auditoriya kütlədən fərqlənmir, beləliklə də, vətəndaşların heç biri ictimai müzakirələrdən
kənarda qalmır.
J.Habermasın ictimai sferanın mahiyyətini əks etdirən və etikanın universal prinsipi kimi
ədalət və həqiqət prinsipinə əasalanan nəzəri fikirləri bir çox alim tərəfindən tənqid olunmasına
baxmayaraq, İnternetin inkişafının müasir mərhələsində universal etika konsepsiyasının əksər
tələblərinin ödənildiyini deyə bilərik.
Y.Habermasın xarakterizə etdiyi ictimai sfera demokratik radikal əməliyyatların zəmanət
verdiyi, bundan əlavə, gerçək bir bərabərlik və azadlıqla şərtlənən kommunikativ rasionalizm
vasitəsilə yaradılmış siyasi sferadır [14]. Bu baxımdan, yeni medianın kommunikativ
rasionalizm məzmununda demokratik ictimai sfera yaratma potensialının müzakirəsi əhəmiyyət
kəsb edir. Y.Habermas müasirliyin tamamlanmamış bir layihə olduğunu söyləyərək müasir
dövrdə təsvir edilən köhnə ideyaların aşkarlıq prinsipi ilə reallaşacağını irəli sürür. O, müasirliyi
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
www.jpis.az 35
səmərələşdirici müddət olaraq görür və ictimai sferanı texniki məsələlərin sahəsinə reduksiya
edir. Yeni medianın hələlik kommunikativ rasionallığı, səmərəliliyi daha çox nəzarət mexanizmi
funksiyası daşıyır.
Fransız filosofu Jan Fransua Liotar meta-povestlərin sonunun gəldiyi və hər şeyin
parçalandığı postmodern dünyada mediasiyaya əsaslanan ictimai sferanın mümkünsüzlüyünü
düşünərkən Amerika alimi Devid Harvey “bütün qrupların öz səsləriylə danışma və bu səsi
qanuni qəbul etdirə bilmə haqqına sahib olmasının” postmodernizm üçün təməl bir nöqtə
olduğunu söyləyir [15,16].
Digər amerikalı alim Duqlas Kellner informasiya-kommunikasiya texnologiyalarının
inkişafı ilə demokratiyanın əlaqəsi üzərində dayanır, yeni texnologiyanın və demokratiyanın
müdafiəçilərinin, media və siyasətdən təcrid olunan qrup və fərdlərin adi siyasi müzakirələrin
mövzusu olmayan fikirləri yaymaq və ümumiyyətlə, müxalifyönlü müzakirə və dialoqlara
qoşulmaq imkanı əldə etdiyini irəli sürür və bu baxışa əsasən, yeni kommunikasiya
texnologiyalarının demokratiyaya töhfə olduğunu göstərir [10].
Qloballaşma üzrə tanınmış Amerika tədqiqatçısı, sosioloq Saskiya Sassenə görə, “İnternet
öz transmilli xarakteri etibarilə, bütün səviyyələrdə demokratik iştirakın təmin olunması,
vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi, siyasi və mülki layihələrlə dünyanın
yeni görünüşünün formalaşdırılması üçün son dərəcə mühüm vasitə və sferadır” [17].
Y.Habermasa müraciət edən görkəmli ingilis tədqiqatçısı Frederik Uebster təsdiq edir ki, XXI
yüzilliyin ictimai sferasını açıq müzakirə, hökumətin tənqidi, iqtisadi maraqlardan çıxış edən
şəxslərin şəffaflığı və müstəqilliyi və dövlətə nəzarət kimi xüsusiyyətlər şərtləndirir [18].
Beləliklə, informasiya cəmiyyətinin əsas konsepsiyası olan yeni medianın imkanları
sayəsində artıq insanlar daimi özünü ifadə etmək hüququ qazanırlar, lakin yaşanan bu vəziyyət
fərdlərin, cəmiyyətin tam azadlığı anlamına gəlmir. Yeni media texnologiyaları, sosial şəbəkələr
fərqli və hətta zaman-zaman sistemdən təcrid olan qrupların öz səslərinin eşidilməsinə,
fikirlərinin ifadəsinə şərait yaradır, fərdlər arasındakı məkan və zaman məhdudiyyətini aradan
qaldıraraq yeni media formalarını ictimai platformaya çevirir. Y.Bodriyyar qeyd etdiyimiz
ictimai platformanın hər hansı bir inqilab ya da azadlıq ortaya çıxaramayacağını, kütlələrə edilən
çağırışın hər zaman cavabsız qalacağını bildirir: kütlələr təmsil edilə bilmir, fikirləri nəzərə
alınmayan fərdlərin yalnız nə düşündükləri mövzusunda testlər edilir [5]. 2011-ci ildən Tunis
və Misirdə başlayıb digər ərəb ölkələrində davam edən qiyam və üsyanlar, diktatorların siyasi
səhnədən uzaqlaşdırılmasında Facebook, Twitter və Wikileaks kimi sosial şəbəkələrin rolu
Y.Bodriyyarın nəzəri düşüncəsinin yalnış olduğunu göstərdi. Biz Y.Bodriyyarın fikirlərinin əksi
olaraq, Şimali Afrikadan başlayıb Orta Şərqə yayılan üsyanlara, sosial inqilablara və onların
doğurduğu demokratik proseslərə əsaslanaraq hesab edirik ki, yeni media informasiya-
kommunukasiya mühiti olmaqla yanaşı, demokratik məkan, ictimai platforma kimi cəmiyyətdə
gedən sosial proseslərin real mənzərəsini yaradır, xalqın düşüncə və istəyini, hakimiyyətin hansı
fəaliyyətlə və necə məşğul olduğunu əks etdirir, eyni zamanda, siyasi proseslər və qərar
qəbuletmə mexanizmlərindən uzaq olan vətəndaşları bu proseslərin fəal iştirakçısına çevirir və
dünyanın siyasi mənzərəsinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.
Yeni medianın ictimai sfera yaratma imkanları
İnformasiya-kommunikasiya sisteminin tamamilə yeni metod və vasitələrinin
formalaşması sosial sferanın yeni strukturunu müəyyən edir. Yeni texnoloji və ideoloji İnternet
paradiqmasına - Web 2.0-ə keçid və sosial şəbəkələrin ortaya çıxması, interaktiv ünsiyyət imkanı
ilə Y.Habermasın vətəndaş cəmiyyəti, ictimai sfera konsepsiyası aktuallaşdı. Bu səbəbdən,
İnternet-medianın imkanlarının yeni ictimai sfera yaratması məsələləri xüsusi araşdırma tələb
edir.
Qlobal İnternet şəbəkəsinin mahiyyətin əks etdirən mərkəzləşdirilmiş rabitə sistemi
qarşılıqlı əlaqənin yeni formalarını yaradır, istifadəçilər arasında münasibətlərin yeni növünü
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
36 www.jpis.az
təqdim edir, vətəndaşlara dövlətlərin hüdudlarından kənarda dialoq qurmaq imkanı verir. Yeni
medianı ənənəvi KİV-dən ayıran digər mühüm xüsusiyyəti iri həcmli informasiyanı ucuz
qimətlə və ani olaraq böyük məsafələrə yaymaq imkanıdır.
Bu gün böyük coğrafi məkanları birləşdirən, uzaq məsafələri yaxın edən yeni media
texnologiyaları əslində məsafələri artırmaqdadır. Hadisə nə öz xüsusi məkanıyla, nə də öz
zamanıyla məhdud deyil, çünki hər yerdə yayımlana və dəfələrlə təkrarlana bilir. Hadisənin
özünün onun axtarışından daha əhəmiyyətsiz hala gəlməsindən bəhs edən alman alimi Ernst
Jünger göstərir ki, hadisə və hadisənin ötürülməsi arasındakı sərhədlərin tutqunluğu, təcrübənin
zaman və məkan anlayışlarından qopması, bizim dünyaya baxan bir gözə çevrilməyimizə səbəb
olmaqdadır [6].
Ənənəvi KİV-in ideologiyasında əyanilik, mövcud olmaq anlayışı, təsvir, səs və görüntü
ilə şərtlənirdisə, yeni medianın nəzəriyyəsində mövcudluq, varlıq anlayışı interaktivliyə
əsaslanaraq, vizuallığa ekvivalent olur. İnteraktivlik xüsusiyyəti auditoriyanın mediada iştirakını
və aktivliyini təmin edir, hadisələrə reaksiya vermək, münasibət bildirmək, şərh yazmaq, istinad
göstərmək imkanı yaradır. Televiziya izləyicini dünyada baş verən hadisələrdən xəbərdar
edərkən, hadisələrin ard-arda düzüm məntiqi ilə proqramlaşdırılması, məlumatın subyekt-obyekt
formatında təqdim edilməsi insanı passivləşdirir. Yeni media isə, qeyd etdiyimiz kimi,
interaktivlik xüsusiyyəti sayəsində, sosial forumlarda, distant təhsildə, onlayn oyunlarda iştirak
edən və az qala, tamamilə texnologiyaya bağlı olan istifadəçinin yerindən durmadan belə, hər
yerdə və hər zaman hərəkətdə olduğunu düşünməsinə səbəb olur. Ənənəvi media auditoriyaya,
əsasən, müşahidə etmək imkanı təqdim etdiyi halda, yeni medianın auditoriyası həm müşahidəçi,
həm də iştirakçı funksiyasına sahib olur.
Yeni medianın təməl perspektivi olan interaktivlik onun arxasında dayanan ideologiyanı
gizli saxlayır, gerçəkliyin dərk olunmasında simulyasiya funksiyası daşıyır. O, sadəcə məlumatı
təqdim etmir, verilən məlumatla bağlı saysız-hesabsız şərhlərdə informasiyanın içərisindəki
həqiqət, gerçəklik aydınlaşdırılır.
Yeni medianı xarakterizə edən spesifik xüsusiyyətləri fərdə müstəqillik və azadlıq verir,
lakin bu azadlıq, alman filosofu Herbert Marcusenin “məmnuniyyət provayderi azadlıqdır” [19]
deyə bəhs etdiyi formadadır; İnternetdəki məmnuniyyət seçimi istifadəçinin özünəməxsus
olduğu üçün azadlıq fikri yaranır. Lakin yeni mediada buradakı azadlıq mövcud olan, əvvəlcədən
proqramlaşdırılmış olanlar arasından istədiyini seçmək imkanı, seçim müstəqilliyidir. Digər
tərəfdən, sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini gizli saxlaya bilmək imkanı, yəni
anonimlik ona fikir sərbəstliyi, ifadə azadlığı verir, beləliklə də, öz fikirlərini və düşüncələrini,
münasibət və mülahizələrini anonim və sərhədsiz şəkildə, heç bir senzura, qadağa olmadan ifadə
edərək, azadlıq duyğusu yaşayır.
Yeni medianın imkanları ictimai və xüsusi sferalar arasındakı sərhədləri qapalı, anlaşılmaz
edir, xüsusi sferaya aid məsələlər media vasitəsi ilə ictimailəşir. Hər şeyi qeyd etmək,
paylaşmaq, yayınlamaq imkanı verən cib telefonları, fərdlərin özləri ilə bağlı hər cür şəxsi
məlumatı qeyd edən İnternet saytları, özəl və kollektiv bloqlar və Facebook, Twitter kimi sosial
şəbəkələr vizuallığın, mövcudluğun meyarı halına gəldiyi bu dünyada bir nümayiş etmək zövqü
yaşanır. Ənənəvi KİV auditoriyaya, əsasən, müşahidə imkanı verdiyi halda, yeni media
istifadəçilərinin müşahidə ilə bərabər, özünü təbliğ, nümayişetmə tələbatını təmin edir. Bundan
başqa, bu gün artıq xüsusi sferalar də qlobal İnternet şəbəkəsinə qoşularaq media vasitəsi ilə
ictimailəşir, sistemin tələblərinə uyğun fəaliyyətini formalaşdırır, fikir və düşüncələrini bölüşür.
Sosial media qlobal İnternet mühitində fərqli insanların bir-biriləri ilə qarşılaşdığı bir sahə
olmaqla yanaşı, şəbəkə istifadəçilərinin fərdi saytlar, bloqlar vasitəsilə öz şəxsiyyətlərini
formalaşdırmalarına xidmət edir [20].
İKT-nin inkişafı ilə qlobal mühitdə hər şey təsvirə çevrilir. Sosial şəbəkələrin bu qədər
populyar olmasının səbəblərindən biri də burada görünmək ehtiyacının ödənilməsidir. Çünki bu
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
www.jpis.az 37
gün həqiqət vizuallıqla eyniyyət təşkil edir, başqa sözlə, var olmaq təsvir olunmaqdır. Yeni
medianın təsvir formasında hər kəs və hər şey əmtəə halına gəlmişdir.
Sosial medianın ən böyük faydalarından biri çoxluğa eyni anda istədiyini çatdırmaqdır;
artıq iştirakçı olmaq üçün fiziki olaraq bir yerə getməyə ehtiyac yoxdur. İnternet medianın bu
unikal xüsusiyyəti fərdləri bir ticari və mədəni müstəvidə birləşdirərək, təsvir və müşahidə
üzərində qurulan yeni ictimai sferanı formalaşdırır.
Yeni kommunikasiya sistemi rabitənin müxtəlif növlərinin şəbəkə inteqrasiyasına
əsaslanır və özündə fərdlər üçün mühüm sosial nəticələrə yol açan bir çox mədəni fenomeni
ehtiva edir. Yeni media ənənəvi qurumların, xüsusilə, dövlət təşkilatlarının gücünü, tarixən
təşəkkül tapmış, kodlaşdırılmış sosial təcrübədən (din, əxlaq, səlahiyyət, ənənəvi dəyərlər, siyasi
ideologiya) istifadə olunan idarəçiliyi zəiflədir. İnformasiya cəmiyyətinin üzvlərinin bərabər
şəkildə məlumat almaq imkanı bəzən fərdlərin iqtidara qarşı münasibətini dəyişir, hakim
dairələrin hərəkətlərinə tənqidi yanaşma məcburiyyəti yaradır. Bununla da, informasiya
cəmiyyətinin yeni kommunikasiya rejimi hakimiyyət- cəmiyyət münasibətlərində monoloji
formanın dağılmasına və ünsiyyətin dialoji formalarının yaradılmasına yardım edən güclü amilə
çevrilir.
İnternet-media istifadəçilərinə mülki vəzifələrin və aktual sosial problemlərin
müzakirəsində iştirak baxımından bir sıra əhəmiyyətli üstünlüklər verir. Şəbəkədə ünsiyyət real
vaxtda (onlayn), həm də gecikmə rejimində (offlayn) ismarıc almaqla yaradılır. Virtual məkanın
ikinci əhəmiyyətli xüsusiyyəti ənənəvi KİV-lə müqayisədə informasiyanın əlyetərliliyi, məlumat
qəbulunun nisbi rahatlığı hesab olunur. Bu iki üstünlüklə birlikdə iştirak azadlığı, məhdudiyyət
olmadan ünsiyyət asanlığını təmin edən nəzarətsiz kommunikasiya sahəsi medianı, sosial
təcrübələr vasitəsilə vətəndaş hüquqlarını həyata keçirmək istəyən vətəndaşlar və müxalifət üçün
ideal dislokasiya məkanına çevirir [25].
Müasir kütləvi informasiya vasitələrinin əsas demokratik funksiyaları sosial əhəmiyyətli
informasiyanı ictimailəşdirmək və vətəndaşlara bu informasiyanı müzakirə və ifadə imkanı
verməkdən ibarətdir. Lakin ənənəvi müxalifət KİV-i texniki baxımdan dialoq üçün şərait yarada
bilmir. Yeni media isə, öz növbəsində, ictimai ünsiyyət və dialoqa əsaslanır. Yeni medianı
şərtləndirən ictimai forumlar, bloqlar, onlayn qruplar və digər sosial şəbəkələr cəmiyyətin bütün
təbəqələrinin mediada aktivliyini təmin edərək, vətəndaş jurnalistikasını formalaşdırır. Sosial
mediada beynəlxalq münaqişələr, seçkilərin legitimliyi, dövlət büdcəsi xərclərinin uyğunluğu və
digər mühüm mövzular müzakirə olunur, fikir mübadiləsi aparılır. Bu müzakirələrin
nəticələrindən biri kimi qlobal şəbəkədə təşkilatlanan yüz minlərlə insan İraqdakı hərbi
əməliyyatlara qarşı etiraz edib, dünyanın dörd bir yanında aksiyalar keçirdi. Şimali Afrikadan
başlayaraq Orta Şərqə yayılan demokratik inqilablarda da, vətəndaş jurnalistikasının gücü
danılmaz fakta çevrildi, yeni medianın, sözün əsl mənasında, IV hakimiyyət statusunu,
cəmiyyətlə iqtidar, xalqla dövlət arasında məlumatlandırma və aşkarlığı təmin etmə funksiyasını
yerinə yetirdiyini sübut etdi.
Bu gün sosial mediada iştirak edənlərin bir çox hallarda şəxsiyyəti ilə eyniyyət təşkil
etməməsi, sistemin istifadəsinin gizli olması, mediada əyləncə materialların üstünlük təşkil
etməsi sosial media və İKT-nin yaratdığı xüsusi sferaya bağlanma, özünə qapanma, İnternet
asılılığı kimi təhlükələrinin olması kontekstində yeni medianın ictimai sfera yaratma imkanlarını
məhdudlaşdırır.
Nəticə
XX əsrdə J.Habermas tərəfindən termin və konseptual nəzəriyyə şəklində irəli sürülən
“ictimai sfera”, informasiya cəmiyyətində yeni medianın nəzəri formasına əsaslanan, vətəndaşlar
arasında informasiya-kommunikasiya tələbatının təmin olunduğu, fikir və təcrübənin paylaşıldığı
sosial, iqtisadi, siyasi fəaliyyət və əməkdaşlıq sferası, mərkəzləşdirilmiş, azad və ayrı-seçkiliyə
yol verilməyən media məkanı kimi təqdim edilir. Yeni media fərdin xüsusi sferaya tamamilə
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
38 www.jpis.az
qapanmasına və real həyatda təkliyinə xidmət etməklə yanaşı, ona bir birliyin üzvü, bir icmanın
nümayəndəsi, sosial bir sferanın tərkib hissəsi olmaq imkanı verir. Bu medianın nəzəri forması
hər kəsə açıq və əlyetərli, sərhədsiz və keçidli, vaxtsız və məkansız bir dünya yaradır.
Ənənəvi KİV-lə müqayisədə bir çox əhəmiyyətli fərqliliklərə malik olan yeni medianın
nəzəri forması, texnoloji və ideoloji İnternet paradiqmasına - Web 2.0-ə keçid və sosial
şəbəkələrin ortaya çıxması istifadəçini bu medianın bir hissəsinə çevirir, interaktivlik xüsusiyyəti
təməlindəki ideologiyanı müvəffəqiyyətli şəkildə gizlədir, mövcud olan məxfilik, gizlilik və
anonimlik ictimai sfera anlayışını şərtləndirən hərəkət və təcrübə məkanı olmaq imkanını
daraldır. Buna baxmayaraq, yeni media informasiyanın hazırlamnası, ötürülməsi və yayılması
vasitəsi, fərdlərin və qrupların kommunikasiya tələbatının ödənilməsinə xidmət edən qlobal
sosial-kommunikativ mühit olmaqla yanaşı, insanlar arasında qarşılıqlı fəaliyyətin əks olunduğu
təcrübə və əməkdaşlıq platformasına çevrilir.
Baxılan problemin araşdırılması, elmi-nəzəri fikirlərin, materialların təhlili əsasında alınan
nəticə göstərir ki, yeni medianın şəbəkə strukturu, dövlət tərəfindən nəzarətin olmaması,
informasiyanın əldə olunmasında, ötürülməsində və paylanmasında analoqu olmayan rahatlıq
imkanları, zaman və məkan sərhədsizliyi konsepsiyaları, mərkəzləşdirmə, interaktivlik, onlayn
rejim və digər spesifik xüsusiyyətləri sayəsində ictimai sferanın yeni, unikal modeli formalaşır.
Ədəbiyyat:
1.
Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet fenomeninə çoxaspektli baxış. Ekspress-
informasiya, Bakı, “İnformasiya Texnologiyaları”, 2010, 96 s.
2.
Manovic L. The Language of New Media, Massachusetts: MIT Press, 2001, 68 p.
3.
Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet medianın meydana gəlməsi və inkişafı: əsas
istiqamətlər və xüsusiyyətlər, Ekspress-informasiya, Bakı, “İnformasiya Texnologiyaları”,
2012, 58 s.
4.
Машкова С.Г., Интернет-журналистика: Учебное пособие, Тамбов, 2006, 80 c.
5.
Baudrillard J. Sessiz Yığınların Gölgesinde Toplumsalın Sonu, Üçüncü Baskı, Ankara: Doğu
Batı Yayınları, 2006, 88 s.
6.
Хабермас Ю. Структурная трансформация публичной сферы, М., 1989, 276 c.
7.
Трахтенберг А.Д. Интернет и возрождение «публичной сферы» // Научный ежегодник
Института философии и права УрО РАН. Екатеринбург, 2007, № 7, c. 224-230.
8.
Habermas J. Moral Consciousness and Communicative Action, Cambridge. Mass. 1990, 122 p.
9.
А.Семенов. Гражданское общество и публичная сфера. Электронный ресурс.
Перепечатка с сайта Московской школы политических исследований, http://msps.su.
http://www.civisbook.ru /files/File/ Semenov_56.pdf, c. 83-90
10.
Özbek M. Kamusal Alan. İstanbul: Hil Yayınları.2004, s.141-150.
11.
Keskin F. Kamusal Alan ve Yalın Yaşam, Ankara: Doğu Batı Yayınları, 1998, 106 s.
12.
Çaha, Ö. İdeolojik Kamusalın Sivil Kamusala Dönüşümü // Doğu Batı Düşünce Dergisi,
2004, Sayı: 5, s. 74-95.
13.
Gönül E.Ö. Bir görme biçimi olaraq yeni medya: kamusal bir alan imkanının araştırılması //
Journal of Yasar University, 2012, sayı 26(7), s. 4526 – 4547.
14.
Harvey D. Conditionof postmodernity, First published, 1990, 379 p.
15.
Lyotard J.F. The Postmodern Condition, http://eepat.net/doku.
php?id=lyotard_and_philosophy_of_education
16.
Sassen S. On the Internet and Sovereignty // Global Legal Studies Journal, 1998, vol. 5,
No 2, p. 545-559.
17.
Уэбстер Ф. Теории информационного общества, М., 2004, 400 с.
18.
Habermas J. The Structural Transformation of the Public Spherepages, First MIT Press
paperback edition, 1991, 149 p.
İnformasiya cəmiyyəti problemləri, 2014, №2, 31-39
www.jpis.az 39
19.
Маркузе Г. Одномерный человек. Исследование идеологии развитого индустриального
общества / Пер. с англ., M., «REFL-book», 1998, 368 с.
20.
Boyd D., Ellison N. Social Network Sites: Definition History and Scholarship // Journal of
Computer-Mediated Communication, 2007, 13(1), pp. 210-230.
УДК 316.77
Мамедова Лейла Р.
Бакинский Государственный Университет, Баку, Азербайджан
leylarashid@mail.ru
Новые медиа как фактор создания новой модели публичной сферы
Рассматривается процесс формирования новой публичной сферы в контексте новых
медиа. Объясняются уникальные особенности, концепции и возможности новых медиа в
создании общественной сферы в информационном обществе. Даются общая
характеристика содержания понятия “публичная сфера” и его историко-философский
базис. Анализируются современное состояние публичной сферы и его специфика, новые
медиа, представлена новая теоретическая модель публичной сферы. Раскрывается роль
публичной сферы в решении важных задач социума как развитие института гражданского
диалога и формирование социальной солидарности. В статье обосновывается
формирование новой публичной сферы в рамках новых медиа благодаря следующим
свойствам сети Интернет: децентрализации, интерактивности, сетевой структуре,
неподконтрольности государству, а также беспрецедентной легкости и отсутствия
пространственно-временных границ при получении, передаче и распространении
информации.
Ключевые слова: новые медиа, публичная сфера, информационное общество,
гражданское общество, социальные медиа, свобода выражения мнений.
Leyla R. Mammadova
Baku State University, Baku, Azerbaijan
leylarashid@mail.ru
New media as a factor in creating a new model of public services
The process of formation of a new public sphere in the context of new media is researched.
Democratic and collective intercourse platform in Internet society, capabilities of new media in
the creation of the public sphere, its unique cheracteristics and concepts are dicussed. The
general characteristic of the concept of "public domain" and its historical and philosophical basis
are provided.The current state of the public sphere and its specificity are analyzed, the role of the
public sphere in solving important problems of society, development of civil dialogue and social
solidarity are researched.The article justifies the formation of a new public sphere in the new
media through the following properties on the Internet: decentralized, interactive, network
structure beyond government control, and unparalleled comfortand lack of spatial and temporal
boundaries in the preparation, transmission and rasprosranenie information.
Keywords: new media, the public sphere, the information society, civil society, social media,
freedom of expression.
Dostları ilə paylaş: |